Milli təhsil
triximizin əsası olan seminariyalar...
Azərbaycançılıq
ideologiyasının yayılmasında onların rolu... I yazı
Azərbaycançılığın elmi cəhətdən
inkişaf etdirilməsində sözsüz ki, Qori
Müəllimlər Seminariyasının, eləcə
də İrəvan Müəllimlər
Seminariyasının azərbaycanlı məzunlarının
əvəzsiz xidmətləri olub. Azərbaycançılıq
ideologiyasının ədəbiyyatda, mədəniyyətdə,
maarifdə, elmdə özünə dərin izlər
salmasında seminariya məzunları köklü
işlər görüb. Azərbaycan
tarixində böyük yeri olan şəxsiyyətlər
azərbaycançılığın prinsiplərini
sistemli şəkildə əsərlərində əks
etdirib.
Azərbaycan Respublikasının Milli Arxiv
İdarəsinin rəsmi saytında idarənin baş məsləhətçisi
Rafiq Səfərov "Qori və İrəvan müəllimlər
seminariyalarının milli təhsil tariximizdəki
yeri və rolu haqqında" maraqlı faktları
gündəmə gətirib. R.Səfərov yazır ki,
Zaqafqaziya Müəllimlər Seminariyasının
tatar (Azərbaycan-R.S.) şöbəsi və İrəvan
müəllimlər Seminariyasının Azərbaycanda
xalq maarifinin, məktəb-təhsil işinin
yayılmasında, mədəniyyətin və
ictimai-pedaqoji fikrin inkişafında mühüm
tarixi xidməti və rolu olub: "Məşhur rus
pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında
yaradılmış Qori və İrəvan
seminariyalarının çar hökuməti tərəfindən
mürtəce məqsədlərlə
açılmasına baxmayaraq, bu tədris
ocaqlarının Azərbaycanda xalq məktəbi və
maarifinin inkişafında müstəsna xidməti
olub. Bu seminariyaları bitirmiş məzunların
böyük əksəriyyəti Azərbaycanın
ucqar qəza və kəndlərinə gedərək
orada pedaqoji fəaliyyət göstərmiş, xalq
kütlələri arasında savad yayaraq onları cəhalətin,
geriliyin əsarətindən qurtarmağa
çalışmışlar. Tarixdən
məlumdur ki, keçmiş Çar Rusiyasında
müsəlmanlara ilk vaxtlarda müəllim
seminariyalarında təhsil almaq hüququ verilmirdi.
Bu hüququn əldə edilməsi heç
də asanlıqla başa gəlməmişdir. Xalqımızın mütərəqqi
ziyalıları milli ayrıseçkiliyə
qarşı və müsəlmanlara seminariyalarda təhsil
almaq hüququnun verilməsi uğrunda
çalışmışlar. Qeyd edək ki, çar
hökuməti özünün xüsusi siyasi niyyətlərini
əldə rəhbər tutaraq "özgə"
xalqların təhsil və maarif işlərinə, demək
olar ki, qayğı göstərmirdi". R.Səfərovun
yazdığına görə, çar hakimiyyəti
xalqların savadlandırılmasını onların
milli oyanışında, özünüdərk və
azadlıq yolunda əsas şərtlərdən biri hesab
etdiyinə görə məzlum xalqların, o cümlədən
müsəlman xalqlarının dünyəvi təhsil
almasına imkan yaratmaq istəmirdi. Onun qeyd
etdiyinə görə, çar hakimiyyətinin ucqarlardakı,
o cümlədən Azərbaycandakı təhsil sistemi
çarizmin imperiya ərazisində
yürütdüyü müstəmləkəçilik
və hakim millətçilik siyasətinin bariz təzahürü
idi: "Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın
tərəqqipərvər ziyalıları mövcud vəziyyətlə
barışmır, millətin gələcək taleyini
düşünür, vətən övladlarının
dünyəvi məktəblərdə təhsil almaq
hüququ uğrunda mübarızəyə
başlayaraq "biz öz dilimizdə oxuyub dilimizi,
milliyyətimizi bilmək istəyirik" deyə təhsil
sistemində müsəlmanlara qarşı həyata
keçirilən milli ayrıseçkilik siyasətinə
qarşı etiraz səslərini
ucaldırdılar. XIX əsrin II yarısında Azərbaycanda
milli
şüurun oyanması və
formalaşmasında, maarifçilik hərəkatının yaranmasında H.Zərdabi və
onun "Əkinçi" qəzetinin böyük xidmətləri olmuşdur.
