Tatarıstanın Azərbaycandakı
Daimi Nümayəndəliyində professor, bəstəkar Musa Mirzəyevin xatirə gecəsi keçirildi
Oktyabrın 9-da Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyində 2016-cı il - "Multikulturalizm ili" çərçivəsində xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli mərhum bəstəkar Musa Abdulla oğlu Mirzəyevin xatirə geçəsi keçirilib.
Xatirə gecəsinin təşkilatçısı, tanınmış musiqiçi, fədakar təşkilatçı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət xadimi, milliyyətcə tatar olan Nuriyyə Mansurova çıxışında bildirib ki, tatar xalqı, tatar mədəniyyəti ilə Musa Mirzəyevi çox zərif tellər bağlayır. O vurğulayıb ki, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, təcrübəli pedaqoq, Prezident təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar mərhum Musa Mirzəyev fəaliyyəti dövründə multikultural mədəniyyətin çiçəklənməsinə xidmət edib. Multikulturalizmin Azərbaycan dövləti, cəmiyyəti tərəfindən dəstəkləndiyini qeyd edən N.Mansurovanın sözlərinə görə, Azərbaycan burada yaşayan hər bir millətin vətənidir. Azərbaycanda sülh, əminamanlıq, qardaşlıq şəraitində yaşadıqlarını bildirən N.Mansurova bildirib ki, Azərbaycan mədəniyyətinin çiçəklənməsində digər xalqların nümayəndələri ilə yanaşı, tatar əsilli musiqiçilərin, mədəniyyət xadimlərinin də əməyi olub. N.Mansurovanın qeyd etdiyinə görə, Azərbaycan və Tatarıstan dostluğu əbədidir və bizi bir-birimizə milli kökümüz, dilimiz və dinimiz birləşdirir.
Xalqlar dostluğunun Azərbaycan nümunəsini bütün dünyaya örnək göstərən N.Mansurova deyib ki, Bakıda fəaliyyət göstərən Əjdərbəy məscidində tatar bölməsi də var və burada tatar əsilli mollalar fəaliyyət göstərir.
Qeyd edək ki, görkəmli bəstəkar M.Mirzəyevin xatirə gecəsinə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəsmiləri, burada fəaliyyət göstərən tatar və digər xalqların icmasının təmsilçiləri qatılıb.
Bakının Suraxanı rayonunda yaşayıb fəaliyyət göstərən ukraynalıların nümayəndələri də gecəyə gəlib. Onların təmsilçisi qeyd edib ki, Azərbaycanda hər bir xalqın, dinin nümayəndəsinə xoş münasibət var.
Bakının burada yaşayan hər bir millətin doğma evi olduğunu xatırladan gecə iştirakçıları bildirib ki, burada isti münasibət, səmimi atmosfer var.
Gecədə Azərbaycan Akademik
Opera və Balet Teatrının solisti,
tatar əsilli Valeriya İsgəndərova
müxtəlif operalardan
parçalar oxuyub. Valeriyanı fortepianoda Ülviyyə
Əliyeva müşayiət
edib. Gecədə,
həmçinin, istedadlı
gənclər Rüfət Abdulrəşidov,
Fərid Kazakov çıxış ediblər.
Tədbirdə tanınmış musiqiçilər,
incəsənət xadimləri,
müxtəlif icmaların
nümayəndələri iştirak ediblər.
Sonra tədbir
iştirakçıları II Fəxri Xiyabana gedərək Musa Mirzəyevin
məzarını ziyarət
ediblər.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 11 oktyabr .- S.15