Azərbaycan
bayrağı azərbaycançılığın simvolu kimi...
I yazı
Üçrəngli bayrağımız
gözümüzün işığına, qəlbimizin
təpərinə, qüruruna çevrilib. Baş əyirik
önündə. Bayrağımız Vətəndir,
bayrağımız anadır, fəxr
ünvanımızdır. Şəhidlərin
qanından köynəkləndi, göy türk
babalarımızın ruhundan maviləşdi, müqəddəs
dinimizin yaşılına büründü. Bir
gözəllik, bir aləm, köksümüzü
dolduran əbədi sevinc, sevgi, müqəddəs hisslər
bəxş edib bizə üçrəngli
bayrağımız!
Azərbaycançılığın
simvoludur Azərbaycan bayrağı!
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə Azərbaycanda hər il 9 noyabr
tarixi Dövlət Bayrağı Günü kimi qeyd
olunur.
Məlum
olduğu kimi, 1918-ci il noyabrın 9-da
Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası
milli bayraq haqqında qərar verib. Nazirlər
Şurasının sədri Fətəli Xan Xoyskinin
imzaladığı həmin qərarda deyilir:
"Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən,
ağ aypara və səkkizguşəli ulduzdan ibarət
olan bayraq qəbul edilsin".
Bayrağın
ölçüləri ilə bağlı tarixçilər
yazır ki, bayrağın eninin uzunluğuna nisbəti
1:2-dir. Bayraq üçrəngli parçadan (trikolor)
ibarətdir. Bayraq bərabər enli
üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta
zolaq qırmızı, aşağı zolaq yaşıl
rəngdədir) ibarətdir. Qırmızı
zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilib. Bayrağın
göy rəngi türkçülüyü,
qırmızı rəng müasir azadlıq
ideologiyasını, yaşıl rəng isə
islamçılığı tərənnüm edir.
Məlumdur
ki, Azərbaycan Xalq Cumhuriyyətinin Rəyasət Heyətinin
sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci
ildə Azərbaycan parlamentinin
yığıncağında deyirdi: "Bizim
qaldırdığımız bayrağın üç
rəngi: türk milli mədəniyyətinin, müsəlman
sivilizasiyasının və müasir Avropa demokratik
əsaslarının simvoludur". Azərbaycan
Respublikasının rəsmi Dövlət Himninin
müəllifi Üzeyir Hacıbəyov yazırdı:
"Azərbaycan Respublikası sağlam milli
özül üzərində və türk
düşüncəsi ilə yaradılıb... Eyni zamanda, Azərbaycan yeni cəmiyyət
formalaşdırmağa, Avropa düşüncəsi
ilə hərəkət etməyə
çalışırdı. Bayrağımızdakı
üç rəng bu elementləri özündə əks
etdirir".
Tədqiqatçılar yazır ki, bayraqda əks
olunan rənglərin mənası məlum olsa da, ağrəngli
aypara və səkkizguşəli ulduzun mənası
barədə yekdil fikir yoxdur. Qırmızı zolaq
üstündəki bu rəmzlər Azərbaycan Xalq
Cumhuriyyəti hökumətinin Gəncədə qəbul
etdiyi (21 iyun 1918-ci il) qırmızı
rəngli, üstündə ağrəngli aypara və səkkizguşəli
ulduz təsviri olan dövlət bayrağının (bu,
XIX əsrin ortalarınadək Osmanlı
İmperatorluğunun milli bayrağı olub)
üçrəngli milli bayraqda kiçildilmiş
formasından ibarətdir. Başqa sözlə,
ağrəngli aypara və səkkizguşəli ulduz
simvolu Azərbaycan bayrağına əski Osmanlı
İmperatorluğunun bayrağından hazır şəkildə
keçib.
Tədqiqatçılar yazır ki, Fətəli
xan Xoyski öz nitqində ulduzun guşələrinin
sayının 1918-ci ildə əski əlifba ilə
yazılan Azərbaycan sözünə işarə
olduğunu bildirib. Bəzi iddialara görə, 8 oğuz
tayfasının birləşməsi (azərbaycanlılar,
osmanlılar, çağataylar, tatarlar, qazaxlar,
qıpçaqlar, səlcuqlular və türkmənlər)
ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var.
Qeyd edək ki, 1918-ci ildə Azərbaycan
bayrağının dəyişməsi məsələsi
qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli
idi: türkçülük, islamçılıq və
müasirlik. Qeyd olunmalıdır ki,
ideyaların formalaşmasında filosof Cəmaləddin
Əfqaninin təsiri olub. Əfqani
"Milli birlik fəlsəfəsi və din, əsl mahiyyəti"
və "İslam birliyi" kitablarında müsəlman
xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində,
milli birlik və Avropa hökumətçiliyinin
mütərəqqi ənənələrini tədqiq
etməsi nəticəsində mümkündür.
