Qafqaz Albaniyasının məbədləri
- multikulturalizm və azərbaycançılıq
nümunəsi...
Azərbaycan tarixinin elə qatları, elə dövrləri var ki, onlar haqda geniş yazmağa, fikir bildirməyə ehtiyac yaranır. Tarixən Azərbaycanda türklərlə yanaşı, digər xalqların və dinlərin də nümayəndələri yaşayıb, bu gün də yaşayır, fəaliyyət göstərir, mədəni-ictimai həyatımızda əhəmiyyətli rol oynayır.
Azərbaycan tarixində xüsusi iz qoyan və bizi tarixi keçmişimizə qaytaran kifayət qədər səbəblər, hadisələr mövcuddur. Müasir Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyasının öyrənilməsi sahəsində yeniliklər mövcuddur. Artıq elm adamlarımız tariximizin bu dövrünə bələd olmaq üçün geniş tədqiqat işləri aparır, çoxlu işlər görür.
Məlum olduğu kimi, bu gün Azərbaycan ərazisində qədim alban abidələri mövcuddur və onlar tarixin bir parçası kimi qorunur.
Alimlərimiz qeyd edir ki, ermənilər Azərbaycan ərazisindəki alban abidələrini mənimsəməyə cəhd edir. Tarixçilər yazır ki, Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün məbəd və monastrları erməni abidələri elan edir. Tarixdə əslində heç vaxt mövcud olmamış "Böyük Ermənistan imperiyası" barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin "tarixi torpaqları" kimi qələmə verirlər. Alimlər bildirir ki, Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.
Tədqiqatçılar bildirir ki, Qafqaz Albaniyası dövlətinin ərazisi, çoxsaylı yazılı tarixi mənbənin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edib. Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif tayfalar yaşayıb. Tədqiqatçılara görə, bunların içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil edib.
Eramızdan əvvəl V əsrdə yaşayan antik müəllif Heredot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratdılar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir.
Tarixi mənbələrdə yazılır ki, eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər - türkdilli tayfalar yaşamışlar. Bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər. "Tarixin atası" Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VII-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir. Tədqiqatçılar onu da önə çəkir ki, Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adı türk mənşəli olub: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay və sair.
Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizə Cəmiyyəti sədrinin müavini Vaqif Əsədov "Xalq qəzeti"ndə çap etdirdiyi məqaləsində qeyd edir ki, Cənubi Qafqazın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılıb: "Hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastrlar var. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülüb.
Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (Günəş), Zevs (atəş) və Selen (Ay) ilahələrinə sitayiş edir. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə Günəş, Ay və bütpərəstlik məbədləri ilə yanaşı, çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olub. Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilib, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılıb. Qafqaz Albaniyasında atəşpərəstlik məbədlərinin tikilməsi eramızdan əvvəl VIII əsrdən Zərdüştlük dininin yayılması ilə əlaqədar idi.
Atropatenada Sasanilərin hakimiyyəti illərində baş atəşgah Qazakada Təxte-Süleymanda, Qafqaz Albaniyasında isə Bakı ərazisinin daxil olduğu Paytakaran vilayətində yerləşirdi. Qocaman tədqiqatçı alim D.A.Axundovun fikrincə, indi "Qız qalası" adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə adı çəkilən Paytakarandakı yeddi məşəlli Baqink baş məbədidir. O, bu məbədin əsasının eramızdan əvvəl qoyulduğunu ehtimal edir".
V.Əsədovun
yazdığına görə, arxeoloji
tədqiqatların nəticələrindən aydın
olur ki, bu məbəd vaxtilə yerdən
çıxan güclü təbii qaz məşəllərinin alovlanıb
yandığı iri qaya üzərində tikilib.
O vurğulayır ki, məbədin plan quruluşu hələ
qədim zamanlardan alovun
simvolik işarəsi olan
buta şəklindədir. Onun
bildirdiyinə görə, məbədin yerləşdiyi
qayada arxeoloqlar
diametrləri 70-80 sm. olan
10-a qədər dərin qaz məşəllərinin
quyularını aşkar etmişlər.
