Zaqatala, Balakən, Şəki,
Qəbələ, Oğuz və İsmayıllı
tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq
ünvanları kimi...
I yazı
Xalqımızın və dövlətimizin tarixini
özündə yaşadan, təmsil etdiyi bölgənin
mədəniyyətini, maddi dəyərlərini, mənəvi
mirasını özündə əks etdirən tarix-diyarşünaslıq
muzeyləri gerçək bir azərbaycançılıq
mərkəzləridir. Azərbaycanın elə
bölgələri var ki, həmin bölgədə aparılan
arxeoloji qazıntılar zamanı saysız tarix yadigarları
üzə çıxarılıb.
Tarix-diyarşünaslıq muzeyləri azərbaycançılığın
geniş səviyyədə təbliğində mühüm
rola malikdir.
Azərbaycan tarixini, mədəniyyətimizin
ayrı-ayrı inkişaf dövrlərini təbliğ
edən tarix-diyarşünaslıq muzeylərindən məktəblilər,
tələbələr, gənclər, turistlər bəhrələnir.
Hər bir tarix-diyarşünaslıq muzeyi
bir azərbaycançılıq ünvanıdır.
Azərbaycanda fəaliyyət göstərən tarix-diyarşünaslıq
muzeyləri haqqında silsilə şəkildə
araşdırma xarakterli yazılar dərc edirik.
Bir məsələni də qeyd edək ki, respublikamızın
bir sıra bölgələrində müxtəlif xalqların,
dinlərin nümayəndələri birgə yaşayır. Multikultural
ənənənin bərqərar olduğu və tolerantlığın
geniş şəkildə yayıldığı Zaqatala
rayonu milli və dini cəhətdən fərqli palitraya
malikdir. Burada müxtəlif xalqların,
dinlərin nümayəndələri əminamanlıq
şəraitində yaşayır.
Qeyd edək ki, 1967-ci ildə yaradılan Zaqatala Tarix-Diyarşünaslıq
Muzeyi özündə böyük tarixi həqiqəti
yaşadır.
Məlumatlara görə, muzeydə müxtəlif
dövrlərdə sənətkarlar tərəfindən
düzəldilmiş məişət əşyaları
toplanıb.
Bu əşyalar sırasına dulusçuluq
sənəti nümunələri, ağac və müxtəlif
materiallardan hazırlanmış məişət və
kənd təsərrüfatı alətləri, toxuculuq
məmulatları, metaldan hazırlanmış bəzək
əşyaları, müxtəlif dövrlərə aid
geyim nümunələri, silahlar və hədiyyələr
daxildir.
Qeyd edək
ki, Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA) tərəfindən Azərbaycan əlyazması
tarixi əsərlərinin qorunması sahəsində
aparılan işə uyğun olaraq, Zaqatala Tarix-Diyarşünaslıq
Muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova,
Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova,
Şahru Zərqənəyeva bu ilin yanvar ayında Konya
bölgə yazma əsərlər kitabxanasında və
Süleymaniyyə yazma əsərlər kitabxanasında
təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi,
bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil
edilmiş təlim kurslarında iştirak edib.
Məlumatlara görə, Zaqatala Tarix-Diyarşünaslıq
Muzeyində qədim əlyazmaların və kitabların
bərpası işi aparılır və artıq 50-yə
yaxın kitab muzey işçiləri tərəfindən
bərpa edilib. Muzeyşünaslar vurğulayır
ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin tariximizin
qorunması, bərpası, təbliği və gələcək
nəsillərə ötürülməsi istiqamətində
apardığı işlərin içərisində kitabların
bərpası işi xüsusi olaraq fərqlənir və
gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini
cəlb edir. Vurğulayaq ki, Zaqatala Tarix-Diyarşünaslıq
Muzeyi Azərbaycanın rayonları arasında ilk yaranmış
muzeylərdən biridir və burada əlyazmalar, şəkillər,
numizmatika, arxeologiya, tətbiqi incəsənət,
məişət əşyaları şöbələri
mövcuddur, burada 2000-dən çox əlyazma və kitab
qorunur, muzeyin əsas fondunda 4685 eksponat var.
