Azman ozan Hüseyn Saraclının
yüz illiyi ilə bağlı sonuncu şəyirdinin xatirələri...
Kövrək Murad: "Hüseyn Saraclının şəyirdlərindən ancaq mən və Sabir həyatdadır, qalanlar haqq dünyasındadır"
img
Zamanın o tayından gəlmişdi sanki. Elə bil ki,
Dədə Qorqudun özü idi. Qaraca
sazını sinəsinə basıb bizdən neçə
nəsil
uzaqlarda qalan dədələrin
yaratdıqlarından oxuyardı. Ozanlar
ozanı Hüseyn Saraclıdan danışırıq.
Borçalı mahalının Saraclı kəndində
Qurban ağanın ailəsində dünyaya göz
açmışdı Hüseyn Saraclı.
Borçalı aşıq mühitinin ləyaqətli
nümayəndəsi olan ustad Hüseyn Saraclı
ifaçılığı ilə yaddaşlarda dərin
izlər buraxıb. Klassik aşıqlığın son
sütunlarından biri idi. Bu gün də
onun sənətdə yaratdığı məktəb
yaşayır. Əzəmətli
ozanın məktəbini sonuncu şəyirdi,
aşıq-sazbənd Kövrək Murad yaşadır.
Kövrək Murad ustadının
adını hər zaman ləyaqətlə ucalara
qaldırır. H.Saraclı qədim saz
havalarının mahir ifaçısı, əvəzsiz
dastan danışmaq qabiliyyətinə malik olan sənətkar
kimi tarixdə iz qoyub. Bəlkə də
indiyə qədər XX əsr Azərbaycan
aşıqları arasında onun qədər koloritli,
gözəl, maraqlı, xalq dilinin tələblərinə
cavab verən tərzdə dastan danışan ikinci bir
aşıq olmayıb. Bu mübaliğəsiz
belədir.
2016-cı
il H.Saraclı ilidir. Bu il
Gürcüstan Respublikasında rəsmi dövlət və
ictimai qurumlar səviyyəsində H.Saraclının
100 illik yubileyi qeyd edilib. Onu da
vurğulayaq ki, H.Saraclı Gürcüstan
Respublikasının əməkdar mədəniyyət
işçisi olub. Saraclı kəndində
azman ozanın büstü ucaldılıb. Ustadın büstü Azərbaycan Rəssamlar
İttifaqının H.Saraclının xatirəsinə
əbədi ehtiram nümunəsidir.
Hüseyn
Saraclının yanıqlı ifasının sirri...
Bu həftələrdə H.Saraclının 100
illik yubileyi Azərbaycan dövləti tərəfindən
qeyd ediləcək. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar
Birliyinin təşkilatçılığı ilə
keçiriləcək yubiley mərasiminə
hazırlıq prosesinə başlanıb.
H.Saraclının 100 illik yubileyi münasibətilə
sonuncu şəyirdi Kövrək Muradla
görüşdük.
K.Murad
ustadı haqqında, onun aşıqlığa necə
başlaması barədə danışdı:
"Soruşurdum ki, ay Söyün əmi, (Hüseyn) sən
aşıqlığa nə təhər başladın,
niyə başqa işlə məşğul olmadın,
aşıqlığa meyl saldın? Deyirdi ki, a bala,
1931-ci ildə atamı güllələdilər, atam
Qurban ağanın baş sümüyündən bir
parça tapmışdılar, onu nənəm
sandıqda saxlayırdı, hər gün sandıqdan
çıxarıb ağlayır, sonra da
sümüyü təzədən sandığa qoyurdu.
Nənəmin ah-naləsini, göz
yaşlarını, bayatılarını,
ağılarını mən saza köçürüb
aşıq oldum, səsimdəki yanğı da o dərddəndir.
