Naxçıvanda ilk dəfə olmuş jurnalistin 4 günlük qeydləri...
"Baba, bura behiştdir, behişt..."
Adətən hər yay rayona
gedirəm. Kəndimizə
getməyəndə sanki
özümü nəyisə
itirmiş kimi hiss edirəm. İnsan yaşa dolduqca
doğulduğu yurd
sanki onu özünə daha çox çəkir.
Hər il
olduğu kimi, bu dəfə də Lerikə, doğma Ordahala səfər etməyi nəzərdə tutmuşdum.
Ancaq bir neçə ay əvvəl doğmalarımdan
birinin ailə qurub Naxçıvana köçməsi ənənəvi
proqramıma dəyişiklik
etmək zərurəti
yaratdı. Beləcə,
sentyabrın 11-də 4 günlük
Naxçıvan səfərim
başladı...
İlk dəfə
idi ki, bu
qədim diyara qədəm qoyurdum. Təyyarə Naxçıvan hava limanına yan aldıqca həm maraq, həm də həyəcan artmağa başladı.
Zatən hər zaman
bu qədim diyarı görmək, gəzmək arzusunda idim. Görünür, qismət bu
günə imiş deyə xəyallara daldım. Hava limanından maşın
mərkəzə doğru
getdikcə ətrafı
seyr etdim, Naxçıvanla bağlı
təsəvvürlərim dəyişməyə başladı.
Eşitdiklərimi, televiziyada gördüklərimi
dəqiqləşdirməyə başladım və dolğun təəssürat
formalaşmağa başladı.
Görünən odur ki, keçmişin siması,
müasirliklə keçmişin
harmoniyası çox
uğurla Naxçıvanın
timsalında vəhdət
təşkil edir.
Naxçıvan böyük sevgi
ilə yenidən qurulub. Küçə və xiyabanların
genişliyi, ətrafda
göz oxşayan səliqə-sahman, bütün
infrastrukturun yenidən
qurulması, ən başlıcası, mövcud
təmizlik və abadlıq insanı riqqətə gətirir.
İctimai iaşə, xidmət
sektorunu əhatə
edən məkanların
adları, milli olmaqla yanaşı, həm də Azərbaycan dilinin qrammatikasına xüsusi
diqqət göstərilməsinin
şahidi oldum.
Halbuki,
belə kamil mənzərə Bakıda
yoxdur. Sözün düzü, bu
mənim çox xoşuma gəldi.
Azərbaycan dilinə yad
olan adların görünməməsi burada
sözügedən məsələlərə
necə diqqət edildiyinin göstəricisi
idi. Parklarda ağaclar o qədər
zövqlə budanıb
ki, bunun özü belə qeyri-adi təsir bağışlayır. Əvvəllər bəzən belə
fikirlər səslənirdi
ki, Naxçıvanda
gözəl infrastruktur
olsa da, əhali azdır və ya azalır.
Ancaq orada qaldığım
4 gün ərzində
bunun tam əksini gördüm. Günün müxtəlif vaxtlarında
insanların sıx
gediş-gəlişi, çoxsaylı
avtomobillərin hərəkəti
deyilənlərin belə
olmadığını sübut etdi. Nəzərə alsaq ki, həmin 4 gün iş günü deyildi, o zaman bunun nə
demək olduğunu
ətraflı izah etməyə ehtiyac yoxdur.
Yeri gəlmişkən,
Naxçıvanda yol
hərəkəti qaydalarına
çox ciddi riayət olunmasının
şahidi oldum. Küçələrdə işıqfordan çox piyada zolaqları var, şəhər sakinləri
və gələn qonaqlar çox rahatlıqla yolları
keçə bilir.
Məsələ ondadır ki,
bütün sürücülər
həm sürət həddinə əməl
edir, həm də piyadalar həmin zolağı keçərkən maşını
saxlamalı olur.
Sükan arxasına keçənlər
o dəqiqə kəmər
taxır. Bu həm taksi sürücülərinin, həm
də digər sürücülərin timsalında
özünü göstərir.
Demək olar əksər
taksi sürücüləri
səliqə ilə
forma geyib "NAZ-Lifan"
istehsalı olan təzə avtomobillərdə
əhaliyə taksi xidməti göstərir.
