Diyarşünaslıq muzeyləri,
Naxçıvan təcrübəsi - azərbaycançılıq
təcəssümü kimi...
I yazı
Azərbaycan xalqı, dövləti milli-mənəvi, maddi dəyərlərimizə böyük sayğı göstərir. Tarixdən-tarixə yadigar qalan bu abidələr ana yurdumuzun bəzəyinə çevrilib. Azərbaycançılıq ruhunu özündə ifadə edən bu abidələr diyarımızın tükənməz var-dövlətidir. Milli dövlətçilik, mədəniyyət tariximizi canında daşıyan hər bir abidə azərbaycançılıq düşüncəsinin çiçəklənməsinə xidmət edir.
Azərbaycanın elə bölgələri var ki, orada tarixi-mədəni abidələr daha çoxdur və böyük tarixi əhəmiyyətə, çəkiyə malikdir. Naxçıvan Muxtar Respublikasının abidələri, muzeyləri, mədəniyyət örnəkləri bu baxımdan diqqəti cəlb edir. Bilirik ki, Naxçıvanda Yusif Küseyir oğlu türbəsi (1161-1162), Möminə Xatun türbəsi (1186-1187), qədim Naxçıvan şəhərinin xarabalıqları indiyə qədər yaşayır. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən Qarabağlar Tarix Memarlıq Kompleksi (XII-XIV), Qarabulaq nekropolu, Ordubad rayonunda yerləşən Ordubad Tarix-Mədəniyyət Qoruğu (XV-XIX), Mədrəsə (XVIII), Cümə məscidi (XVII) tarixin dəyərli abidələridir. Bu abidələrin hər birində azərbaycançılıq ruhu hakim kəsilib.
Naxçıvan Muxtar Respublikası muzeylərlə də zəngindir. Bu baxımdan Naxçıvan MR Dövlət Tarix Muzeyi, Muxtar Respublika ərazisində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin mövcudluğu diqqəti cəlb edir.
Qeyd edək ki, Naxçıvanda Kəngərli Tarix-Diyarşünaslıq Muzeyi, Şərur Tarix-Diyarşünaslıq Muzeyi, Culfa Tarix-Diyarşünaslıq Muzeyi, Sədərək Tarix-Diyarşünaslıq Muzeyi, Babək Tarix-Diyarşünaslıq Muzeyi, Ordubad Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə
yaradılıb. Muzeyşünasların verdiyi məlumata görə,
Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan
Muxtar Respublikası ərazisində aparılmış
arxeoloji qazıntılar zamanı aşkara
çıxarılmış maddi mədəniyyət, tətbiqi
sənət nümunələri, qədim numizmatika materialları,
həmçinin, milli geyimlər, bədii tikmə nümunələri
və xalça məmulatları, qiymətli metallardan
hazırlanmış zinət, məişət əşyaları,
rəssamlıq əsərləri və s. saxlanan və
nümayiş etdirilən muzeydir. Həmçinin muzeydə
elmi-tədqiqat işləri aparılır, stasionar və
səyyar sərgilər təşkil olunur, görüşlər,
anım mərasimləri, elmi-nəzəri və təcrübi
konfranslar, "dəyirmi masa" və s. maarifləndirici
tədbirlər həyata keçirilir.
Naxçıvan Dövlət Tarix Muzeyi 1968-ci ildə
dövlət statusu alıb. Muzeyşünaslar
vurğulayır ki, Naxçıvan MR Dövlət Tarix
Muzeyi ilə yanaşı, Muxtar Respublikada 6 regional tarix-diyarşünaslıq
muzeyi də fəaliyyət göstərir. Bu muzeylər ərazisində yerləşdikləri
rayonların ən qədim zamanlardan müasir dövrümüzədək
tarix və mədəniyyətini əks etdirərək
milli və tarixi yaddaşın qorunmasında və formalaşmasında
mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, Naxçıvan MR-in regional tarix-diyarşünaslıq
muzeylərindən biri Babək Tarix-Diyarşünaslıq
Muzeyidir. 2003-cü ildən istifadəyə verilən muzey
Babək rayonunda sayılıb-seçilən mədəniyyət
ocaqlarındandır. Muzeyşünaslar
qeyd edir ki, muzeydə müasir həyatımızla yanaşı,
rayonun qədim tarixini əks etdirən 3500-dən
çox eksponat var. Babək rayonu Azərbaycanın, o
cümlədən Naxçıvanın tarixi abidələrlə
zəngin ən qədim guşələrindən biridir.
