Tarixdə
iz buraxanlar: Sultan Vəhdəddin xan
Sultan Vəhdəddin xan Osmanlı
sultanlarının otuz altıncısı (sonuncusu),
İslam xəlifələrinin yüz birincisidir. Sultan Vəhdəddin
xan 2 fevral 1861-ci ildə anadan olub. Atası
Sultan Əbdülməcid xan, anası Gülistu
sultandır. Kiçik
yaşlarında ata və anasını itirib. Böyük qardaşı II Əbdülhəmid
xan tərəfindən böyüdülərək
himayə edilib. 1918-ci il iyul
ayının 4-də Sultan Rəşad xan vəfat etdiyi
gün taxta çıxarılıb.
Sultan Vəhdəddin xan səltənətə
keçdiyi zaman ordu və donanmaya bir yazı göndərərək
Baş komandanlığı öz üzərinə
aldığını bildirib. Taxta keçməsi səbəbilə
hazırlanan Xətti-Humayunda padşah Nazirlər
Kabinetində ədalətin dağılımı və
təhlükəsizliyin təmini üçün daha
artıq səy göstərilməsini, zəruri qida
maddələrinin ucuzlaşdırılmasını,
istehsalın artırılmasını, siyasi
günahkarların əfv edilməsini, müharibə
davam edən bölgələrin xaricindəki yerlərdə
fövqəladə halın
qaldırılmasını, dövlət xidmətində
çalışacaq insanların namuslu kəslərdən
seçilməsini, qanuni bir səbəb olmadıqca
heç kəsin işdən azad edilməməsini tələb
edib.
Bu tələblər və yeni icraatlar
padşahın dövlət işlərində və məmləkət
məsələlərində aktiv rol
oynayacağının bir dəlili idi. Ancaq bu
zamanlarda I Dünya Müharibəsinin qorxunc nəticələri
alınırdı. Nəticədə, 1918-ci il oktyabr ayının 30-da "Mudros
razılaşması" imzalanaraq I Dünya Müharibəsi
osmanlıların məğlubiyyətilə bitdi. Razılaşmadan sonra Osmanlı dövlətini
I Dünya Müharibəsinə sövq edən Tələt,
Ənvər və Camal paşalar 3 noyabr gecəsi xaricə
qaçdılar.
Razılaşmaya
imza atan nümayəndələr 1918-ci il
noyabr ayının 10-da saraya məlumat vermək
üçün gəldiklərində Sultan Vəhdəddin
xan onları qəbul etmədi. O, 1918-ci il
noyabr ayının 24-də "Daily Mail" qəzetinin
müxbirinə bəyanat verdi. Daha sonra "Times" qəzetində
yayımlanan bu bəyanatda osmanlıların I
Dünya Müharibəsinə girmələrinin məsuliyyəti
"İttihad və Tərəqqi Cəmiyyəti"nə
yüklənir, baş verən fəlakətə səbəb
kimi onlar göstərilirdi. Sultan Vəhdəddin xan bu bəyanatında:
"Osmanlı dövlətinin müharibəyə
qatılması bir qəza nəticəsidir. Əgər siyasi vəziyyətimizlə
coğrafi vəziyyətimiz və milli mənfəətlərimiz
ciddiyyətlə nəzərə alınsaydı, irəli
sürülən təşəbbüsün doğru
olmadığı ortaya çıxardı. Təəssüflər olsun ki, o zamankı
hökumətin bəsirətsizliyi bizim bu fəlakətimizə
səbəb oldu. Əgər mən səltənətdə
olsaydım, bu əlim qətiyyətlə
razılığa gəlməzdi", - deyib.
