Muğam sənəti ilə
azərbaycançılğın vəhdəti...
I yazı
Azərbaycançılığın bizə verdiyi töhfə, bizim azərbaycançılığa göstərdiyimiz xidmət zamanla özünün yüksək həddinə çatacaq. Azərbaycançılıq ideologiyası deyəndə bu ancaq bir-iki tezislə, baxış bucağı ilə məhdudlaşmır. Bu böyük coğrafiyanı əhatə edən humanist bir ideologiyadır. Azərbaycançılığı minillər, yüzillər boyu yaşadan, təbliğ edən, nəsillərdən- nəsillərə ötürən xalq musiqisi bu sahədə böyük rola malikdir. Musiqi tariximizi, aşıq sənəti və muğam sənəti səhifələrini araşdıranda burada azərbaycançılığın, onun daşıdığı xəlqi prinsiplərin şahidi oluruq. Azərbaycançılıq dünyaya sirayət edən bir ideologiyadır və dünyada 50 milyondan artıq insan bu ideologiyaya xidmət edir.
Azərbaycan muğamı bu gün dünyada çox məşhurdur, sevilir, geniş səviyyədə təbliğ, təşviq edilir.
Vaxtilə Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev deyirdi: "Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir".
Ekspertlər qeyd edir ki, qüdrətli söz, həqiqi poeziya, sözün fəlsəfi dərinliyi, şeirin heyrətləndirmək gücü Azərbaycan muğamı ilə vəhdətdə olmaqla onu daha da rövnəqləndirib. Əsrlər boyu ustad xanəndələr söz üzərində sərraf kimi düşünərək onun məna gözəlliyinə və axıcılığına xüsusi diqqət yetirmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əliağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər", "Humayun", eləcə də "Şahnaz", "Mahur-hindi", "Rahab", "Heyratı", "Arazbarı", "Simayi-şəms", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" və başqa muğamlar tükənməz söz-sənət çeşnəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirib.
Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoyub. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərib. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun sərhədsiz imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmirovun "Şur", "Gülüstani-bayatı-şiraz", Niyazinin "Rast", Süleyman Ələsgərovun "Bayatı-şiraz" simfonik muğamları, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkələrində dinləyiciləri valeh edib.
Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar.
1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" seriyasına "Azərbaycan musiqisi plastinkası" da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları "Musiqi mənbələri" seriyasında buraxılıb.
Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 2002-ci ilin noyabr ayında UNESCO tərəfindən muğam sənəti "Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı"na daxil edilib. Ulu öndərin 2003-cü il 16 may tarixində imzaladığı "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınıb. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənib. Bütün bunlar sonrakı illərdə zəngin muğam sənətimizin inkişafı və tanıdılması baxımından dəyərli ənənənin əsasını qoyub.
Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Onun qorunub saxlanmasına və təbliğinə xüsusi diqqət göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı deyib: "Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir".
Məlumdur ki, muğam sənətinin
qorunub saxlanması və tanıdılması istiqamətində
Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən silsilə tədbirlər müstəsna
rol oynayır. Son illər ölkəmizdə
bir sıra irimiqyaslı layihələr həyata
keçirilib, muğam müsabiqələri təşkil
olunub, "Qarabağ xanəndələri" albomu
buraxılıb, "Muğam" jurnalı,
"Muğam ensiklopediyası" nəşr edilib. Muğama
dair ilk tədris vəsaiti kimi 8 diskdən ibarət
"Azərbaycan muğamı" multimedia toplusu
hazırlanıb. Azərbaycanda 2009-cu ildən
başlayaraq iki ildən bir Beynəlxalq Muğam
Festivalı və bu festival çərçivəsində
Beynəlxalq "Muğam aləmi" simpoziumu
keçirilir.
Naxçıvan Muxtar Respublikasında da muğam
sənətinin yaşadılması istiqamətində
ardıcıl tədbirlər görülür.
Naxçıvan
Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin yaydığı xəbərə görə,
Naxçıvan MR Ali Məclisi sədrinin
"Naxçıvan Muxtar Respublikasında xalq
yaradıcılığı günlərinin
keçirilməsi haqqında" 2009-cu il 7 fevral
tarixli sərəncamına əsasən, keçirilən
xalq yaradıcılığı günlərində zəngin
folklor nümunələri ilə yanaşı,
muğamlarımız da gənc nəslə
aşılanıb. Nazirliyin press-relizində
qeyd edilir ki, 2012-ci ilin Muxtar Respublikamızda "Milli dəyərlər
ili" elan olunması isə muğam musiqisi sahəsində
yaddaqalan tədbirlərlə əlamətdar olub.
