Azərbaycan
Aşıqlar Birliyi "Misri" - gənc aşıqların
səs incisi" adlı audio diskin təqdımatını
keçirdi...
Məhərrəm
Qasımlı: "...Aşıq sənətinə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən
göstərilən diqqət və qayğını da
qeyd etməliyik"
img
Son illər aşıq sənətinə göstərilən dövlət qayğısı bəhrəsini verməkdədir. Aşıq sənətinin inkişafına göstərilən diqqət nəticəsində gənclərin bu sahəyə kütləvi maraq göstərməsi təqdirəlayiqdir. Azərbaycan dövlətinin ozan-aşıq sənəti ilə bağlı siyasətini Azərbaycan Aşıqlar Birliyi (AAB) həyata keçirir. Onu da qeyd edək ki, AAB fəaliyyətində gənclərə xüsusi yer ayırır və onlara diqqət-qayğı göstərir.
Bildiyimiz kimi, AAB-da indiyə qədər gənc aşıqlarla bağlı bir neçə layihə həyata keçirilib və bu layihələrin də hər biri aşıq sənətinin təbliği, tərənnümü ilə bağlı olub.
AAB-ın növbəti layihəsi "Misri" - gənc aşıqların səs incisi" adlı audio diskin təqdimatı idi.
Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Misri" - gənc aşıqların səs incisi" adlı audio diskin təqdimatı yaddaqalan oldu. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən gənc aşıqlar, solo saz ifaçıları, saz qruplarının ifası həqiqətən də dinləyicilərin ürəyini ovsunladı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn "Misri" - gənc aşıqların səs incisi" audio diskində 15-35 yaşarası 30 aşığın ifası yer alıb.
Audio diskin təqdimat mərasimini açan Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı bildirdi ki, ənənələrə bağlı olan ozan-aşıq sənəti bu gün özünün yeni dövrünü yaşayır. O qeyd etdi ki, aşıq sənətinin həyatında yeni bir mərhələ başlanıb. AAB sədri vurğuladı ki, aşıq sənətinə böyük dövlət dəstəyi və qayğısı var və bunun da əsasını Heydər Əliyev qoyub: "Müasir Azərbaycan aşıq sənəti özünün sənət həyatında yeni bir mərhələyə qədəm qoyub. Bu sənətə güclü dövlət qayğısı var. Deyim ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyası və bu strategiyanın ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi qeyd etmək lazımdır. Bütün bunlarla yanaşı, aşıq sənətinin UNESCO səviyyəsinə qaldırılması, milli musiqimizə və ümumiyyətlə muğam və aşıq sənətinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğını da qeyd etməliyik".
M.Qasımlının bildirdiyinə
görə, "Misri" - gənc
aşıqların səs incisi" audio diski Azərbaycan
Aşıqlar Birliyinin gənclərlə
bağlı həyata keçirilən layihələrindən
biridir. O dedi ki, qarşıda sazsevərləri
saysız layihələr, maraqlı tədbirlər
gözləyir: "Bizim indiyə qədər
bir sıra uğurlu
layihələrimiz olub. Bilirsiniz ki, qədimdən
aşıq sənəti ustad-şəyird ənənəsi
üzərində pərvəriş tapıb. Bölgələrimizdə
də, Bakıda da çoxlu
istedadlı gənc var. Həyata
keçirdiyimiz layihələr
sırasına gənc aşıqlar üçün
ustad dərslərinin keçirilməsi,
aşıq sənəti ilə bağlı konfrans
və tədbirlərin düzənlənməsi və s. aiddir. Birliyin
katibləri Məhəmmədəli Məşədiyev
və Altay Məmmədli bölgələrdə
gənc aşıqların seçilməsində, onlara ustad dərsləri
keçilməsində xüsusi iştirak ediblər.
Bu gün
Naxçıvandan Lerikə qədər,
Şamaxıdan Balakənə qədər hər yerdə
aşıq sənətinə maraq geniş vüsət alıb. Biz
bu dəfə ilk olaraq ən qədim musiqi
alətlərimizdən olan qopuzun əkiz qardaşı tamburu
da konsertə daxil etdik. Bugünkü
konsertdə Balakəndən dəvət etdiyimiz
tambur ifaçısı Əfqan Rəhmanov
da çıxış edir.
