Heydər
Əliyev və multikulturalizmin Azərbaycan modeli...
Müasir Azərbaycan dövlətinin qurucusu,
respublikamızın sabiq prezidenti mərhum Heydər
Əliyevin ölkəmizin inkişafında, tərəqqisində
rolu əvəzsizdir. Azərbaycançılığın
banilərindən olan Heydər Əliyev azərbaycançılıq
ideyasının hazırlanmasında, təbliğində, yayılmasında
əhəmiyyətli işlər görüb. Söz yox ki, Heydər Əliyev azərbaycançılığın
daxilində çoxmillətli, müxtəlif dinli Azərbaycan
əhalisini, habelə xaricdə yaşayan azərbaycanlıları
görürdü.
Heydər Əliyev və multikulturalizmin Azərbaycan
modeli zaman-zaman örnək rolunu oynayacaq. Bilirik ki, Azərbaycanda
multikulturalizmin dərin kökləri var və bu sahədə
Heydər Əliyevin rolu vurğulanmalıdır. Ekspertlər vurğulayır ki, ölkəmizdə
multikulturalizm ənənələrinin formalaşması və
bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri
çoxşaxəlidir. Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri Kamal Abdullayev
çıxışlarından birində qeyd edirdi ki, Heydər
Əliyev Azərbaycanın gələcək uğurlu
inkişafı üçün dəqiq ideoloji hədəf
seçib. O vurğulayıb ki, Heydər Əliyev öz
uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu
formalaşmış Azərbaycan çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə
qaldırıb: "Ulu öndər hələ 1994-cü ildə
İstanbulda keçirilən "Sülh və səbr"
adlı beynəlxalq dini konfransdakı
çıxışında bu məqamı dəqiq ifadə
edib".
Azərbaycandakı
multikulturalizmlə bağlı Heydər Əliyev deyirdi:
"Azərbaycanın vətəndaşları dini, irqi,
siyasi, dil mənsubiyyətindən asılı olmayaraq,
hamısı eyni hüquqa malikdir və onların
hüquqları Azərbaycan tərəfindən qorunur və
mühafizə olunur. Siz əmin ola bilərsiniz
ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə
daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan
vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil
mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı
olmayaraq, bir-birilə münaqişəyə girməsinə
yol verməyəcəyik".
Kamal Abdullayev qeyd edib ki, Azərbaycanda dövlətin
multikultural ənənələri qorumasında ən vacib məqam
milli lider Heydər Əliyevin təşəbbüsü ilə
bu məsələnin hüquqi sənədlərdə, o
cümlədən, Konstitusiyada əks olunmasıdır. Belə ki,
multikulturalizm siyasətinin əsasını təşkil edən
tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində
təsbit edilib. Buna görə də Heydər Əliyevi
Azərbaycan multikulturalizminin siyasi banisi hesab etmək olar:
"Ulu öndər Heydər Əliyev ilk növbədə
bununla Heydər Əliyev siyasi modelinin assimilyasiya və
izolyasiya kimi digər modellərdən üstün olduğunu
bütün dünyaya nümayiş etdirdi. Azərbaycan
əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir,
üstünlüyümüzdür, biz bunu qiymətləndiririk
və qoruyub saxlayacağıq deyən ulu öndər
bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin
əbədi olması istiqamətinə yönəltdi.
Milli lider Heydər Əliyevin rəhbərliyi altında
ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin
qorunması və inkişaf etdirilməsi sahəsində həyata
keçirilən siyasi istiqaməti yeni mərhələdə
Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Bu siyasətin
həyata keçirilməsində BMT, ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığa xüsusi önəm verilir.
Azərbaycan multikultural ənənələrinin
qorunub saxlanması, təbliği ilə bağlı Heydər
Əliyev Fondu əhəmiyyətli layihələr həyata
keçirir. Fondun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü
ilə keçirilən "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi",
"Qloballaşma şəraitində mədəniyyətlərin
rolu", "Çoxmədəniyyətli dünyada sülh
şəraitində birgə yaşama", "Azərbaycan-tolerantlıq
məkanı" layihələrini xüsusi qeyd etmək
olar".
