Azərbaycanda
multikulturalizm siyasətinin prinsipləri və azərbaycançılıq...
II yazı
Azərbaycanda mövcud olan multikulturalizim
mühiti, tolerantlıq bütün dünya
üçün nümunədir. Bunu təkcə biz
yox, dünyanın nüfuzlu insanları, hətta aləmə
demokratiya ixrac etdiyini iddia edən dövlətlər
və onların təmsilçiləri də deyir.
Azərbaycanda mövcud olan multikultural
mühit beynəlxalq aləm tərəfindən
alqışlanır.
Azərbaycanda
multikulturalizm siyasəti, onun prinsipləri
haqqında tədqiqat aparan və maraqlı
araşdırmalar təqdim edən Azərbaycan Dövlət
İqtisad Universitetinin iqtisadi məsələlər
üzrə prorektoru, YAP Azərbaycan Dövlət
İqtisad Universiteti ilk ərazi təşkilatının
sədri Mikayıl Zeynalov Azərbaycanda mövcud olan
multikultural atmosfer və onun prinsipləri haqqında
"Respublika" qəzetinə yazdığı məqalədə
bu mövzunu azərbaycançılıq kontekstində
təhlil edib. Alim qeyd edir ki, Avropada baş
verənlərin əksinə olaraq, bu gün Azərbaycan
öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir.
O vurğulayır ki, Azərbaycanın bu sahədəki
təcrübəsi kifayət qədər zəngindir və
qədim tarixə malikdir: "Klassiklərimizin əsərlərində,
şifahi xalq ədəbiyyatında və s. kifayət qədər
multikulturalizm dəyərlərinə dair misallar
tapmaq olar. Alim haqlı olaraq yazır ki, Azərbaycanda
katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi
sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz,
qarşılıqlı hörmət əsasında
tolerantlıq şəraitində fəaliyyət
göstərir: "Təbii ki, bu mühiti dövlətin
apardığı siyasət və xalqın unikal daxili
birgəyaşayış normalarını həyat tərzinə
çevirməsi yaradıb. Tarixən
müxtəlif etno-mədəni qrupların və dini
konfessiyaların birgə yaşadığı məkan
olan ölkəmizdə siyasi multikulturalizmin banisi ulu
öndər Heydər Əliyevdir. Ulu
öndər Heydər Əliyev ikinci dəfə xalqın
dəvəti ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycanı nəinki
vətəndaş müharibəsindən qurtardı,
eyni zamanda ölkəmizdə mövcud olan bütün
milli azlıqları vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdirdi.
Ulu öndərin həyata keçirdiyi bu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə
sahib olması, onu təşviq etməsi aparıcı
beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən
yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə
Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması, praktiki, elmi, təbliğati və təşviqati
istiqamətdə fəaliyyət göstərməsi
xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi tədqiqat
obyektidir, bir çox ölkələrdə öyrənilir
və tədris edilir. Bu istiqamətdə
əməkdaşlığa maraq artır və ilbəil
əlaqələr genişlənir. Azərbaycan
xalqı birgəyaşayış təcrübəsi və
həyat tərzi ilə sübut edir ki, multikulturalizm
yaşayır və onun gələcəyi var. Yalnız
onu qəbul etmək, təbliğatçısı və
təşviqatçısı olmaq lazımdır.