Diqqətçəkən nailiyyətlərdən biri
də rahat yolların salınması,
onların yüksək
keyfiyyətli olmasıdır. Yol mədəniyyət
rəmzidir. Bununla yanaşı,
yolların keyfiyyəti
iqtisadiyyatın göstəricisi
kimi qiymətləndirilir.
Bu cür yanaşmada
böyük həqiqət
var. Müasir yollar Naxçıvanın ticarət
əlaqələrində mühüm rol oynayır. Altmış kilometrlik Naxçıvan-Şərur
yolu o qədər rahat qurulub ki, avtomobilin hərəkəti zamanı
bu özünü göstərir. Naxçıvana səfər edənə
qədər Şərur
rayonu barədə
təsəvvürüm bir
qədər fərqli
idi. Fikirləşirdim ki, Şərur
Naxçıvanın düzən
rayonu olduğuna görə burada yaşıllıq çox
azdır. Ancaq gördüyüm
mənzərə məni
həqiqətən təəccübləndirdi.
Yolboyu bir sıra ərazilərdə salınan
yaşıllıqlar, kəndlərə
yaxınlaşdıqca ağacların
çoxalması əvvəlki
təsəvvürlərimi dəyişdi. Dostlardan biri
qeyd etdi ki, 90-cı illərin əvvəllərində məlum
blokada ilə əlaqədar təbii qaz olmadığına
görə əhali
isinmək üçün
ağacları kəsməli
olurdu. Muxtar Respublikanın sərt kontinental iqlimə malik olması səbəbindən
qış çox soyuq keçir. Ötən illər ərzində gör Naxçıvan nə qədər dəyişib...
Arpa çayı
üzərində qurulan
su elektrik stansiyaları Naxçıvan
MR-in tələbatını ödəməklə yanaşı,
elektrik enerjisinin bir hissəsinin qonşu ölkələrə
ixrac olunmasına imkan yaradır. Naxçıvanda tarixi abidələr incə zövqlə bərpa olunub. Nuh Peyğəmbərin qəbirüstü
abidəsi, Möminəxatın
məqbərəsi, Naxçıvanqala
kompleksi, Gəmiqaya,
Füzuli məqbərəsi,
Xan sarayı və digər abidələr adamı heyran edir. Naxçıvanqaladaki hava sanki kənd sakitliyini mənə yaşatdı.
Ətrafdakı dağların havası
insanın ruhunu sakitləşdirir. Qalanın daxilində
çox gözəl
muzey və ictimai iaşə obyektləri fəaliyyət
göstərir. Burada verilən
samovar çayının dadı bir başqadır. Qalanın üzərindən,
demək olar, bütün Naxçıvan
görünür.
Naxçıvanda sadə yas mərasimlərinin keçirilməsi
barədə dəfələrlə
yazıldığı üçün
bu barədə yenidən nəsə yazmağı lüzum görmürəm. Ancaq qədim diyarı
gəzərkən bir
məqam diqqətimi
çəkdi. Məsələ ondadır ki, Naxçıvanda məzarlıqlarda
mərmərdən qoyulan
başdaşları Azərbaycanın
digər bölgələri
ilə müqayisədə
daha nazikdir. Bu da məzar
daşının nisbətən
ucuz başa gəlməsini şərtləndirir.
Bu arada iki
ay əvvəl vaxtsız
dünyasını dəyişən
telejurnalist İlqar
Qulusoyun məzarını
da ziyarət etdik.
Azərbaycanın qədim, zəngin tarixə malik bu məkanı sabaha inamla addımlayır. Muxtar Respublikada həyata
keçirilən islahatlar,
yenidənqurma işləri
böyük həvəs,
təbii istəklə
reallaşdırılır. Naxçıvanqala kompleksinin turizm
obyekti kimi tanınması olduqca müsbət haldır.
Naxçıvanda olarkən çoxsaylı
iranlı turistləri
gördük. Turistlərdən birinə yaxınlaşıb
Naxçıvan barəsində
təəssüratlarını soruşduq. İranlı
turist "Baba, bura behiştdir, behişt"
- deyə cavab verdi.
Bir daha şahidi oldum ki, bədnam ermənilər, Naxçıvanı
blokada şəraitində
saxlamalarına baxmayaraq,
bölgənin inkişafını
əngəlləyə bilməyib. Naxçıvan hər keçən gün daha da inamla inkişaf
edir, yenilənir, çiçəklənir.
Vidadi ORDAHALLI
Bakı xəbər.- 2016.- 20 sentyabr.- S.12