Diyarşünaslıq muzeyləri,
Naxçıvan təcrübəsi - azərbaycançılıq
təcəssümü kimi...
II yazı
Azərbaycan xalqı, dövləti milli-mənəvi, maddi dəyərlərimizə böyük sayğı göstərir.
Tarixdən-tarixə
yadigar qalan bu abidələr ana yurdumuzun bəzəyinə
çevrilib.
Azərbaycançılıq ruhunu
özündə ifadə edən bu abidələr diyarımızın
tükənməz var-dövlətidir. Milli dövlətçilik, mədəniyyət
tariximizi canında daşıyan hər bir abidə azərbaycançılıq
düşüncəsinin çiçəklənməsinə
xidmət edir.
Naxçıvan Muxtar Respublikasının bölgələrində
fəaliyyət göstərən tarix-diyarşünaslıq
muzeyləri azərbaycançılıq, dövlətçilik
tarixinin təbliğində önəmli rol oynayır.
Keçən yazımızdan məlum olduğu kimi,
biz Naxçıvanın tarix-diyarşünaslıq muzeyləri
barədə məlumatları oxucularımıza təqdim
edirik.
Sədərək Tarix-Diyarşünaslıq Muzeyi
azərbaycançılıq ideyasının təbliğində
böyük rola malikdir. Vaxtaşırı
olaraq muzeydə şagirdlərlə, tələbələrlə
görüşlər keçirilir, onlar
üçün xüsusi ekskursiyalar təşkil edilir.
Belə ki, bu ilin sentyabr ayının 21-də
isə Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin
şagirdlərinin Rayon Tarix-Diyarşünaslıq Muzeyinə
ekskursiyası təşkil olunub. Bu barədə
AZƏRTAC məlumat yayıb.
AZƏRTAC
xəbər verir ki, Sədərək Rayon Gənclər və
İdman İdarəsinin, Təhsil Şöbəsinin və
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı
Heydər Əliyev adına Gənclər
Birliyinin birgə təşkilatçılığı
ilə baş tutan tədbirin məqsədi yeniyetmə
və gənclərin tariximizi əks etdirən eksponatlar
haqqında ətraflı məlumatlandırılması,
tarixi keçmişimizin unudulmaması və gələcək
nəsillərə çatdırılması olub. Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən
fəaliyyət göstərən Rayon Tarix-Diyarşünaslıq
Muzeyi üçün Heydərabad qəsəbəsində
2010-cu ildə yeni bina ucaldılıb. İkimərtəbəli
yaraşıqlı bina milli üslubda inşa edilib,
gözoxşayan ornamentlərlə bəzədilib.
2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı
olub. Hazırda isə eksponatların sayı
bir neçə dəfə artıb. Muzeyin ekspozisiyasındakı
16 bölmədə Sədərəyin qədim tarixini
əks etdirən eksponatlar, o cümlədən mühüm
elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji
qazıntılar nəticəsində tapılan əşyalar,
dekorativ tətbiqi sənət, xalçaçılıq
nümunələri, kənd təsərrüfatı alətləri,
bütövlükdə 1200-dən çox eksponat nümayiş
etdirilir.
Qeyd olunana
görə, muzeydə qədim və orta əsrlərə
aid nadir əşyalar çoxdur və onların hamısı
rayon ərazisində yerləşən qədim yaşayış
məskənlərindən - Kərki nekropolundan, Vəlidağ
ətəklərindən, "Sədərək qalası",
"Kültəpə", "Şəhər yeri",
"Bulaq başı", "Karvansara" adlanan yerlərdə
aparılan arxeoloji qazıntılar zamanı tapılıb.