Deyirdi ki, yeniyetmə idim, saza həvəsim
vardı, ağacın üstünə sim bağlayıb
saz kimi çalırdım. Dayım həvəsimi
görüb mənə dedi ki, bir dostum var, səni onun
yanına şəyird aparacağam. Həmin
aşıq da Quşçu aşıq İbrahim idi. Dayısı Hüseyn Saraclını
Quşçu İbrahimin yanına aparır, sonra
Quşçu İbrahimi 1939-cu ildə fin-rus müharibəsinə
aparırlar. Eşitdiyimə görə,
oradan da İkinci Dünya Müharibəsinə gedib.
Müharibəyə qədər ustadım
onun yanında şəyirdlik edib. Ondan
sonra isa Sarvan Bayramın yanına gedib, onunla işləyib.
O, Sarvan Bayramın yanına gedəndə
aşıqlığı bacarırmış. Deyirdi ki, oğul, "Koroğlu"nun çox
qollarını Bayram əmimdən götürdüm.
Danışırdı ki, sonra Faxralı
şair Nəbinin yanında saz tutdum. Şair
Nəbi saz çala bilmirdi.
H.Saraclının ustadı Quşçu
İbrahimin ustadı isə Dollu Abuzər olub. Dollu Abuzər
də Borçalı mahalının Ulaclı kəndinə
köçüb orada evlənmişdi. Dollu Abuzər Borçalıda çox
aşıqlar yetişdirib. Bizim
aşıq sənətinin inkişafında onun çox
böyük zəhməti olub".
"Hüseyn
Saraclı ən çox Xındı Məmmədlə
yoldaşlıq edib..."
K.Murad ustadından eşitdiklərindən
danışır ki, İkinci Dünya Müharibəsi
illərində dolanışıq çətin olub. O zamanlar aclıq baş
alıb gedirdi: "O vaxt aşıqlar dəstə-dəstə
kəndlərə gedib çalıb oxuyur, güzəran
qazanırdı. Aşığa pul əvəzinə
buğda, qarğıdalı, ərzaq verirdilər.
Aşıqlar bizim kəndə - Dəllərə
də gəlirdi. Hətta şair Nəbi
də gəlib kəndimizə. Zurnaçı
oğlu Əlinin evinə düşüb, o da evini yeni bəzədibmiş,
yaxşı ev-eşiyi vardı. Elə olur ki, Əli kişi evdə olmur, arvadı
qonağı qarşılayır, çay-çörək
hazırlayır, axşam Əli kişi evə gəlmədiyindən,
gedib Qazax Alının evində
çalıb-çağırırlar, dövran
yığırlar. Anam Xeyransa Abbasqızı
danışırdı ki, dədəm cibində həmişə
aşığın pulunu ayrıca saxlayırdı ki,
aşıq gələndə məclisdə ona versin. Kimin də pulu yox idisə, taxıl satıb pul
hazırlayırdı ki, aşıq gələndə
oxudub qulaq assın. Eldə
aşığa böyük hörmət olub. Kəndə aşıq gələndə
evbaşı hamı gedib qulaq asırdı.
H.Saraclı şair Nəbi ilə, dəllək
Dünnü ilə çox işlədi. Dəllək
Dünnü həm dəllək idi, həm də saz
çalırdı. Şair Nəbinin
yanında o da saz çalıb. O vaxt aşıq dəstələri
vardı. H.Saraclı çox
aşıqlarla yoldaş olub. Ancaq ən
çox Xındı Məmmədlə yoldaşlıq edib.
Çox toylara birlikdə gedirdi. O
dövrdə aşıqlar draxtında, çayxanada
oxuyurdu. Şülöyürdə, Daştəpədə,
Sadaxlıda çayxanalar olub, aşıqlar əsasən
ora yığışırdı. Çünki
o zamanlar Güney Azərbaycandan Borçalıya
köçənlər əsasən oralarda cəmləşmişdi,
draxtınları onlar açmışdı və
aşığa ən çox da onlar qulaq asırdı.