Köhnə həyat tərzinin dəyişdirilməsi
yolunda xalqın maariflənməsinin xüsusi əhəmiyyət
kəsb etdiyini
yaxşı dərk etmiş H.Zərdabi və digər
mütərəqqi maarifpərvər
ziyalılarımız bu yolda daim yorulmadan
çalışmışlar".
Alim yazır ki, XIX əsrin sonlarında Azərbaycanda
kapitalist münasibətləri sürətlə
inkişaf etməyə başlamışdı. R.Səfərovun
yazdığına görə, kapitalizm münasibətlərinin
inkişafı cəmiyyətin sosial strukturunda müəyyən
dəyişikliklərə gətirib
çıxarmış və yeni sinif olan çoxmillətli
burjuaziya və proletariat formalaşırdı: "Həmin
dövrdə Azərbaycanda müsəlman müəllim
kadrlarına böyük ehtiyac duyulurdu. Lakin
müəllim kadrlarına olan tələbatların
ödənilməsi üçün təkcə Azərbaycanda
deyil, ümumiyyətlə, bütün Cənubi Qafqaz
bölgəsində pedaqoji kadrlar hazırlayacaq
xüsusi bir tədris müəssisəsi yox idi. Qafqaz bölgəsində dövlət məktəbləri
üçün müəllim kadrlarını
hazırlayan ilk təhsil ocağı Qafqazda
xristianlığı bərpa edən cəmiyyət tərəfindən
1866-cı ildə Tiflis şəhərində
yaradıldı. Tiflis şəhərində
əsası qoyulan Aleksandrovski müəllimlər məktəbində
şəhər məktəbləri üçün
müəllim kadrlar hazırlanırdı. 1872-ci ildə həmin məktəb Aleksandrovski
Müəllimlər İnstitutuna çevrildi. Lakin müsəlmanlar bu instituta qəbul
edilmirdi. Aleksandrovski Müəllimlər
İnstitutuna müsəlman olmayan digər millətlərin
nümayəndələrinin qəbul olunmağa
hüquqları vardı. Qeyd edək ki,
1872-ci ilin əsasnaməsinə əsasən, müsəlmanlara
ali-ibtidai və şəhər məktəblərində
ştatlı müəllim vəzifəsini tutmaq
hüququ da verilmirdi. Çar hakimiyyətinin
yürütdüyü hakim millətçilik və
milli ayrıseçkilik siyasətinin nəticəsi
idi ki, təhsildən uzaqlaşdırılan azərbaycanlıların
nəinki Müəllimlər İnstitutunu bitirmiş,
hətta adi ibtidai
məktəblərdə dərsi keçmək
üçün müəllim kadrları yox idi. 1875-ci ildə
təsdiq edilmiş və 1917-ci ilə qədər qüvvədə
olmuş "Xalq Maarif Nazirliyinin müəllim
seminariyaları üçün təlimatı"na əsasən,
müəllimlər seminariyasına pravoslav dininə
məxsus bütün təbəqələrdən olan, tərbiyəli
davranışı barədə rəy təqdim
etmiş, 5-6 il ibtidai məktəbdə oxumuş və 2
sinifli ali-ibtidai məktəbin proqramı üzrə qəbul
imtahanlarını müvəffəqiyyətlə
başa vuraraq 16 yaşa çatmış şəxslər
qəbul edilirdi.