Dövlət müşaviri bildirib ki, müasir dövrdə
Azərbaycan özünün multikulturalizm siyasəti və bu
sahədə əldə etdiyi nailiyyətlərlə dünya
dövlətlərinə, o cümlədən bu sahədə
tarixən öz zəngin təcrübəsi ilə tanınan
Qərb ölkələrinə nümunədir.
"Azərbaycan bu illər ərzində dünyada
multikulturalizmin inkişafına çox böyük töhfələr
vermişdir"-deyə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev qeyd edirdi.
Bilirik ki, əsrlər boyu bütün mədəniyyətlər,
dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda
sülh şəraitində bir ailə kimi
yaşamışlar. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev deyib: "Düşünürəm ki, bu bizim ən
böyük sərvətlərimizdəndir. Biz
bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin,
sülh, əməkdaşlıq və
qarşılıqlı anlaşmanın təşviqi
üçün müxtəlif beynəlxalq tədbirlər
keçiririk".
Vurğulayaq ki, Azərbaycanda tolerantlıq kimi
multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olub
və bu gün də eyni vəziyyətdədir. Azərbaycanda
insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik,
insanları mehribanlıq, qarşılıqlı hörmət
naminə birləşdirən azərbaycançılıq və
multikulturalizm olduqca böyük dəyərdir. Tədqiqatçılar
qeyd edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra xalqa "Suverenliyimizi daim
yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək
üçün harada yaşamasından asılı olmayaraq,
bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan
qayəsi ətrafında əməl və əqidə birliyi,
sarsılmaz həmrəylik tələb olunur"
çağırışı da dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın bir amal ətrafında sıx
birliyini təmin edib, yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında fəal iştirakları ilə Azərbaycan
həqiqətlərinin təbliğinə öz böyük
töhfələrini vermələrinə stimul olub. Bir
sözlə, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın
ahəngdarlığının, konfessiyaların dinc
yanaşı yaşamasının, ölkədə yaşayan
bütün etnosların qarşılıqlı əlaqəsi
və təsirinin çoxəsrlik ənənəsi,
onların ümumi taleyi və gələcək müstəqil
Azərbaycanın bütövlüyü, inkişafı və
firavanlığı uğrunda birgə mübarizəsinin
ümumi tarixi təcrübəsidir.
YAP-ın
mətbuat xidmətinin rəhbəri, YAP Siyasi
Şurasının üzvü Hüseyn Paşayev bildirir ki,
Heydər Əliyev bir çağırışla xalqı azərbaycançılıq
ideologiyası ətrafında birləşdirdi:
"Bütün soydaşlarımızın azərbaycançılıq
ideologiyası ətrafında sıx birləşərək
mütəşəkkil qüvvəyə çevrilməsinə
böyük önəm verən ümummilli lider Heydər
Əliyev bu sahədə mühüm qərarlar qəbul
etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin
hüquqlarının qorunmasına, diaspor quruculuğunun
geniş vüsət almasına yönələn əhəmiyyətli
tədbirlər həyata keçirilməsinə xüsusi diqqətlə
yanaşıb. Ümummilli lider Heydər
Əliyev 9 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının
I Qurultayındakı çıxışında
vurğulamışdır ki, azərbaycançılıq
xalqımızın çox böyük əzab-əziyyətlər
bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq
bu gün hər vətəndaşın qarşısında dəqiq
ifadəsini tapmış ideya kimi dayanır.
Bakıda gerçəkləşən dünya azərbaycanlılarının
bütün qurultaylarında, türk dövlət və cəmiyyətləri
arasında dostluq, qardaşlıq və əməkdaşlıq
münasibətlərinin möhkəmlənməsinə xidmət
edən tədbirlərdə, türkdilli ölkələrin
dövlət başçılarının zirvə
toplantılarında azərbaycanlıların vahid ideya ətrafında
formalaşması, təşkilatlanması
aktuallığını qoruyur.