Muzeyşünaslar vurğulayır ki, Zaqatala Tarix-Diyarşünaslıq
Muzeyi bölgənin ən qədim muzeylərindən
biri olmaqla yanaşı, eksponat zənginliyi ilə də
seçilir.
Dövlət Əlyazmaları İnstitutundan
sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi həm də
qədim kitab və əlyazmaların bərpa edildiyi yeganə
məkandır.
Zaqatala ilə qonşu olan Balakən rayonunun da zəngin
təbiəti, böyük tarixi var. Milli tərkibinə
görə rəngarəng olan Balakən rayonunda Tarix-Diyarşünaslıq
Muzeyi fəaliyyət göstərir. Qeyd edilənə
görə, muzey 1984-cü ildən fəaliyyət
göstərir. 1994-cü ildən 2001-ci
ilədək fəaliyyəti dayandırılıb.
2006-cı ildə isə Balakən Tarix-Diyarşünaslıq
Muzeyinin yeni binasının açılışı
olub.
Vurğulayaq ki, Balakən Tarix-Diyarşünaslıq
Muzeyinin yeni binasının açılışı
rayon ictimaiyyəti üçün böyük hadisə
olub. Çünki uzun illər uyğunlaşdırılmış,
darısqal binada fəaliyyət göstərib.
Qeyd edilənə görə, muzeyin ümumi sahəsi
322,7 kv.m., ekspozisiya sərgi sahəsi 232 kv.m., fond saxlama
sahəsi 12 kv.m-dir. 140 eksponatla fəaliyyətə
başlayan muzeydə hazırda 1800-ə yaxın eksponat
var. Onlardan 2-si nəqqaşlıq, 7-si qrafika, 15-i tətbiqi
incəsənət məmulatı, 77-si arxeoloji əşyalar,
336-sı məişət və etnoqrafik əşyaları,
87-si fotoşəkil, qalanları isə digər qrupa daxil
olanlardır. Həmin əşyalar rayonun
3500-4000 illik tarixini əks etdirir. Muzeydə
"Min bir dərdin dərmanı" guşəsində
rayonda bitən 102 növ dərman bitkisinin izahlı kolleksiyası,
"Yerüstü və yeraltı sərvətlərimiz"
guşəsində isə rayonda bitən 46 növ oduncaqlı
ağacların xüsusi hazırlanmış nümunələri,
mebel taxtası hissəcikləri, rayondakı Filizçay
polimetal yataqlarından gətirilmiş filiz nümunələri
nümayiş etdirilir.
Onu da vurğulayaq ki, Balakən Tarix-Diyarşünaslıq
Muzeyində, həmçinin, azsaylı xalqlardan olan avar
və ingiloyların adət və ənənələrini,
məişət əşyalarını nümayiş
etdirən guşə də təşkil olunub.
Şəkidə
fəaliyyət göstərən Rəşid bəy Əfəndiyev
adına Şəki Tarix-Diyarşünaslıq
Muzeyi də diqqəti cəlb edir.
Muzeyşünasların verdiyi məlumata görə,
1925-ci ildən fəaliyyət göstərən muzey
çox zəngindir. Şəki Tarix-Diyarşünaslıq
Muzeyinin keçmiş binası 1895-ci ildə rus ordusunun
kazarması kimi tikilib. Sonralar bina
müxtəlif məqsədlərlə istifadə olunub.
1980-ci ildə isə Şəki Tarix-Diyarşünaslıq
Muzeyi bu binaya köçürülüb. Elə həmin ildə də bina sonuncu dəfə
əsaslı təmir olunub.
Qeyd edək
ki, Rəşid bəy Əfəndiyev adına
Şəki Tarix-Diyarşünaslıq Muzeyində 5000-ə
yaxın eksponat qorunub saxlanır.
