İngilis kraliçası Qarabağ simvolu - "Cıdır düzü" tablosunun önündə...

Əli Mahmud: "Tək kraliça deyil, eləcə də dünya ölkələri Cıdır düzünün Azərbaycana məxsus olduğunu bir daha anladılar"

"Cıdır düzünün Azərbaycana məxsus olmasını sübut edən ilk fakt Pənahəli xanın orada qala tikdirməsidir"Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsünkar diyardır. Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın incisidir. Təmiz havası, uca dağları, şəfalı suyu, əsrarəngiz təbiəti dillər əzbəridir. Şuşanı dillər əzbəri edən həm də Cıdır düzüdür.Cıdır düzü Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyiQarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramlarını keçirdiyi ərazidir. Bu yer sonradan Azərbaycanın, eləcə də o zamankı SSRİ-nin bütün yerlərindən olan turistləri cəlb edirdi. Qarabağa kim gələrdisə, mütləq Cıdır düzünə də baş çəkməli idi. Şuşaya təşrif buyuran turistlərin sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu yüksəkliklərə "Üçmıx" adı verilib.Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxu elə Cıdır düzündəki ifalarından sonra məşhurluq qazanıb.Bəllidir ki, hazırda Şuşa Ermənistan tərəfindən işğal olunub. Cıdır düzü erməni əsirliyindədir. Rəssamlar rəsm əsərlərində Cıdır düzünün möhtəşəm gözəlliyə malik olduğunu göstərir. Bir çox tanınmış rəssamlar tərəfindən Cıdır düzü rəsm əsərlərində çəkilib. Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə mayın 12-də Londonda başlayan tədbirlərə mayın 15-də yekun vurulub. Mayın 15-də kraliça yubiley tədbirlərində şəxsən iştirak edib. Tədbirin əvvəlində Azərbaycan rəssamı Sakit Məmmədovun "Cıdır düzü" adlı rəsm əsəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq II Elizabetə təqdim edilib. Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın xarıbülbülü və çövkən oyununun təsvir olunması barədə kraliçaya məlumat verib.Beləliklə, Azərbaycan nümayəndə heyətinin kraliçaya "Cıdır düzü" adlı rəsm əsərini təqdim etməsi Qarabağın Azərbaycana məxsusluğunu bir daha dünyaya nümayiş etdirdi. "Qarabağa aparan yol" qəzetinin baş redaktoru, şair-jurnalist Əli Mahmud bizimlə söhbətində bildirdi ki, bütün dünya ölkələri bilir ki, Şuşa Azərbaycan torpağıdır: "Cıdır düzü təbiət abidəsidir və Azərbaycan tarixində özünəməxsus yeri var". Həmsöhbətimiz qeyd etdi ki, Cıdır düzünün Azərbaycana məxsus olmasını sübut edən ilk fakt Pənahəli xanın orada qala tikdirməsidir: "Şah Qacarın Şuşanı işğal etmək istəyi də bir daha sübut edir ki, Şuşa Azərbaycan torpağıdır. Daha sonra onu deyə bilərəm ki, Şuşada yaşayan insanların 85 faizi Azərbaycan türkləri olub. Mərhum prezident Heydər Əliyev 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına gəlmişdi. O orada çıxış edərkən Şuşanın Azərbaycanın tarixi şəhəri olması, eyni zamanda mədəniyyət beşiyi olması haqqında fikir bildirmişdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin o vaxt qərarı qəbul olundu. Hətta Şuşadan Topxana meşəsinə kanat yolunun çəkilməsi haqqında layihə hazırlandı. Lakin bu reallaşdırıla bilmədi".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Şuşanın Azərbaycana məxsus olmasını sübut edən amillərdən biri də incəsənət nümayəndələridir: "Şuşa torpağı Azərbaycana Cabbar Qaryağdıoğlunu, Xan Şuşinskini, Üzeyir Hacıbəyovu, Xurşudbanu Natəvanı, Rəşid Behbudovu və digər tanınmış mədəniyyət nümayəndələrini bəxş edib".

Ə.Mahmudun sözlərinə görə, Cıdır düzünün yuxarı hissəsində erməni qəbiristanlığı var: "Mən özüm şəxsən həmin yerdə olmuşambir-bir o qəbirlərin üstünü oxumuşam. O qəbirlərin, demək olar ki, hamısı 1828-ci ildən üzübəri idi. Şuşada erməni tarixi abidəsi yoxdur".

Müsahibimiz vurğuladı ki, Böyük Britaniya kraliçasına "Cıdır düzü" tablosunun verilməsi sevindiricidir: "Tək kraliça deyil, eləcə də dünya ölkələri Cıdır düzünün Azərbaycana məxsus olduğunu bir daha bildilər. Əminliklə deyə bilərəm ki, tablonu görən istənilən şəxs rəsm əsəri vasitəsilə Cıdır düzünə, Şuşaya heyran olub. Həmçinin, həmin tədbirdə kraliçanın diqqətini çəkən Qarabağ atları olub.

Həmin tədbirdə Qarabağ atları Azərbaycan bayrağı altında şou göstərib. Beləliklə, dünya ölkələri Qarabağın Azərbaycana məxsus olduğunu bir daha anladılar. Mən o tablonu çəkən Sakit müəllimə və kraliçaya təqdim edən nümayəndə heyətinə minnətdaram".

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 18 may.- S.14