1914-cü ildə Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə
də islamiyyətin və müsəlmanlığın
milliyyət deyil, "ümmətçilik" ifadə
etdiyini, milliyyətin isə din üzərində deyil,
dil və mədəniyyət birliyi üzərində
qurulduğunu və bu milli diriliyin təməlini təşkil
edən milli mədəniyyətin ünsürlərini
izah edərək milli hərəkatın ictimai fəlsəfəsini
qeyd edib.
Tədqiqatçılardan ABŞ veksilloloqu Uitni
Smitə görə, bayrağın müəllifi
Əli bəy Hüseynzadə idi. O yazırdı ki, 1907-ci il iyul ayının 10-da Bakıda
Hüseynzadənin nəşr etdiyi "Füyuzat"
(bolluq, bərəkət mənasındadır)
jurnalındakı bir məqaləsində "Türk
hissiyyatlı, islam etiqadlı, firəng qafalı"
kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir
Ziya Göyalp belə ifadə edirdi: "Türk qanlı,
islam imanlı, Avropa mədəniyyətli".
Qeyd edilənə
görə, 7 dekabr 1918-ci ildə Şərqdə və
Türk-İslam dünyasında ilk demokratik, dünyəvi
dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti
parlamentinin açılışı zamanı Azərbaycan bayrağı
parlament binası üzərində
qaldırılıb. Azərbaycan Xalq
Cumhuriyyətinin ilk parlamentini açan M.Ə.Rəsulzadə
müstəqil Azərbaycanı təmsil edən milli
bayrağımızdakı üç rəngin
"türk hürriyyəti, islam mədəniyyəti
və müasir Avropa iqtidari-əhraranəsini"
(demokratiyasını) ifadə etdiyini xüsusi olaraq
qeyd edirdi. O, başqa bir çıxışında
isə deyirdi ki, Azərbaycanın Dövlət
bayrağındakı bu üç rəng "Türk
milli mədəniyyətinin, müasir Avropa
demokratiyasının və İslam
sivilizasiyasının simvoludur".
Üzeyir
Hacıbəyov milli bayrağın rənglərinin
ifadə etdiyi məna və funksiyadan danışaraq
yazırdı: "Azərbaycan Respublikası o zaman
bütün Şərqdə (və Avropada) ən
demokratik parlament modelinə malik idi və sağlam bir
milliyyət fikri və türklük şüuru üzərində
qurulmuşdu... Eyni zamanda, Azərbaycan
çağdaş bir cəmiyyət qurmağa, Avropa
zehniyyəti ilə çalışmağa əzm
etmişdi. Bayrağımızın
üç rəngi bu ümdənin
timsalıdır". Üzeyir Hacıbəyov Azərbaycan
Xalq Cumhuriyyətinin bir illiyinə həsr olunmuş
"Bir yaş" adlı məqaləsində milli
bayraqdakı rənglərin mənasına toxunaraq
deyirdi: "Mavi rəngi türklüyə, yaşıl rəngi
islamlığa və al rəngi mədəniyyətə
işarə olan bayrağımızın mənayi-mənəviyyəsi
də budur".
Azərbaycanın
üçrəngli bayrağı 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə keçirilən sessiyada
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilib. Məlumatlara
görə, 1991-ci il fevralın 5-də
Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan
Respublikasının Dövlət bayrağı
haqqında" Qanun qəbul edərək onu Dövlət
bayrağı elan edib.
1991-ci il
oktyabrın 18-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktı ilə Azərbaycan
Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi
kimi onun dövlət rəmzlərini, o cümlədən
Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində
qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan
Respublikasının dövlət rəmzlərinə -
bayrağına, gerbinə və himninə hörmət
etməlidir. Bundan əlavə, ulu öndər Heydər
Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan
Respublikasının dövlət atributlarının
təbliği işinin gücləndirilməsi
haqqında" Sərəncamı dövlət
atributlarının təbliği baxımından
mühüm əhəmiyyət daşıyır. Heydər
Əliyev deyirdi: "Azərbaycanın bayrağı
sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Gərək
hər bir evdə Azərbaycan dövlətinin
bayrağı olsun, hər bir ailə Azərbaycan
bayrağına itaət etsin. Bu bayraq
gərək hər bir ailənin həyatının əziz
bir hissəsi olsun".
Qeyd edək ki, Dövlət bayrağı
respublikamızın dövlət qurumlarının və
diplomatik nümayəndəliklərinin binaları
üzərində ucalır, mühüm beynəlxalq tədbirlər,
mötəbər mərasimlər və məclislərlə
yanaşı, irimiqyaslı ictimai-siyasi
toplantılarda, mədəni tədbirlərdə və
idman yarışlarında qaldırılaraq milli
birliyi təcəssüm etdirir. 2004-cü il
iyunun 8-də "Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları
haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan
Respublikasının dövlət rəmzlərinə
hörmət və ehtiramı təmin etmək məqsədilə
Prezident İlham Əliyev 2009-cu il
noyabrın 17-də "Azərbaycan
Respublikasının Dövlət bayrağı
gününün təsis edilməsi haqqında" Sərəncam
imzalayıb. Bu sərəncamla hər il
noyabr ayının 9-u Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2009-cu il dekabrın 4-də isə Milli Məclis
noyabrın 9-nu Dövlət Bayrağı Günü
kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin
105-ci maddəsinə edilən əlavəyə əsasən,
bu bayram qeyri-iş günü olan bayramların
siyahısına daxil edilib.
