Tarixdə
iz buraxanlar: İbn Sina
İbn
Sina islam aləmində yetişən
məşhur filosof və tibb alimidir. 980-ci
ildə Buxarada anadan olub. Əsl adı
Əli Hüseyndir. İbn Sina deyə məşhur
olub.
Buxara türk elminin, türk sənətinin məhsuldar
bir bağçasıdır. Bu bağçada
yetişən güllərin ətri sonsuzluğa qədər
yayılmağa davam edəcək. Buxara - elmin,
gözəlliyin, düzgünlüyün məkanı...
Buxara əzəldən əbədiyyətə gedən
bir ulu Türk şəhəri... İnkişaf etmiş
insanların və çox bilənlərin yurdu...
Bilginin binası Buxarada ucaldılırdı, bilginin
astanası, alimlərin beşiyi Buxarada... Ulu Türk yurdunun - Türküstanın Özbək
elindəki Buxara 980-ci ildə dünyanın bu gün də
heyranlıqla andığı və anmaqda davam etdiyi
böyük bir alimin anadan olmasına şahid olub.
Bu alim İbn Sinadır. Avropalıların
"Avisenna" dedikləri İbn Sina... Dünyaya
gəlib-gedən böyük alimlərdən biri olan
İbn Sina ilk təhsilini Buxarada alıb. Hələ on yaşında ikən o, Müqəddəs
Kitabımız Qurani-Kərimi əzbərləyib.
Bir neçə il sonra ayrı-ayrı
müəllimlərdən həndəsə, astronomiya,
fizika və hüquq təhsili alıb. O, Buxaraya gələn
məşhur alim Abdullah Natilidən məntiq və fəlsəfə
elmini öyrənib. Bu arada həkimlik dərsi
də alıb və nəzəri bilgilərini
yavaş-yavaş xəstələr üzərində tətbiq
edib. İlk tibb müəlliminin İbn
Yəhya olduğu bildirilir.
İbn Sina on yeddi yaşında ikən Buxara
şahzadəsi Nuh ibn Nasr Samanini təhlükəli bir
xəstəlikdən qurtardığı
üçün saray kitabxanasının müdirliyinə
təyin edilib. Fövqəladə bir zəkaya və
çox qüvvətli hafizəyə sahib olan İbn
Sina, dövrünün bütün elmlərini öyrənmək
arzusu ilə tədqiqatlar və araşdırmalar
aparıb. Əvvəl Aristotelin, sonra
Farabinin fəlsəfi fikirlərini tədqiq edərək
onların təsiri altında qalıb. Bu zamanlar tibb elmi ilə də ciddi-ciddi məşğul
olub, tədqiqatlar aparıb. Tibb elmini
Əbu Mənsur Həsən Qəməri və Yəhya
ibn İsa adlı tanınan şəxslərdən
öyrənib.
İbn Sina iyirmi yaşında ikən
atasını, bir müddət sonra isə hamisi olan
Samani hökmdarını itirib. Buxarada
qarışıqlıqlar çıxması nəticəsində
oradan ayrılıb və Xarəzmə gedərək
Xarəzmşah Əli ibn Məmunun sarayına yerləşərək
onun məktəbində dərs deməyə
başlayıb. Burada İbn Miskeveyh, Əbu Nasr əl-İraqi,
İbn Təyyub və Biruni ilə tanış
olub. İbn Sinanın saray mənsublarını
və xüsusilə Şəmsüddeleni iki dəfə
sağlığına qovuşdurması onun Şərəfül-Mülk
ünvanı ilə vəzirlik məqamına yüksəlməsini
təmin edib. Fəqət bir müddət sonra bəzi
yazılarına görə hökmdarın
gözündən düşüb və bu vəzifədən
uzaqlaşdırılıb, hətta bir ara
həbs edilib.
