Hüseyn Cavid irsində
türkçülük azərbaycançılığın
ayrılmaz tərkib və ifadə forması kimi...
II yazı
Azərbaycan ədəbiyyatının, fəlsəfi fikir tarixinin qüdrətli simalarından olan dahi şair-dramaturq Hüseyn Cavid öz yaradıcılığında türkçülüyün və azərbaycançılığın vəhdətini yaradan şəxsiyyət kimi tarixə düşüb. Hüseyn Cavid irsi bu gün geniş səviyyədə öyrədilir, təbliğ edilir. Gizlin deyil ki, Hüseyn Cavid irsinə ən böyük dəyəri Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev verib.
Filologiya üzrə fəlsəfə
doktoru Salatın Əhmədli yazır ki, dünya
romantizminin görkəmli nümayəndəsi, Azərbaycan
ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Cavid həmişə
ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində
olub: "1982-ci ildə H.Cavidin cənazəsini uzaq
Sibirdən gətirməsi və doğma
Naxçıvan torpağında dəfn
etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu
möhtəşəm məqbərənin tikilməsi
ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı,
misilsiz rəşadəti, təkcə Cavidə
deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai
fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə
Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin
yaradılmasına həsr edilmiş müşavirədə
deyirdi: "Bilirsiniz ki, Hüseyn Cavidin həyatı,
yaradıcılığı Azərbaycan
üçün nə qədər dəyərli, əhəmiyyətli
olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim
üçün nə qədər əhəmiyyətli və
gərəklidir. Eyni zamanda, onun həyatı faciəli
olubdur. Ancaq bu faciəli dövrlər onun
yaradıcılığını Azərbaycan
xalqının qəlbindən çıxara bilməyib,
yaşadıbdır".
Həqiqətən
də H.Cavid 1937-1957-ci illərdə - siyasi bəraət
alana qədər təqribən 20 il Azərbaycan
xalqının qəlbində yaşadı. İ.V.Stalinin vəfatından sonra (5 mart 1953) və
Sov.İKP-nin XX qurultayında (1956) şəxsiyyətə
pərəstişin və onun nəticələrinin ləğv
edilməsi haqqında qərardan sonra H.Cavidin zəngin
və möhtəşəm
yaradıcılığı ədəbi-nəzəri
fikrin diqqət mərkəzinə keçdi".
S.Əhmədli yazır ki, 1960-cı ildə akademik
Məmməd Cəfərin "Hüseyn Cavid"
monoqrafiyası ilə H.Cavid
yaradıcılığının tədqiqinin ikinci
mərhələsi başlandı. Birinci mərhələ
(1920-1937) ədibin həbsi ilə başa
çatmış, daha doğrusu, yarımçıq
qalmışdı: "Heydər Əliyevin həmin
çıxışında tənqidi bir məqam da var:
"Biz 1981-ci ildə Hüseyn Cavidin anadan
olmasının 100 illiyi haqqında qərar qəbul
etdik. Bundan sonra bir çox işlər
görüldü. Ancaq təəssüf
ki, o vaxt qəbul olunan qərarda nəzərdə
tutulmuş tədbirlərin bəziləri indiyədək
həyata keçirilməyib". Heydər
Əliyev 1981-ci il qərarına
böyük önəm verir, fəqət, onun vaxtında həyata
keçirilməməsinə dönə-dönə təəssüfünü
bildirirdi. Ümumən o bütün fəaliyyətində
ardıcıl şəxsiyyət idi,
başladığı işi, verdiyi qərarı
mütləq axıra çatdırırdı. Ulu
öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda
Hüseyn Cavidin məqbərəsinin
açılışındakı nitqində deyib:
"Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl
qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu
münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi
Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir.
Naxçıvanda böyük memarlıq,
milli-mədəni abidələrimiz var. Bu abidə də
həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mömünə Xatun" abidəsi
kimi bu abidə də əsrlər boyu yaşayacaqdır.
Güman edirəm ki, gələcək nəsillər
bu günü xatırlayacaq və bu abidəni
yaradanları unutmayacaqdır".
Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini
əzmlə təsdiq etdi. Bu gün
Naxçıvanda Cavid məqbərəsi xalqın
müqəddəs ziyarətgahına çevrilib,
xalqımız onu yaradanları dualar və təhsinlərlə
yad edir. H.Cavid məqbərəsi həm
də ulu Naxçıvanın memarlıq bəzəyi
kimi tarixə daxil olub".