Bu rayonun ərazisində yerləşən I Kültəpə,
II Kültəpə, Qızılburun, Çalxanqala, Vayxır,
Çovurqala kimi abidələr yalnız Azərbaycanın
tarixinin öyrənilməsi üçün deyil, həmçinin,
Cənubi Qafqaz və Yaxın Şərq tarixi-mədəni
proseslərinin öyrənilməsi üçün əhəmiyyətə
malikdir.
Məlumatlara
görə, muzeydə tunc dövrünə aid daş alətlər,
II Kültəpə qazıntılarından tapılmış
məişət əşyaları, orta əsrlərə
aid tikinti və məişət keramikası, milli geyimlər,
xalçaçılıq məmulatları, tikmələr,
misgərlik məmulatları, gümüş bəzək
əşyaları və digər eksponatlar tariximizin dərin
qatlarına işıq tutur, həmin dövrlərin
öyrənilməsində mühüm tarixi faktlar kimi
diqqəti cəlb edir.
Ordubad Tarix-Diyarşünaslıq Muzeyi də
öz dəyərinə görə seçilən muzeylərdəndir. Məlumatlara
görə, XVII əsr Azərbaycan memarlıq abidəsi
Ordubad şəhərindədir. Böyük
gümbəzdən və ona bitişik səkkiz kiçik
günbəzdən ibarətdir. Gözəl
memarlıq üslubunda inşa edilib. İlk
vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə
tutulub. Sonralar pəhləvanların
güləşdiyi yer kimi xalq arasında Zorxana adı
ilə tanınıb. 19-cu əsrin ortalarında
"Əncüməni-şüəra" ədəbi
məclisinin yığıncaqları burada keçirilirdi.
1985-ci ildə əsaslı bərpa olunub,
1990-cı ildən isə Ordubad Tarix-Diyarşünaslıq
Muzeyi burada yerləşir. Tədqiqatçılar
vurğulayır ki, Ordubad Tarix-Diyarşünaslıq
Muzeyi nadir eksponatları ilə seçilir. Muzey əvvəlcə IX əsrin yadigarı
olan Ordubad Cümə məscidində cəmi 150 eksponatla
fəaliyyətə başlayıb. XIX
əsrin sonu, XX əsrin əvvəlində bu bina ipək
emalı sexi kimi fəaliyyət göstərib. Qədim tikili 1980-1984-cü illərdə tanınmış
ordubadlı memar Zakir Babayev tərəfindən yenidən
qurularaq bərpa edilib. Məlumatlara
görə, Ordubad şəhərindən başqa oxşar
bina yalnız Təbrizdə və Səmərqənddə
mövcuddur. Hazırda burada nəinki qədim Ordubad,
həm də bütün Naxçıvan bölgəsinin
tarixi, mədəniyyəti, məişəti, adət-ənənəsi,
məşğuliyyəti və s. əks etdirən
yüzlərlə nadir eksponat qorunur.
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi də
Naxçıvan tarixini, azərbaycançılığı
təbliğ edən bir mədəniyyət ocağıdır. Muzeyşünasların
verdiyi məlumata görə, muzey Azərbaycan Respublikası
Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli
qərarı ilə yaradılıb. 1981-ci
ildə 50 ədəd eksponatla fəaliyyətə
başlayan Tarix-Diyarşünaslıq Muzeyində hazırda
3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı
əldə olunmuş maddi mədəniyyət nümunələri
eramızdan əvvəl III-I minilliyə aid, eləcə
də orta əsrlər mədəniyyətinə aid
dövrlərdən xəbər verir. 5
şöbədən ibarət olan muzeydə XVI-XIX əsrlər
dövrünə aid, 40-dan çox xalça nümunəsi,
kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir.
Tədqiqatçılar qeyd edir ki, müasir
dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın
müstəqillik illərində əldə etdiyi nailiyyətlərə
aid sənədlər və materiallarla yanaşı, Qarabağ
və Sədərək döyüşlərində həlak
olmuş şəhidlərə aid fotoşəkillər
də tərtib olunub. Muzeyin sərgi salonu kimi fəaliyyət
göstərən foyesində ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti ilə bağlı
sərgi stendi də buraya gələnlərə xoş
təsir bağışlayır.
