Şəbəkə ustası Rafiq Allahverdiyevin emalatxanasındakı möcüzələr
"Təzə
Pir", "Əjdərbəy", "Bibiheybət"
məscidlərini şəbəkə üsulu ilə bəzəyən
sənətkar: "Bu sənəti yaşatmaq naminə
əlimizdən gələni edirik ki..."
Bakı qaynar qazana bənzəyir. İllah da
külək əsəndə adama elə gəlir ki,
bütün şəhər ayaq üstədir. Küləkli günlərdən birində
görkəmli şəbəkə ustası Rafiq
Allahverdiyevin "20 Yanvar" metrostansiyası
yaxınlığındakı şəbəkə
emalatxanasına üz tutduq. Açığı,
bu görüş bir neçə ay əvvəl baş
tutmalı idi, lakin ustanın şəhərdə
olmaması görüşümüzü soyuq və
küləkli payız gününə saxladı.
R.Allahverdiyevin emalatxanası gözdən uzaq bir
məkandadır. Sakit, xudmani emalatxanada şəbəkə
sənətinə aid materiallar, yarımhazır
nümunələr, şəbəkənin
hazırlanması üçün müxtəlif
formalı və ölçülü dəzgahlar,
texniki cihazlar var. R.Allahverdiyev uzun illərdir bu sənətlə
məşğul olur. Bu sənətə
o qədər bağlıdır ki, bu onun
övladlarının da şəbəkə sənətinə
bağlanmasına gətirib çıxarıb.
R.Allahverdiyev
əslən qədim Şuşa şəhərindəndir.
Şuşada şəbəkə Rafiq kimi
tanınmış sənətkarı Bakıda da öz
işinin ustası kimi tanıyırlar. Usta Rafiq Azərbaycan memarlığının
inciləri sayılan bir sıra binaların şəbəkə
üsulu ilə işlənməsində yaxından
iştirak edib. Onun əlinin və ürəyinin
istisindən, mehrindən yaranan şəbəkə
nümunələri olduqca diqqətçəkəndir.
R.Allahverdiyevin yaratdığı şəbəkələr,
sözün həqiqi mənasında, ürəklərə
yol açır...
Şəbəkə
babaların əmanəti kimi...
Bəli, elə sənət növləri var ki, onlar
dil açıb danışmağı bacarır. Bircə
baxışın, bircə toxunuşun bəs edər ki,
o sənə hekayətlər, əhvalatlar
danışsın, ovqatını dəyişsin, gah
güldürsün, gah da düşündürsün.
Qədim xalq sənət növlərimizdən biri
də şəbəkədir. Ötən
çağlardan üzü bəri yol gələn, gah
yorulan, gah inadkarlıqla yoluna davam edən bir sənət
növü olub şəbəkə.
Şəbəkə xalq sənəti növü
sırf Azərbaycana məxsusdur. Azərbaycan sənətkarlarının
incəliklə, zərifliklə işlədiyi şəbəkə
üsulu memarlığımıza qeyri-adi gözəllik
bəxş edib.
Bildirək ki, şəbəkə sənətinin
tarixi haqqında səhih məlumat yoxdur. Keçmiş
zamanlarda saraylar, varlı insanların malikanələrində
bu sənət incisinin gözəlliyindən geniş
istifadə edilirdi.
Onu da yadınıza salaq ki, XVIII əsrdə inşa
edilən Şəki Xan Sarayının pəncərələrindəki
zərif şəbəkə bu sənətin ən
gözəl nümunəsi kimi tarixə
düşüb. Məlumdur ki, sarayda oynaq, əlvan
çalarlara malik gözəl şəbəkə
kompozisiyaları iki əsr öncə olan
görünüşünü saxlamaqla, bu gün də
öz parlaqlığı ilə buraya gələn
çoxsaylı turistin marağına səbəb olur.
Şəbəkə sənəti memarlıqla
sıx bağlı olduğundan, əsasən monumental
xarakter daşıyır. Şəbəkə
eyni zamanda dekorativ-tətbiqi sənətlərin
xüsusi vərdiş, təcrübə və
texnologiya tələb edən çətin sahələrindən
biridir. Şəbəkənin özəlliyi
ondan ibarətdir ki, fiqurlarda yapışqan və
mismardan istifadə olunmur. Taxtadan
hazırlanan və rəngli şüşə ilə bəzədilən
bu cür çərçivələr qapı və pəncərə
yerinə istifadə edilir. Adətən
şəbəkə ustaları ənənəvi təbiət
ornamentlərinə üstünlük verir.
Vurğulayaq ki, hazırda Azərbaycanda nəinki
abidələrin bərpasında, hətta yeni tikililərdə
də şəbəkədən çox istifadə
olunur. Otellər, abidələr üçün
sifarişlər də şəbəkə ustaları tərəfindən
qəbul olunur.
