Azərbaycan multikulturalizmi dünya miqyasında...
Yüzillərdən bəri çoxmədəniyyətliliyin formalaşdığı
Azərbaycan cəmiyyəti tolerant və dözümlüdür, multikultural mədəniyyətə
sahiblənməyi bacarır. Bildiyimiz kimi, bu gün Azərbaycanda
multikulturalizm çiçəklənir, yeni ruhda,
yeni formatda təqdim edilir.
Azərbaycanda
mövcud olan multikulturalizm dəyərlərini qiymətləndirən
xarici ekspertlər dünyanı, bir sözlə,
demokratiyanın "tərənnümçüləri"ni bizim ölkədən nümunə
götürməyə çağırır.
Bu sahənin təbliğində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) əməyi çoxdur. Qurum mütəmadi
olaraq azərbaycançılıq, multikulturalizm,
onların bir-birilə əlaqəsi haqqında
geniş müzakirələr açır, tədbirlər
keçirir, layihələr reallaşdırır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidmətindən qəzetimizə daxil olan məlumatlarda
qurumun son həftələr həyata keçirdiyi
layihələrdən, görüş və tədbirlərdən
danışılır.
Mərkəzin
yaydığı məlumata görə, Azərbaycanda
səfərdə olan Osmanlı tarixinin tədqiqatçısı,
fransalı professor Fransua Jorjo Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) daimi elmi
seminarında məruzəçi qismində
iştirak edərkən olduqca maraqlı fikirlər
bildirib.
Fransalı
alim BBMM-in mətbuat xidmətinə verdiyi müsahibədə ölkəmizlə
bağlı təəssüratlarını, Azərbaycanın
multikulturalizm modeli ilə bağlı fikir və
düşüncələrini bölüşüb:
"Azərbaycanda olmağımdan çox məmnunam. Bakıya ilk gəlişimdir, təəssüf
ki, indiyə qədər buraya gəlmək
üçün fürsət tapa bilməmişəm.
Bakı qədimliklə modernizmin
qaynayıb-qarışdığı maraqlı şəhərdir.
Burada həm orta əsrlərə aid tarixi
memarlıq nümunələri, həm də iyirmi
birinci əsrə aid müasir
görünüşlü binalar var. Məsələn,
İçərişəhərdə qalıram, oradan əzəmətli
"göydələn"ləri görə bilirəm.
Bakıda möhtəşəm bir zaman kəsimi,
tarixi bir sintez var. Bu tarixin üstündə pərvəriş
tapan Bakının gələcəkdə
dünyanın ən önəmli şəhərlərindən
biri olacağına əminəm.
Azərbaycanla qiyabi tanışlığım isə
çox-çox illər əvvələ gedib
çıxır. Osmanlı tarixini, xüsusən də "Gənc
türklər" hərəkatını
araşdırarkən, eləcə də Yusuf
Akçuranın həyat və fəaliyyətinə həsr
olunmuş diplom işimi yazarkən tarixi mənbələrdə
bu görkəmli türkçü alimin adının
yanında İsmayıl bəy Qaspıralı, Əhməd
bəy Ağayev kimi imzalar diqqətimi çəkdi. Adını çəkdiyim görkəmli şəxsiyyətlər
və onların həmmüasirləri ilə
bağlı 1996-cı ildə "XIX əsrin ortaları
- XX əsrin əvvəllərində Azərbaycanda
modernləşmə haqqında qeydlər" məqaləsini
yazdım. Yazıda çox dərindən
olmasa da, həmin dövrdə Azərbaycanda baş verən
ictimai-siyasi proseslər, rus dominantlığı
haqqında fikirlərim öz əksini tapıb".
Tədqiqatçı
həmçinin bildirib ki, Fransada Osmanlı, Orta Şərq
və Qafqaz tarixinə böyük maraq var. Onun qeyd
etdiyinə görə, Osmanlı plüralist cəmiyyətin
formalaşdığı kosmopolit bir imperatorluq idi:
"Bu yanaşı dinc yaşamın necə əldə
olunması fransız oxucusuna maraqlıdır. 25 il
öncə Osmanlı tarixi ilə bağlı digər
müəlliflərlə birgə yazdığım 200
səhifəlik kitab Fransada 30 min nüsxə ilə
satılıb. Bu, böyük bir rəqəmdir.