Söyün əmim danışırdı
ki, çayxanada oxuyub bəzən bir toyun pulunu
alırdıq. Elə idi ki, məclisi
olan çayxanaya gedir, aşığı oradan
aparırdı məclisinə. Aşıq
həmişə gəzərgi olub, kənd-kənd, el-el gəzib
dolaşıb. Ustadım
ömrünün sonuna yaxın Əmrah dayı ilə
(aşıq Əmrah Gülməmmədov - İ.S) dostluq
edirdi, məclislərə bir gedirdilər. Əmrah dayı da gözəl sənətkar,
gözəl insan idi, ipək kimi xasiyyəti vardı.
H.Saraclı şəmkirli Pərvanə Həsənlə
də yoldaşlıq edirdi".
Hüseyn
Saraclının ilk şəyirdi...
"Ustadımın birinci şəyirdi
aşıq Əmir Həsənov olub, çox yüklü,
dolu aşıq idi. Deyirdi ki, 13 şəyirdim olub, amma ona
halal-hümbət bir neçə şəyirdi axıra
qədər qulluq etmişdi. Aşıq
Əmir, Sədi Ulaclı, aşıq Əhməd
Sadaxlı, mən, aşıq Nurəddin Qasımlı,
aşıq Oruc (aşıq Oruc Quşçu İbrahimin
oğlu idi - K.M.), Dağ Arıxlısından aşıq
Rza, Qarayazılı Sirac, aşıq Sabir Saraclı və
başqaları. Onların
çoxunun tanınmamasının səbəbi o idi
ki, ustad kimi formalaşa bilmədilər, gücləri
yox idi. Məndən soruşurlar ki, niyə
aşıq Əmirin lent yazıları çox azdır? Aşıq Əmir güclü aşıq idi və
bütün günü toylarda, məclislərdə idi,
heç yadına repertuarını yazdırmaq, efirə
çıxmaq düşmürdü. Aşıq
Əhməd Sadaxlı gəzərgi idi, bir ayağı
Bakıda idi həmişə, radioya gəlirdi.
Ümumiyyətlə, Xındı Məmmədin də
lent yazıları azdır, Tiflis radiosunda nə
yazılıbsa odur, Bakı radiosunda
yazdırmayıb. H.Saraclının şəyirdlərindən
ancaq mən və Sabir həyatdadır, qalanlar haqq
dünyasındadır. O da indi aşıqlıq
etmir" - deyə K.Murad bildirdi.
"Beş
il sərasər ustadıma qulluq etmişəm"
K.Murad
deyir ki, beş il ustadına qulluq edib:
"Mən özüm H.Saraclıya sərasər beş
il qulluq etmişəm, evində qalmışam, ailənin
bir üzvü olmuşam. O vaxt ustadlar şəyirdi
evində saxlayırdı. Bu da var ki, hər
adamı da şəyird götürmürdülər.
Aşıq Əhməd Sadaxlı da, Sədi
Ulaclı da, mən də H.Saraclının evində
qalmışıq, Sədi Ulaclı həm də
H.Saraclının kürəkəni idi. H.Saraclı məktəbinin zəif inkişaf
etməsi onunla bağlı idi ki, özündən sonra
aşıqlıq edən olmadı, təkcə Əhməd
idi, o da rəhmətə gedib. Mən də
sazbəndlik etdim, çox aşıqlıq etmədim.
Sədi yaxşı aşıq idi, o, ən
yaxşı məclislərə Sədi ilə gedirdi.
Bizi də aparırdı məclisə.
Bilirsiniz ki, keçmiş çağlarda toylar
payızda başlayardı. Payızın elə
bu vaxtları idi, H.Saraclı bizim kəndə,
Borçalının Aran-Dəllər kəndinə toya
gəlmişdi. Mənim də onda 17-18
yaşım olardı. O vaxt artıq kənddə həvəskar
aşıq kimi məclislərə gedirdim. Nə isə,
həmin məclisin axırlarına yaxın kənd
ağsaqqallarından biri məni göstərib dedi ki,
ay aşıq Söyün (Hüseyn), qoy bir bu cavan oğlan
da bir saz çalıb oxusun. Ondan mənim o məclisdə
oxumağım üçün icazə istədi. O
da izn verdi, bir "Göyçə
gülü" havası çalıb oxudum. İfam
ustadın xoşuna gəldi... Qulaq asıb dedi ki, uzun
boğazın var, səndən yaxşı aşıq
çıxar. Dedim, ay Söyün əmi, məni
özünə şəyird götürərsənmi?
