XX əsrin əvvəllərində
xalq maarifi hərəkatına dəstək - mətbuat və
azərbaycançılığın vəhdəti...
Azərbaycançılıq ideologiyasına sidq ürəkdən bağlı olan Azərbaycan maarifçiləri, ziyalılar xalqı ağ günə çıxarmaq üçün böyük işlər görüb. Əlbəttə, Azərbaycanda maarifçilik hərəkatının başında duran ziyalılar xalqımıza böyük fayda verib.
XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi hərəkatının başlanması və bu işə ölkə ziyalılarının, fikir adamlarının rəhbərlik etməsi həqiqətən də təqdirəlayiqdir. Bildiyimiz kimi, ölkəmizdə baş verən xalq maarifi hərəkatı bir azərbaycançılıq işi olub və azərbaycançılığın geniş yayılmasına böyük təkan verib.
Tanınmış alim Abuzər Xələfov
"Azərbaycanda kitabxana işinin tarixi"
kitabının I fəslində yazır ki, XX əsrin əvvəllərində
(1901-1920-ci illər) Azərbaycanda xalq maarifi işi
böyük gücə malik olub. Xalq maarifinin, mədəni-maarif
sahəsinin inkişaf tarixini araşdıran alim
yazır ki, o dövrün statistikasına görə,
Qafqaz Tədris Dairəsinin rəsmi məlumatına əsasən,
1915-ci ildə Azərbaycanda məktəbə olan tələbatı
ödəmək üçün 1745 məktəb lazım
idi. Halbuki, cəmi 380 məktəb fəaliyyət
göstərirdi ki, bu da ehtiyac olandan 4,5 dəfə az
idi. O vurğulayır ki, XX əsrin əvvəllərində
fəaliyyət göstərən görkəmli maarif
xadimləri milli dillərdə məktəb
açılması, məktəb yaşlı
bütün azərbaycanlı uşaqların məktəblərə
cəlb edilməsi, milli dillərdə dərs deyə
biləcək kadrların hazırlanması, dərsliklərin,
dərs vəsaitlərinin yaradılması uğrunda
fəal mübarizə apardığından, ciddi təzyiqlərə
məruz qalırdılar: "Xalqımızın
görkəmli, fədakar maarif xadimlərinin
ardıcıl mübarizəsinə baxmayaraq, 1917-ci il
oktyabr çevrilişi ərəfəsində cəmi
23 orta məktəbin olması dediklərimizi bir daha təsdiq
edir. Azərbaycandilli ümumtəhsil məktəblərini
bitirən şagirdlərə təhsillərini davam
etdirmək üçün şərait yox idi. Peşə-texniki
məktəblərin təşkili tamamilə diqqətdən
kənarda qalmışdı. Bakı şəhərinin
neft sənayesində ixtisaslı fəhlələrə
böyük ehtiyacı olduğu halda, Azərbaycan
dilində tədris aparan peşə-texniki məktəblərinin
açılmasına şərait
yaradılmırdı. Azərbaycanda bircə ali məktəb belə yox
idi. Hökumət isə ali məktəblərin təşkili
haqqında ümumiyyətlə fikirləşmirdi...".
O
dövrdə Azərbaycan mətbuatının fəaliyyətinə
nəzər salan alim qeyd edir ki, milli mətbuat olduqca
böyük işlər görüb və bu işlər
xalqın maariflənməsinə, azərbaycançılıq
ruhunda formalaşmasına xidmət edib. Alim
vurğulayır ki, XX əsrin əvvəlləri Azərbaycan
mətbuatının tarixində mühüm mərhələ
təşkil edir: "Bu mərhələ Azərbaycan mətbuatının,
xüsusilə Azərbaycan milli mətbuatının
inkişaf mərhələsi kimi xarakterizə olunur.