Muzeyin arxeologiya və etnoqrafiya bölməsində
nümayiş etdirilən Tunc dövrünə və orta
əsrlərə aid eksponatlar-daş baltalar, çapacaqlar,
küpə, çölmək, həvəngdəstələr,
dən daşları və digər nümunələr Sədərək
ərazisində hələ eramızdan əvvəl II minilliyin
sonu, I minilliyin əvvəllərindən yaşayış
olduğunu təsdiqləyir. Bölgənin qədim
dövründən bu günədək olan şərəfli
tarixini özündə əks etdirən dəyərli
arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin
parlaq təcəssümü olan mədəniyyət
nümunələri, xalq tətbiqi sənət əsərləri,
numuzmatik materiallar, heykəltəraşlıq, qrafika,
Erkən Dəmir dövrünə aid keramika məmulatları,
soyuq silahlar, misgərlik nümunələri muzeydə
özünə yer alıb. Bölmələrdə
nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq
məmulatları, dekorativ bəzək əşyaları
qədim İpək Yolu üzərində yerləşən
ulu yurdda sənətkarlığın, mədəniyyətin
inkişafından xəbər verir. Buradakı
əkinçilik alətləri - xış, kotan, vəl,
mərəndi, mərgüz, göndən hazırlanmış
xəlbir, nehrə və sair əşyalar sədərəklilərin
hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla
məşğul olduğunu göstərir.
Yazılanlara görə, bölgənin flora və
faunasından bəhs edən bölmə də öz zənginliyi
ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz
təbiəti haqqında dolğun təəssürat
yaradır. Muzeydə "Sədərək" sözünün
etimioloji mənası, elmi şərhi barədə
bilgilər də yer alıb. "Kitabi-Dədə
Qorqud"da adı çəkilən Sədərəyin
Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı,
türk səyyahı Övliya Çələbinin, fransız
səyyahı Jan Şardenin XVII əsrdə bu yerin
çox böyük yaşayış məntəqəsi
olması, geniş meyvə bağları, abad meydanları,
yaraşıqlı binaları, məscidləri, dükan-bazarı
barədə məlumatları da diqqət çəkir.
"Sədərək qeyrət qalasıdır"
bölməsində isə 1990-cı illərdə 14 dəfə
erməni təcavüzünə məruz qalan Sədərəyin
ağır həyatı, mərdliklə müdafiə
olunması canlı eksponatların dili ilə buraya gələnlərə
çox həqiqətləri danışır. Onlar bu torpaq uğrunda canını fəda edən
108 şəhid, o cümlədən sədərəkli
52 şəhid haqqında muzeydə dolğun məlumat
alır. Sədərək rayonunun son
illərdəki sosial-iqtisadi inkişafını əks
etdirən bölmə də şagirdlərin diqqətini
cəlb edib. Muzeyin foyesində isə
rayon mərkəzi Heydərabad qəsəbəsinin
dünəni və bu gününü əks etdirən
stend qurulub. Muzeylə tanışlıq
şagirdlərin marağına səbəb olub və onlarda
zəngin təəssürat yaradıb.
Naxçıvanda
fəaliyyət göstərən Kəngərli Rayon Tarix-Diyarşünaslıq
Muzeyi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun
17 iyun 2006-cı il tarixli sərəncamı
ilə yaradılıb.
Kəngərli
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması
haqqında verilən sərəncamda deyilir: "Kəngərli
rayonunun ərazisi Naxçıvan Muxtar Respublikasının
ən qədim yaşayış məskənlərindən
biri olmaqla, xalqımızın tarixi, mədəniyyəti
və incəsənəti ilə bağlı olan çoxlu
sayda maddi-mədəniyyət nümunələri ilə
zəngindir. Son zamanlar rayonun tarixinə,
adət və ənənələrinə, məişətinə
dair xeyli eksponat toplanıb. Yerli sakinlərdə
və ümumtəhsil məktəblərində rayon tarixini
özündə əks etdirən eksponatlar qorunub saxlanır".
Sənəddə o da vurğulanır ki, rayon ərazisindəki
maddi-mədəniyyət nümunələrinin daha etibarlı
qorunub saxlanması, tədqiq edilib öyrənilməsi
və təbliğ olunması üçün Diyarşünaslıq
Muzeyi yaradılıb.
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi
isə 1978-ci ildə ictimai əsaslarla yaradılıb. Bu muzey 1982-ci
ilin fevral ayının 1-dən dövlət müəssisəsi
kimi fəaliyyətə başlayıb. 30 ilə yaxın tarixi olan muzey indi qabaqcıl
mədəniyyət müəssisəsi kimi fəaliyyət
göstərir. Bu müddət ərzində
muzeydə 7 minə yaxın nadir eksponat toplanıb.