1980-ci ildən fəaliyyət göstərən Qəbələ
Tarix-Diyarşünaslıq Muzeyi haqqında da danışmaq
yerinə düşərdi. Bu muzeyin əsas fondunda Qəbələnin,
Azərbaycanın 2500 illik tarixini əks etdirən 12
mindən çox tarixi və elmi əhəmiyyətə
malik eksponat mühafizə olunur. Məlumatlara
görə, arxeoloji, etnoqrafik, numizmatik materiallar,
xalq sənəti nümunələri, qədim əlyazma
və çap kitabları diqqəti xüsusilə cəlb
edir.
Bildirək ki, muzeydə vaxtaşırı olaraq
kütləvi tədbirlər keçirilir, tarix və ədəbiyyat
dərslərinin tədrisinə şərait yaradılır. Muzey barədə
üç yüzdən çox qəzet, jurnal məqaləsində
bəhs olunub, müxtəlif televiziya kanallarında
süjetlər göstərilib, əlliyədək kitabda
məlumat verilib, bir neçə televiziya filmi çəkilib.
Muzey 2004-cü ildə yeni binaya köçürülüb. Muzeyin 900 kvadratmetrlik binası,
bir hektar torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər
Əliyev xatirə otaqları, şəkil qalereyası,
zəngin elmi kitabxanası, qədim daş abidələrdən
açıq səma altında təşkil olunmuş sərgi
meydançası var.
Məlumatlara görə, qədim Qəbələdən
tapılmış arxeoloji materialların dörd minə
qədəri Qəbələ Rayon Tarix-Diyarşünaslıq
Muzeyində mühafizə, tədqiq və nümayiş
etdirilir. Qəbələ Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin həyətində mühafizə olunan sarkofaq
(daş qəbir - e.ə. IV-III əsrlər), daş qoç
fiquru (XV əsr), Sənduqələr (XIII-XIX əsrlər),
sütunaltıları (e.ə. II-I əsrlər) maraq doğurur.
Muzeylə bağlı məlumatlarda qeyd edilir ki,
muzeyin barısı daşdan hörülüb. İçəriyə
daxil olmaq üçün qapı isə hörülmüş
barının bir hissəsidir və ilk baxışdan qapını
seçmək mümkün deyil. Yalnız
divara toxunduqdan sonra hasara hörülmüş daş
aralanır və muzeyə daxil olursan. Muzeydə Qəbələnin fauna və florasını
əks etdirən otaq da var.
Ölkəmizin
başçısı İlham Əliyev Qəbələyə
səfəri zamanı Tarix-Diyarşünaslıq Muzeyində
olmuş, Qafqaz Albaniyası dövrünə aid eksponatlara
maraqla baxmış, bunları yüksək qiymətləndirmiş,
Azərbaycanın qədim tarixə malik olmasını
sübut etdiyini bildirib. Qəbələ Tarix-Diyarşünaslıq
Muzeyi haqqında məlumat toplusunda qeyd edilir ki, Azərbaycan
Prezidenti İlham Əliyev Tarix-Diyarşünaslıq
Muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına
ürək sözlərini yazıb: "1980-cı illərin
əvvəlində xalqımızın ümummilli lideri
Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış
Qəbələ Diyarşünaslıq Muzeyi,
şübhəsiz, öz eksponatları ilə diyarın
qədim tarixini əks etdirir. Qəbələ
Azərbaycanın qədim torpağıdır, eramızdan
əvvəl yazılmış mənbələrdə Qəbələnin
adını çəkirlər. Biz
öz tarixi və mədəni irsimizə böyük
diqqətlə yanaşırıq. Biz
öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik
və beynəlxalq ictimaiyyətə təqdim etməliyik.
Qəbələ Diyarşünaslıq Muzeyi
bu vəzifələri uğurla yerinə yetirir. Qəbələlilərə öz dərin
hörmət və məhəbbətimi bildirirəm".
Məlumatlara görə, Qəbələ respublikamızın
gözəl, dilbər guşələrindən biri olduğundan,
bu rayona çoxlu sayda tanınmış qonaqlar gəlir. Onlar mütləq
Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkir,
buradakı nadir eksponatlara heyranlıqla tamaşa edir.