Dünya Azərbaycanlılarının III Qurultayında
möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi,
bizim milli dəyərlərə
bağlılığımız Azərbaycan xalqının
iradəsinin ifadəsidir. Azərbaycan
xalqının, dövlətinin xilaskarı ümummilli lider
Heydər Əliyevin müstəqilliyimizə bəxş etdiyi
və müstəsna əhəmiyyət
daşıdığı bu ideologiya ən mütərəqqi
və müasir tələblər səviyyəsində bu
gün də inkişaf etdirilir. Təkcə türk
dünyasına deyil, beynəlxalq aləmdə baş verən
proseslərə təsir imkanları artan Azərbaycan
diasporunun güclənməsi, dost xalqlarla birgə fəaliyyəti
dünyada mövqelərimizin möhkəmlənməsinə
xidmət edir. Diasporla İş üzrə
Dövlət Komitəsinin yaradılması, həyata
keçirilən tədbirlər nəticəsində təşkilatlanma
işinin sürətləndirilməsinin nəticəsidir ki,
diaspor təşkilatlarımızın sayı artır.
"Mən çox şadam ki, diaspor təşkilatlarımız
keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti
daha da məqsədyönlüdür, daha da təsirlidir"
- deyən cənab İlham Əliyev
soydaşlarımızın fəaliyyətini yüksək
qiymətləndirir.
Azərbaycan
xalqının milli bayramları, əlamətdar günlər,
20 Yanvar və Xocalı faciələri ilə əlaqədar
dünyanın müxtəlif ölkələrində
çoxsaylı insanların iştirakı ilə keçirilən
aksiyalar göstərir ki, təşkilatlar arasında koordinasiya
işlərini yerinə yetirən diaspor təşkilatlarımız
fəaliyyət göstərdikləri ölkələrdə
siyasi qüvvə kimi tanınır. Azərbaycan
dövlətinin xarici ölkələrdə bir
parçası, simvolu olan səfirlik, konsulluqlarımızla,
diplomatik nümayəndəliklərlə birgə
çalışan diaspor təşkilatları ölkəmizin
xarici siyasətinin dünyada dəstəklənməsində,
təbliğində yaxından iştirak edirlər. "Bir millət, iki dövlət" olan Azərbaycanla
Türkiyənin diaspor təşkilatları gücləri birləşdirməklə,
siyasi, iqtisadi məsələlərin müzakirəsində vahid
mövqedən çıxış edirlər.
Diasporumuzun güclənməsi o deməkdir ki, biz səsi
dünyanın bütün qitələrindən eşidilən
böyük xalqıq. Bu gün güclənən Azərbaycan
bizim qürur mənbəyimizdir. İndi qürurla deyə
bilərik ki, bizim xaricdə yaşayan, çoxsaylı
üzvləri ilə milli maraqlarımızın, adət-ənənələrimizin,
tariximizin, həqiqətlərimizin, inkişaf
konsepsiyamızın təbliğində fəallıq göstərən
böyük ailəmiz var. Çoxminli
soydaşımızı birləşdirən bu ailənin bir
vətəni var - Azərbaycan! 50 milyondan
artıq soydaşımızı birləşdirən Azərbaycan
dilinə maraq artır. Ulu öndər Heydər
Əliyevin formalaşdırıb təkmilləşdirdiyi
ümumxalq ideologiyamız və təfəkkürümüz
azərbaycançılıq məfkurəsinin güclənməsinə
xidmət edir. Türk dünyasının
həmrəyliyində əvəzsiz rolu etiraf edilən,
türkdilli xalqların birliyinin də təminatçısı
olan Azərbaycan belə əhəmiyyətli missiyada
daşıdığı rola sadiqliyini dövlət siyasətinin
əsas prioritetləri kimi qoruyur və qoruyacaq. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün
dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını
təşkil etməklə soydaşlarımızın birlik və
həmrəyliyi üçün də başlıca
amildir".