İbn
Sina öz həyatı haqqında Curcaniyə verdiyi məlumatda
belə deyir: "On səkkiz yaşıma qədər
fasiləsiz olaraq çalışmağa davam etdim. Gecələri də oxumaqla, yazmaqla məşğul
olardım. Gecələri yuxum gəldikdə
bir bardaq su içər, ayılar, yenidən
çalışardım. Yuxuda belə
zehnim oxuduqlarımla məşğul olardı. Çox vaxt oyandığımda əvvəl həll
edə bilmədiyim bəzi şeylərin yuxuda ikən
həll edilmiş olduğunu görərdim. Daha sonra Məbəd ül Təbia ilə məşğul
olmağa başladım. Bu məsələyə
dair Aristoteli bəlkə də qırx dəfə
oxuduğum halda, anlamamış və ümidsizliyə
düşmüşdüm..."
İbn Sina dünya şöhrətli elm xadimi
Aristoteli anlaya bilmirdi. O, Mezatda Farabinin "Al
İbana" adlı məşhur əsərini alıb
oxuduqdan sonra Aristoteli qavrayıb. Əldə
etdiyi bu nəticə üçün şükr
namazı qılıb. İbn Sina öz
sözləri ilə ifadə edib ki, fəlsəfi
bilgisinə görə Farabiyə borcludur.
İbn Sina gənc yaşında Buxarada kitabxana
müdiri olduğu zaman buradakı kitabları əzbərlərcəsinə
oxuyub, inkişaf edib. 20 yaşında ikən onun qoruyucusu olan hökmdar
vəfat etdikdə Xarəzmə köçüb və
burada böyük alim Biruni ilə tanış
olub, onunla birlikdə çalışıb, işləyib.
Zəmanəsini lərzəyə salan
fikirlərinə görə təqib olunub və bir
çox adamın qısqanclığına hədəf
olub. Bu vəziyyətin təbii nəticəsi
olaraq, İranda şəhərdən-şəhərə
köçüb. Bütün bu çətin
həyat şərtlərinə baxmayaraq, böyük həcmli
əsərlər yazıb. Yüz
yetmişə yaxın əsərin müəllifi olan
İbn Sina dövrün tələbinə görə ərəbcə
və farsca yazırdı. Onun bir
sıra gözəl şeirləri də var. Əsərləri,
əsasən, tibb, fizika, astronomiya, fəlsəfə, kəlam,
musiqi və digər sahələr üzrədir. İbn Sinanın ensiklopedik əsəri
"Eş-şifa" və onun
qısaldılmışı "En-necat"dır.
Tibb üzrə qələmə
aldığı ən əhəmiyyətli əsəri
"El-Qanun fit-tibb"dir.
Həyatının son vaxtlarını səyahətlə
keçirən İbn Sina bağırsaq xəstəliyinə,
daha sonra epilepsiya xəstəliyinə tutulub və
21.06.1037-ci ildə Həmədanda vəfat edib. Onun qəbri
Həmədandadır.
İbn Sina vəfat etdi, ancaq əsərləri
yüzillər boyu bütün dünyada, xüsusilə
Avropa universitetlərində dərs kitabı olaraq
oxuduldu. Zaman keçdikcə onun əsərləri
latıncaya, ibrani dilinə və digər Avropa dillərinə
tərcümə edildi.
İbn Sinanın bitkilərdən əldə
etdiyi dərmanlarla bəzi müşahidələri
tibb dünyasında hələ də mötəbərdir. Bu gün
bütün dünya həkimləri, müalicə təşkilatları
və bioloqları, xüsusilə bitkilərin şəfa
mənbəyi olması həqiqətini İbn Sinadan
öyrənməyə davam edir və onu tibb tarixinin ən
böyük həkimi olaraq görürlər. Onu da qeyd etmək lazımdır ki, İbn Sina
"Kitabu'n- Nəfs" adlı əsəri ilə
psixologiya elminin qurucusu olaraq qəbul edilir. Onun təsəvvüf, musiqi, fizika, biologiya
üzrə yazmış olduğu kitabları hələ
də çox böyük bir maraqla incələnməkdədir.
