Yusif Vəzir Çəmənzəminlinin
yaradıcılığında azərbaycançılıq
motivləri...
I yazı
Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatı, ictimai fikri, sosial-fəlsəfi,
siyasi, dövlətçilik tarixində önəmli yer tutan simalardan biridir. Y.V.Çəmənzəminli
şəxsiyyəti, yaradıcılığı azərbaycançılıq
məfkurəsi ilə sıx bağlı olub. Böyük ədib,
diplomat azərbaycançılıq
ideologiyasının inkişafına xidmət edib.
Yusif Vəzirin bədii
yaradıcılığı, ictimai-siyasi fəaliyyəti
haqqında araşdırma apararkən
qarşımıza kifayət qədər diqqətçəkən
faktlar çıxır.
Bütün həyatını Azərbaycan
xalqının rifahı, mənəvi səviyyəsinin
yüksəlməsinə, maariflənməsinə həsr
edən Y.V.Çəmənzəminlinin ömür yolu
daşlı-kəsəkli olub. Xalqı uğrunda mübarizələr
aparan, mücadilələr verən görkəmli
ictimai-siyasi xadim, ədib Yusif Vəzir
xalqımızın dövlətçilik tarixi, mədəniyyəti,
adət-ənənəsi haqqında maraqlı əsərlər
yaradıb, məqalələr yazıb.
Azərbaycançılıq ideologiyasının
bayraqdarlarından olan Yusif Vəzirin bu istiqamətdə
gördüyü işlər çox dəyərlidir.
Fəlsəfə
üzrə fəlsəfə doktoru Vahid Ömərov
Y.V.Çəmənzəminli
yaradıcılığında azərbaycançılıq
ideologiyası ilə bağlı
araşdırmasında qeyd edir ki, ədib 1917-1919-cu illərdə
Azərbaycanı öyrənib onu tanıtmaq
haqqında geniş ictimai rəy doğurmaq sahəsində
xeyli əmək sərf edib: "O, Bakıda çap olunan
"Azərbaycan muxtariyyəti", "Biz kimik və
istədiyimiz nədir?" kitabları, 1918-ci ildə
"Millət" qəzetində çıxan "Azərbaycan
və azərbaycanlılar" və s. silsilə məqalələrini
məhz bu məqsədlə yazıb.
Böyük
mütəfəkkir "Qüvvətli istiqlal"
adlı məqaləsində dövlətin təşkilinin
üç amilini göstərir: torpaq, millət və
hakimiyyət. Bu gün Azərbaycanda bu
üç amil mövcud olduğu üçün Azərbaycan
müstəqil məmləkətdir, - deyən müəllif
bütün silsilədə milli istiqlalı qüvvətləndirən
cəhətlərdən, xüsusilə də Azərbaycan
Cumhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən
geniş bəhs edir. Türkiyədə
yaşadığı illərdə, özünün
yazdığı kimi, "Azərbaycan və azərbaycanlılar"
silsilə məqalələrinin hər bölməsinə
dair daha geniş və müfəssəl tədqiqat
aparmış, "Azərbaycan və azərbaycanlılar"
adlı böyük bir əsər yazmaq fikrində olub.
Belə bir böyük kitabın daxilində
"Azərbaycan ədəbiyyatına bir nəzər",
"Tarixi, coğrafi və iqtisadi Azərbaycan"
kitabları, "Azərbaycan və azərbaycanlılar"
silsilə məqalələri olmalı imiş.
Azərbaycan idealı müsəlman Şərq
dünyasında birinci demokratik respublika sayılan Azərbaycan
Xalq Cumhuriyyəti ilə özünün tarixi təcəssümünü,
təsdiqini tapıb. Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti
illərində Yusif Vəziri ən çox narahat edən
Azərbaycanın faktik, həqiqi milli sərhədlərinin
qorunub saxlanmasına millətdəki təəssübkeşliyin
kifayət qədər olmamasıdır. Çəmənzəminlişünas
professor T.Hüseynoğlunun üzə
çıxarıb tədqiq etdiyi "Tarixi, coğrafi
və iqtisadi Azərbaycan" adlı əsərlə tanış olarkən milli məsələnin
mühüm tərkib hissələrindən biri kimi
milli ərazimizə xüsusi təqdimat aspektindən
yanaşan Çəmənzəminlinin həqiqi vətəndaşlıq
mövqeyi, vətənpərvərlik duyğuları,
azərbaycançılıq ideyaları ilə üzləşir,
bunlarla təmasda oluruq. Müasir həyatımız
üçün bu sanballı mənbənin bir daha əhəmiyyəti
ondadır ki, əzəli torpaqlarımızın,
yurdumuzun ərazi bütövlüyünü bir daha təsdiqləyən
növbəti bir əşyayi-dəlilin, arqumentin
meydana çıxmasına sübut olub".
