Səhnəmizin iftixarı
Əslində mən onu bir
aktyor kimi lap çoxdan tanıyırdım. Hələ tələbə
ikən izlədiyim
istedadlı aktyorumuz
Lütfi Məmmədbəyovun
çəkdiyi "İtkin
gəlin" çoxseriyalı
televiziya tamaşasından.
90-cı illərdə bu tamaşa televiziya məkanında
böyük uğur qazandı. Yaratdığı "Əbdül" obrazı
uzun illər tamaşaçıların yaddaşından silinmədi.
Tale elə gətirdi
ki, gəncliyimdən
daxilimdə vulkan kimi yığışıb
qalan səhnə məhəbbətimi, teatr
sevgimi reallaşdırmaq
üçün teatrda
işləmək təklifi
aldım. Ağlıma belə gəlməzdi
ki, bundan sonrakı taleyimi İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
ilə bağlayacam.
Bəli, deyirlər ki, həyatda nəyinsə
sonu nəyinsə başlanğıcıdır. Onu da deyirlər ki, həyatda təsadüfi
heç nə yoxdur. Zaman-zaman bu fəlsəfi
qanuna inananlar da oldu, inanmayanlar
da. Mən inananlardan olduğum üçün aldığım
təklifi dəyərləndirərək
Cəfər Cabbarlı
adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrına
yollandım. Teatrın direktoru,
əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru İftixar Piriyevlə ilk görüşümüz
o qədər də ürəkaçan olmadı.
Ömrünün 30 ildən çoxunu
teatra həsr edən, öz peşəsini dəli kimi sevən, neçə-neçə
əsərə səhnə
taleyi verən İftixar müəllim
bu sənətin gözəllikləri ilə
yanaşı, teatrın
çətinliyindən söz açaraq "Zülfiyyə xanım,
mən inanıram ki, siz yaxşı
pedaqoqsunuz, amma aktyor sənəti olduqca çətindir.
Əgər sizdə bu
alınmasa, məndən
inciməyin, yollarımız
ayrılacaq" - deyərək
məni incitsə də, ruhdan düşməməyə söz
verdim. Və hər şeyi
zaman göstərəcək
deyərək, hər
gün böyük şövqlə teatra işə getdim.
135 illik tarixi olan İrəvan Dövlət Azərbaycan
Dram Teatrının fədakar
aktyorları ilə çiyin-çiyinə işləmək
mənə böyük
zövq verirdi. Günlər keçdikcə, səhnədə
ilk addımlarımı atdıqca, bu sənətin doğrudan
da çətin olduğunu dərk etdim. İftixar müəllim tez-tez
məşqlərimizə gələr, öz təkliflərini gənc
rejissorlarla bölüşər,
aktyorlara peşəkar
tövsiyələrini verər,
hətta lazım gələndə mizanları
ustalıqla bizə
göstərərdi. Günlər keçdikcə, onun mənə teatr haqqında dediyi çətinliklərin
həqiqət olduğunu
anladım.
İftixar müəllim teatrda elə gözəl mühit yaradıb ki, bu ancaq
alqışa layiqdir. Ənənəvi olan bu teatrda
on illərlə formalaşan
qaydalar, münasibətlər
hökm sürür.
Rəhbərin formalaşdırdığı
ənənə də
sənətə, sənətkarın
istedadının üzə
çıxmasına dəstəkdir.
İftixar Piriyevin müəllifi
olduğu "Qurtuluş
dastanı"nda yaratdığı
ulu öndərin obrazı məşqlər
zamanı məni valeh edirdi. Aktyor bu
obrazı o qədər
daxili dünyasına
hopdurur ki, sanki gözümün önündə dahi Heydər Əliyevi görürdüm. Bu da bir aktyor
kimi İ.Piriyevin Heydər Əliyev dühasına böyük
məhəbbətindən irəli gəlir. Aktyor oynadığı obrazın
daxili psixoloji qatlarını təbii
ifadə və təsvir vasitələri,
mənalı baxışları
və həddindən
artıq oxşar, ürəyəyatımlı, koloritli səsi ilə elə möhtəşəm çatdırır
ki, tamaşaçı
göz önünə
əzəmətli ulu
öndəri gətirir.
Bu məqamda aktyor dünyanı tamşaçıya bağışlayır.
İ.Piriyevin təkcə aktyor yox, təşkilatçı,
yaradıcı, müstəqil
təfəkkürlü sənətkar
kimi bir xidməti də onun yaratdığı poeziya nümunələridir. O poeziya
nümunələri ki,
onların çoxu
Azərbaycan musiqisində
hitə çevrilib:
Boynu bükük xatirədir,
Mənim ömür nəğmələrim.