S.Əhmədlinin
qeyd etdiyinə görə, Heydər Əliyevin XX əsr
Azərbaycan romantizminin görkəmli siması,
romantik şair və filosof H.Cavid haqqındakı
fikirləri müasir cavidşünaslığın
metodoloji əsaslarını müəyyən edir:
"Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişaf etməsində
misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini,
ədəbiyyatını, elmini yüksəklərə
qaldıran böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin
yaratdığı əsərlər Azərbaycan
xalqının milli sərvətidir. Onlar
bu gün üçün, gələcək nəsillər
üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün
yaradıcılığı, bütün fəaliyyəti
Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan,
xalqımızı azad, müstəqil xalq etməkdən
ibarət olubdur. Onun bütün
yaradıcılığı Azərbaycan
xalqını milli azadlığa, müstəqilliyə
çatdırıbdır. O həmişə öz
iradəsi ilə yaşamış, öz iradəsinə,
millətinə sadiq olmuşdur, millətini,
xalqını həddindən artıq sevmiş və
millətinə həddindən artıq xidmət edən
bir insan olmuşdur".
Alim
yazır ki, göründüyü kimi, H.Cavidin ədəbi-tarixi
mövqeyinə verilən bu konseptual dəyərdə
böyük romantik şair və filosofun
yaradıcılığına xas bir neçə cəhət
öz ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi
ucaldır; yaratdığı əsərlər milli sərvətimizdir;
əsərləri bu günün və gələcəyin
dərs kitabıdır; ideyaları azadlıq və
müstəqilliyə xidmət edir; o, böyük
yaradıcılıq iradəsi nümayiş
etdirmiş, millətinə sadiq olmuş, onu sevmiş və
hədsiz xidmət göstərmişdir: "Bütün
bunlar romantik şair və filosof kimi Hüseyn Cavidin
şəxsiyyətini ucaldan, onun
yaradıcılığının milli-tarixi və bədii-fəlsəfi
əhəmiyyətini əks etdirən cəhətlərdir.
Heydər Əliyevin bu fikirləri H.Cavid
yaradıcılığına dərindən nüfuz
etməyə imkan verir. Hər şeydən
öncə, H.Cavid həyatda olanı yox, həyatda
olmalını tərənnüm edən romantik şair
idi. O, XX əsrin Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət,
A.Şaiq, Divanbəyoğlu və s. kimi söz və
fikir adamları ilə birlikdə bir ədəbi-nəzəri
cərəyan kimi Azərbaycan ədəbiyyatında
romantizmi formalaşdırmağa nail oldu".
"Mən, fəqət, hüsni-xuda şairiyəm.
Yerə
enməm də səma şairiyəm"
- deyən H.Cavid yer həqiqətlərindən
çox-çox yüksəkdə dayandı. Romantik
pafos, xəyalın hüdudsuz uçuşu, mütləq
həqiqətə çatmağa dönməz cəhd
onun ədəbi-bədii məramını səciyyələndirən
başlıca cəhətlərdir.
Müəllif yazır ki, Cavid yüksəkdə
dururdu. Onun yazdığına görə,
çünki hələ 1909-cu ildə 27 yaşında ikən
o, "Cavid" ədəbi təxəllüsünü
qəbul edərkən, özünün kimliyini aydın
dərk etmişdi.
Akademik
Məmməd Cəfər "Hüseyn Cavid" (1960)
monoqrafiyasında bu barədə yazırdı:
"H.Cavid Azərbaycan ədəbiyyatı tarixində
xüsusi mövqeyi olan qüdrətli söz
ustalarından biridir. Onun sənəti məzmunca
yüksək olduğu kimi, bədii forma cəhətindən
də zəngin, əlvandır. Novator lirik
şeirlər, liro-epik, epik poemalar yazmaqla
yanaşı, Cavid Azərbaycan sənətinə faciə
və dramlardan ibarət on beş əsər
verib. Cavid dramaturgiyası, sözün həqiqi
mənasında, xarakterlər dramaturgiyasıdır.
Bu baxımdan onun dram sənətkarlığını
ancaq dünyanın ən böyük dramaturqları ilə
müqayisə etmək olar".
S.Əhmədli qeyd edir ki, H.Cavidin həm
poeziyası, həm də dramaturgiyası ideya fəlsəfəsi
baxımdan təhlil olunsa da, poetika cəhətdən dərindən
araşdırılmayıb. Halbuki, əksər əsərlərini
mənzum dram formasında yazmış, ədəbiyyatımızda
mənzum dram janrının banisi səlahiyyətini
qazanıb. Bəzi istisnalarla demək olar ki,
H.Cavidin şeir və dram əsərlərinin
poetikası, onun poetik konstruksiyaları lazımi dərəcədə
tədqiq olunmayıb: "Hüseyn Cavidin poetikası,
onun bədii sirlərini monoqrafik miqyasda açan tədqiqat
əsəri hələ
yazılmayıb. Bu baxımdan H.Cavid Füzulidən
üzü bəri orta əsrlər Azərbaycan ədəbiyyatının
poetik qaynaqlarını öz
yaradıcılığında əks etdirən,
xüsusilə əruz ehkamlarına yenidən can verən
qüdrətli söz ustasıdır.
