Multikulturalizmlə azərbaycançılığın
vəhdəti Kiş
məbədi...
(Əvvəli ötən sayımızda)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi onu göstərir ki, respublikamızda yaşayan bütün xalqlar azərbaycançılıq bayrağı altında birləşib. Qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətlərə malikdir.
Kiş məbədi nəinki Azərbaycan ərazisində, hətta bütün Qafqazda ən qədim alban abidəsi olaraq qeyd edilir.
Abidənin memarlıq xüsusiyyətindən bəhs edən alimlərin yazdığına görə, məbədin bir neçə memarlıq mərhələsi olub. Yazılana görə, kilsənin günbəzaltı hissəsinin görünüşü və ümumi interyeri 2000-ci illərdə Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən həyata keçirilmiş "Kiş" layihəsi əsasında memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilib, restavrasiya və muzeyifikasiya işləri aparılıb, əsas inşaat mərhələləri müəyyən edilib. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan verib. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, Kiş kilsəsi I-II əsrlərdə, tunc və erkən dəmir dövrünə aid materiallarla zəngin qədim ibadət yerində inşa edilib. Kiş məbədi sadə təkzallı bazilikadən günbəzli memarlığadək 5 tikinti mərhələsi keçib. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixinin təyin etməyə imkan yaradıb. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmində gəlib çatıb. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanıb (B.Strufiel də gəldiyi qənaətdə məhz bu suvaq qatının radiokarbon analizinə əsaslanırdı).
Kiş kilsəsi ərazisində tapılmış Qafqaz albanlarına aid məzar qapı və pəncərələrə görə yenidənqurma işlərinin əsasən tikilinin yuxarı hissəsində aparıldığı müəyyənləşdirilib. Adi təkzaldan ibarət olan kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Kiş məbədi əhəng daşından tikilib. Məbədin daxili cüt sütunla 2 hissəyə bölünür ki, şərq hissəsi qərb hissədən kiçikdir. Məbədin divarlarında heç bir yazı yoxdur. Kilsə divarlarının çıxıntısı nalabənzər olub, 2 dərin deşiyi var. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Məbədin orta hissəsində dəyişikliklər baş verib ki, bu da onun bütün həcmini örtən 2 sütun və mehrabın çıxıntısı üzərində dayanan günbəzin qoyulması ilə əlaqədardır. Bütün bu dəyişikliklərə görə, həmin dövrdə xristian memarlığında konstruksiya probleminin artıq həll olunduğu və alban xristian məbədi nümunəsində dini binaların tikildiyi fikri söylənib. Kiş məbədi qədim bünövrə üzərində tikilib. III-V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilib və VI-VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib.
Yazılanlara görə,
1,08-1,12 sm dərinlikdə, məbəd
binasının ən aşağı qatında qədim
bünövrə aşkara
çıxarılıb ki, onun da üzərində
Kiş kilsəsinin erkən divarları
ucaldılıb. Bünövrə böyük
olmayan qaya və çay daşlarından hörülüb.
Arxeoloji tədqiqatlar nəticəsində
üzərində məbəd ucaldılmış bu bünövrənin e.ə. IV əsrdə
salınması məlum olub. Qədim
bünövrə düzbucaqlı planda
tikilmiş və divarın qərb
hissəsində nəzərəçarpan ovalşəkilli
forma əmələ gətirib. Bünövrənin dərinliyi 110 sm-dir.
Üçüncü tikinti mərhələsi
VI-VIII əsrləri əhatə
edir ki, bu zaman da
məbədin yuxarı
hissəsində yenidənqurma
işləri aparılıb
və ona çadırlı örtüyü
olan baraban əlavə olunub. Arxeoloji qazıntılar
nəticəsində məbədin
giriş qapısının
altında qədim bünövrənin qalıqları
aşkar olunub.
Tədqiqatçılar yazır ki, A.S.Xaxanova Qafqaza səfərləri haqqında
məlumat verərkən
pravoslav Kiş məbədinə qriqoryan
ermənilərin iddia
etdiyini və məbədin gürcü-erməni
memarlığında tez-tez
rast gəlinən günbəzinin olduğunu
qeyd edib. O yazır
ki, "...məbədin
mehrabı yarımdairə
formasındadır və
görünür ki,
elə də uzaq olmayan dövrdə erməni mehrabına oxşadılaraq
məbədin quruluşunun
qəsdən dəyişdirilməsinə
cəhd edilib".