1905-1907-ci illər inqilabından qorxuya düşən
çar hökuməti yerlərdə yeni mətbuat
orqanlarının, xüsusilə milli dillərdə qəzet
və jurnalların yaradılması sahəsində
ciddi güzəştlərə getməyə məcbur
olmuşdu. İnqilab cəmiyyətin bütün
ictimai-siyasi həyatına təsir etmiş, yerli əhali
içərisində mədəniyyətin, maarifin, mətbuatın
inkişafına can atan, mütləqiyyət
qarşısında demokratik, mütərəqqi tələblər
irəli sürən, milli mədəniyyətin, xalq
maarifinin ana dilində mətbuatın inkişafı
uğrunda mübarizə aparan qüvvələrin
meydana çıxmasına şərait
yaratmışdı. Belə qüvvələrə
xalqımızın mütərəqqi
ziyalıları, görkəmli maarif, mədəniyyət,
ədəbiyyat, elm, təhsil və ictimai xadimləri rəhbərlik
edirdilər. Xalqımızın istiqlal mübarizəsi
tarixində müstəsna rolu olmuş bu mütərəqqi
insanlar Azərbaycan milli hərəkatının, milli
ideologiyasının, azərbaycançılıq
ideyalarının yaranması və
formalaşmasında böyük xidmətlər
göstərmişlər.
Belə
görkəmli ziyalılardan H.Zərdabini, C.Məmmədquluzadəni,
N.Nərimanovu, Ü.Hacıbəyovu, M.Ə.Sabiri, M.Rəsulzadəni,
Ə.Hüseynzadəni, Ə.Ağayevi, A.Talıbzadəni,
H.Cavidi, Ə.Topçubaşovu, M.F.Axundovu,
Ə.Haqverdiyevi və digərlərini misal göstərmək
olar. XX əsrin əvvəllərində dövri nəşrlərin
yaradılmasında və onların ideya istiqamətinin
müəyyənləşdirilməsində Azərbaycan
ziyalılarının rolu əvəzsizdir. Əgər
XIX əsrin sonlarında Azərbaycan dövri mətbuatın
nəşri sahəsində axırıncı yerlərdən
birini tuturdusa, yəni cəmi beş adda dövri mətbuat
nəşr edilirdisə, bu rəqəm XX əsrin əvvəllərində
xeyli çoxalmışdı. 1903-cü ildə Tiflisdə
Qafqazda yeganə qəzet- "Şərqi-Rus" qəzeti
çıxmağa başlamışdı. Bu qəzetin
təsisçisi Məmmədağa Şahtaxtlı
öz dövrünün təhsilli ziyalılarından
biri olmaqla, tezliklə qəzetin ətrafında
böyük ziyalılar qrupunu toplamağa müvəffəq
olmuşdu. "Şərqi-Rus" qəzetində C.Məmmədquluzadə,
H.Zərdabi, M.Ə.Sabir, A.Səhhət, M.S.Ordubadi,
F.Köçərli, Ömər Faiq Nemanzadə və s.
kimi bir çox məşhur ədib və şairlər
iştirak edirdilər. "Şərqi-Rus" qəzeti
mədəniyyət, ədəbiyyat və dil məsələlərinə
böyük diqqət yetirirdi. 1905-1907-ci illər
inqilabı dövründə Azərbaycanda
böyük inkişaf baş verdi. On bir yeni mətbuat orqanı
meydana gəldi. 1906-cı ildə bütün Şərqdə
və qonşu dövlətlərdə böyük əks-səda
doğuran satirik "Molla Nəsrəddin"
jurnalının nəşri Azərbaycan mətbuatı
tarixində böyük hadisə oldu. Öz ideya
istiqamətini milli azərbaycançılıq
ideologiyasının təbliğinə yönəltmiş
"Molla Nəsrəddin" jurnalı o dövrdə
Şərq ölkələrində və Rusiyada
bütün türkdilli xalqlar tərəfindən ən
çox oxunan jurnal idi. Azərbaycan mətbuatı
tarixində çox mühüm yer tutan bu jurnal XX əsrin
əvvəllərindəki milli mətbuatımızın
demokratik, sivil yolla inkişafı üçün təməl
daşı olmaqla, milli azərbaycançılıq
ideyalarının, maarifçilik ideyalarının
yayılmasında, Azərbaycan ədəbiyyatının,
elminin, incəsənətinin təbliğində