Məlumdur ki, ağac (taxta) və rəngli
şüşələrin birləşməsilə
yaranan və şüşə bəzəmə üsulu
olaraq xarakterizə edilən şəbəkə sənəti
qeyri-adi dərəcədə gözəlliyi ilə
seçilir.
Sənətkarların verdiyi bilgiyə görə,
şəbəkə qoz, şimşir, palıd, qara və
qırmızı şam, fıstıq, göyrüş
ağacından hazırlanır. Onun "Cəfəri", "səkkiz",
"on altı", "Gülabi", "Şəms",
"Gollum" və "bend-i rumi" kimi növləri
var.
Şəbəkə
sənətini yaşadan ustalar...
Məscidlərdə və dini ziyarətgahlarda,
muzeylərdə olarkən qapı və pəncərələrin,
eləcə də arakəsmələrin şəbəkə
üsulu ilə süslənməsinə maraqla, heyrətlə
baxırıq. Sənətin gözəllik donunda təqdim
edilməsi həqiqətən də sevinc gətirir.
Şuşalı
şəbəkə ustası R.Allahverdiyev deyir ki,
ixtisasca mebel texnoloqudur, amma öz sahəsi ilə
deyil, şəbəkə sənəti ilə məşğul
olur: "Bu sənətlə uzun illərdir məşğul
oluram. Tək işləmişəm,
oğlanlarım da mənimlə işləyir. Şəbəkə sənəti çox çətin,
maraqlı, həm də bahalı işdir. Mən özüm bu sənəti Şəkidə
öyrənmişəm. Ustadım, məşhur
şəbəkə ustası, SSRİ Rəssamlar
İttifaqının üzvü Əşrəf Rəsulovdan
öyrənmişəm. Bu sənət
hazırda özünün inkişaf dövrünü
yaşayır. 10-12 şəbəkə
ustası var ki, bu sənətin yükünü
çiyinlərinə alıblar. Usta
Əşrəf bu sənəti olduqca yüksək səviyyədə
yaşadırdı. Keçən əsrin
70-80-ci illərində şəbəkə sənəti
özünün böhran dövrünü
yaşayırdı. Demək olar ki,
ölmək üzrə idi. Lakin bakılı usta
Şamil və şəkili usta Əşrəf şəbəkə
sənətini ölməyə qoymadılar. Allah hər
ikisinə rəhmət eləsin! Ustamın
oğlu Tofiq Rəsulov bu gün şəbəkə sənətini
çox yüksək səviyyədə yaşadır.
Azərbaycanın şəbəkə
ustalarının əl əməyi nəinki ölkəmizdə,
eləcə də onun hüdudlarından kənarda
çox məşhurdur. Mənim də
xaricdə əl işlərim var, ancaq çox deyil.
Əsas işləri burada görmüşəm".
"Şəbəkə
sırf əl əməyindən yaranan bir sənətdir"
R.Allahverdiyevlə söhbət zamanı
gözümüzü emalatxananın divarlarında gəzdirdik. Divarlarda
qatar-qatar düzülən şəbəkə
materialları diqqətimizi cəlb etdi. Bu nümunələr arasında sənətkara
verilən mükafat da diqqətimizdən
yayınmadı.
Usta danışır ki, 1987-ci ildə
Ümumittifaq xalq yaradıcılığı
festivalının laureatı olub və SSRİ Xalq Təsərrüfatı
Sərgisinin gümüş medalına layiq
görülüb. Ustadan soruşduq ki, şəbəkə
hansı ağac növlərindən ərsəyə gətirilir,
onun gözəlliyini daha da cilalamaq üçün tələb
olunan rəngli şüşələri haradan əldə
edir?
"Şəbəkəni
lap əvvəllər ustalar əsasən xan çinardan
hazırlayıb. Bilirsiniz ki, hazırda xan
çinar "Qırmızı kitab"a
düşüb. Bu səbəbdən də
o ağacdan istifadə edilmir. Əsasən
göyrüş, fıstıq, qara və
qırmızı şam ağaclarından
hazırlayırıq. Şəbəkəni
həm yerli, həm başqa respublikalardan gətirilən
taxta ilə ərsəyə gətiririk. Şüşələri isə xaricdən
alırıq. Material çox
bahadır. Biz də
çalışırıq ki, o materialı əldə
edib sifarişləri yerinə yetirək. Əvvəl işimiz çox idi, ancaq son bir ildə
zəifləyib. O da ümumi vəziyyətlə əlaqədardır.
Bir neçə nəfər şəbəkə
ustası var. Hamımız da bir-birimizi
tanıyırıq. Ara-bir sərgilərdə
iştirak edirdim, amma son vaxtlar etmirəm. Memarlar məni yaxşı tanıyır.
Bu sənəti yaşatmaq naminə əlimizdən
gələni edirik ki, əcdadlarımızın sənəti
itməsin, yaşasın. Şəbəkədə
bir yol var, bütün sənətkarlar eyni yolla gedir.
Lakin onları bir-birindən fərqləndirən
cəhət zövq və əl işinin zərifliyidir.