İbn Sina tibb, riyaziyyat, məntiq, fəlsəfə,
astronomiya, fizika, kimya, farmakologiya, ədəbiyyat və
arxeologiya kimi elmi sahələrdə nüfuz
qazanıb. Onun ən məşhur olduğu elm sahəsi tibb
elmidir. O, tibb mütəxəssisi olaraq əvvəllər
tibb elmində yer alan bir çox
üsulu dəyişdirib və bir çox kəşflər
edib.
İbn
Sina qanın qidanı daşıyıcı bir maye
olduğunu, ağ ciyər hərəkətlərinin
passiv olaraq sinə hərəkətləri ilə əlaqəli
olduğunu, diabetdə sidikdəki şəkərin
varlığını və skarlatina xəstəliyini
kəşf edib. Yenə ilk dəfə tibbi əməliyyatlarda
uyuducu dərmanlardan istifadə edən İbn
Sinadır. Xəstəliklərin
mikroblardan əmələ gəldiyini ilk dəfə
ortaya qoyan da odur. İbn Sina bizim
zamanımızdan 900 il əvvəl:
"Hər bir xəstəliyi törədən bir qurddur.
Təəssüflər olsun ki, bunları görəcək
bir alətimiz yoxdur", - deyərək mikrobların
varlığından bəhs edib. Daxili xəstəlikləri
bədəni barmaqlarla yoxlayaraq təsbit etmə
üsulu da (palpasiya) ona aiddir. İlk dəfə
filtrdən istifadə edərək suyu mikroblardan təmizləmə
prosesi də İbn Sinanın ixtiralarından biridir.
Beyin
kimi gövşək, sümük kimi sərt
toxumaların iltihablanmayacağı
iddiasını ilk dəfə İbn Sina rədd edib və:
"Sümüklər də iltihablanır", - deyərək
bu fikri aradan qaldırıb. İnfeksion
beyin iltihabını digər infeksiyalardan yenə ilk
dəfə o ayırıb. İbn Sina
eyni zamanda İran uçunması adını verdiyi
xoranı açıq və ətraflı bir şəkildə
izah edib. Genetik yolla xəstəliklərin irsi ola biləcəyini, bunun isə orqan üzərində
şəkil, funksiya pozğunluqları ilə
özünü göstərə biləcəyini yenə
ilk dəfə ortaya qoyan İbn Sina olub. İbn Sina qara
ciyər xəstəliklərində həzm
pozğunluqları, qanamalar ola biləcəyini,
dalaq və diafraqmanın fiziologiyasını
pozacağını bildirib. Sarılığın
qara ciyər toxumasının pozulmasından və ya
safroq yollarındakı tutqunluqdan irəli gəldiyini
açıqlayıb. Ruhi xəstələr
qaranlıq deşiklərdə, mağaralarda
döyülgrgk ağır zəncirlərlə
bağlanırkən İbn Sina bunlarla da bir insan kimi
davranmağın daha faydalı olacaq fikrini irəli
sürüb. Epilepsiya xəstəliyi ilə əlaqəli
olaraq cindən bəhs edən bu qeyri-adi təfəkkürə
sahib insan: "Xəstəliklərə səbəb
olduğu kimi, cinin hasil etdiyi xəstəliklər də
vardır və məşhurdur", - deyib.
İbn Sinanın tibb elmi ilə yanaşı digər
elmi sahələrdə də bir çox nailiyyətləri
olub. Onun geologiya elmindəki kəşfləri
dövründən çox-çox irəli gedib.