Həqiqətən də "O elə bir "sübh
şəfəqi" idi ki, işığı əsrlərin
süzgəcindən süzülüb gəlir və həmişə
də öz ilkin ehtirası ilə, ilkin şövqü
ilə parıldayır. Əsrlər
bir-birini əvəz edir, o İşıq isə həmişə
İstedadı özünə çəkir. Çünki o İşığı da
İstedadı alovlandırırdı" (Xalq
yazıçısı, professor Elçin). Bütünlükdə 37-nin repressiyaları,
totalitar sovet rejimi Cavidin işığını,
ehtirasını söndürə bilmədi. Çünki bu işıq İstedaddan, bu
istedad isə Tanrıdan gələn ruh idi. Yer allahlarının bu işığı
söndürməyə gücü çatmazdı.
Elə məhz bu işığın sayəsində
də "H.Cavid hər zaman təzədir. Bu təzəliyin başlıca mənbəyi
şairin tərənnüm etdiyi fikirlərin dərinlik
və vüsətində, toxunduğu mövzuların
böyüklük və siqlətində, təbliğ
etdiyi və əsaslandırdığı
demokratik-humanist ideyaların
parlaqlığındadır" (Məsud
Əlioğlu).
Həqiqətən də H.Cavid
yaradıcılığında bir dənə də
olsun adi, məişət səviyyəsinə enən,
dövrün ötəri tələbindən doğan
konyuktur fikir və mülahizə yoxdur. Cavidin
bütün fikirləri ümummillidir, ümumbəşəridir.
Çünki o yerə
yaşadığı mənzildən, oturduğu
kreslodan deyil, səmalardan - Tanrı ünvanından nəzər
salmağı bacaran müdrik filosof, qüdrətli
şair idi. Böyük sənət hamisi Heydər
Əliyevin sözləri ilə desək: "H.Cavid bizim
üçün, doğrudan da, əzizdir. O, tariximizdə
böyük bir şəxsiyyətdir və böyük
bir irs qoyub. Xalqımız,
tariximiz nə qədər yaşayacaqsa, H.Cavidin irsi də
o qədər yaşayacaq və xalqımız ondan
istifadə edəcək". Belə əbədiyaşarlığı
hər şeydən öncə H.Cavid özü
qazanıb. Heydər Əliyevin H.Cavid
uğrunda mübarizəsi isə ulu öndərin bizim
klassik bədii irsimizə, mədəniyyətimizə
qayğıkeşliyinin, böyük sevgisinin parlaq
ifadəsi, tarixi bir səhifəsidir".
S.Əhmədlinin bildirdiyinə görə,
H.Cavidin sənəti sadə deyil, mürəkkəb bir
irsdir. O,
Şərq ədəbiyyatı ənənələrinə
uyğun simvollarla zəngindir. Alimin
yazdığına görə, onun
yaradıcılığını adi, məlum, ənənəvi
sözlərlə səciyyələndirmək çətindir.
Hər şeydən öncə, H.Cavidin
"Şeyx Sənan" faciəsinin sufizmlə
bağlılığını açmaq lazım gəlir.
Dünya demonik ədəbiyyatını
bilmədən "İblis" əsərinin ədəbi-tarixi
mənasını izah etmək olmaz. S.Əhmədlinin
fikrincə, "Uçurum" tələb edir ki, XX əsrin
önlərində Türkiyə-Avropa təmaslarının
tarixi səbəblərini biləsən. Yaxud,
möhtəşəm "Peyğəmbər"i dərk
və izah etmək üçün ən azı islam
tarixini bilmək gərəkdir: "Qədim türk
fütuhlarının tarixindən bixəbər olsan
"Topal Teymur" dramını başa düşə
bilməzsən. "Xəyyam" həm
şair, həm riyaziyyatçı, həm də filosof
Ömər Xəyyamın kimliyini bilənlər
üçün maraqlı və dəyərli əsərdir.
Beləliklə, Heydər Əliyev
bütün bunlara yüksək dərəcədə
aşina idi və elə buna görə də o, H.Cavidin ədəbi-tarixi
dəyərini hamıdan doğru təyin edirdi.
