Əskişəhər, Kazan, Marı, ardınca Şəki...

"Türksoy"un mətbuat mükafatına layiq görülənlərdən biri də Aydın Quliyev olub...

Elxan Məmmədli: "İndiyə qədər seçilən mədəniyyət paytaxtları sırasında Şəki obyektiv seçimlərdən biridir"

Qiymət Məhərrəmli: "Hesab edirəm ki, Şəki türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək"

Azərbaycanın qədim şəhərlərindən olan Şəkinin adı gələndə ilk yadımıza ipəkçilik sənəti, tarixə qovuşmaq təhlükəsinin bir neçə addımlığında olan baramaçılıq gəlir. Şəki ipəyi bütün dünyada məşhur olub. Şəkili sənətkarların əl işləri, hazırladığı ipəkçilik nümunələri - kəlağayılar, ustadların bişirdiyi ləziz yeməklər, burada toxunan xalçalar indinin özündə də mədəniyyətimizin əsas elementlərindən birini təşkil edir.

Mədəniyyətimizə zəngin sərvət bəxş edən Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" seçilibaprelin 28-də bununla bağlı təntənəli açılış mərasimi keçirilib. Məlumata görə, Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında "Türk dünyasının mədəniyyət paytaxtı - 2016"nın təntənəli açılışı yaddaqalan olub.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, "Türksoy"un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Verilən məlumata görə, tədbir çərçivəsində qoruq ərazisində Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunub, folklormusiqi kollektivləri, el sənətkarları çıxış edib, iştirakçılar ləziz Şəki mətbəxi nümunələrinin dadına baxıb. Yuxarı Karvansaraya gələn qonaqlara tarixi tikili haqqında məlumat verilib. Onlar burada Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlara, əl işlərinə tamaşa edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin bu qədim şəhərinə "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində yer verilməsini yüksək qiymətləndirib. O bildirib ki, son illər Şəkidə aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin siması dəyişib. İcra başçısı "Mədəniyyət paytaxtı" ili ərzində bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türksoy" tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: "Bugünkü açılış mərasimi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlə eyni vaxta təsadüf edir. Aprelin 27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə yekun vurub. Şəkidə keçirilən bu tədbirin iştirakçıları arasında Qlobal Forumun bir sıra fəxri qonaqlarını da görməkdən məmnunuq. "Türksoy" həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, "Türksoy" artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunuronun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən alqışlanır".

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə "Türksoy"u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: "Türksoy" son dövrlərdə mədəni irsimizin nümunələrinin geniş məkanda təbliği üçün çox mühüm layihələr həyata keçirir. Qurumun dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operası türkdilli ölkələrin incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilib, türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxslərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis edilməsi və digər onlarla belə uğurlu layihələr həyata keçirilir".

Məlumata görə, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və "Prezident kuboku" uğrunda çövkən yarışları keçirilir.

Nazirliyin saytında qeyd edilir ki, Əbülfəs Qarayev 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunmasının bizi olduqca fərəhləndirdiyini deyib. O qeyd edib ki, Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələri bu şəhərdə də yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.

"Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində tədbirlərin təşkili Şəkiyə turistlərin marağını daha da artıracaq.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu vurğulayıb. Sivilizasiyalar Alyansının Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini deyən qonaq bildirib ki, Azərbaycanın hər guşəsində onun tolerant bir ölkə olduğunu görmək mümkündür.

"Türksoy"un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinin heç də təsadüf olmadığını vurğulayıb. Qeyd edib ki, Şəki şəhəri öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.

Nazirlik saytında gedən məlumata görə, tədbirdə "Türksoy"a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Təşkilatın mükafatları Azərbaycandan İctimai TeleviziyaRadio Yayımları Şirkəti baş direktorunun informasiyaictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim olunub. Xatırladaq ki, üç mükafatçıdan biri də "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyevdir. Lakin baş redaktorumuz üzürlü səbəbə görə tədbirdə iştirak etmədiyi üçün mükafat ona yerindəcə təqdim olunmayıb.

Qazaxıstandan "Kazakstankaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev, Türkiyədən "Yeni düşüncə" jurnalının təsisçisi Yalçın Topçu və "Hüriyyet" qəzetinin redaktoru Oğuz Dəmir də təltif olunub. Həmçinin Türkmənistan Dövlət Televiziya, RadioKinematoqrafiya Komitəsinin redaktoru Aşirbek Baymuradov və Özbəkistandan "CA-News" agentliyinin Mərkəzi Asiya müxbiri Umida Maniyazova, Moldovadan Qaqauz Yeri Sədrliyinin protokol və mətbuat xidmətinin rəhbəri Georgi Yalancı və Makedoniyadan "Yeni Balkan" qəzetinin müxbiri Bünyamin Liman da mükafatlandırılıb.

Tədbirdə "Türksoy" ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edib.

Qeyd edək ki, "Türksoy"un "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri "paytaxt" elan olunub. Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "Türksoy"un birgə tədbirlər planı hazırlanıb. İl ərzində Şəkidə müxtəlif festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, "Türksoy"un seçimi olduqca obyektivdir. E.Məmmədlinin fikrincə, Şəki bütün göstəricilərinə görə mədəniyyət paytaxtı statusuna layiqdir: "Şəki tarixi şəhərdir. Onun tarixi, mədəniyyəti, relyefi, mətbəxi və digər göstəriciləri Şəkinin dünyada tanıdılmasını aktual edir. Təkcə Xan Sarayının dünyaya təqdim edilməsi Şəki haqqında təsəvvürü daha da zənginləşdirir. İndiyə qədər seçilən mədəniyyət paytaxtları sırasında Şəki obyektiv seçimlərdən biridir. Şəki gözəlliklər diyarıdır və türk dünyasının diqqət mərkəzində olması olduqca əlamətdardır".

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, şair-publisist, əslən Şəkidən olan Qiymət Məhərrəmli də bizimlə söhbətində "Türksoy"un seçimini təqdir etdiyini vurğuladı: "Şəki türk dünyasının elə bir guşəsidir ki, hər bir cəhəti ilə maraq doğurur. Qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəx mədəniyyətimizi, ipəkçilik ənənəsini özündə yaşadan, qənnadı məhsullarının hazırlanması sahəsində özünəməxsus yeri olan Şəki həqiqətən də maraqlı məkandır. Şəki folkloru, Şəki təbiəti, Şəkinin tikililəri, bulaqları, istirahət yerləri olduqca gözəldir. Burada həm də dövlətçiliyimizin izləri qorunur. Hesab edirəm ki, Şəki türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək. Əslində, buna böyük ehtiyac var. Onu da düşünürəm ki, "Mədəniyyət paytaxtı" layihəsi çərçivəsində burada gözəl tədbirlər, sərgilər, konsertlər, elmi-kütləvi tədbirlər keçiriləcək".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 3 may.- S.13