Buna böyük önəm verən cənab İlham
Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki
təcrübəsi aparıcı beynəlxalq təşkilatlar
və beynəlxalq birlik tərəfindən yüksək
qiymətləndirilir: "Bu, multikulturalizmin
yaşadığını, onun gələcəyinin
olmasını sübut edir, sadəcə siyasətçilər,
ictimaiyyətə təsir etmək iqtidarında
olanlar, o cümlədən media nümayəndələri
daha məsuliyyətli olmalıdırlar. Hesab
edirəm ki, bu məsələdə medianın rolu
daha müsbət olmalıdır. Təəssüf
ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma,
qaçqın böhranı və bunlarla bağlı
kadrlar görürük. Bu yanaşma
yalnız təcridolunmaya gətirir. Biz
buna imkan verə bilmərik. Çünki,
qeyd etdiyim kimi, biz bir-birimizə bağlıyıq və
eyni planetdə yaşayırıq. Artıq
şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq
arasındakı məsafə o qədər də
böyük deyil. Yəni məsafə
insanların sığınacaq tapmaq və öz ailələrini
xilas etmək naminə oralara üz tutmağının
qarşısını almır. Odur ki,
multikulturalizmin müsbət nümunələri
üzərində dayanmaqla bu dəyərlərin təşviqi
hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir
ölkə və millət təcrid olunmuş vəziyyətdə
yaşaya bilməz. Biz bir-birimizə
bağlıyıq. Dünya ölkələrinin
mütləq əksəriyyətinin əhalisi
çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik".
Alim
bildirir ki, multikulturalizmin gələcəyinin
olmadığı barədə yanlış fikirlər
məhz demokratiyadan bəhs edən ölkələrin
siyasətçilərindən eşidilir və həmin
ölkələrin KİV-dəki materiallarında
ayrıseçkilik, dini-milli dözümsüzlüyə,
islamafobiyaya yol açan, qaçqınlarla,
miqrantlarla bağlı neqativ və s.
qızışdırıcı fikirlər yer alır. M.Zeynalovun yazdığına görə, bu
cür yanaşma xalqları, dövlətləri
yalnız təcridolunma vəziyyətinə
çatdırır. Bununla da sabitliyin, birgəyaşayışın,
sosial-iqtisadi inkişafın qarşısına
çox böyük təhlükə
çıxmış olur: "Biz bu gün dünyada
baş verən toqquşmaların, müharibələrin,
gərginliklərin əsasında da bu fərqliliklərin
körükləndiyini, istifadə edildiyini aydın
görürük. Dünyada çox dəhşətli
hadisələr baş verir. Yaxın
Şərq, Ön Asiya, Avropa böhran içindədir.
Bəzi ölkələrdə həm
iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi
böhran yaşanır. Bu ölkələrin
rəhbərləri bəyan etdikləri dəyərlərə
sadiq qala bilmir. Azərbaycanda isə
sabitlik, inkişaf, rifah, təhlükəsizlik
mövcuddur. Azərbaycanın bəyan
etdiyi dəyərlər göz qabağındadır.
Milli-mənəvi dəyərlər, azərbaycançılıq,
milli, dini dözümlülük, tolerantlıq
sosial-iqtisadi inkişaf və dövlətin öz
siyasi xəttinə güvənməsi davamlı
inkişafın və uğurların əsas amilləridir.
Dövlət başçısı İlham
Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri
və tolerantlıq Azərbaycan xalqının həyat tərzi,
mənəvi-əxlaqi dəyəri, Azərbaycan
Respublikasının siyasətidir. Təsadüfi deyil ki,
2016-cı il ölkəmizdə
"Multikulturalizm ili" elan edilib. Təhlilçilərin
də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti
tarixi ənənələrə söykənən milli
və dini münasibətlər modeli olmaqla
yanaşı, ilk növbədə mədəni müxtəlifliyin,
xalqların milli-mədəni irsinin qorunması və
inkişafına, onların qarşılıqlı
faydalı inteqrasiyasına yönəldilib. Müxtəlif etnik mədəniyyətlər
arasında ənənəvi birgəyaşayış,
qarşılıqlı hörmət prinsiplərinə
söykənən bu model sivilizasiyalararası və
mədəniyyətlərarası dialoq prosesində
Azərbaycan Respublikasının çox uğurlu
missiyası və töhfəsidir.