Ulu
öndərin belə bir məşhur fikri var: "Bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan
ibarətdir ki, şairlərimiz,
yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə
daim milli hissiyyatları oyatmağa
çalışmışlar. Milli
özünüdərk, milli oyanış, dirçəliş
prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan
keçir". XX əsrdə Azərbaycanda
milli-mənəvi özünüdərkin, ulu türk əslinə
qayıdışın başında duranlardan biri, bəlkə
də birincisi H.Cavid olub. XX əsrin
önlərində milli intibahın başında
dayanan Ü.Hacıbəyov, Ə.Hüseynzadə, Mirzə
Cəlil, M.Ə.Sabir, H.Cavid və C.Cabbarlı Azərbaycanın
adını və şöhrətini dünyaya
tanıtdılar. Bu sənətkarların
irsi milli-tarixi çərçivələrdən
çıxıb dünya səviyyəsinə yüksəldi.
Dünya romantizmini və dünya
realizmini bu sənətkarların irsi olmadan
bütöv halda təsəvvür etmək mümkün
deyil.
Heydər
Əliyev ədəbiyyat və incəsənətin
tarixi, fəlsəfi mahiyyəti ilə bərabər,
poetik novatorluğuna da xüsusi önəm verirdi:
"Ədəbiyyatımızın, incəsənətimizin,
mədəniyyətimizin ən böyük və fərqləndirici
xüsusiyyətlərindən biri də odur ki,
zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə
yeni yollar, yeni cığırlar açırlar, yeni
formalar meydana gətirirlər". Beləliklə,
ulu öndər yaradıcılıq psixologiyasına,
forma və üslub axtarışlarına önəm
verirdi ki, H.Cavid yaradıcılığı bu baxımdan
nümunə idi. H.Cavid Şərq
şeirinin ən yaxşı poetik ənənələrini,
Füzuli sənətkarlığına xas cəhətləri,
Türkiyə romantiklərinin novator xüsusiyyətlərini
inkişaf etdirərək yeni forma və fərdi
üslub yaradırdı. H.Cavid min ildən
artıq tarixi və sənət yaratmaq təcrübəsi
olan əruz vəzninə yeni elementlər gətirdi, demək
olar ki, əruzun özünəməxsus poetik
fiqurlarını yaratdı. Ulu
öndərin dəyər verdiyi cəhətlərdən
biri də məhz bu idi. Ə.Hüseynzadə
Azərbaycan romantizminin estetikasını, H.Cavid isə
poetikasını yaratdı".
Müəllif yazır ki, H.Əliyev H.Cavid
irsinin ölməzliyinə böyük inam bəsləyirdi:
"Vaxt var idi, H.Cavidi həbs etdilər və onun
bütün əsərlərini qadağan etdilər.
H.Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən
sonra onu millətçi, pantürkist, antisovet adam
adlandırırdılar. Amma H.Cavidin əsərləri yaşadı...". Belə əbədiyaşarlılıq
hər şeydən öncə H.Cavidin böyük
istedadı, sənətkarlığı, öz
xalqına mənən bağlılığı və
heç şübhəsiz ki, ümumbəşəri bədii
təfəkkür səviyyəsi ilə bağlı idi.
Cavidşünasların belə bir fikri ilə
razılaşmalıyıq ki, həqiqətən də
"Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən,
orijinal bir yaradıcılıq yolu keçmiş və
özündən sonra ölməz əsərlər qoyub
getmiş söz ustadlarından biridir.
"Şeyx Sənan", "İblis", "Topal
Teymur", "Peyğəmbər", "Xəyyam",
"Səyavuş" kimi dramları, "Azər"
poeması, bütöv bir silsilə lirik-fəlsəfi
şeirləri ilə H.Cavid öz adını Azərbaycan
ədəbiyyatının qızıl səhifələrinə
əbədi həkk edib. Öz dahiyanə əsərləri
ilə H.Cavid Azərbaycan dramaturgiyasını istər
mövzu, istər xarakter və obrazlar qalereyası,
istərsə də xronotop baxımından olduqca zənginləşdirmiş,
dramaturgiyamızı dar lokal məkandan
çıxararaq qlobal məkana salmış, ümumbəşəri
ideyaların təbliği ilə dünya səviyyəsinə
qaldırıb..." (G.Babaxanova, T.Kərimli).
S.Əhmədli qeyd edir ki, H.Cavidin irsi bizim milli-bədii
sərvətimizdir. Onun faciəli taleyi Heydər
Əliyevin böyük qəhrəmanlığı sayəsində
ibrətli bir sonluqla nəticələndi. Bu gün Naxçıvanda Cavidlər məqbərəsi
əzəmətlə ucalır".
H.Cavid xalqımızın ürəyində əbədi
yaşayan şəxsiyyətdir. O, azərbaycançılıqla
türkçülüyün vəhdətini tərənnüm
edib. Onun təbliğ etdiyi vəhdət nəsillər
yetişdirib.
İradə
SARIYEVA.
Bakı xəbər.- 2016.- 28 oktyabr.- S.15