Razılıq verdi. Beləliklə,
1974-cü ilin payızında ustadın yanına şəyird
getdim. Ustad məni şəyird
götürmək üçün atamdan üç inəyin
haqqını aldı. O vaxt belə idi. Mən onun sonuncu şəyirdi oldum. Ustadımın mənə qədər 12 şəyirdi
vardı, mən də oldum 13-cü şəyirdi. O
zaman ustad şəyirdi evində saxlayırdı və
şəyird də ailənin bir üzvünə
çevrilirdi. Mən H.Saraclının
yanına gedəndə onun 60 yaşı vardı.
Bu minvalla düz 5 il ustadımın
evində qalıb ona şəyirdlik etdim. İndiki
saz məktəblərində olduğu kimi, bir
aşıq 20 şəyirdlə birdən məşğul
olmurdu. Onda ustadlar az şəyird
götürürdü. Dərslər əsasən
axşamlar keçirilirdi. Gündüzlər
isə ustad öz işində olurdu, şəyird isə
çox vaxt təsərrüfat işlərinə
kömək edirdi, elə də olurdu ki, ustadla səfərlərə
çıxırdı. Bütün
şəyirdlər necə, mən də elə ustada
qulluq edirdim. Ustad şəyirdə yalnız
aşıqlığın sirlərini öyrətmirdi,
həm də ədəb-ərkan öyrədirdi... Necə oturub durmağı, məclisdə
özünü aparmağın qaydalarını izah
edirdi. Mən ustadımla
Borçalını qarış-qarış gəzmişəm,
Qarabağa, Naxçıvana, Qərbi Azərbaycanın
rayonlarına getmişəm. Ustaddan
çox şey görüb-götürmüşəm".
Hüseyn
Saraclının hazırcavablığı...
"Günlərin birində Təkəli kəndində
məclis keçirirdik. Aşıq Hüseyn şəyirdlərindən
Sədi Ulaclıyla dedi ki, dur oxu, nədənsə Sədi
Ulaclı bir az ləngiyir. Bu zaman mən aşıq Sədi ilə zarafat
etdim ki, "sənin enliliyin varsa, mənim də
uzunluğum var, səndən qorxmuram, dur oxuyaq". Belə əhvalatlar məclislərdə
çox olurdu.
Bir gün Söyün əmimlə həyətdə
oturmuşduq, bir də gördük ki, darvazanın
ağzında bir maşın dayandı, gedib gələnləri
qarşıladım. Gördüm ki, bir kişi 14-15
yaşlı qız uşağı ilə gəlib.
Çay süfrəsi açıldı, ustad bir-iki
ağız da oxuduqdan sonra qonaq soruşdu:
-
Hüseyn əmi, heç demirsən "niyə gəlmisən?".
- Sənətkarın
evinə gələrlər, buyur! - ustad belə cavab verdi.
Qonaq
dedi ki, qızımın yaxşı səsi var, onu şəyirdliyə
götürərsənmi? Ustad bir az
fikirləşdi, əli ilə bığlarını
eşdikdən sonra dedi ki, a qızım, sən
çölə çıx. Qızın atasına dedi:-
Oğul, gələcəkdə bu qız ərə gedəcək,
uşağa yatacaq. Biri də gəlib toya
çağıranda deyəcəklər ki, uşağa
yatıb, gələ bilmir. El
arsında da yayılacaq ki, aşıq doğub. Ayə, aşıq da doğarmı? Kişi qızını götürüb getdi.
H.Saraclı
çox hazırcavab adam idi" - deyə
ustadın şəyirdi bildirdi.