Bu gün multikulturalizmin Azərbaycan modeli
dünya xalqları arasında münasibətlərin dərinləşməsinə
istiqamətlənmiş mühüm və müsbət
dəyər kimi geniş və hərtərəfli şəkildə
təşviq edilir. "İnklüziv cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd devizi
altında BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi,
Avropada kəskinləşən miqrasiya böhranı
və cəmiyyətlərdə
dözümsüzlüyün artması mühitində
keçirildi. Dünyanın 140-dan çox
ölkəsinin nümayəndələri planetin
müxtəlif regionlarında etnik və dini zəmində
baş verən qarşıdurma və toqquşmalar kimi
mürəkkəb problemlərin həllinə dair vahid
fikrə gəlmək üçün geniş müzakirələr
apardılar və konstruktiv dialoqun inkişafına
xidmət edəcək təkliflər səsləndirdilər.
Çıxışlarda qaldırılan təşəbbüslər,
tövsiyələr mədəniyyətlər,
sivilizasiyalar arasında əməkdaşlığa, əlaqələrin
güclənməsinə, qarşılıqlı
anlaşmaya öz böyük töhfəsini verdi".
M.Zeynalov qeyd edir ki, Sivilizasiyalar Alyansı
dünyada etimad və anlaşma yaradır və onun
layihələri gənc innovatorları dəstəkləyir,
jurnalistləri resurslarla təmin edir və dialoqu dəstəkləyən
liderlərə hörmət edir.
Alim
bildirir ki, Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər
və sivilizasiyaların bir araya gəldiyi məkan
olduğunu vurğulayan cənab İlham Əliyev qeyd
edib ki, Azərbaycan Şərq və Qərb arasında
yalnız coğrafi körpü deyil, həm də mədəniyyət
körpüsüdür: "Əsrlər boyu müxtəlif
dinlərin və mədəniyyətlərin nümayəndələri
Azərbaycanda sülh şəraitində və ləyaqətlə
yaşayıblar. Dini
dözümlülük və multikulturalizm burada hər
zaman mövcud olmuşdur. "Multikulturalizm"
sözü mövcud olmadığı bir zamanda belə,
həmin ideyalar daim yaşayıb. Bunun
nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli
və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik
qrupların nümayəndələri sülh və əminamanlıq
şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və
biz tariximizlə fəxr edirik. Biz
müxtəlif mədəniyyətləri özündə
əks etdirən tarixi abidələrimizlə fəxr
edirik. Dünyanın ən qədim məscidlərindən
biri Azərbaycanın qədim şəhəri olan
Şamaxıda 743-cü ildə inşa edilmişdir.
Bununla yanaşı, ən qədim kilsələrdən
biri-qədim Qafqaz Albaniyası dövrünə aid
kilsə də məhz Azərbaycanda, daha bir qədim
şəhər olan Şəkinin
yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və
katolik kilsələrinin, habelə sinaqoqların
inşası və təmirinə maliyyə vəsaiti
ayırır. Bu bizim siyasətimiz və
həyat tərzimizdir. Əsrlər
boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi
və sosial vəziyyətə baxmayaraq, bu sərvəti
qoruyub saxlamışdır".
Alimin qeyd etdiyinə görə,
dözümsüzlüyə, ayrıseçkiliyə,
ksenofobiyaya, müxtəlifliyə qarşı olan
qorxuya qalib gəldiyimiz gün bu mübarizədə
uğur əldə edə bilərik. O yazır ki,
zorakılıq tərəfdarları dini dəyərləri
təhrif etməklə yaratdıqları utopiyalarla gənc
nəsillərə təsir göstərir, onları fəlakətə
aparır: "Bunun əvəzində yeni nəsillərə
inancları, ədaləti, bərabərliyi əsas
götürərək həqiqi mesajları ən
doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri
olaraq bunu bacardığımızda dünyanın
hamımızın birlikdə yaşaya biləcəyi
yer olduğu daha yaxşı anlaşılacaq.