Onu da vurğulayaq ki, Naxçıvan MR-də fəaliyyət
göstərən tarix-diyarşünaslıq muzeylərinə
ümumtəhsil məktəblərinin şagirdləri
üçün ekskursiya təşkil edilir. 12 aprel 2016-cı il tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq
Muzeyində Culfa Rayon Gənclər və İdman İdarəsinin
və Təhsil Şöbəsinin birgə tərtib etdiyi
tədbirlər planına uyğun olaraq rayon ümumtəhsil
məktəblərinin şagirdləri arasında muzeyə
baxış keçirilib. Tədbirdə rayonun
10 məktəbindən 50-yə yaxın şagird iştirak
edib. İlk öncə tədbir iştirakçıları
muzeydə uzaq və yaxın tariximizi əks etdirən
maddi mədəniyyət nümunələri, eksponatlarla
tanış olmuşlar. Tarix-Diyarşünaslıq
Muzeyinin bələdçisi Nazilə Məmmədova
tədbir iştirakçılarına məlumat verərək
qeyd edib ki, muzeydə 3060-dan çox eksponat nümayiş
etdirilir və eksponatları daş və mis dövrünə,
arxeologiyaya, etnoqrafiyaya, xalçaçılığa
aid etmək olar. Həmçinin tədbirdə
Naxçıvanın alınmaz qalası Sədərək,
Dağlıq Qarabağ və sərhədlərimizin toxunulmazlığı
uğrunda gedən döyüşlərdə şəhidlik
zirvəsinə yüksəlmiş igid oğullarımız
haqqında və Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ömür yolu haqqında geniş
məlumatlar verilib.
Ümumiyyətlə, tarix-diyarşünaslıq
muzeylərində açıq dərslərin, diskussiyaların,
mədəni tədbirlərin təşkil edilməsi
olduqca əhəmiyyətlidir. Bu muzeylərdə
şagirdlərə azərbaycançılıq ruhu
aşılanır, vətənimiz, dövlətimiz, xalqımız,
tariximiz haqqında onlara əyani məlumatlar verilir.
Muzeylərdə tariximizin müxtəlif
çağları ilə bağlı eksponatlar var, bu
eksponatlar gənclər üçün böyük məlumat
mənbəyidir.
Sədərək
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin isə
açılışı 6 il bundan əvvəl
olub. Belə ki, 2010-cu il 15 oktyabr tarixində
istifadəyə verilən Sədərək Rayon Tarix-Diyarşünaslıq
Muzeyi rayonun Heydərabad qəsəbəsində fəaliyyət
göstərir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının
istifadəyə verilməsi münasibətilə rayon
ictimaiyyətini təbrik edərək deyib: "Azərbaycanın
zəngin tarixi keçmişi var. Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan Muxtar Respublikasında isə
bu tarix çox qədimlərdən başlayaraq öz
nümunələrini indi də yaşatmaqdadır. Belə nümunələr isə Naxçıvan
Dövlət Tarix Muzeyində və rayonlarda fəaliyyət
göstərən tarix-diyarşünaslıq muzeylərində
yaşayır. Sədərək də
tarixi minillərlə ölçülən bölgələrimizdən
biridir. "Sədərək"
sözü hələ "Dədə Qorqud" dastanından
hər kəsə bəllidir. Lakin hələ
o dövrə kimi də Sədərək adı mövcud
olmuş, ulu əcdadlarımız bu ərazidə yaşamış
və fəaliyyət göstərmişlər. Ərazinin tarixini yaşatmaq üçün
Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti
vacibdir. Əvvəlki yeri uyğun olmadığına
görə bu qəsəbə yenidən qurulan zaman yeni
muzeyin də tikilməsi qərara alındı. Artıq
Rayon Tarix-Diyarşünaslıq Muzeyi sizin istifadənizə
verilir. Muzey işi çətin və şərəfli
işdir. Muzey işçiləri eksponatlarla
yanaşı, tarixi dərindən öyrənməlidir.
Onlar ərazidə yaşayan sakinlərin,
məktəblilərin muzeyə cəlb edilməsinə
diqqəti artırmalıdır. Rayona
gələn qonaqların da muzeylə tanışlığı
diqqətdə saxlanmalı, tariximiz onlara izah olunmalıdır.
Binada muzey işçiləri
üçün lazımi şərait yaradılıb.
Muzeydən səmərəli istifadə
isə rayon mədəniyyət və turizm şöbəsinin,
muzey işçilərinin üzərinə düşür.
Biz əminik ki, muzey yeni binada öz fəaliyyətini
günün tələbləri səviyyəsində quracaq,
tariximizin öyrənilməsində və öyrədilməsində
fəal bir təşkilata çevriləcək".
Sədərək Rayon Tarix-Diyarşünaslıq
Muzeyində 1495 eksponat saxlanır. Muzeyin ekspozisiyasında
Sədərək rayonunun son illərdəki inkişafını
əks etdirən guşə də ziyarətə gələnlərin
ixtiyarına verilib.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 24 sentyabr.- S.15