Bu yaxınlarda da digər
araşdırmaçıların həmmüəllifliyi
ilə 1300 səhifəlik "Osmanlı tarixi
lüğəti" adlı kitabımız işıq
üzü görəcək. Gələcək
tədqiqatlarımla bağlı Bakıdakı arxivlərlə
də əlaqə saxlamağı, burada
araşdırmalar aparmağı düşünürəm.
İndiyə
qədər Azərbaycanın multikulturalizm modeli ilə
yaxından tanış deyildim. Mən multikulturalizm ideyalarının bu qədər
təbliğ olunduğunu, yayıldığını,
bir xalqın əsrlərlə sürən həyat tərzi
və dövlət siyasətində aparıcı xətt
olduğunu ilk dəfə Azərbaycanda gördüm.
Azərbaycanın multikulturalizm modelinə
böyük marağım yarandı və bu sahəni
öyrənməkdən şərəf duyuram.
Fransada multikulturalizm bir az mürəkkəb
anlayışdır. Düşünürəm
ki, dünyada insanların sülh şəraitində
yaşaması, plüralizmin inkişafı və
çoxmədəniyyətliliyin qorunub saxlanması
üçün Azərbaycanın multikulturalizm modeli
dəyərli örnəkdir. Bir fransız kimi
Fransa üçün də bu multikulturalizm modelinin
önəmli ola biləcəyini
düşünürəm. Artıq
multikultural bir dünyaya alışmağımız və
bunu qəbul etməyimiz lazımdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidmətindən daxil olan başqa bir məlumat
isə Caner Tokerin Azərbaycana münasibəti ilə
bağlıdır. "Azərbaycan dövləti və
xalqı öz dostlarına yüksək dəyər
verir" - deyən C.Toker "Azərbaycanın Gənc
Dostları Klubu" İctimai Birliyinin üzvü,
Türkiyənin Erciyes Universitetinin tələbəsidir.
Caner Toker www.youngfriends.az saytına
müsahibəsində Azərbaycan multikulturalizmi
modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq
ki, "Azərbaycanın Gənc Dostları Klubu"
İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
birgə təşkilatçılığı ilə
keçirilən və 16 ölkədən 50-dən
çox tələbənin qatıldığı
"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi:
milli və dini dəyərlər" adlı III Beynəlxalq
multikulturalizm məktəbi layihəsi çərçivəsində
Litva Pedaqoji Universitetinin magistrantı Salomeya
Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi
Dimitrios Asproulisin təşəbbüsü ilə
yaradılıb. Birliyin üzvlüyündə
Azərbaycan multikulturalizminin ölkəmizə
qazandırdığı xarici gənclər və
ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına azərbaycansevərləri
toplayaraq əhatə dairəsini günü-gündən
genişləndirir. Birliyin üzvləri
Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti,
tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi
və Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində
səmərəli fəaliyyət göstərir.
Caner
Toker Azərbaycana heyran qaldığını və
buradakı mühitin çox gözəl olduğunu
deyib: "Bu, Azərbaycana ikinci səfərim idi. İlk dəfə Azərbaycanda beynəlxalq
multikulturalizm qış məktəbində iştirak
etmişəm. Həmin vaxt Azərbaycanın
multikulturalizm modeli məni elə heyran etdi ki, buraya
ikinci dəfə gəlmək imkanı yarananda bunu əldən
buraxmaq istəmədim. Azərbaycanda
olduğum müddətdə burada çoxsaylı
xalqların dinc yanaşı yaşamasını öz
gözlərimlə gördüm. Hansı
dinə etiqad etdiklərindən və hansı etnik
qrupa mənsub olmalarından asılı olmayaraq,
insanların bir-birinə hədsiz sayğı və
sevgi ilə yanaşması məni riqqətə gətirdi.
Azərbaycanı gəzərkən
buranın təbii gözəllikləri ilə
yanaşı, insanların qarşılıqlı
münasibətində öz əksini tapan mənəvi,
mədəni dəyərlərə valeh oldum.
Nicdəki alban-udi xristian məbədindəki toy
mərasimi məni çox təsirləndirdi. Orada müxtəlif
dinlərin daşıyıcıları və fərqli
etnik kökənli insanlar aralarındakı fərqliliyin
fərqinə belə varmadan hamısı yeni evlənənlərin
xoşbəxt günündə sevinib əylənirdilər.
