Xalq sənəti nümunələrinin
festival-sərgiləri azərbaycançılıq ideologiyasının
daşıyıcıları kimi...
Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı minilliklərdən üzü bəri daşıyıb gətirdiyi xalq sənəti incilərini bu gün də yaşadır, təbliğ edir, tanıdır. Azərbaycançılıq elementləri ilə zəngin olan xalq tətbiqi sənət növləri həmişə böyük maraq doğurur. Azərbaycançılıq ab-havasını əks etdirən sənət nümunələri xalqımızın keçmişini, bu gününü yaşadır, sabaha olan ümidlərini ifadə edir.
Azərbaycan dövləti xalq sənətinə,
xüsusən də dekorativ-tətbiqi sənətə
çox böyük dəstək olur. Bu gün Azərbaycanda
onlarca sənətkar var ki, onlar dekorativ xalq sənəti
növlərini yaşadır. Bu sənət
növləri zamanında xalq tərəfindən
yaradılıb, hazırda isə müxtəlif sənətkarlar
bu yolu davam etdirir.
Azərbaycanda dövlət səviyyəsində
dekorativ-tətbiqi sənət növlərinin sərgiləri
təşkil olunur. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
həyata keçirilən bu sərgilərin
böyük nəticəsi olur.
Bildiyimiz kimi, nazirlik tərəfindən
vaxtaşırı olaraq dekorativ-tətbiqi sənət
festivalları keçirilir.
2012-ci ilin fevralında Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən II Respublika
dekorativ-tətbiqi sənət festivalı
keçirilib. Tədbir Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi və Rəssamlar
İttifaqının birgə təşkilatçılığı
ilə Vəcihə Səmədova adına
sərgi salonunda açılıb.
Dekorativ-tətbiqi
sənət növlərinin sərgisinin
açılmasını yüksək qiymətləndirən
Rəssamlar İttifaqının katibi, xalq rəssamı
Ağaəli İbrahimov deyir ki, xalq tətbiqi sənəti
sərgisinin böyük əhəmiyyəti var:
"Bütün bunlar onu göstərir ki, xalq sənətkarlıq
ənənələri nəsildən-nəslə
ötürülür. Yaradıcı
insanlar qədim sənət növlərini
yaşadır. Mən hər il bu sərgilərdə
sənətkarlarımızın ildən-ilə
püxtələşdiyini görürəm".
Ekspertlər vurğulayır ki, bu cür sərgilərin
keçirilməsi respublikada bədii
yaradıcılıq proseslərinə stimul verir. Sərgi-festivallar
zəngin ənənələrə malik Azərbaycan
dekorativ-tətbiqi sənətinin daha da inkişaf
etdirilməsi, istedadlı gənclərin, yüksək
sənət meyarlarına cavab verən dekorativ-tətbiqi
sənət əsərlərinin aşkarlanması məqsədilə
keçirilir. Məlumatlara görə,
indiyədək Gəncə, Şəki, Xaçmaz və
Lənkəran şəhərlərində baş tutan
regional sərgilərdə 50-dək şəhər və
rayondan sənətkarlar festivala qatılıb.
Xalçaçı-rəssam Aydın Rəcəbov
qeyd edib ki, qədim sənət növləri xalqın
etnoqrafiyasını, məişətini əks
etdirir, milli dəyərləri yaşadır. O, həmçinin,
vurğulayıb ki, Azərbaycanın dekorativ-tətbiqi
sənət ustalarının əsərləri
dünyada maraqla qarşılanır.
Ekspertlər vurğulayır ki, dövlətin diqqət
və qayğısı nəticəsində, mədəniyyətin
bütün sahələri kimi, dekorativ-tətbiqi sənət
növləri də yaşadılır, inkişaf
etdirilir. Mədəniyyət və Turizm Nazirliyindən
verilən məlumata görə, Bakıda xalq tətbiqi
sənət ustaları çoxdur. Sərgi-festivallara
çıxarılaraq nümayiş olunan əsərlər
seçilmiş əl işləri olur.
Qeyd edək
ki, 2012-ci ilin fevralında keçirilən sərgidə bədii şüşə,
ağac üzərində bədii oyma, zərgərlik,
dulusçuluq, bədii tikmə, toxuma qrafikası,
batika, makrame, ikebana sənəti üzrə
ümumilikdə 25 müəllifin 400-dək əsəri
nümayiş olunub.
Qeyd edək
ki, festivallara əsasən dekorativ-tətbiqi sənət
əsərləri: xalçaçılıq, batika,
qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş,
sümük üzərində oyma), dulusçuluq
(keramika), bədii tikmə, bədii şüşə,
toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii
dəri işləmə, bədii döymə,
prioqrafiya (ağac, dəri, tikmə üzərində
yandırma üsulu ilə naxış açma) təqdim
edilib.
