Azərbaycan
bayrağı azərbaycançılığın simvolu kimi...
II yazı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycanın üçrəngli
bayrağının dövlətimizin,
xalqımızın fəxr, qürur mənbəyi
olduğunu dəfələrlə qeyd edib.
2010-cu ildə Dövlət Bayrağı
Meydanının açılışında İlham
Əliyevin söylədiyi geniş nitq böyük əks-səda
doğurdu. Ölkə başçısı bir daha
vurğuladı ki, müasir Azərbaycan
Respublikası 1918-ci ildə qurulan Azərbaycan Xalq
Cumhuriyyətinin hüquqi və mənəvi
varisidir. İlham Əliyev
çıxışında qeyd edib: "...O vaxt hələ
Sovet İttifaqının dağılmasına bir ildən
çox vaxt var idi. Bizim müstəqilliyə
gedən yolumuz o gündən başlamışdır.
Məhz Xalq Cumhuriyyətinin
bayrağının dövlət bayrağı kimi qəbul
olunması Azərbaycanı müstəqilliyə daha
da yaxınlaşdırmış və ölkəmizdə
gedən proseslərə güclü təkan
vermişdir. O illər hamımızın
yadındadır. O illər Azərbaycanın
inkişafı, gələcəyi üçün həlledici
illər idi. Azərbaycan dövlət
müstəqilliyinə qovuşanda ölkədə
proseslər çox mənfi istiqamətdə gedirdi.
Ölkədə anarxiya, hərc-mərclik
hökm sürürdü. Ölkənin
inkişaf perspektivləri qeyri-müəyyən idi və
Azərbaycan, əslində, dövlət müstəqilliyini
itirə bilərdi. Azərbaycan
xalqının tələbi və müdrikliyi ilə ulu
öndər Heydər Əliyevin hakimiyyətə dəvət
olunması nəticəsində Azərbaycanda
bütün xoşagəlməz hallara son qoyuldu,
sabitlik yarandı və inkişaf dövrü
başlandı. Bu inkişaf
dövrünün nəticələrini bu gün Azərbaycan
vətəndaşları görürlər".
Ölkə başçısı 2010-cu ildəki
çıxışında vurğulayıb ki,
1993-2003-cü illər Azərbaycan üçün həlledici
illər olub.
Prezident qeyd edib ki, məhz o illərdə Azərbaycanda
iqtisadi, siyasi sabitlik yaranmış, ölkə
dünya birliyinə özünü təqdim edə
bilib: "Biz beynəlxalq təşkilatlara üzv olduq.
Azərbaycan bayrağı bütün beynəlxalq
təşkilatlarda dalğalanmağa
başlamışdır. Azərbaycan
xarici tərəfdaşlarla çox uğurlu və
qarşılıqlı hörmət əsasında
münasibətlər qura bilmişdir. Ölkəmizə
böyük həcmdə investisiyanın cəlb
olunmasına nail ola bilmişdik. O proseslər
bu gün də Azərbaycanın inkişafını təmin
edir və onilliklər bundan sonra da Azərbaycanın
uğurlu inkişafını müəyyən edəcək.
O on il ərzində Azərbaycan
çox böyük bir yol keçmişdir və demək
olar ki, dövlətçiliyin əsasları tam şəkildə
qurulmuşdur. Bu gün Azərbaycan möhkəm
əsaslar üzərində uğurla inkişaf edir.
Ölkə daxilində gedən bütün proseslər
müsbət istiqamətdə inkişaf edir... Bütün bu vacib məsələlərlə
bərabər, bu gün bu gözəl meydanda Azərbaycanın
müstəqil siyasətini xüsusi qeyd etmək istərdim.
Müstəqillik ən böyük sərvətimizdir,
ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik
həsrəti, müstəqillik arzusu ilə yaşamışdır.
Uzun illər, onilliklər ərzində biz
başqa ölkələrin tərkibində
yaşamışdıq, azadlıqdan məhrum
olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan
xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu
imkanı itirə bilərdik və əgər 1993-cü
ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi,
çox güman ki, itirəcəkdik. Bu
gün isə müstəqilliyimiz artıq dönməzdir,
əbədidir. Bütün çətin
sınaqlardan üzüağ, şərəflə
çıxmışıq, gözəl, möhkəm
ölkə yaratmışıq. O ölkə ki,
burada bütün azadlıqlar var. Təhlükəsizlik,
sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir.
O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin,
bütün dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar. Mehribanlıq,
dostluq şəraitində yaşayırlar. O
ölkə ki, burada milli-dini dözümlülük
yüksək səviyyədədir və bu gün Azərbaycan
bu məsələlərdə nümunə kimi göstərilir.
Bu ölkəni biz yaratmışıq.
Bu gün Azərbaycan öz gücünə
arxayın olan, öz gücünə arxalanan,
bütün tərəfdaşlar ilə münasibətləri
qarşılıqlı hörmət və ehtiram
prinsipləri əsasında qurmağa
çalışan, dinamik inkişaf edən gənc və
eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional
amildir. Sabitlik, təhlükəsizlik
və inkişaf amilidir. Bizim
bütün təşəbbüslərimiz, irəli
sürdüyümüz bütün layihələr səmərə
verir, həm bizə, həm bizim tərəfdaşlara
xeyir gətirir. O layihələri həyata
keçirmək üçün nəinki böyük
maliyyə imkanları, həm də güclü iradə,
cəsarət və öz siyasətinə sədaqət
lazımdır. Hər halda bu günə qədər
ölkəmiz tərəfindən atılan bütün
addımlar düzgün istiqamətdə
atılmış addımlar olmuşdur.
Biz bu gün müstəqil ölkə kimi
yaşayırıq və böyük qürur hissi ilə
yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq.