1920-ci il mart ayının 16-da İstanbul ittifaq
dövlətləri tərəfindən işğal
edildi. Yunanlar İzmirə, italyanlar cənub-qərbə,
fransızlar da cənubi Anadoluya girdilər. Sultan
Vəhdəddin xan 11 may 1920-ci ildə düşmənlərin
hazırladığı və Anadolunun
işğalını ehtiva edən "Sevr müqaviləsi"ni, bütün təzyiqlərə
baxmayaraq, imzalamadı. Osmanlı ordusu
tamamilə ləğv edildi. Mədinə
mühafizi Fəxri paşa, XII Ordu komandanı Əli
İhsan paşa və Müdafiə naziri, mərsinli
Camal paşa kimi dəyərli komandanlar Malatiyaya
sürgün edildilər. Ancaq
sultanı qorumaq üçün yeddi nəfərlik bir
dəstənin qalmasına izn verildi.
İşğal altındakı İstanbuldan Vətənin
azad edilməsinin mümkün olmayacağını
anlayan Sultan Vəhdəddin xan inandığı
komandanları Anadoluya göndərmək istədi. Ancaq onlar: "Dünyaya
qarşı müharibə edilməz. Bu iş müsbət
həll olmaz", - deyərək Anadoluya getməyi rədd
etdilər. Sultan Vəhdəddin xan
qurtuluşun Anadoludan ortaya
çıxacağından əmin idi. Bir ara özü Anadoluya getmək istədi. Fəqət
ingilislər: "Əgər Anadoluya keçsən,
İstanbulu rumlara işğal etdirər, daş
üstündə daş buraxmarıq" - deyərək,
ona mane oldular. Belə olduqda sultan Saraya Mustafa
Kamalı çağırdı və ona: "Paşa! İndiyə qədər dövlətə
çox xidmət etdiniz. Bunları
unudun. İndi görəcəyiniz işlər
hamısından daha mühüm ola
bilər. Siz dövləti qurtara bilərsiniz,"
- dedikdən sonra böyük səlahiyyətlərlə
onu Anadoluya göndərdi.
Sultan Vəhdəddin xan İstanbuldakı
işğal komandanlarını yayındırmaq və
Anadoludakı mücadiləni gözdən uzaq tutmaq məqsədilə
cürbəcür siyasi manevrlər etdi. İngilislər də
türk birliyini parçalamaq üçün
padşahın əleyhinə çalışmaqdan geri
durmadılar, hətta bu iş üçün bir
kampaniya başlatdılar. Onların yeganə
arzusu sultanı gözdən salmaq idi. İngilis
qüvvələri 1922-ci il oktyabr
ayının 17-də cümə günü sultanı
silah gücü ilə Dolmabağça sarayından
Malatyaya gedən hərb gəmisinə mindirdilər. Bu gəmi son Osmanlı sultanını və
İslam xəlifəsini ingilislərin türk
ziyalılarını sürgün etdikləri Malta
adasına apardı. Sultan Vəhdəddin xan
acılar və sıxıntılar içərisində
keçən bir sürgün həyatından sonra
1926-cı il may ayının 16-da
İtaliyada vəfat etdi. Sultanın cənazəsi Şama gətirilərək Sultan Səlim
camisi qəbristanlığına dəfn edildi.
Sultan Vəhdəddin xan çox ağıllı və
zəka sahibi bir insan idi. Sultan Rəşad xan
olmasa idi, II Əbdülhəmid xandan sonra taxta Vəhdəddin
xan çıxsa idi, İttihad və Tərəqqi
hökumətinin xatalarının və baş verən
fəlakətlərin qarşısını ala bilərdi.
O, bu qüdrət və bilgiyə sahib bir insan idi. Onun
dünya malına düşkün olmadığı,
gözəl əxlaqlı və tayı az
görülə biləcək qədər namuslu
olduğu vəsiqələrindən bəlli olur. Sultan
Vəhdəddin xan çox sevdiyi vətənindən
qoparkən yanında şəxsi mal
varlığından başqa bir şey götürmədiyi
taxtdan ayrıldıqdan dörd il
keçmədən vəfat etdiyində qəssaba,
baqqala və çörəkçiyə borclu
olmasından aydın olur.