Tambur müasir Azərbaycan sazının
babasıdır. Biz onu yaşatmalıyıq,
təbliğ etməliyik.
Aşıq sənəti ilə
bağlı görəcəyimiz
işlər çoxdur.
Sağlıq olsun".
AAB sədri aşıq
sənətinin inkişafına
dəstək olan, əmək sərf edən hər bir insana öz
təşəkkürünü bildirdi.
Professor
M.Qasımlı qeyd etdi ki, audio diskdə repertuarı yer alan
gənc ifaçıların
xeyli hissəsi gecədə iştirak
edir.
Onu da vurğulayaq ki, layihənin həyata keçirilməsində məqsəd
aşıq sənətinin
böyük mənəvi
dəyər olaraq qorunub saxlanması və bu sənətin
bölgələrdə geniş
şəkildə yayılmasını
təşkil etməkdən
ibarətdir.
Birlik sədrinin
çıxışı başa çatdıqdan
sonra aparıcı Zöhrə Xəlili səhnəyə "Misri"
qrupunu dəvət etdi. "Misri" qrupu sazda Üzeyir
Hacıbəyovun "Koroğlu"
operasından üverturanı
ifa etdilər. Onların ardınca isə səhnəyə gənc
və istedadlı xanım aşıq Gözəl Kəlbəcərli
dəvət edildi.
Gözəl xanım "Aran
gözəlləməsi" havasını təqdim
etdi.
Aparıcı səhnəyə gənc aşıq Şəhriyar Laçını çağırdı, Şəhriyar "Ruhani" havası ilə tamaşaçıların ruhunu oxşadı.
Borçalı aşıq mühitinin tanınmış gənc nümayəndəsi Ramin Qarayevin təqdim etdiyi "Çıldır gözəlləməsi" klassik saz havalarından biridir. Gənc xanım aşıq Xatirə Gülməmmədli isə "Osmanlı divanisi" ilə tamaşaçıları salamladı.
Aparıcı səhnəyə gənc aşıq Babək Şakirlini dəvət etdi. Şirvan aşıq mühitinin görkəmli simalarından olan aşıq Şakir Hacıyevin nəvəsi olan Babək "Şirvan müxəmməsi"ni, Ağstafa aşıq mühitinin tanınmış gənc aşığı İlqar Qələmçəli "Hicran Kərəmi" (solo), əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" folklor qrupu "Gödəkdonu", gənc aşıq Rza İslamoğlu "Oynaq şəşəngi" (solo), Məharət Habiloğlu və Elçin Rəşidoğlu "Pənah gözəlləməsi" havalarını təqdim etdilər.
Sonra isə səhnəyə balakənli gənc tambur ifaçısı (haylaçı) Əfqan Rəhmənov dəvət edildi. Əfqan qədim musiqi alətində olduqca maraqlı ifa nümayiş etdirdi.
Göyçə aşıq mühitinin tanınmış xanım nümayəndəsi aşıq Rəfiqə Göyçəli "Orta Sarıtel", Lerikdən olan gənc aşıq Emil Nurlu "Kərəm gözəlləməsi", Məhsəti Cabbarlı "Azaflı sənəti", Samir Cəlaloğlu "Hüseyni", Əfsanə Kərimli "Şəqayi gəraylı", Elvin Mehmanlı "Baş Sarıtel" havalarını sazsevərlərə təqdim etdilər.
Səhnədə "Laçın" qrupunun ifası da unudulmaz oldu.
Hər şeyin
başlanğıcı olduğu
kimi, son da olur. "Misri" - gənc aşıqların
səs incisi"
audio diskinin təqdimat
mərasiminə həsr
edilən gecəyə
Tovuz aşıq mühitinin tanınmış
gənc nümayəndələri
- aşıq Elməddin
Məmmədli və
aşıq Şəhriyar
Qaraxanlının ifası
ilə yekun vuruldu. Gənc aşıqlar tamaşaçılara
"Cığalı müxəmməs"
havasını təqdim
etdilər.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.-7 sentyabr.- S.13