Biz müstəqil siyasət aparırıq.
Azərbaycan xalqı öz taleyinin
sahibidir. Bu böyük xoşbəxtlikdir,
böyük sərvətdir. Bizdən əvvəl
nəsillər müstəqillik arzusu ilə
yaşayırdı. Ancaq bu müstəqilliyi
görmək bizə nəsib olub. Bu
xoşbəxtlik bizə nəsib olub. Biz
nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi
üçün işlər görürük, fəaliyyət
göstəririk, çalışırıq. Hər bir vətəndaş, tutduğu yerindən
asılı olmayaraq, öz əməyi ilə hər
gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə
sədaqətlə, görülən işlərlə,
atılan addımlarla. Bu gün Azərbaycan
cəmiyyətində bu həmrəylik, milli həmrəylik,
milli səfərbərlik, vətənpərvərlik
ruhu var. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik
ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər,
Vətənə sadiq olsun. Çünki
bütün dövrlərdə Azərbaycanın
uğurlu gələcəyini biz təmin etməliyik.
Bir daha demək istəyirəm ki, bu gün
atılan addımlar və irəli sürülən təşəbbüslər
onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə
baxmalıyıq, gələcəyi düşünməliyik:
20 il, 50 ildən sonra Azərbaycan
hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu
inkişafını hansı resurslar əsasında təmin
edəcəyik?! Biz bu barədə
düşünürük və görülən
bütün işlər həm bugünkü problemlərin
həllinə, eyni zamanda, gələcəyə yönəldilib.
Biz müstəqil, azad xalqıq, öz siyasətimizi
özümüz aparırıq və bundan böyük
xoşbəxtlik ola bilməz.
Bu gün ölkəmizin həyatında bir daha demək
istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş
verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq
dünyanın ən hündür bayrağıdır.
Bəlkə nə vaxtsa, bir neçə ildən
sonra başqa yerdə bundan da hündür bayraq
qaldıra bilərlər. Məsələ
onda deyil, məsələ ondadır ki, bu Bayraq
Meydanının yaradılması Azərbaycanın
gücünü, Azərbaycan xalqının öz
dövlətinə sevgisini, dövlət rəmzlərimizə
ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada,
bütün bu ətrafda tikinti-quraşdırma işləri
tamamlanandan sonra bu möhtəşəm meydan
insanlarla dolu olacaqdır. Necə ki,
bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə,
on minlərlə insan hər gün gəzintiyə
çıxır. Bax, bu meydanda, bu
bayraq altında, milli rəmzlər ətrafında
insanlar yığışacaqlar. Buradan
gözəl Bakıya möhtəşəm bir mənzərə
açılır. Burada,
aşağıda gəzinti üçün gözəl
yerlər var. Yəni bu Bayraq Meydanı Bakının bir
mədəniyyət mərkəzinə, Azərbaycanın
bir siyasi mərkəzinə çevriləcəkdir.
Ölkəmizin mərkəzi olan Bakı
şəhərində belə möhtəşəm
meydanın yaradılması doğrudan da böyük
hadisədir. Bizim bayrağımız
qürur mənbəyimizdir. Bizim
bayrağımız canımızdır, ürəyimizdir.
Bu gün Azərbaycanın hər bir yerində
dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi
bütövlüyünü bərpa edəndən sonra
milli dövlət bayrağımız bu gün hələ
də işğal altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz
hər an öz işimizlə
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan
bayrağına!".
Qeyd edək ki, Heydər Əliyevin milli mənafelərə
əsaslanan siyasətini bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev də
daxilindən gələn yüksək vətənpərvərliklə
Azərbaycanın milli dövlət atributlarını
uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə
aşılayır. Andiçmə mərasimləri
zamanı dövlət bayrağı
qarşısında diz çökərək onu öpən
Prezident İlham Əliyev bununla həm də Azərbaycan
dövlətinə yüksək sevgi, ehtiram və sədaqət
nümayiş etdirir. Dövlət
başçısının milli ideallara
bağlılığı özünü həm də
üçrəngli bayrağımıza münasibətdə
qabarıq göstərir. Üçrəngli
bayrağımız Azərbaycanımızın
müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin,
tarixinin, mənəvi dünyasının rəmzidir.
Hər bir Azərbaycan vətəndaşı
bayrağımıza ehtiram göstərir, bunu
özünün müqəddəs borcu kimi qəbul edir.
Azərbaycan əsgəri də Vətənin
suverenliyinin və ərazi bütövlüyünün
qorunması ilə bağlı ali
missiyanı öz üzərinə götürərkən
üçrəngli bayrağa and içir. Üçrəngli
bayrağımız hər zaman əbədi olacaq,
bütün dünyada Azərbaycan dövlətinin və
xalqının imzasını qürurla təsdiqləyəcək.
Məlumata
görə, 1991-ci il oktyabrın 18-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktı ilə Azərbaycan
Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi
kimi onun dövlət rəmzlərini, o cümlədən
dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan
Respublikası dövlət bayrağının istifadəsi
qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə bu sahədə
qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan Respublikasının vətəndaşları,
habelə Azərbaycan Respublikasının ərazisində
olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan
Respublikasının dövlət bayrağına
hörmətlə yanaşmalıdır.
Azərbaycan bayrağı azərbaycançılığın
əsas simvollarından biridir. Azərbaycan
bayrağı xalqımızın qürur mənbəyi,
azərbaycançılığın obrazıdır
desək yanılmarıq. Azərbaycançılığın
bütün elementləri bayrağımızda əks
olunub.
Bayrağımız
hər zaman uca olsun!
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 12-14 noyabr.- S.15