mühüm rol oynayıb. Bu jurnalın Azərbaycan mətbuatı
tarixində ən böyük xidmətlərindən
biri "Molla Nəsrəddin"çilər ədəbi
publisist məktəbinin yaradılması olub. Bu məktəbin
formalaşmasında iştirak edən görkəmli Azərbaycan
ziyalıları milli mətbuatın gələcək
inkişafında olduqca böyük xidmətlər
göstərmişlər. "Molla Nəsrəddin"
jurnalının bilavasitə təsiri altında 1905-1917-ci
illər arasında Azərbaycanda "Bəhlul",
"Tuti", "Zənbur", "Məzəli",
"Babayi-Əmir" adlı satirik jurnallar nəşr
edilməyə başladı. Doğrudur, bu jurnallar
"Molla Nəsrəddin" səviyyəsinə
yüksəlməsələr də,
xalqımızın həyatında olduqca mühüm
rol oynamaqla öz ətraflarında xeyli oxucu kütləsi
toplaya bilmişlər. Həmçinin ölkəmizin
maarif xadimlərinin bilavasitə rəhbərliyi və
köməyi ilə uşaqlar və valideynlər
üçün "Dəbistan", "Rəhbər",
"Məktəb" adlı jurnalların nəşrə
başlaması təqdirəlayiq idi. Belə jurnallar təhsil
sisteminin formalaşması, tədris prosesinin təkmilləşməsi
üçün böyük elmi-metodik əhəmiyyətə
malik idi. XX əsrin əvvəlləri Azərbaycanda
xüsusilə qəzetçiliyin inkişafı, bu
sahədə böyük şəbəkənin
yaranması ilə fərqlənir. 1905-1907-ci illərdə
mətbuat orqanlarının sayı 12-yə
çatmışdı. Çar mütləqiyyəti tərəfindən
həyata keçirilən hər cür təqiblərə,
bürokratik əngəllərə baxmayaraq, 1917-ci ilə
qədər Azərbaycanda 227 dövri mətbuat
orqanı nəşr edilib. 1917-ci ilə qədər nəşr
edilən qəzet və jurnalların 60 faizi 1905-1907-ci
illərin payına düşür. Bu mətbuat
orqanlarından 66 adda, yəni 30 faizinin Azərbaycan
dilində nəşr edilməsi qısa zaman kəsiyində
Azərbaycan ziyalılarının böyük qələbəsi
idi.
Bu
dövrdə Azərbaycan dilində həmçinin
"Şərqi-Rus", "Həyat", "Tərcüman",
"Füyuzat", "İrşad", "Təkamül",
"Dəvət-Qoç", "Yoldaş",
"Bakı həyatı", "Tazə həyat",
"Tərəqqi", "İttifaq", "Həqiqət",
"İqbal", "Yeni iqbal", "Açıq
söz", "Hümmət", "Yeni Füyuzat"
və s. mətbuat orqanları nəşr edilib. XX əsrin
əvvəlləri Azərbaycan mətbuat
orqanlarının həyatında həm də mətbuat
təşkilatçılarının, peşəkar
jurnalistlər nəslinin yetişməsi ilə fərqlənib.
Azərbaycanın qabaqcıl ziyalıları içərisindən
onlarla qəzet və jurnal redaktorlarının
yetişməsi dediklərimizi təsdiq edir. Məhz
belə ziyalıların böyük peşəkarlığı
sayəsində Azərbaycan mətbuatı böyük
inkişaf yolu keçmiş, milli şüurun
formalaşmasında, azərbaycançılıq
ideyalarının təbliğində, ölkədə
demokratiyanın inkişafında, çar
Rusiyasının milli müstəmləkə
zülmünə qarşı mübarizə
aparılmasında böyük rol oynayıb. Belə
redaktorlara misal olaraq M.A Şahtaxtlını ("Şərqi-Rus"),
Ə.Ağayevi ("Həyat", "İrşad",
"Tərəqqi"), Ə.Hüseynzadəni ("Həyat",
"Tərəqqi"), C.Məmmədquluzadəni
("Molla Nəsrəddin"), H.Vəzirovu
("İrşad", "Tazə həyat",
"İttifaq", "Səda", "Sədayi-Vətən",
"Sədayi-Haqq", "Sədayi Qafqaz"), M.Rəsulzadəni
("İrşad", "İqbal", "Yeni
iqbal", "Açıq söz"), Ü.Hacıbəyovu
("Tərəqqi", "Həqiqət", "Yeni
iqbal", "Azərbaycan") və s. göstərmək
olar".