İbn Sina günümüzdən doqquz əsr əvvəl
dağların meydana gəlməsini belə
açıqlayır: "Dağların meydana gəlməsi
iki ayrı səbəbə bağlıdır. Dağlar ya şiddətli zəlzələlər
nəticəsində buruşuqluqların hasil
olması və ya özünə yeni bir yol tapmaq
üçün vadilər açan çayların təsirilə
əmələ gəlir. Daş təbəqələri
müxtəlifdir. Bəziləri
yumşaq, bəziləri sərtdir. Aşınma
və dağılmanın səbəbi sular və
küləkdir. Bunun başlıca səbəbinin
su olduğunu dağlarda yaşayan heyvanların
qalıqları isbat edir".
İbn Sina, xüsusilə fəlsəfə sahəsində
də tanınıb. Onun fəlsəfəsi yeni
Platonçuluq olaraq qəbul edilib. İbn
Sinanın maddə haqqındakı düşüncələri,
iman-ağıl-məntiq üzrə irəli
sürdüyü fikirlər, ruhun mahiyyəti
öldükdən sonra dirilmə, vəhy ilə əlaqəli
şəxsi inamları və nəhayət, yunan
filosoflarının sözlərilə peyğəmbərlərin
bildirdiklərini və kəlam alimlərinin sözlərini
bir-birilə əlaqələndirməyə qalxması
onu İslam dininin etiqad əsaslarından
uzaqlaşdırıb. Başda İmam
Qazali olmaqla, İslam alimləri onun sözlərinə
cavablar yazaraq yanlış tərəflərini
kitablarında isbat ediblər. İmam
Qazali "Tehafetül-Felasife" adlı kitabında
İbn Sinanın və filosofların iyirmi məsələdə
labirintə düşdüklərini, yəni
azdıqlarını və bunların üç məsələdə
də dindən ayrılmış olduqlarını
bildirib. Bu üç məsələ
Allah-təalanın elmi, aləmin
yaradılışı və öldükdən sonra
dirilmə haqqındadır. İbn
Sinanın "Murad" kitabında öldükdən
sonra dirilməni inkar etdiyi İmam Rəbbaninin "Məarifi
Leduniyyə" kitabında bildirilir.
Yüz yetmişə yaxın kitabı olan İbn
Sinanın tibb sahəsində ən böyük əsəri
"Əl Qanun fit-Tıp" adlı kitabıdır. Beş cilddən
meydana gələn bu əsər tələbələrin
asanlıqla anlaya biləcəyi şəkildə
qısa qeydlər və xülasələr halında
yazılıb.
XII əsrdə latıncaya tərcümə edilən
"Qanun" kitabı Avropa universitetlərində dərs
kitabı kimi istifadə olunub. XVII əsrin ortalarına
qədər Fransada Montpellier və Belçikada
Louvain universitetlərində məcburi dərs
kitabı olaraq oxudulub. Qərb dillərinə
tərcümə edilən "Qanun" kitabı
1473-cü ildə Milanda nəşr edilib. XVIII əsrdə Sultan III Mustafa zamanında
Mustafa ibn Əhməd adında toqatlı bir həkim tərəfindən
türkcəyə də tərcümə edilib. Bu əsərə "Tül-Mathun" adı
verilib. Əsərin əlyazması
Raqib paşa kitabxanasında 1542 nömrə ilə qeyd
olunub.
Elm dünyasında xüsusi bir yeri olan İbn
Sinanın başqa bir əsərindən də bəhs
etmək istərdik. Bu əsərin adı
"Əş-Şəfa"dır. Bu əsərdə
ensiklopedik məlumatlar vardır. Bu əsər
Meşşai fəlsəfəsinin sistematik əsəridir.
Məntiq və riyaziyyatdan başlayıb
bütün təbiət elmlərindən bəhs edən
bu əsər on səkkiz cilddən ibarətdir.
İbn Sina elm bağçası olan Buxaranın bir
gülüdür...Türk-islam dünyasının həqiqi
qürurudur.
Biz bu böyük alimi rəhmətlə yad edirik.
Ruhu şad
olsun!
Fazil QARAOĞLU
Bakı xəbər.- 2016.- 25 noyabr.- S.13.