"Hüseyn
Saraclı qədər "Koroğlu"
qollarını bilən aşıq yox idi"
K.Murad deyir ki, ustadım anadan aşıq
doğulmuşdu. Onun bildirdiyinə görə, o həm aşıq,
həm şair, həm də aktyor idi, aşığa xas
olan bütün cəhətlərə malik idi: "Lətifəsi,
qaravəllisi, atmacası da öz yerində. O fitrətən
aşıq idi. O bildiyi dastanları olduqca məharətlə
çatdırırdı. H.Saraclı həyatdan
köçənə qədər öyrəndi. Hey
deyirdi ki, mən danaçıdan, buzovçudan,
çobandan da söz öyrənmişəm. Çünki aşığı el aşıq edər.
O vaxt savadlı adam çox az idi. Məsələn,
bir kənddə dini təhsil alan ya bir,
ya iki nəfər olardı. Ancaq aşıq
çox bilirdi, hər şeydən xəbəri
vardı, ona görə də aşığı baş
bilən, ağsaqqal sayırdılar. Yaxşı
aşıq hər şeyin öhdəsindən gəlirdi.
Aşıqlar dini də gözəl bilirdi.
Məsələn, aşıqların
çoxu qocalandan sonra mollalıq edib. H.Saraclı qədər "Koroğlu"
qollarını bilən aşıq yox idi. "Koroğlu"nun 16 qolunu bilirdi. Hətta
"Telli xanımın Çənlibelə gəlməsi"ni,
"Zərnişan xanımın Çənlibelə gəlməsi"ni H.Saraclı bilirdi ancaq. O vaxt o verdi professor Mürsəl Həkimova, o da
kitaba saldı. Folklorşünaslara
verdiyi dastanları, nağılları mənə
yazdırırdı. O deyib, mən yazmışam. "Telli xanımın Çənlibelə gəlməsi"
dastanını özüm əlimlə yazıb Mürsəl
müəllimə vermişəm. Deyirdi
ki, a bala, "Zərnişan xanımın Çənlibelə
gəlməsi" dastanını aşıq Nəsibdən
almışam".
Unudulmaz
xatirələr...
"Bir dəfə Kəlbəcərdən
qayıdırdıq. İstədik evə şey-şüy
alaq. Girdik dükana, bir cavan oğlan
gördük. Cürət edə bilmədi ustada
deməyə, mənə dedi ki, haradan gəlirsiniz?
Dedim konsertdən. Dedi bizim binəyə gedərsinizmi?
Dedim niyə getmirik. Ay Hüseyn əmi, bu oğlan bizi dəvət
edir. Oranın çobanları bizi
qarşıladılar. Bir gün
axşamadək binədə çalıb oxuduq. Yaxşı məclis düzəltdilər,
camaat qulaq asdı. Ustadım dərviş
kimi idi, gəzirdi hər yeri. Məni də
çox yerə aparırdı özü ilə. Çox vaxt tənbəki almaq üçün məni
Batuma göndərirdi. O hər tənbəkini
çəkmirdi, xüsusi tənbəki istifadə
edirdi.
H.Saraclı balabanla da oxumuşdu, deyirdi ki, ona
görə balabanla oxudum ki, qoy Azərbaycandakı
aşıqlar deməsin ki, H.Saraclı balabanla oxuya
bilmir. "Baş sarıtel" və "Qəhrəman"ı
oxuyub balabanla.
H.Saraclının həyatı çox təlatümlü
olub. Yeniyetməlik çağında gözü
qarşısında atası güllələnib, bu dərdi
illərlə ürəyində gəzdirib. Sonra da
müharibəyə getmədiyinə görə onu həbs
etmişdilər, az sonra
buraxmışdılar. H.Saraclı
aşıq olmasaydı da, istənilən sahədə
güclü, seçilən insan olacaqdı. O
istedadlı bir sərkərdə, qoşun
böyüyü də ola bilərdi,
nizamlı adam idi".
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 1 noyabr.- S.13