Qeyd edək
ki, Y.V.Çəmənzəminli 1887-ci il
sentyabr ayının 12-də Azərbaycanın Şuşa
şəhərində anadan olub. 2017-ci ildə 130
yaşı tamam olacaq Yusif Vəzirin atası Məşədi
Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa
bəylərindən biri idi. Ədəbiyyat
tarixçiləri yazır ki, onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza
idarəsi tərəfindən təsdiq edilib və ona bu
haqda şəhadətnamə verilib. Yusif
Vəzirin daşıdığı Vəzirov
soyadı XVIII əsr Qarabağ hökmdarı
İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən
biri olan Mirzə Əliməmməd ağanın
tutduğu vəzir vəzifəsinə bağlı
olaraq nəsildən-nəslə keçib. Tədqiqatçılar bildirir ki, İbrahimxəlil
xanın vəziri Mirzə Əliməmməd ağa Vəzirov
soyadını daşıyan Məşədi Mirbaba
(Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.
Yazılanlara görə, 1797-ci ilin iyun ayında
İran hökmdarı Ağaməmməd şah Qacar
Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil
xan tərəfindən Türkiyə dövlətinə
yenicə səfir təyin olunan Mirzə Əliməmməd
ağanı dustaq etdirib qətlə yetirir. Bununla da
Mirzə Əliməmməd ağaya səfir olmaq qismət
olmur.
Tədqiqatçılar yazır ki, uzun illərdən
sonra Türkiyədə səfirlik etmək Mirzə
Əliməmməd ağa nəslinin nümayəndəsi
Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni
yaranmış Azərbaycan Demokratik Cumhuriyyətinin
Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin
atası Məşədi Mirbaba İran, Orta Asiya və
Türkiyənin bir qismini gəzib, fars
və türk dillərini mükəmməl bilib. O, ədəbiyyat
ilə də məşğul olardı və Firdovsi ilə
Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə
muğamatdan dərs deyərdi. Məşədi
Mirbaba gənc yaşında var-dövlətini
qonaqlıqlarda xanəndə-sazəndələrə,
yeyib-içməyə xərcləyib kasıb
düşdükdən sonra Ağdamda attar (dərman və
ədviyyat satan) dükanı
açır və orada nüsxəbəndlik (qədim tibb
kitabları əsasında dərman düzəldən həkim)
edir.
Tədqiqatçılar qeyd edir ki, Yusif Vəzir ilk əvvəl
Şuşada "Kar Xəlifə" ləqəbi ilə
tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin
səmərəsiz olduğunu hiss edən Məşədi
Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili
ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də
istəyirdi. Ağdamda rus məktəbi
olmadığı üçün Yusif Muradbəylidəki
rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra
hazırlaşıb realnı məktəbinə girmək
üçün 1896-ci ildə Şuşaya qayıdır
və imtahan verib Şuşa realnı məktəbinə
daxil olur. O zaman Şuşa realnı məktəbi
tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri
sırasında birincilərdən sayılırdı.
Tədqiqatçılar
bildirir ki, Şuşa realnı mətəbinin
yuxarı kurs tələbəsi, Yusifin böyük
qardaşı Əbülhəsən nümunəvi tələbə
olduğu üçün Yusifin də realnı məktəbdə
yaxşı tələbə olmasına
çalışırdı. Lakin Əbülhəsən
istədiyi kimi ona müvəffəq ola
bilmirdi. Çünki Yusifin riyaziyyata o qədər
də marağı yox idi. Yusif
oxuduğu kitablarda hər şeydən çox rəssamların
və heykəltəraşların tərcümeyi-halına
diqqət yetirərdi.