Azərbaycan multikulturalizmini bundan daha
yaxşı ifadə edən tablo təsəvvür etmirəm.
Azərbaycana hər səfərimdən sonra bu
qardaş ölkəyə sevgim daha da artır. Burada özümü evdəki
kimi hiss edirəm.
Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanla
bağlı təəssüratlarımı
dostlarıma, qohumlarıma, ailəmə
danışmaqdan doymuram. İstəyirəm
ki, onlar da Azərbaycana gəlib bu maddi, tarixi və mənəvi
gözəllikləri öz gözləri ilə
görsün. Arzulardım ki, özümə dost
bildiyim hər kəs bu ölkəyə səfər edib
buradakı multikultural, tolerant mühitin, Azərbaycan
xalqının qonaqpərvərliyinin şahidi olsun. Əminəm ki, Azərbaycana marağı olan hər
kəs bu marağın necə tezliklə sevgiyə
çevrilməsinə özü də mat qalacaq.
Azərbaycana gəlib onu sevməmək, dost olmamaq
mümkün deyil. Əminəm ki, buraya bir
dəfə səfər edən ikinci dəfə də gələcək".
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM), AMEA və Azərbaycan Yaradıcılıq
Fondunun birgə nəşri olan "Multikulturalizm"
jurnalının ikinci sayı təqdim edilib. BBMM-nin mətbuat
xidmətindən verilən məlumata görə,
jurnalın ikinci sayı, rəsmi xəbərlərlə
yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal
Forumundakı çıxışı ilə
açılır.
"Dünyanın tanınmış din xadimləri"
rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin
sədri Allahşükür Paşazadənin
"Ağa Əlizadə -cumhuriyyətin və sovet
dövrünün şeyxülislamı" sərlövhəli
məqaləsi verilib. Dərgidə
materiallar üç dildə - Azərbaycan, rus və
ingilis dillərində dərc edilib. Jurnalın
bu sayında Azərbaycan ədəbiyyatının
tanınmış müəlliflərinin yeni şeirləri,
hekayələri, esseləri, tərcümə və
reportajları yer alıb. Dərginin
"Multikulturalizm mozaikası" bölümündə
Azərbaycanın cənub bölgəsinin ədəbi
mənzərəsi öz əksini tapıb".
Multikulturalizm Mərkəzinin Drezden
filialında Beynəlxalq Tolerantlıq
Gününün qeyd edilməsi ilə bağlı tədbir
də Azərbaycandakı multikultural mühitin
dünyada tanıdılması ilə
bağlıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Drezden filialında 16 noyabr - Beynəlxalq Tolerantlıq
Gününə həsr olunan tədbirdə Azərbaycanın
Almaniyadakı Cəfirliyinin müşaviri Almaz Məmmədov,
"SlLUB" kitabxanasının direktoru professor Tomas Burger və Drezden
şəhər meriyasının şöbə
müdiri İrma Castillo, Maissen şəhər
meriyasının xarici ölkələrlə iş
şöbəsi müdirinin müavini, əslən
Bakıdan olan dr. Lora Valter, Avropa Azərbaycanlıları
Konqresinin prezidenti Samira
Patzner-İsmayılova, Drezden şəhər
meriyasının deputatları, nüfuzlu ictimai
xadimlər və Drezden Universitetinin professor-tələbə
kontingenti iştirak edib.
Mərasimi
BBMM-in Drezden filialının icraçı direktoru dr. Birgit Vaysgerber açaraq
tolerantlığın və multikulturalizmin Azərbaycanda
əsrlərə söykənən həyat tərzi və
dövlət siyasətində aparıcı xətt
olduğunu vurğulayıb.
Filialın müşaviri Ağa Hüseyn Babayev
Azərbaycanın multikultural dəyərləri və
tolerantlıq ənənələrindən söz
açıb.
Tədbirdə vaxtilə Azərbaycanda Neft
Akademiyasının tələbəsi olmuş Jan
Gueiber Bakı ilə bağlı xatirələrini
bölüşüb.
Azərbaycan multikulturalizminin dünyada təbliğ
edilməsi uğurlu nəticələr verir. Azərbaycançılığın
və multikulturalizmin dünya üçün sülh, mədəni
tərəqqi dəyərlərinə xidmət etdiyi
bir daha təsdiqini tapır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 29 noyabr.- S.15