Quyuların divarlarında uzaq
keçmişdə yanmış məşəl
alovlarının izləri bu gün də aydın görünür:
"Dəniz sahilində yerləşən bu abidə uzun müddət
mayak kimi də
istifadə olunub. Qafqaz Albaniyasında
eramızın əvvəllərində
xristianlığın, sonralar isə
islam dininin
yayıldığı dövrdə atəşgahların
hamısı dağıdılıb. Suraxanı
atəşgahının dağıdılmış məbəd
kompleksi tarixi
"İpək yolu" ilə ticarət
səfərlərinə çıxan hindistanlı atəşpərəst
tacirlərin sifarişi ilə
1713-1720-ci illərdə bərpa edilib.
Bu atəşgahda uzaq
Hindistandan gələn atəşpərəst
zəvvarların və kahinlərin iştirakı ilə
təntənəli dini mərasimlər
keçirilib. Sonuncu mərasim 1883-cü ildə
olub.
Eramızın I əsrindən başlayaraq
Roma imperiyası ərazisində
yaranmış xristianlıq
dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlayıb. Alban tarixçisi
Moisey Kalankatuylunun
"Aqvan tarixi"
əsərində Qafqaz
Albaniyasında xristianlıq
dininin yayılması,
müxtəlif kilsə
və məbədlərin
tikilməsi barədə
qiymətli məlumatlar
var. Tarixi mənbələrdə
alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya
eramızın 54-57-ci illərində
apostol müqəddəs
Yelisey gətirib.
Təqribən üç əsr
sonra parfiyalı
missioner müqəddəs Qriqorisin fəaliyyəti
nəticəsində ermənilər
bütpərəstlikdən əl çəkib 327-ci
ildə xristianlığı
qəbul etmişlər.
Bu barədə alban
salnaməçisi Moisey
Kalankatuylunun əsərində
kifayət qədər
məlumat var. 1130-cu ildə
Gəncə şəhərində
anadan olmuş,
1184-cü ildən ömrünün
sonunadək Xaçın
knyazlarının yanında
xidmət etmiş alban salnaməçisi
Mxitar Qoş özünün məşhur
"Alban salnaməsi" əsərində bu tarixi faktı bir daha təsdiq
edərək yazır:
"...Müqəddəs Yeliseydən müqəddəs
Qriqorisə qədər
300 il keçib".
"Aqvan tarixi"
salnaməsindən məlum
olur ki, İsa peyğəmbərin
şagirdi müqəddəs
Faddeyin xristian dinini yaymaq məqsədilə Ermənistanda
başlamaq istədiyi
missionerlik fəaliyyəti
faciə ilə nəticələnib, bütpərəst
erməni çarı
Sanatruk müqəddəs
apostolu tutdurub qətlə yetirib.
Apostol Faddeyin şagirdi müqəddəs Yelisey
Qüds şəhərinə
qayıdıb apostolun
şəhid olduğunu
bildirir. İsa peyğəmbərin
din qardaşı müqəddəs
Yakov xristianlığı
təbliğ etmək
üçün müqəddəs
Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində
missionerlik etdikdən
sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs
Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda
tikilmiş ilk xristian
kilsəsi olan məşhur Kiş məbədi hazırda
Şəki rayonunun
Kiş kəndində
yerləşir. Məbədin üzərində hazırda
heç bir epiqrafik yazı olmasa da, memarlıq-planlaşdırma xüsusiyyətləri,
inşaat üslubu
və texnologiyası
abidənin alban memarlarının yaratdığı
qiymətli sənət
əsəri olmasını
sübut edir. Dəfələrlə bərpa və
təmir edilmiş məbəd zəmanəmizə
kifayət qədər
yaxşı vəziyyətdə
gəlib çatıb.
Vaxtilə məbədin üzərində
onun müqəddəs
apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən
qurulduğunu bildirən
kitabə olub. XIX əsrin 30-cu illərində
Zaqafqaziya Rusiyaya
birləşdirildikdən sonra Sinodun qərarı ilə alban kilsəsi rəsmən ləğv edildikdən və məbədləri erməni
kilsəsinə tabe
edildikdən sonra, bir çox digər alban məbədləri kimi,
bu məbədin də kitabəsi təmiz pozulub".