Həmin il keçirilən "Milli dəyərlərimiz
- milli sərvətimiz" folklor və muğam
müsabiqəsi ictimaiyyət tərəfindən
maraqla qarşılanıb. 2013-cü ildə ölkəmizdə
keçirilən "Muğam müsabiqəsi-2013"
televiziya müsabiqəsinin bir mərhələsi
Naxçıvanda keçirilib, müsabiqənin
münsiflər heyətinin üzvləri,
tanınmış muğam ustadları Naxçıvan
Dövlət Universitetində olmuş və ustad dərsləri
keçmişlər. Muxtar Respublikada son
illər xalq musiqimizin, muğamlarımızın nota
köçürülməsi ilə bağlı
görülən işlər də bu sahəyə
göstərilən diqqət və qayğının
ifadəsidir. Bu gün
Naxçıvanda muğam sənətinin öyrənilməsi,
təbliği və tədrisi sahəsində
mühüm işlər həyata keçirilir.
Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində
muğam dərsləri tədris olunur, gənc muğam
ifaçıları yetişdirilir. Naxçıvan
Muxtar Respublikasında fəaliyyət göstərən
muğam ustadları Azərbaycan Respublikasının
və Naxçıvan Muxtar Respublikasının fəxri
adlarına, Prezident təqaüdü və
mükafatlarına layiq görülmüşlər.
Musiqimizi və muğamlarımızı
yaşadan sənətkarlarımızın yubileylərinin
qeyd olunması da gözəl ənənəyə
çevrilib.
Tarixdən bəllidir ki, muğam sənəti Azərbaycanın
professional musiqi mədəniyyətinin şifahi
irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan
xalqının mədəni ənənələrində
və tarixində dərin köklərə malikdir. Bu mədəni
ənənənin Azərbaycanda köklərinin
olması ölkədə onun
daşıyıcılarının sayı, eləcə
də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının,
heykəltəraşlarının və şairlərinin
tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə
mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan
muğamını İran dəstgahları, özbək-tacik
şaşmakomları, uyğur mukamları, hind raqaları,
ərəb nubaları, türk təqsimləri ilə
qohumlaşdırır və bütün bunlar Şərq
musiqisinin ümumi-bədii ənənələrini təşkil
edir. Bununla yanaşı, muğam sənəti
azərbaycanlılar tərəfindən milli
özünüdərk və özünü eyniləşdirmənin
əsasını təşkil edən başlıca mədəni
dəyərlərdən biri kimi qavranılır. Tədqiqatçılar yazır ki, bu sənət
Azərbaycan ərazisində yaşayan talışlar,
dağlı yəhudilər, ermənilər, ləzgilər,
gürcülər, avarlar kimi etnik qruplar arasında da
populyardır.
Tədqiqatçılar qeyd edir ki, həm milli mədəniyyət
üçün, həm də bütün bəşəriyyətin
mədəniyyəti üçün Azərbaycan
muğamının bədii dəyəri, onun yüksək
mənalılığının 2003-cü ildə
UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən
etiraf olunması bizim nailiyyətimiz, azərbaycançılığın
uğurudur.
Alimlər yazır ki, Azərbaycan musiqisində
"muğam" termini eyni zamanda lad, melodiya və janr
kateqoriyalarını bildirir. Bu termin lad mənasında azı
yeddi yüzildir
mövcuddur. Yazılanlara görə, XIV
yüzildə yaşamış görkəmli Azərbaycan
musiqi nəzəriyyəçisi, ifaçısı və
bəstəkarı olan Əbdülqadir Marağainin
risaləsində o, orta əsrlərdə Yaxın və
Orta Şərq musiqisində geniş yayılmış
12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast,
İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi,
Hüseyni və Hicaz) münasibətdə tətbiq
edilir. Məlumatlara görə, hazırda Azərbaycan
musiqisində təkcə yeddi əsas ladı (Rast,
Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun,
Şüştər) deyil, həm də çoxsaylı
tonal variantları (Mahur, Dügah, Bayatı-Qacar, Xaric
Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və
s.) da muğam adlandırırlar. Muğam
termini geniş mənada, eləcə də
başlıca ladların şöbələrinə də
aid edilməklə, onları da ümumilikdə lad kimi əks
etdirir.