Sultan Vəhdəddin
xanın vətəninin və millətinin
uğradığı fəlakətlər
qarşısında nələr
düşündüyü və nələr hiss etdiyi
qeydlərə keçmiş bu hadisədən aydın ola bilər: 1919-cu ilin ramazan ayında bir
sabah Ulduz sarayında yanğın çıxır. Qısa bir zamanda böyüyən alovlar
sultanın gecələr qaldığı evi də
bürüyür. O gecəni təsadüfən
köşkündə keçirmiş olan Vəhdəddin
xan yanğın xəbərini aldıqda paltosunu
çiyninə ataraq çölə çıxır. Heç bir təlaş göstərmədən
köşkün önündə yanğını seyr edərkən
ətrafda ağlayanları gördükdə gözləri
yaşarır, "Mənin Vətənim od içərisindədir,
onun yanında bunun nə dəyəri var," - deməkdən
özünü saxlaya bilmir.
Bəli, Osmanlı imperatorluğu türkün
qüdrətini dünya tarixinin səhifələrinə
qeyd etdikdən sonra məğlub olanlar arasında yer
almaq məcburiyyətində qalıb. Beləcə,
I Dünya Müharibəsinin nəticəsində
yaranan vəziyyətə qarşı 1 noyabr 1922-ci ildə
Türkiyə Böyük Millət Məclisi tərəfindən
qəbul edilən bir qərara əsasən səltənətin
ləğv edilməsilə Osmanlı
İmperatorluğu sona çatıb. Beləliklə,
yerini Türkiyə Cumhuriyyətinə verən
Osmanlı İmperatorluğu 623 il boyunca Böyük
Türk Millətinin tarixi və yüksək mədəniyyəti
ilə Türk dünyasının şanlı bir
varlığı olaraq tarixə düşüb.
Tarixçilərin
Osman qazi və qurduğu dövlət haqqında ortaq
fikirləri qısaca belədir:
Türklərin və İslam tarixinin ən möhtəşəm
dövrü osmanlıların əsəridir. Onlar milli və
islami məfkurələrin əsası olan siyasi
istiqrar və sosial ədalətləri sayəsində
üç qitənin ortasında bəşər
tarixinin ən qüdrətli təmsilçiləri
olmuşlar. Osmanlı xanədanı
dünyada heç bir millətə nəsib olmayan, sadəcə
böyük bir dövlət bəxş etmədi, onu milli
və insani çərçivələrdə millətin
qəlbini qazanaraq cahan hakimiyyəti düşüncəsinin
ən sağlam təşkilatı halına gətirdi.
Osmanlı sultanları elmi və elm
adamlarını məmləkətə sahib olmaqdan
üstün tutdular; kamal sahibi elm ərbabını təqdir
edib rəğbət göstərdilər; müharibə
və sülh zamanı müqəddəs dinimizin
bildirdiyi hökmlərə sadiq qalıb gücləndilər;
işlərində alimlərlə istişarə etdilər,
dövlət nizamnaməsini onlara hazırladıb
idari məsuliyyətlərə onları da daxil etdilər. Buna görə
də Osmanlı dövlətində elm adamları
hörmətli mövqelərdə olub.
Osmanlı dövləti qövmlər, dinlər və
məzhəblər arasında sağlam bir ahəng
yaratmaqla, xalq kütlələri arasında heç bir
fərq və təzada yol vermədən dünya
tarixində ən qüdrətli bir varlıq təşkil
edib. Üç qitə, doqquz iqlim, müxtəlif
irq, dil, din, məzhəb fikir və mədəniyyətləri
birləşdirən Osmanlı dövləti XIII əsrdən
XX əsrə qədər nəsilləri idarə edib.