Yalnız
zamanın tələbi ilə ali-ibtidai məktəblərdə
dərs deyə biləcək müsəlman müəllimlərin
sayını artırmaqdan ötrü Qafqaz Tədris İdarəsinin
rəhbərliyi tərəfindən müəllim
seminariyalarını bitirmiş müsəlmanlar
üçün qısamüddətli kurslar açıldı. Müsəlmanlara
da ali-ibtidai məktəblərdə ştatlı müəllim
yerlərinin verilməsinə başlandı. Müsəlmanlara
Aleksandrovski Müəllimlər İnstitutuna
daxil olmaq hüququ verildi".
Milli
Arxiv İdarəsinin baş məsləhətçisi
yazır ki, XIX əsrin 70-ci
illərindən başlayaraq Rusiya
İmperiyasının bir sıra bölgələrində, o
cümlədən Cənubi Qafqazda kənd məktəbləri
üçün müəllim kadrları hazırlayan
müəllim seminariyaları meydana gəldi. Əsasən
zemstvalar tərəfindən yaradılan müəllimlər
seminariyaları öz işlərini dahi rus
pedaqoqu Konstantin
Dmitriyeviç Uşinski tərəfindən işlənib hazırlanmış "Müəllimlər
seminariyasının layihəsi" əsasında
qururdu: "Çar hakimiyyəti seminariyaların
zemstvalar tərəfindən açılmasını
müxtəlif yollarla dayandırmağa
çalışsa da, buna nail ola bilmədi. Mütləqiyyət
seminariyaların yaradılması prosesini öz nəzarəti
altına almaqdan ötrü 1870-ci ildə "Müəllimlər
seminariyası haqqında Əsasnamə"ni təsdiq etdi. Həmin əsasnaməyə
görə, müəllim seminariyaları zemstvalar tərəfindən
deyil, hökumət tərəfindən
yaradılmalı idi.
Zaqafqaziya
Müəllimlər Seminariyası Rusiya imperatoru II
Aleksandrın 08 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edildi. Qori şəhərində bütün Cənubi
Qafqaz üzrə təşkil edilmiş Zaqafqaziya
Müəllimlər Seminariyası dövrün
qabaqcıl seminariyalarından biri
sayılırdı. Həmin Seminariya haqqında əsasnamənin
1-ci bəndində göstərilirdi: "Zaqafqaziya
Müəllimlər Seminariyasının məqsədi
özünü ibtidai məktəblərdə
müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə
pedaqoji təhsil verməkdir". Əsasnamənin 1-ci
bəndinin qeyd hissəsində yazılmışdı
ki, "Müsəlmanlar üçün xüsusi məktəb
açılanadək, müsəlmanlara Zaqafqaziya Müəllimlər
Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil
olmağa icazə verilir". Lakin Zaqafqaziya Müəllimlər
Seminariyasında və onun nəzdində
yaradılmış üç
ibtidai-rus, gürcü, erməni məktəblərində
təhsilin rus dilində
aparılması və həmin məktəblərdə
Azərbaycan dilini bilən
müəllimlərin, demək olar ki, olmaması azərbaycanlı gənclərin bu məktəblərə
cəlb olunması işini ləngidirdi".