Elə sənətkar var ki, zövqlə,
ürəklə işləyir, eləsi də var işləmək
xatirinə işləyir. Bu sırf əl
əməyindən yaranan bir sənətdir. Burada nə yapışqandan, nə də digər
vasitədən istifadə edilir. Ənənəni
necə qəbul etmişiksə, elə də gələcək
nəsillərə ötürməliyik. Gənclər bu sənətə maraq göstərməlidir
ki, sənət yaşasın. Təəssüf
ki, bir çoxu maraq göstərmir. Bəzən
görürsən böyük iş götürürəm,
hansısa bir gəncə deyirəm ki, gəl, mənə
kömək et, aylıq
maaşını verəcəyəm. Bir ay
işləyir, sonra da çıxıb gedir.
Bu gün dövlətimiz, eləcə də Heydər
Əliyev Fondu xalq sənətinə xüsusi diqqət
və qayğı göstərir. Bu təqdirəlayiq
haldır".
"Adım
heç bir yerdə qeyd edilmir"
Şəbəkə ustası R.Allahverdiyev qədim
məscidlərin, xalqımız üçün əhəmiyyət
daşıyan binaların restavrasiyasında
yaxından iştirak edib. Bu gün usta Rafiqin əl işləri
Azərbaycanın müxtəlif yerlərində
yaşayır. Çoxlarımız
bilmirik ki, R.Allahverdiyev hansı dəyərli işlərin
müəllifidir.
Onun ərsəyə gətirdiyi işlər
İsveçdəki Azərbaycan evini bəzəyir,
bundan başqa, sənətkar daha böyük işlər
görüb: "Mən xeyli işlər
görmüşəm. Deyərdim ki, gördüyüm
işin miqyası çox genişdir. Tez-tez
televiziyalarda şəbəkə ilə işlənmiş
binaları, məscidləri göstərirlər. Ancaq
altına yazmırlar ki, bu binanı şəbəkə
üsulu ilə R.Allahverdiyev süsləyib, işləyib.
Yaxşı
olardı ki, bunu qeyd etsinlər. Bugünkü nəsil bilsin ki, kim hansı işi görüb? Mən
Bakıda xeyli iş görmüşəm. Bibiheybət
məscidinin pəncərələri, qapısı və
orada görülən digər şəbəkə
işləri mənə aiddir. "Təzə
Pir", "Əjdərbəy", "Bibiheybət",
Buzovna kənd məscidində, Mir Möhsün Ağa
Ziyarətgahında, Heydər Əliyev Fondunun maliyyəsi
hesabına inşa olunan Qəbələ şəhər
məscidinin qapı-pəncərəsinin şəbəkə
işini mən görmüşəm. Şəhidlər
Xiyabanının girişindəki şəbəkə
işi də mənə aiddir. Xaçmazda
"Xalqlar dostluğu" və Xalça muzeylərinin,
Heydər Əliyev Mərkəzinin, Tarix
Diyarşünaslıq Muzeyinin şəbəkə
işini görmüşəm. Ancaq
heç bir yerdə adım qeyd edilmir. Bu
məni narahat edir. Adım qeyd edilsə
yaxşıdır. Bu qədər iş
görmüşəm, ancaq bir adam
emalatxananın qapısını döyüb demir ki,
bu işləri sən görmüsən? Mənimlə
maraqlansalar, yaxşı olardı. Çünki
bunu sənətimə maraq və dəyər kimi qəbul
edərdim".
Usta R.Allahverdiyev müasir şəbəkə sənətinin
odqoruyanlarından biri kimi babalarımızın əmanətinə
xəyanət etmədən onu yaşadır. Sənətə
bağlı olan usta Rafiq yüzlərlə şəbəkə
işinə nəfəs verib. Əlbəttə,
bu işlərin hər biri vətənin
yaraşığına çevrilib. Usta
deyir ki, vaxtilə Şuşada şəbəkə
işləri görüb, o işlər muzeyləri bəzəyib,
lakin ermənilərin Şuşanı qəsb etməsi
nəticəsində o işlərin salamat
qalmasına inanmır. Deyir ki, sağlıq olsun, Şuşa qaytarılsın, əlinin hərarəti,
ürəyinin işığı, gözlərinin nuru
ilə Şuşada şəbəkə işləri
görəcək. Təki Şuşa
azad olunsun!
Usta R.Allahverdiyevin emalatxanasından
ayrılıb geri qayıdırıq. Fikrimizdən keçir
ki, şəbəkə kimi qeyri-adi sənət
növü ilə məşğul olan adam
həqiqətən də xoşbəxtdir. Gözəlliyin
cilalandığı sənət, əlbəttə ki, əbədi
yaşamalıdır. Necə ki, onu
ustad Rafiq kimi sənətkarlar əbədi olaraq
yaşatmağa çalışır. Şəbəkə sənəti ölməyəcək,
bugünkü nəsildən sabahkı nəslə,
onlardan da başqa nəsillərə ötürüləcək.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.-17 noyabr.- S.15