Öz çıxışında bu fikirlərə
geniş yer verən Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan bildirib ki, bu istiqamətdə
birlikdə fəaliyyət göstərməyə davam
etməliyik: "Sivilizasiyalar Alyansına onun prinsip
və dəyərlərinə həmişəkindən
daha güclü şəkildə sahib
çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin
çatdığı yerin gündəmi terror təşkilatlarının
müəyyən etdiyi bir sonluğa məhkum
olmayacağına inanıram".
Bakı Forumu tolerantlığın və
qarşılıqlı anlaşmanın təmini
üçün ölkələr və xalqlar arasında əməkdaşlığı,
dostluğu inkişaf etdirməyin zəruru olduğunu
bir daha təsdiqlədi. Dialoq və
mübadilələr müxtəlif
çağırışlara cavab tədbirlərinin
görülməsi üçün çoxtərəfli
münasibətlər sisteminin dərinləşdirilməsinin
mühüm və əhəmiyyətli
olacağını göstərdi. Bu
Forum özünün sülh, davamlı inkişaf hədəflərini
açıq bəyan etdi.
Azərbaycan
Dövlət İqtisad Universiteti də ali
təhsil ocağı kimi gələcək nəsillərə
multikulturalizm və tolerantlıq dəyərlərini
aşılamaq məqsədilə ölkə Prezidenti
cənab İlham Əliyevin prioritet elan etdiyi bu siyasətə
öz dəstəyini verməkdədir. 2016-cı
ildə dövlət başçısının Azərbaycanda
"Multikulturalizm ili" elan olunması haqqında Sərəncamından
sonra UNEC-də bununla bağlı konkret addımlar
atılmaqdadır. Belə ki, bu ildən universitetimizdə
bütün ixtisaslar üzrə tədris planlarına
"Multikulturalizmə giriş" və "Azərbaycan
multikulturalizmi" adlı fənlər daxil edilərək,
tələbə və magistrlərə tədris
olunmaqdadır. Eyni zamanda UNEC-də multikulturalizm və
iqtisadiyyatın qarşılıqlı təsiri ilə
bağlı mütəmadi "dəyirmi masa"lar, konfranslar və müzakirələr də
təşkil olunur. 2016-cı ildən UNEC
milli azlıqların kompakt yaşadığı
iqtisadi rayonların davamlı sosial-iqtisadi
inkişafı məqsədilə "Azərbaycanda
multikulturalizm və sosial-iqtisadi inkişaf"
mövzusunda tədqiqatların aparılması
işində özünün təcrübəli
iqtisadçı-ekspertlərini bu işə cəlb edib.
Bir ölkənin iqtisadi inkişafı onun mədəni
inkişafı ilə düz mütənasibdir. İqtisadi inkişaf xəyali
bir vakumda mədəni inkişafdan kənar mövcud ola bilməz. Bu gün Azərbaycan
iqtisadi göstəricilərinə görə
dünyanın qabaqcıl ölkələri
sırasında öz layiqli yerini tutursa, bu həm də
onun müxtəlif etno-mədəni qrupları
özündə birləşdirməsi və
qoruması siyasətindən də irəli gələn
bir göstəricidir".
Alim
yazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan multikulturalizm modelini dünyaya
çatdırmaq işində öz rəhbər,
professor və tələbə heyəti ilə bundan
sonra da Prezident cənab İlham Əliyevin ətrafında
sıx birləşəcək.
M.Zeynalovun Azərbaycanda multikulturalizmin prinsiplərini
azərbaycançılıq kontekstində dünya
dövlətləri ilə müqayisəli şəkildə
təhlil etməsi maraqlıdır. Azərbaycan
çoxmədəniyyətliliyə dəstək verən,
burada yaşayan bütün xalqların dilinə, mədəniyyətinə,
mənəvi dəyərlərinə böyük
hörmət göstərən və qayğı ilə
yanaşan bir ölkədir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 21 oktyabr.- S.15