Sədr müavini vurğulayır
ki, Qax rayonunun
Qum kəndindəki xristian
məbədi memarlıq-konstruktiv həllinə görə mütəxəssislərin
diqqətini cəlb
edən sənət əsəridir. Ləkit kəndində yerləşən
məbəd də arxaik inşaat üslubu ilə tikilib. Bu məbədlərin
hər ikisinin V-IV əsrlərə aid olması
ehtimal edilir.
Onun bildirdiyinə
görə, təqribən
325-ci ildə Albaniya
çarı Urnayr xristianlığı rəsmi
dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian
məbədləri və
kilsələr tikilməyə
başlandı.
O qeyd edir ki,
məşhur Avey məbədi Qazax rayonunun ərazisində
yüksək Avey dağının zirvəsində
yerləşir. Ondan
bir qədər aşağıda yerləşən
Şişqaya məbədi
və digər süni mağara məbədlər kompleksi,
tədqiqatçı alimlər
C.Rüstəmov və
F.Muradovanın fikrincə,
antik dövrə və xristianlığın
yayılmağa başladığı
ilk əsrlərə aid alban
məbədləridir:
"Qafqaz Albaniyasında
xristianlığın ilk dövrləri üçün
xarakterik olan məbəd kompleksinin qalıqları 1948-ci ildə
Mingəçevirdə arxeoloqlar
tərəfindən öyrənilərkən
üzərində alban
əlifbası ilə
naməlum yazılar
həkk olunmuş, daşdan hazırlanmış
xaç altlığı
aşkar edilib.
Albaniya
çarı III Vaçaqanın,
ölkənin görkəmli
din və dövlət
xadimlərinin iştirakı
ilə keçirilmiş
alban kilsəsinin
488-ci il Aluen məclisindən sonra xristian memarlığı üslubunda
məbədlərin inşası
geniş vüsət
alıb. III Vaçaqanın
(487-510-cu illər) hakimiyyəti
dövründə Albaniyada
300-dən çox kilsə
və məbəd tikilib. VII əsrin
ortalarına yaxın
ölkədə 30-dan artıq
monastr olub.
Alban katolikosluğunun taxtı
IV-V əsrlərdə Dərbənddəki
Çola monastrında,
VI-VII əsrlərdə Bərdə
monastrında, VIII-IX əsrlərdə
Ağdərə rayonundakı
müqəddəs Yelisey
monastrında, X-XV əsrlərdə
Kəlbəcər rayonundakı
Xudavəng monastrında,
XV-XIX əsrlərdə Gəncəsər
monastrında yerləşib.
552-ci ildə alban kilsəsinin başçısı katolikos
müqəddəs ata
Abbas iqamətgahı
Çoladan Bərdəyə
köçürdükdən sonra Bərdə kilsəsi iri monastra çevrilib.
Məşhur şərqşünas alim,
akademik Ziya Bünyadov VII əsr ərəb müəllifi
Əl-Vakinin əsərini
tədqiq edərkən
maraqlı tarixi bir fakt aşkar
edib. Məlum olub ki, ərəb xilafətinin
başçısı xəlifə
Müaviyə (661-680-ci illər)
Qafqaz Albaniyasına
qarşı işğalçılıq
hücumuna başlamaq
istəyərkən Abid
İbn Şəriyyə
Əl-Curhumi adlı şəxsdən
Qafqaz Albaniyasında
hansı tayfaların
yaşadığını soruşub. Hərbi
kəşfiyyat xarakterli
məlumatlar toplamaq
məqsədilə Qafqaz
Albaniyasında olmuş
Abid Əl-Curhumi xəlifənin sualına cavab olaraq deyib ki, bu ölkədə
türklər üstünlük
təşkil edir, tayfalararası ümumi
ünsiyyət dili türk dilidir...".
Onun vurğuladığı
mətləblərin mənası
genişdir. Azərbaycan ərazisində və onun sərhədlərindən
kənarda da olsa, vaxtilə tarixi ərazisi olan Qərbi Azərbaycanda, Borçalıda,
Dərbənddə, Cənubi
Azərbaycanda saysız
abidə var ki, onlar Albaniya
dövrünün abidələridir.
Bu abidələr tarixən multikulturalizm
və azərbaycançılığın
simvolu kimi dəyərləndirilir.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 25 noyabr.- S.15