Azərbaycan
Respublikasının Dövlət bayrağının
Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin,
vahid məfkurə ətrafında sıx birləşməsinin
başlıca amillərindən biri olduğunu nəzərə
alaraq və onun təbliğinin daim diqqət mərkəzində
saxlanmasını təmin etmək məqsədilə
Bakı şəhərində, Xəzərin sahilində
Dövlət Bayrağı Meydanının
yaradılması da Prezident İlham Əliyevin dövlət
atributlarına olan yüksək ehtiramının ən
gözəl nümunəsidir. Bununla bağlı sərəncamı
dövlət başçısı 2007-ci il
noyabrın 17-də imzalayıb. 2007-ci il
dekabrın 30-da Bakının Bayıl qəsəbəsində
- Hərbi Dəniz Qüvvələrinin bazası
yaxınlığında Prezident İlham Əliyevin
iştirakı ilə Dövlət Bayrağı
Meydanının təməli qoyulub. Meydan
üçün seçilmiş yer dövlət
bayrağının paytaxtın müxtəlif nöqtələrindən
görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında
reallaşdırılan tikinti işlərini xarici və
yerli mütəxəssislər yerinə yetirib.
Meydanda
inşa olunmuş dayağın hündürlüyü
162, bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09
metrdir. Qurğunun ümumi çəkisi 220
tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr,
ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. "Ginnes" dünya rekordları təşkilatı
2010-cu il mayın 29-da Azərbaycanın
Dövlət bayrağı dirəyinin dünyada ən
hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi və himninin mətni və
ölkəmizin xəritəsi qızıl suyuna salınmış
bürüncdən hazırlanıb. Bu
dövlət rəmzləri Bayraq Meydanının
görkəminin möhtəşəmliyini daha da
artırıb, onun ümumi görünüşünə
əlavə çalarlar qatıb. Prezident
İlham Əliyevin təşəbbüsü ilə
meydanda Dövlət Bayrağı Muzeyi də
yaradılıb.
2010-cu il sentyabrın 1-də Dövlət
Bayrağı Meydanının təntənəli
açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən
Prezident İlham Əliyevin bayrağımızla
bağlı fikirləri olduqca qürurvericidir.
Prezident İlham Əliyev qeyd edirdi:
"...Dövlət
Bayrağı Meydanının
açılışı həqiqətən tarixi və
unudulmaz bir hadisədir. Bu meydan özlüyündə
gözəl bir memarlıq abidəsidir... Burada
Azərbaycanın dövlət rəmzləri-gerbi,
himninin mətni, xəritəsi təsvir edilib. Dövlət Bayrağı Muzeyi də fəaliyyət
göstərəcəkdir. Meydanın
ortasında isə Azərbaycanın Dövlət
bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən
böyük və ən uca bayraqdır... Bayraq
Meydanının yaradılması üçün
çox böyük tikinti, quraşdırma, quruculuq
işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu
işlərin əksər hissəsini Azərbaycan
mütəxəssisləri, fəhlələri
görmüşlər. Bu onu göstərir
ki, bizdə olan güclü potensial hər bir sahədə
özünü büruzə verir. Bu
gün imkanlarımız o qədər böyüyüb
ki, biz istənilən məsələni həll edə,
istənilən memarlıq əsərini yarada bilərik.
Meydanın yaradılması haqqında sərəncam
mənim tərəfimdən 2007-ci il
noyabrın 17-də imzalanmışdır. Ondan
dərhal sonra bütün işlər
başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan
Dövlət Bayrağı Günü təsis
edilmişdir.
Bildiyiniz
kimi, Azərbaycan bayrağı, bizim üçrəngli
bayrağımız 1918-ci il
noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin
qərarı ilə təsdiq edilmişdir. Məhz
noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı
Günü kimi qeyd olunacaqdır. Hər iki
sərəncamın məhz noyabrın 17-də
imzalanmasının səbəbi də çox məntiqli
və aydındır. Məhz 1990-cı il
noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq
Cumhuriyyətinin bayrağı Azərbaycanda dövlət
bayrağı kimi qaldırıldı. Ulu
öndər Heydər Əliyevin rəhbərliyi
altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan
Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanda
dövlət bayrağı kimi təsdiq edildi. Eyni
zamanda, o vaxtkı Azərbaycan Ali Soveti
qarşısında vəsatət qaldırıldı və
tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət
bayrağı kimi qəbul edilsin...".
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 11 noyabr.- S.15