Bu böyük siyasi varlıq, qədim və yeni dövlətlərdən
fərqli olaraq, nə xarici istila təhdidlərinə,
nə də daxildəki müxtəlif irq, din və məzhəb
mənsublarının təşvişinə məruz
qalıb, əsrlər boyu maddi və mənəvi gücünü
insanlıq üçün xərcləyib. Bu
da bir həqiqətdir ki, dünyanın ən
uzunömürlü və ən böyük dövlətlərindən
biri Osmanlı dövləti olub.
Osmanlı dövlətinin qurucusu Osman bəy gəncliyində
könül sultanlarından biri olan Şeyx Edabalinin
söhbətlərinə qatılmaqla mənəviyyatını
yüksəldib. O, Şeyx Edabaliyə qonaq olduğu bir gecə qəribə
bir röya görüb. Görüb ki,
şeyxin böyründən çıxan bir ay onun sinəsinə
girdi, sonra sinəsindən çıxan bir ağac
bütün üfüqü, göy üzünü
bürüdü. Dağların, dərələrin,
meşələrin, şəhərlərin,
çayların, dənizlərin bu ağacın kölgəsi
altında qaldığını və insanların
ondan faydalandığını görüb. Ertəsi
gün Osman bəy röyasını Şeyx Edebaliyə
danışdıqda şeyx çox həyəcan
keçirib və: "Oğul! Haqq-Təala sənə və
sənin övladlarına səltənət verdi. Sən padşah olacaqsan.
Sənin dövlətin bütün
cahanı bürüyəcək, bütün dünya sənin
övladlarının himayəsi altında olacaq, mənim
qızım Mal xatundan sənin nəslin törəyəcək.
Artıq qızım sənə
halaldır"- deyərək, Osman bəyin
röyasını izah edib. Beləliklə,
Osman bəy 1277-ci ildə, on doqquz yaşında ikən
Edebalinin qızı ilə evlənib. Osman qazinin cəsarəti, zəkası, comərdliyi,
İslam dininə olan sədaqəti hər kəs tərəfindən
təqdir edildiyinə görə o, Kayı boyu bəyliyinə
namizəd göstərilib və 1281-ci ildə atası
Ərtoğrul bəy vəfat etdikdə Kayı bəyi
olub.
Altı əsrdən artıq yaşamış bu
dövlətə adını verən Sultan I Osman qazi
1258-ci ildə Söyüdlüdə dünyaya gəlib. Atası
oğuzların Bozok qolunun Kayı boyundan olan
Ərtoğrul bəy, anası Halime xanımdır.
Sultan I Osman qazi islam tərbiyəsilə
yetişdirilib, dövrün adət-ənənəsilə
mükəmməl hərbi təlim alıb. Ərtoğrul
bəyin oğlanlarının ən kiçiyi olan Osman
bəy atasının yaxın dostlarından
qılıncla döyüşməyi, ata minməyi
öyrənib. Onlardan ibrət alaraq gəncliyindən
etibarən döyüşlərə qatılıb zəfərlər
qazanıb, komandanlıq vəsflərini inkişaf
etdirərək güclənib. O zamanlar o bölgədə
çox sayda mücahid, dərviş və hər biri bir
könül sultanı olan şeyx və alimlər var idi. Osman bəy Anadolunu islamlaşdırıb
türkləşdirmə fəaliyyətlərinə
qoşulan bu könül sultanlarından biri olan Şeyx
Edabalinin söhbətlərinə qatılıb mənəviyyatını
yüksəldib, Yenişəhəri mərkəz
halına gətirib. Burada idarə,
iqtisadiyyat və sosial müəssisələrini
qurdurub. Hər bölgənin rəhbərliyinə
inandığı qabiliyyətli və adil komandanlar təyin
edib. Nəticədə, 1299-cu ildə 623 il boyunca davam edən Osmanlı xanədanını
və dövlətini qurub.
Fazil
QARAOĞLU
Bakı xəbər.- 2016.- 13 oktyabr.- S.15