Yazılanlara görə, Yusif Vəzir hələ
kiçik yaşlarında rəsm əsərləri
çəkməklə məşğul olurdu. Əvvəlcə
təbiət mənzərələri, sonralar isə
ictimai-siyasi motivli karikaturalar çəkməyə
başlayır. Yusifin tələbəlik
illərinin sevinci uzun sürmür. Gözlənilmədən
onun böyük qardaşı Əbülhəsən xəstələnir
və 1904-cü ildə vəfat edir. Yusif
Vəzirin 21 yaşlı qardaşı Əbülhəsənin
vaxtsız ölümü onu hədsiz dərəcədə
sarsıdır. Baş verən bədbəxt
hadisə atası Məşədi Mirbabanın və
anası Seyid Əziz xanımın tez-tez xəstələnməsinə
səbəb olur. Bu hadisə dünyada haqq və ədalət
olmasına inanan Yusifdə də ümidsizlik
doğurur və onun uzun müddət dərsləri ilə
məşğul ola bilməməsinə
səbəb olur.
Tədqiqatçılar qeyd edir ki, bir müddət
keçəndən sonra qardaşı Əbülhəsənin
yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir
kitabxanadakı rus və əcnəbi klassiklərin
kitabları ilə yaxından tanış
olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata
da böyük maraq oyanır. Yusif Vəzir Şuşa
realnı məktəbində təhsilini rus dilində
aldığı üçün 1904-cü ildə həyatından
şikayət tərzində qələmə alınan
"Jaloba" adlı ilk şeirini rusca yazıb. Yusif
Vəzir rusca yazdığı bir neçə
şeirini Şuşa realnı məktəbindəki
rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən
keçirib ona Çexovu oxumağı məsləhət
görür. Çexovun şirin və
duzlu hekayələri Yusif Vəzirin çox xoşuna
gəlir.
Tədqiqatçılar
yazır ki, Yusif realnı məktəbdə oxuyan zaman əmisi
oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə
rus dilində "Fokusnik" adlı, əl ilə
yazılmış, yumoristik və karikaturalı
aylıq jurnal çıxarırlar. Bu
jurnalda verilən yazılar həcmcə kiçik olsa
da, məzmunca diqqəti cəlb edirdi.
1905-ci ilin yayında erməni
daşnaklarının təbliğatı nəticəsində
Şuşada milli qırğın başlayır. Polis və
hökumət əsgərləri bu düşmənçiliyə
qarşı laqeyd münasibət bəsləyir. Şuşanın təhlükəli
vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin
atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə
səbəb olur.
Tədqiqatçılar
qeyd edir ki, Yusif Vəzirin atası 1906-cı il
fevral ayının 20-də vəfat edir. Onun vəfatından
sonra ailə həyat təcrübəsi olmayan 19
yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl
Ağdamdakı əttar dükanının şeylərini
və dükanın özünü satmaq üçün
mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib
Muradbəylidə yaşayan Telli bibisigilə gedir.
İki ay yatalaq xəstəliyindən
yatıb ağır böhran keçirir. Sonra Yusifin bibisi onun sağalacağına
ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif
düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi
ailəni böyük çətinliklər
qarşısında qoyur. Ailə
köməksiz qalır. Yusifin
anası Seyid Əziz xanım gecə-gündüz
rahatlıq bilmədən onun həyatını xilas
etmək üçün əlindən gələni edir.
Ailənin ağır vəziyyətində Yusif hələ
uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin
adlı kəndində aclıq nəticəsində
oradan qaçıb Şuşaya pənah gətirən,
Yusifgilin həyətində sığınacaq
tapmış Həsənxan, Nifti və Fərəc
qardaşlarından başqa heç bir qohumu onlara
kömək etmir. Yusifin atası yurdları
olmayan bu qardaşlara öz həyətində
sığınacaq verib himayəsinə
almışdı.
Tədqiqatçıların
yazdığına görə, Yusif sağaldıqdan
sonra anasına deyir ki, mən gələcəkdə
adlı-sanlı adam olsam, mütləq
Cənubi Azərbaycandan gəlmiş sədaqətli
qonşularımızın kəndlərinin
adını özümə təxəllüs qəbul edəcəyəm.