Tədqiqatçılar vurğulayır ki, Azərbaycanın
çağdaş musiqi məişətində habelə
sərbəst vəznli melodiyaları da
"muğam" adlandırırlar. Hərçənd ənənəvi
muğam repertuarı müxtəlif tipləri - müəyyən
vəzni olmayan improvizasiya xarakterli melodiyaları
("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar
("bəhrli hava") və qarışıq vəznli
melodiyaları ("qarışıq bəhrli hava")
özündə birləşdirsə də,
musiqiçidən muğam ifa etməsi xahiş
olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə
tutulur. Geniş yayılmış fikrə
görə, muğamın melodik üslubu öz kökləri
ilə Quranın ənənəvi oxunuşuna gedir,
lakin bəzi alimlər bunun mənşəyini
Avestanın himn ənənələrində
görür. Bu iki nöqteyi-nəzər
muğam melodik üslubunun mənşəyini müəyyən
etməkdə haçalansa da, öz mənşəyinə
görə sakral təzahür kimi qiymətləndirmədə
üst-üstə düşür.
Muğam Azərbaycanın ənənəvi
musiqisinin ən iri janrının ümumi adıdır,
muğam formalarının bütün növlərinə
şamil olunur, hərçənd onlardan hər birinin
öz ayrıca adı mövcuddur. Bu janrı təmsil
edən başlıca musiqi formaları - dəstgah
(vokal-instrumental və ya sırf instrumental növlər),
muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal
növləri) və zərbi-muğamdır.
Tədqiqatçılar yazır ki, Azərbaycan
musiqisində mövcud olan bütün muğam
formaları arasında öz miqyasına və bədii
ideyasına görə ən böyüyü dəstgahdır.
Yazılanlara
görə, vokal-instrumental dəstgahlar (dəstgahın ən
erkən növü) Azərbaycanda XIX yüzildə əsasən
Şuşa, Şamaxı, Bakı, Gəncə,
Lənkəran, Şəki şəhərlərində
geniş yayılıb. Dəstgahlar
özünün ilk elmi təsvirini Azərbaycan alimi Mir
Möhsün Nəvvab Qarabağinin "Vüzuh ül-ərqam"
(1884) risaləsində tapıb. Buna
baxmayaraq, dəstgahlar XX yüzilin 20-ci illərinədək
sabit forma prinsiplərinə malik olmamışlar.
Eyni bir dəstgah Qarabağ, Bakı və
Şamaxı muğam ifaçılığı məktəbinin
versiyalarında fərqli şəkillərdə ifa
oluna bilərdi.
Yazılanlara görə, 1922-ci ildə
muğamın tədrisi Bakıda açılmış
ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs
proqramına daxil edilib. Tədris
proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının
strukturunda xeyli islahatlara və ənənəvi məhəlli
məktəblərin nisbi unifikasiyasına gətirib
çıxardı. Üzeyir Hacıbəyovun
(1885-1948) göstərişinə əsasən, o
vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə
Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Əhməd xan
Bakıxanov, Arsen Yaramışev, Seyid Şuşinski,
Zülfi Adıgözəlov) dəstgahların ixtisar
edilmiş tədris versiyalarını işləyib
hazırladılar. Keçən əsrin
20-ci və 30-cu illərində tədris versiyaları ilə
yanaşı olaraq, böyük sənətkarların -
o vaxtın ustadlarının genişləndirilmiş
versiyaları da mövcudluğunu davam etdirirdi. Lakin sonralar ixtisar edilmiş versiyaların
ifası konsert təcrübəsində, radio
çıxışlarda, qrammofon yazılarında da
mövqeyini möhkəmlətməyə
başladı. Muğamşünaslar yazır ki, XX
yüzilin birinci onilliklərində Azərbaycan dəstgahlarının
tərkibində ifa olunan bir çox melodiyalar 60-70-ci
illərdə artıq unudulmuşdu...
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 31 avqust.- S.15