2015-ci ildə də Bakıda sənət sərgisi
açılıb. Bu dəfə
unudulmaqda olan sənət inciləri yada
salınıb.
Sözsüz ki, hər xalqın özünəməxsus
milli sənət nümunələri, milli sənətkarlıq
səhələri var. Azərbaycan xalqına məxsus
olan milli sənət və sənətkarlıq nümunələri
də bu gün ölkəmizlə yanaşı,
dünyanın bir çox ölkələrinin sərgi
salonlarında və mədəniyyət
saraylarında sərgilənir.
2015-ci ildə Muzey Mərkəzində 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr olunan "Xalq sənətkarlarının
respublika interaktiv sərgisi" bu qəbildəndir. Sərginin təşkilində
məqsəd milli sənət nümunələrimizin
təbliği, qədimlərdən bizə yadigar qalan
və unudulmaqda olan sənətkarlıq sahələrinin
yaddaşlardan silinməməsi idi.
Sərgidə
kətan üzərində yağlı boya ilə işlənmiş
rəsm əsərləri, rəngkarlıq,
xalçaçılıq, heykəltəraşlıq,
toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac
üzərində oyma, təkəlduz, şəbəkə,
vitraj və digər təsviri və dekorativ-tətbiqi
sənət nümunələri göstərilib.
Həmin
sərgidə metal işləmələrlə
iştirak edən gəncəli Mübariz Əkbərov
uzun illərdir bu sənətkarlıq sahəsi ilə
sevə-sevə məşğul olduğunu deyib:
"Uzun illərdir xalqımızın bu nadir sənət
sahəsini yaşadıram. Həqiqətən
də bu işi sevərək yerinə yetirirəm.
Elə ona görə də əl işlərimi
çox dəyərli və qiymətsiz hesab edirəm.
Mənim hazırladığım əl
işləri, sənət inciləri Almaniya, Fransa,
İngiltərə, Rusiya, Türkiyə kimi ölkələrdə
fərdi sərgilərdə nümayiş olunub və eləcə
də master-klassları təşkil olunub.
İşlədiyim sənət əsərləri
içərisində Həzrət Əlinin əfsanəvi
Zülfüqar qılıncı da var. Əsərlərim
müasir dövrümüzdə çəkilən
tarixi filmlərdə də istifadə olunub".
Qeyd edək
ki, keçən il Naxçıvan Muxtar
Respublikasında xalq yaradıcılığı sərgisinin
keçirilməsi də qədim xalq sənət
növlərimizin təbliğinə həsr olunub.
Keçən
il noyabrın 4-də
"Naxçıvanqala" Tarix-Memarlıq Muzey
Kompleksində xalq yaradıcılığı sərgisi
bu sahəyə böyük töhfədir.
Qeyd edək
ki, həmin sərgidə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
xalq yaradıcılığı sərgisi ilə
bağlı deyib: "...Naxçıvan şəhərində
xalq yaradıcılığı sərgisinin
keçirilməsində məqsəd milli dəyərlərimizi
yaşatmaq və təbliğ etməkdir. Milli
dəyərləri yaşatmaq xalqın tarixini
yaşatmaq deməkdir. Əgər hər
bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk
növbədə milli dəyərlərinə istinad
etməlidir. Bu zərurəti əsas
götürən ulu öndər Heydər Əliyev ötən
əsrin 70-ci illərindən başlayaraq Azərbaycan
xalqının milli dəyərlərinin və tarixi
yaddaşının bərpası istiqamətində
mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində
yeni tarix-diyarşünaslıq muzeyləri
tikilmiş, xalq sənətinin inkişafına və
mövcud nümunələrin mühafizəsinə
diqqət artırılmışdı. Azərbaycan
Konstitusiyasında ən ali milli dəyərlərimiz
olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş,
xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ
və tərənnüm edən çoxsaylı əsərlər
yaradılmışdı. Həmin dövrdə Azərbaycan
xalqının qəhrəmanlıq eposu olan "Dədə
Qorqud", xalqımızın müstəqillik
uğrunda mübarizə tarixini və qəhrəmanlıq
ənənələrini təbliğ edən "Babək",
azərbaycanlılara xas olan Novruz ənənələrini
ilk dəfə ekranlara çıxaran "Dəli
Kür" kimi bədii filmlər çəkilmişdi...