Yusif Vəzirin "Çəmənzəminli"
təxəllüsünü qəbul etməsi onun həmin
ailəyə bəslədiyi hörmət və məhəbbətdən
irəli gəlir. Şuşada yaranan
erməni-müsəlman toqquşmaları nəticəsində
azərbaycanlı tələbələr məktəbi
tərk etmək məcburiyyətində qalır. Yusif Vəzir də təhsilini davam etdirmək
üçün Bakıya gedib realnı məktəbin
altıncı sinfinə daxil olur. O, böyük səylə
oxumaqla bərabər ictimai işlərlə də məşğul
olur. Yusif Vəzir xalqın məişətini,
onun adət və ənənələrini, həyat tərzini
bilərək 1907-ci ildə "Şahqulunun xeyir
işi" adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda"
qəzetində çap olunur.
Tədqiqatçılar yazır ki,
Şuşadakı milli münaqişə Vəzirovlar
ailəsini də ata-baba yurdundan didərgin düşməyə
məcbur edir.
Onlar Aşqabada köçməli olur.
1907-ci ilin yayında Yusif Vəzir Aşqabada anasına
baş çəkməyə getdiyi zaman orada Aşqabad
Gimnaziyasının 3-cü sinif şagirdi Berta
Maiseyeva ilə tanış olur. Bertanın "Əli və Nino"
romanındakı Ninonun prototipi olduğu ehtimal edilə
bilər. Əslində, gündəliklərinə
əsasən demək olar ki, romandakı tarixi hadisələrin
bir çoxu Yusif Vəzir Bakıda realnı məktəbdə
oxuduğu dövrə təsadüf edir.
Tədqiqatçılar
yazır ki, Yusif Vəzir 1909-cu ildə Bakı realnı
məktəbini bitirir, təhsilini davam etdirmək
üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini
Mülki Mühəndislər İnstitutuna verir. Lakin
riyaziyyata qələbə
çalmayacağını hiss edib sənədlərini
geri alır. Orada qaldığı vaxtdan
istifadə edib məşhur "Cənnətin qəbzi"
hekayəsini və Qafqazın fəth edilməsinin 50
illiyi münasibətilə Dağıstanın məşhur
milli qəhrəmanı Şeyx Şamili yada
salaraq ona şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir
Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda
qaldığı müddətdə latıncanı
öyrənməyə başlayır. Sonra
isə Daşkəndə gedib altı ay kursda oxuyur və
Daşkənd Gimnaziyasında imtahan verib universitetə
girmək hüququ qazanır.
Çəmənzəminlişünaslar
vurğulayır ki, Yusif Vəzir 1910-cu ildə Kiyevə
gedib Müqəddəs Vladimir adına
İmperator Universitetinin hüquq fakültəsinə
daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik
tələbəlik dövründə də o, vətənlə
heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir
Bakıda nəşr olunan qəzetləri və
jurnalları müntəzəm olaraq alır və Azərbaycanda
baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda
öz yazılarını da Bakıda çıxan qəzetlərdə
çap etdirirdi. Yusif Vəziri
düşündürən əsas məsələlərdən
biri də Azərbaycan dilində kitabların nəşri
və yayılması olub. O bu məqsədlə
Kiyevin ali məktəblərində təhsil
alan azərbaycanlı tələbələrdən ibarət
xüsusi nəşriyyat heyəti təşkil edir. Bu
barədə Yusif Vəzir 1911-ci il iyun
ayının 3-də "Səda" qəzetində
çap etdirdiyi "Kiyevdə heyəti-nəşriyyat
təşkili" məqaləsində yazırdı:
"Kitabçalar bir ədəbiyyata dair olmayıb,
siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən
də bəhs edəcək".
Y.V.Çəmənzəminli
yaradıcılığından bəhs edən tədqiqatçılar
yazır ki, qayınanası Kiçikxanım Acalova
Stalin repressiyası dövründə Çəmənzəminlinin
ədəbi əsərlərini qoruyub saxlaya bilib və
onun sayəsində Çəmənzəminli arxivi
hazırda ən zəngin arxivlərdən biri
sayılır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 23 noyabr.- S.11