A.Xələfov
qeyd edir ki, XX əsrin əvvəllərində Bakıda
rus dilində 119 adda qəzet və jurnal nəşr edilib
ki, bu da çap edilən dövri mətbuat
orqanlarının 50 faizini təşkil edirdi. Onun
yazdığına görə, o dövrdə rus dilində
"Kaspi", "Baku", "Bakinskiye izvestiya",
"Bakinskiy raboçiy" və s. qəzetlər nəşr
edilirdi. Alim qeyd edir ki, rusdilli mətbuatda Azərbaycanın
iqtisadi, siyasi, mədəni və sosial durumu
haqqında məsələlər qaldırılır,
ölkədə bütün sahələrdə olan
gerilik tənqid edilir, Azərbaycan xalqının
tarixi, mədəniyyəti, mənəvi ənənələri
haqqında məqalələr dərc edilirdi. A.Xələfovun
yazdığına görə, Azərbaycanda və
Rusiyanın digər şəhərlərində dərc
edilən rusdilli mətbuat orqanlarında milli mətbuat
xadimlərimizdən H.Zərdabinin, Ə.Ağayevin,
Ə.Hüseynzadənin, E.Sultanovun,
M.Şahtaxtlının, Ü.Hacıbəyovun
çıxış etməsi xalqımızın elm, mədəniyyət
və mənəvi ənənələrinin təbliğində
böyük rol oynayırdı.
"XX əsrin
əvvəllərində ölkəmizdə nəşr
edilən iri mətbuat orqanlarını azərbaycanlı
sahibkarlar maliyyələşdirirdilər. Bu sahədə
xalqımızın görkəmli xeyriyyəçi
oğlu H.Z.Tağıyevin xüsusi rolu təqdirəlayiq
olub. "Kaspi", "Həyat", "Açıq
söz" qəzetləri və "Füyuzat"
jurnalı onun vəsaiti hesabına nəşr edilirdi.
Beləliklə, milli mətbuat tarixində xüsusi mərhələ
təşkil edən XX əsrin əvvəllərində
hər cür çətinliklərə, təqiblərə
baxmayaraq, 1917-ci ilin fevralına qədər Azərbaycanda
227 dövri mətbuat orqanı nəşr edilib ki,
onlardan 30 faizi, yəni 66 adda Azərbaycan dilində, 50
faizi, yəni 119 adda isə rus dilində olub" - deyə
yazan A.Xələfov vurğulayır ki, məhz bu illərdə
görkəmli Azərbaycan ziyalılarının milli
mətbuatın yaranmasında, təşkilində və
formalaşmasında iştirakı onun məzmunca
inkişaf edib təkmilləşməsinə, cəmiyyət
həyatının bütün sahələrində həlledici
mövqe tutmasına, milli şüurun
formalaşmasında mühüm rol oynamasına səbəb
olub.
XX əsrin
əvvəllərində Azərbaycanda böyük xalq
maarifi hərəkatı güclənir, mətbuat
inkişaf edirdi. Xalq maarifi hərəkatına
bugünkü nəzərlərlə baxdıqda onu
mükəmməl bir azərbaycançılıq hərəkatı
adlandırmaq olar. Bu işin başında Azərbaycanın
görkəmli ziyalıları və onların
gördüyü xoş əməllər
dayanırdı...
İradə
SARIYEVA
Bakı xəbər.-
2016.- 26 oktyabr.- S.15