B.Sturfielin məbədin fəaliyyəti
dövrünün I mərhələsində
diofizit sonuncu 2 inkişaf mərhələsində
monofizit təriqətinə
riayət etdiyi fikri belə izah edilir ki,
VI əsrin əvvəllərində,
VII əsrdə Cənubi
Qafqazda Bizansın siyasi təsirinin güclənməsi ilə
əlaqədar olaraq,
alban və gürcü kilsələri
diofizit cərəyanına
qoşuldular. Bu dövr məbədin üçüncü tikinti
mərhələsinə uyğun gəlir ki, bu zaman
da məbəd diofizit təriqətinin
ehkamlarına uyğun
yenidən qurulub.
705-ci ildə Ərəb Xilafəti siyasi məqsədlərlə
öz tabeliyində
olan xristian əhalisinin, kilsənin
fəaliyyətini əlaqələndirməyə
və nəzarət
altında saxlamağa
cəhd göstərərək,
erməni kilsəsinin
bilavasitə yaxından
köməyilə alban
kilsəsini monofizit
kilsəyə çevirdi
və iyerarxik baxımdan onu monofizit məzhəbli
erməni kilsəsinə
tabe etdi. Tədqiqatçılar qeyd edir ki, bu zaman
məbəd monofizit
təriqətinin ehkamlarına
uyğun olaraq yenidən qurulub. B.Sturfielin təyin etmiş olduğu üçüncü
mərhələ isə
A.Xaxanovanın qeyd
etdiyi "elə uzaq olmayan dövrdə edilmiş yenidənqurma işləri
ilə" həmdövrdür.
Belə
güman edilir ki, bu yenidənqurma
işləri 1836-cı ildə
Rusiya hakim dairələrinin
qərarı ilə
alban kilsəsinin ləğv olunmasından
sonra Kiş məbədinin erməni
memarlığına uyğunlaşdırılması
məqsədilə edilib.
Arxeoloq N.M.Muxtarovun verdiyi
məlumata görə,
1864, 1930-cu illərdə kilsə
ermənilər tərəfindən
təmir olunub və nəticədə
onun görünüşü
əsaslı şəkildə
dəyişdirilib.
Arxeoloji tədqiqatlara istinadən
alimlər yazır ki, arxeoloji qazıntılar zamanı
məbədin şimal-şərq
divarlarının yarımqövs
çıxıntısının altında torpaq qəbir aşkar olunub. Qəbrin örtüyü
3 qatdan ibarət olub, I qat gil, kömür, kül və torpaq, II qat gil, III qat isə
eynilə birinci qata oxşar qarışıqdan ibarət
idi. Gilli torpaqda oval şəkilli
90 x 60 sm ölçüsündə
olan torpaq qəbir şərq-qərb
istiqamətində idi.
Qəbir məbədin şərq
divarının təməlinin
içərisinə daxil
olub ki, buranın da döşəməsi hamarlanmış
və küncləri
basılıb, küllü
döşəmənin üzərində
iki kiçik öküz başı dəfn olunub. Onlar qırmızı dulus bardağın iri qırıqları üzərinə
qoyulmuş vəziyyətdə
idi və onların üzləri
şərqə istiqamətləndirilib.
Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz
qırığı, yumru
daş, heyvanların
digər sümükləri
arasında isə sümük ox aşkar olunub.
Tədqiqatçılar yazır ki, qəbrin dulus avadanlığı iri qabların hissələrindən
ibarətdir ki, onlar da Kür-Araz
mədəniyyətinə aiddir. Məməşəkilli əltutanlar, bardağın
yumurtaya bənzər
gövdəsi, daraqşəkilli
bəzək və s.
son eneolit dulusçuluğuna
xas olan cəhətlərdir. Dulus məmulatı
yerli xarakterlidir.
2 öküz başlı torpaq qəbir sözsüz ki, ayin xarakterlidir.
Azərbaycanda arxeoloji tədqiqatlar
aparılmış Əlikömək
təpəsi və Babadərviş abidələrində
də bu cür ayin xarakterli
dəfn adətləri
qeydə alınıb.
Torpaq qəbir e.ə. IV-III minilliyin qovşağına
aiddir. Tədqiqatçılar yazır ki,
məbəd tikilərkən
ustaların qəbrin
mövcudluğu haqda
məlumatları olub.