Muzeyin xatirə kitabını vərəqlədikcə,
buraya kimlərin gəlməsi bir daha aydın olur.
Rəy kitabında ölkəmizin adlı-sanlı akademiklərindən
mərhum Ziya Bünyadovun, Qara Əhmədov, Budaq Budaqov,
Mirməmməd Cavadzadə, Cahangir Qəhrəmanovun,
tanınmış incəsənət xadimlərindən
Rəşid Behbudov, Əbülfət Əliyev, Hacıbaba
Bağırov, Habil Əliyevin, Milli Məclisin deputatlarından
Fəttah Heydərov, Bəxtiyar Əliyevin, xalq şairi
mərhum Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqubun, ictimai-siyasi
xadimlərdən Hidayət Orucov, Ədalət Vəliyevin,
əməkdar elm xadimi Seyfəddin Qəndilovun, nazirlərdən
Kəmaləddin Heydərov, Səfər Əbiyev, səfirlərdən
Namiq Abbasov, Vilayət Quliyev, Polad Bülbüloğlunun,
xarici qonaqlardan Tur Heyerdal, Oljas Süleymenov, Əhməd
Şmidenin, Qətər dövlətinin müdafiə
naziri Həməd Bin-Əli Əl-Atiyyənin,
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin,
Misir, İran, Litva və digər ölkələrin Azərbaycandakı
sabiq səfirlərinin ürək sözlərini oxuduqca
bir daha şahidi olursan ki, Qəbələ Tarix-Diyarşünaslıq
Muzeyi çox dəyərli və qədim tarixə malik
eksponatlarla zəngindir.
Məlumatlara
görə, Tarix-Diyarşünaslıq Muzeyinin doqquz
yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13
ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları,
şəkil qalereyası, zəngin elmi kitabxanası,
qədim daş abidələrdən açıq səma
altında təşkil olunmuş sərgi meydançası
var. Bura rayon sakinlərinin ən çox baş çəkdiyi
yerlərdən biridir. Muzeydə mütəmadi
olaraq sərgi və maarifləndirmə işləri
aparılır. Azərbaycanın Müstəqillik
gününə, 20 Yanvar faciəsinə, ədəbiyyat,
elm və incəsənət xadimlərinin yubileylərinə,
Milli Musiqi Gününə, 8 mart - Qadınlar
bayramına və digər bayramlara həsr olunmuş tədbirlər,
sərgilər keçirilir.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
İstiqlal Muzeyinin yaradılması və İstiqlal
abidəsinin ucaldılması haqqında" və
"Müasir İncəsənət Muzeyinin yaradılması"
haqqındakı sərəncamları muzey işinə
dövlət qayğısının aydın təzahürüdür.
Dövlət başçısı milli-mənəvi
sərvətlərimizin qorunması və gələcək
nəsillərə çatdırılması işinə
xüsusi diqqət göstərərək, daim artan iqtisadi
potensialın tempinə uyğun olaraq, mədəniyyət
sahəsində də yeni mərkəzlərin yaradılmasını,
fəaliyyət göstərməsini, millətə,
xalqa xidmət etməsini zəruri sayır. Ölkə muzeylərinin mövcud vəziyyətini
daha da yaxşılaşdırmaq üçün bu sahədə
bir sıra əlavə tədbirlərin həyata keçirilməsi
zərurəti də özünü göstərməkdədir.
Bu, bir tərəfdən, maddi-mənəvi
abidələrin mühafizəsi üçündürsə,
digər tərəfdən də inkişaf edən,
gündən-günə şöhrətlənən
müstəqil dövlətimizin hər bir mədəniyyət
ocağının dünya standartlarına uyğun şəkildə
həyata qaytarılması, bərpa edilməsi və
yaşamasıdır. Muzey rəhbərliyi
milli-mənəvi sərvətlərimizin qorunub saxlanması
və gələcək nəsillərə çatdırılması
yolunda üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.-28 sentyabr.- S.15