H.Paşayev qeyd edir ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirildiyi mühüm məkana
çevrilməsi ölkəmizə inamın güclənməsi,
dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə bu inam bir
daha təsdiqləyir ki, Avropa ilə Asiyanın
qovşağında yerləşən, strateji əhəmiyyəti
ilə seçilən ölkəmizdə əsasən iki
güclü qüvvə qoşa qanad kimi inkişaf edir: Şərq
təməli və Qərb təsiri. Son illərdə
Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi
sivilizasiyaları birləşdirən dəyərlərə
sadiqlikdən bəhrələnir. Onun
vurğuladığına görə, bütün
dünyanı düşündürən problemlərin
müzakirəsi üçün Azərbaycanın etibarlı
ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan
sabitliyə verilən dəyər, davamlı
inkişafımıza nikbin baxışlardır: "Dünya
güclərini birləşdirən "Böyük 20"lərin
Türkiyədəki sammitində Prezident İlham Əliyevin
iştirakının özü "bir millət, iki dövlət"
məfhumunun həyatda təsdiqidir.
Təbii ki, bütün bu uğurlar möhkəm təmələ
əsaslanan siyasətin nəticəsidir. Möhtərəm
Prezidentimiz İlham Əliyev ulu öndər Heydər
Əliyev ideyalarının davam etdirilməsini aparılan məqsədyönlü
siyasətin uğuru kimi diqqətə çatdırır,
ölkəmizin keçdiyi inkişaf yolunda hər bir
soydaşımızın payı olduğunu vurğulayır:
"Aparılan məqsədyönlü siyasətin nəticəsi
olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət
göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin
təbliğinə, milli maraqlarımızın müdafiəsi
və respublikamızın digər dövlətlərlə
qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsinə
öz töhfələrini verir".
Dünyada hərbi-siyasi münaqişələrin
artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı
kimi tanınması, dünya birliyində müsbət təəssürat
yaradan ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində
qazandığı nailiyyətlərin təbliğ
olunması milli həmrəylik və birliyimiz nəticəsində
mümkün olub. Ulu öndər Heydər Əliyevin "Dövlət,
ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur, çünki onların hər
biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir" - fikirləri
Şərqlə Qərbin qovşağında yerləşən
Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə
qorumasına bələdçilik etməklə yanaşı,
bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə
dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlar
eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında
qorunur. Ümummilli lider Azərbaycanın ən başlıca
sərvətlərini qeyd edərkən qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, həyatını bu
torpağa bağlayan müxtəlif dinlərə etiqad edən
insanları xüsusi vurğulayırdı: "Ərazimizdə
yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd
də, talış da, udin də, kumık da, başqası da
- bütünlükdə hamısı azərbaycanlıdır.
Azərbaycanlı sözü bizi həmişə
birləşdirib". Bu gün Azərbaycanın
tolerantlıq təcrübəsi digər ölkələrə
nümunə göstərilirsə və öyrənilməsinin
vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin
göstəricisidir. Bu günün
reallıqlarını düzgün dəyərləndirmək
hər zaman keçilən yola nəzər salmağa,
düzgün təhlillər aparmağa böyük zərurət
yaradır. Məlum olduğu kimi, ötən əsrin
sonlarında sovetlərin dağılması ilə yaranan
reallıq dünya birliyi üçün yeni proses olsa da,
çox sürətlə yayılan qlobal dəyişikliklər,
iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi,
dini dözümlülük ənənələrinin
qorunması üçün də əsl sınağa
çevrildi. Bu baxımdan tolerantlıq və
dözümlülük ənənələri ilə tarixən
zəngin olan Azərbaycan bir çox millətlərin və
dini konfessiyaların yanaşı yaşamasını təmin
edən ölkə kimi nümunə göstərilir. Dövlət-din münasibətləri modeli çərçivəsində
inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar
qanun qarşısında bərabərdir və eyni statusa
malikdir".
Heydər Əliyevi Azərbaycanda multikulturalizmin banisi
kimi dəyərləndirən ekspertlər hesab edir ki, onun rəhbərliyi
dövründə yaradılan sağlam mühit dinlər, xalqlar,
cəmiyyətlər arasında sabitlik, dostluq, birlik toxumu səpib. Heydər
Əliyevin bütün xalqlara, dinlərə eyni gözlə
yanaşması sayəsində ölkəmizdə yaşayan hər
bir xalqın nümayəndəsi sülh, əminamanlıq
içərisində yaşayır.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 21-23 may.- S.15