Belə hesab edilir ki, bu
ərazi köhnə
müqəddəs yer
hesab edilib ki, burada da
qəbiristan və ya yaşayış yeri ola
bilər.
Tədqiqatçıların yazdığına
görə, Kişdə
arxeoloji tədqiqatlardan
sonra belə qərara gəlinib ki, Şəki bölgəsinin Kiş kəndi ərazisində
yerləşən məbəd
həqiqətən də
Müqəddəs Yelisey
tərəfindən tikilib,
Şərq kilsələrinin
anası və mitropoliya olub, Kişdə hələ xristianlıqdan da öncə Qafqaz Albaniyasında xüsusilə
rəğbət bəslənən
Selena ilahəsinə həsr
olunmuş məbəd
mövcud olub və burada Gis-Kürmük arxiyepiskopluğu,
sonra isə Yelisey, Çuketi və Şəki yepiskoplarının mərkəzi
yerləşib.
Tədqiqatçılar qeyd edir ki,
bizim dövrümüzə
qədər kilsənin
salamat saxlanması
tarixi Azərbaycan torpağının qədim
və zəngin mədəniyyəti haqqında
müasir nəsillərə
maddi dəlillər
verib. Kişdəki məbəd nəinki Qafqaz Albaniyasında (Azərbaycanda), eləcə
də bütün Qafqazda təqribən iki min il
bundan əvvəl xristianlığın başlandığını
simvollaşdıran görkəmli
tarixi abidədir.
Tədqiqatçılar vurğulayır ki, Şəki öz tarixi-mədəni irsi,
abidələri, memarlıq
inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə
çevrilib. Məlumatlara görə, ilin
bütün fəsillərində
Şəkiyə gələn
yerli və xarici turistlərin, həmçinin rəsmi
qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduğu, ziyarət etdiyi tarixi məkanlardan biri də Kiş
kəndində yerləşən
qədim alban məbədidir.
Vurğulayaq ki, 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə "Kiş" layihəsi üzrə abidənin bərpasına
başlanıb və
2003-cü ilin sentyabrında
məbədin açılışı
olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın
dəstəyi ilə
həyata keçirilib.
Alimin xatirəsinin əbədiləşdirilməsi
üçün məbədin
qarşısında onun
büstü də qoyulub.
Kiş alban məbədi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 2 avqust tarixli Qərarı ilə dünya əhəmiyyətli
abidələr siyahısına
daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə
Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb.
2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.
Bərpadan sonra məbədi ziyarət edənlərin
sayı ildən-ilə
artır. 2004-cü ildə
məbədi 4 min 500 nəfər
ziyarət etmişdisə,
2015-ci ildə ziyarətçilərin
sayı artaraq 12 min
538 nəfərə çatıb.
Gələnlərin 3 min nəfərdən çoxu xarici turistlər olub. Onların arasında Almaniya və Polşadan gələnlər üstünlük
təşkil edib.
Bu ilin yay
mövsümündə isə
məbədi 7 mindən
çox yerli və xarici turist ziyarət edib. Onlardan da 2 min nəfərdən
çoxu xarici turistlərdir.
Turistlərin diqqətini qədim
məbədlə yanaşı,
Kiş kəndinin əsrarəngiz təbiət
gözəllikləri də
cəlb edir. Məbədi ziyarət edənlər
göstərilən xidmətdən,
qoruq əməkdaşlarının
xoş münasibətindən
ağızdolusu danışır.
Məbədlə tanışlıqdan sonra qonaqlar Şəki şirniyyatları
ilə bəzədilən
çay süfrəsinə
dəvət olunur, mənalı istirahət
edirlər. Onlara məbəd
haqqında bukletlər
də hədiyyə
olunur.
Şəkinin Kiş məbədi bu gün multikulturalizm
və azərbaycançılıq
abidəsi kimi diqqəti cəlb edir. Onun timsalında qardaşlığın,
dostluğun obrazını
görürük. Azərbaycan ərazisində ən qədim dini abidələrdən biri
olan Kiş məbədi hələ
əsrlər sonra da qardaşlığın,
tolerantlığın, multikulturalizm
və azərbaycançılığın
simvolu olaraq qalacaq.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.-17 noyabr.- S.15