Qərib-qərib hey əl edir,
Mənim ömür nəğmələrim.
Saçlarımda mehə dönüb,
Gözlərimdə şehə dönüb,
Qəmə-qüssəyə bürünüb,
Mənim ömür nəğmələrim.
Niyə yozulmur bu yuxu?!
Unudulmur niyə qoxun?!
Bəsdir susdun, bir az oxun,
Mənim ömür nəğmələrim.
Bu şeirləri oxuduqca şairin misra-misra kövrəldiyi, kövrələ-kövrələ
sözün işığında
bir ömür yaşadığı bəlli
olur:
İçimdə dəli bir sevgi yaşayır,
Ağlayıb hönkürür hirsi tutanda.
Gözümdən göylərə
yağış daşıyır,
Göylərin susuzluq vaxtı çatanda.
İçimdə dəli bir sevgi yaşayır,
Məni ovundurur hirsi yatanda.
Göylərdən gözümə
işıq daşıyır,
Gecə
gözlərimə zülmət
qatanda
- deyən müəllifin
məhəbbət adlı
munis bir aləmə özünəməxsus
fərdi baxışlarının
şahidi oluruq. Eyni zamanda,
hamımızın yaşadığı
gözəl hissləri
yeni deyim tərzilə elə gözəl canlandırır
ki, oxucularını
düşünməyə sövq edir.
Aristotelin "Poetika" əsərində
belə bir fikir var: "Həyəcanlanmayan həyəcanlandıra
bilməz!". Bu tendensiyanı şair İftixar bədii yaradıcılığında da əks etdirərək
qarma-qarışıq dünyamızın
nəşəsini, gözəlliyini,
əzabını, həsrətini,
nisgilini yaşaya-yaşaya
poetik şəkildə
deyərək taleyindən
şikayət edir:
Bu qərib ömrümün
kirayəsində
Yaşayan canıma yazığım
gəlir.
Alnıma yazılan əzablarımın
Ağrısı-acısı ərşə yüksəlir.
Bu qərib ömrümə
yazığım gəlir,
Bu qərib ömrümün
kirayəsindən
Bu yazıq canımı
aparın birdən.
Qəlbində vətən ağrısı,
vətən dərdi
köklənən şair
insanların vətənə
sahib çıxmamağından gileylənərək ona
göz yaşlarını
silməyini tövsiyə
edir:
Ağlama, Vətən!
Onsuz da bizdən sənə oğul olan deyil!
Dost var, düşmən var,
Gözlərinin yaşını sil!
Ağlama! Ağlama, Vətən!
İftixarın şeirlərində sözün nizamı o qədər maraqlıdır
ki, şeirdəki təkrar ifadələr
sanki coşqun dənizin ləpələrinə
bənzəyir:
Mənim
könlümə dəyməyin,
Könlümdə sevgim yaşayır.
Mənim
sevgimə dəyməyin,
Sevgimdə şeirim yaşayır.
Mənim
şeirimə dəyməyin,
Şeirimdə ömrüm yaşayır.
Mənim
ömrümə dəyməyin,
Ömrümdə ölümüm yaşayır.
Sənət adamı üçün
məfkurə tutumu,
düşüncə əhatəliliyi
çox vacib xüsusiyyətdir. Görünür, uca Tanrıya
olan sevgisindəndir
ki, bu qabiliyyəti
Allah İftixar müəllimə
tərəddüd etmədən
bağışlayıb. Elə bu səbəbdəndir
ki, o öz qələmini ədəbi
janrların bir neçə növündə
uğurla sınaqdan
keçirib: Şair,
dramaturq, alim İ.Piriyev ən əsası da aktyordur.
Hörmətli, İftixar müəllim,
bu yazı əslində sizin şəxsiyyətinizin, insanlığınızın,
şairliyinizin, sənətkarlığınızın
fonunda çox kiçikdir. Hətta onu da bilirəm ki, bunu oxuyanda məni danlayacaqsınız.
Çünki sizin özünütəbliğdən
xoşunuz gəlmir.
Ancaq bu istidə ürəyimin perik düşən duyğularını
bir yerə cəmləyib sizə doğum günü təbriki yazmaq istədim. Könlümcə ifadə edə bildimmi, bilmirəm.
Onu bilirəm ki, bu gün sizin
doğum gününüzdür.
Doğum gününüz
mübarək, müəllim!
Sizə
gözəl, sağlam
ömür diləyirəm.
Çoxlu tamaşaçı
alqışı, gözəl
səhnələr nəsibiniz
olsun! Uzun illər birlikdə işləmək arzusu
ilə
Zülfiyə Eldaqızı sənətşünaslıq
üzrə fəlsəfə
doktoru
Bakı xəbər.-
2016.- 7 sentyabr.- S.15.