Azərbaycanda ikinci dəfə ali
hakimiyyətə qayıdan ulu öndərimiz ötən
əsrin 70-ci illərindən başlayaraq xalq
yaradıcılığının himayə
olunması siyasətini daha geniş miqyasda davam
etdirmişdir. Dahi şəxsiyyət bu sahədə
görülən işləri ümummilli ideologiyada
- azərbaycançılıqda birləşdirmiş,
azərbaycançılığı və milli dövlətçiliyi
ən yüksək milli dəyər kimi qiymətləndirərək
demişdir: "Azərbaycançılıq öz milli
mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini
və dövlətçiliyini qoruyub saxlamaq deməkdir".
Qeyd edək ki, böyük dövlətçilik mədəniyyətinə,
ənənələrinə sahib olan Azərbaycan
dövləti milli ruhu qorumağı, inkişaf etdirməyi
və gələcək nəsillərə
çatdırmağı təqdir edir və bu işə
ciddi dəstək verir.
Vurğulayaq
ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
xalq yaradıcılığı günlərinin keçirilməsi
haqqında 2009-cu ildə sərəncamı olub, 2012-ci il Naxçıvan Muxtar Respublikasında
"Milli dəyərlər ili" elan edilib. Bütün bunlar öz nəticəsini
göstərib, bu sahədə sistemli tədbirlər həyata
keçirilib. Məlumatlara görə,
tarixi abidələrə yeni həyat verilib, xalq
yaradıcılığı günləri təşkil
olunub, milli kökə bağlılıq nümayiş
etdirilib. Ağacişləmə,
papaqçılıq, dülgərlik, toxuculuq,
xalçaçılıq, dəmirçilik, misgərlik,
dulusçuluq, taxta üzərində oyma kimi qədim
sənət sahələri qorunub saxlanıb. Son illər el sənətkarları
üçün emalatxanalar istifadəyə verilib, əl
işlərindən ibarət sərgilər təşkil
olunub. Aparılan tikinti-quruculuq
işlərində milli ornamentlərin tətbiqinə
üstünlük verilir. Bədii
yaradıcılıq prosesində də milli dəyərlərimizin
öyrənilməsi və təbliğinə diqqət
artırılıb. "Naxçıvan mətbəxi",
"Naxçıvan tikmələri" və "Tarixi
qaynaqlarda Nuh peyğəmbər" kitabları,
üç cildlik "Naxçıvan folkloru"
antologiyası nəşr etdirilib. Yallılar
nota köçürülüb və onun əsasında
"Naxçıvan - Şərur el yallıları"
kitabı çap olunub. Bununla
yanaşı, yallılardan ibarət kompakt disk də
buraxılıb.
Ekspertlər qeyd edir ki, hər bir xalqın tarixi onun
yaratdığı sənətkarlıq nümunələrində
yaşayır. Bəşəriyyətin ilkin
yaranış dövründən başlayaraq bu günə
kimi xalq sənətkarlığı müxtəlif
inkişaf mərhələləri keçib. Sadə əl əməyinə əsaslanan əşyalar,
məişət avadanlıqları sonralar həmin
dövrlərdən xəbər verən maddi-mədəniyyət
nümunələrinə çevrilib. Bu gün Naxçıvanda milli dəyərlərimizin
tərkib hissəsi olan xalq sənətkarlığı
sahələrinin bərpa olunması da bu torpaqda tarixən
formalaşmış zəngin tarixi-mədəni irsin
yaşadılması kimi mühüm məqsədə
xidmət edir.
O da
vurğulanır ki, Naxçıvanda oyma sənətinin
qədim tarixi var. Əcdadlarımız bu sənətin
ilkin nümunələrini Gəmiqayada daş üzərində
yaradıb, daş kitabələrdə əks olunan
müxtəlif təsvirlər bu günümüzə qədər
gəlib çatıb. Sonradan daş üzərində
oyma ilə yanaşı, ağac üzərində oyma sənəti
də inkişaf etdirilib. Bu gün
naxçıvanlı sənətkarlar ağac üzərində
oyma sənətini yaşadır, xalqımızın
min illər ərzində formalaşan bədii-estetik
zövqü öz əksini bu əsərlərdə tapır.
Sərgidə el sənətkarlarının
tarixi abidələrin, nağıl
personajlarının, "Dədə Qorqud"
dastanındakı obrazların və Naxçıvan
memarlıq məktəbinin elementlərinin əks
olunduğu müxtəlif əl işləri
nümayiş olunub.
Azərbaycan dekorativ-tətbiqi sənəti, eləcə
də digər sənət növləri
xalqımızın tarixini yaşadır. Bundan
başqa, xalq sənətimiz bütövlükdə azərbaycançılığa
bağlıdır. Azərbaycançılığın
ruhunu yaşadan bu sənət növləri dövlət
tərəfindən himayə edilir ki, gələcək
nəsillər də bu sənəti yaşatsın!
İradə
SARIYVA
Bakı xəbər.- 2016.- 11 oktyabr .- S.15