Tədqiqatçı
qeyd edir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan kəndlərindəki mövcud olan və açılması nəzərdə
tutulan məktəblərin müsəlman azərbaycanlı
müəllim kadrlarla təmin edilməsinə
böyük tələbat var idi. Tədqiqatçının
yazdığına görə, zamanın tələbi,
həmçinin müsəlmanlara
qarşı edilən milli ayrıseçkiliyə
qarşı mütərəqqi
ziyalılarımızın yüksələn etiraz səsləri
çar hökumətini
"Müəllimlər seminariyaları haqqında təlimat"ın tələblərindən kənara
çıxmağa məcbur etdi: "Beləliklə,
seminariyalarda təkcə pravoslavların deyil,
müsəlmanların da təhsil almasına icazə
verildi. Azərbaycanın sosial-iqtisadi həyatında
baş verən dəyişikliklər və
xalqımızın mütərəqqi
ziyalılarının maarif-təhsil işi uğrunda
mübarizəsinin nəticəsi olaraq
Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər
Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin
yaradılmasına Qafqaz canişini tərəfindən
razılıq verildi. Qori Müəllimlər
Seminariyasının məzunu olmuş, sonralar isə
məşhur pedaqoq, dövrünün görkəmli dövlət
xadimi kimi yetişmiş, xalqımızın
böyük oğlu N.Nərimanov 1906-cı ildə
yazdığı məqaləsində qeyd edirdi:
"Rusiya baş qaldırıb yüz illərlə
ixtiyarını itirmiş, indi zor ilə hərəkət
edən millətlərə yavaş-yavaş ixtiyar
verir. Hər millətin öz ana dili
uşaqları üçün vacib olub məktəblərdə
oxunur. Bizim camaat bunları görüb yenə də
lal və kar qalmış, axırda dövlət özü
qafqazlılar üçün ümumi qanun düzəldib dedi:
qeyri-millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacarırsınızsa, siz də öz
başınıza çarə qılınız.
Bu fikirlə türk dilini müsəlman müəllimlərinə
vacib bildi, qəza şəriyəti də bunu vacib
bildi... Lakin kəndi
xahişiləmi? Xeyr, zəmanə tələb
etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun
yox olmasına çalışan dövləti bir
qanlı hürriyyət indi vadar edir ki, ana dilini qeyri-
dillər kimi uşaqlara vacib bilsin...".
Zəmanənin
tələbi ilə Zaqafqaziya Müəllimlər
Seminariyasının nəzdində
yaradılmış ayrıca tatar (Azərbaycan-R.S.)
şöbəsi 1879-cu il sentyabrın
23-də Qori şəhərində fəaliyyətə
başladı. Zaqafqaziya Müəllimlər
Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.)
şöbəsinin fəaliyyəti Dövlət
Şurasının 13 may 1880-ci il
tarixli qərarı ilə rəsmiləşdirildi. Azərbaycanlı müsəlman müəllim
kadrların hazırlanması kimi tarixi missiya bu
şöbənin üzərinə düşdü.
Azərbaycan şöbəsinin 1880-ci il
mayın 13-də təsdiq edilmiş əsasnaməsinə
görə, bu şöbənin məqsədi Cənubi
Qafqazın Azərbaycan kəndlərindəki ibtidai məktəblər
üçün bilikli və bacarıqlı müəllimlər
hazırlamaqdan ibarət idi. Seminariyanı 1881-ci ildə
bitirmiş məzunlardan yalnız üç nəfəri
- Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli
bəy Vəlibəyov (Şuşa) və
Mirzə Əliməmməd Xəlilov (Naxçıvan)
şəhadətnamə alıb xalq müəllimi
adına layiq görüldülər. Azərbaycan
şöbəsinin inspektoru A.Çernyayevski Səfərəli
bəy Vəlibəyovu dərs demək üçün
seminariyada saxladı. T.Bayraməlibəyov
Qori Seminariyasını bitirdikdən sonra Lənkəranda
rus məktəbində dərs deməyə
başladı. O həmçinin XIX əsrin 80-ci illərinin
sonlarından başlayaraq 1916-cı ilədək
müntəzəm olaraq o zaman Bakıda rus dilində
çıxan və mütərəqqi
ziyalılarımızın tribunasına
çevrilmiş "Kaspi" qəzetində Lənkəran
bölgə müxbiri kimi fəaliyyət göstərmişdi.
Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, H.Zərdabi və digərləri ilə
yanaşı, o da tez-tez müxtəlif məsələlərlə
bağlı bu qəzetdə çıxış
etmişdi".
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 4 noyabr.- S.15