Muzeydə 2 şöbə və 13 bölmə
fəaliyyət göstərir. Verilən məlumata
görə, "Təbiətşünaslıq",
"Arxeologiya", "Etnoqrafiya", "Numizmatika",
"Şəhidlər", "Böyük Vətən
Müharibəsi", "Azərbaycan, ana Vətən",
"Heydər Əliyev-86", "Mədəniyyət və
incəsənət", "Qırmızı tabor",
"Alimlər", "Şairlər" bölmələrində
4 minə yaxın eksponat nümayiş etdirilir. Muzeydə saxlanan və nümayiş etdirilən
eksponatların, demək olar ki, əksəriyyəti
Şərur ərazisindən toplanıb gətirilib.
Eramızdan əvvəl III-II minilliklərə aid gil qab
hissələri, saxsı qablar, daş büt və keramik
bəzək nümunələri, bilərzik, tunc balta, xəncər,
nizə ucluqları və s. əşyalar nadir incilərdir.
Muzeyşünaslar bildirir ki, orta əsr Azərbaycan
mədəniyyəti xalçaçılıq sənəti
ilə daha çox yadda qalır. Muzeydəki kilim,
xalça nümunələri, bərbəzəkli farmaşlar,
xurcunlar, heybələr bu sənətin tarixindən
söz açır. Orta əsrlərdən başlamış
XIX əsrə kimi muzeydə nümayiş etdirilən
müxtəlif qadın bəzək əşyaları -
boyunbağılar, gözmuncuqları, sırğalar,
kəmərlər, qolbaqlar və s. əşyalar daha
çox diqqəti cəlb edir. Əmək alətləri
olan xış, cüt, kotan, vəl, mərəndi və s.
keçmiş əkinçiliyin parlaq nümunələridir.
Mədəniyyət bölməsində şərurlu mərhum
Aşıq Nabatın sazı, qədim ney,
zurna, tulum, tütək və s. musiqi alətləri
nümayiş etdirilir. Rayonun məşhur
"Nurani" yallı kollektivinin Almaniya, Polşa,
Çexoslovakiya və başqa ölkələrdəki
çıxışlarını, qastrol səfərlərini
əks etdirən fotoşəkillər, albomlar, fəxri
fərmanlar, prizlər və digər sənədlər də
bölmənin dəyərli eksponatlarındandır.
Həmçinin, sovet dönəmində rayon
mədəniyyət şöbəsinin layiq görüldüyü
ümumittifaq və respublika keçici "Qırmızı
bayraq"ları da bu guşəni bəzəyir.
Tədqiqatçılar qeyd edir ki, muzeyin ikinci mərtəbəsindəki
zəngin bir guşə ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr olunub. 2002-ci ildə
ulu öndərin Naxçıvana səfəri zamanı
Şərur torpağında olmasına dair fotomateriallar
böyük bir ekspozisiya təşkil edir. Muzeydəki "Böyük Vətən Müharibəsi"
və "Şəhidlər" bölməsində qəhrəman
Şərur övladlarının müharibədə
göstərdiyi igidliklər müvafiq stendlər vasitəsilə
əks etdirilir. Burada Azərbaycanın Milli Qəhrəmanları
Məhərrəm Seyidov, Səyavuş Həsənov, Kərim
Kərimova həsr olunmuş guşələr, stendlər
nümayiş olunur. "Alimlər",
"Şairlər" bölmələrində rayonumuzdan
olan elm adamlarının, şair və yazıçıların
portretləri, fotoşəkilləri və əsərləri
nümayiş etdirilir.
Muzeyşünaslar qeyd edir ki, muzeydə saxlanan və
nümayiş etdirilən eksponatların, demək olar
ki, əksəriyyəti Şərur ərazisindən
toplanıb gətirilib. Eramızdan əvvəl III-II minilliklərə
aid gil qab hissələri, saxsı qablar, daş büt və
keramik bəzək nümunələri, bilərzik, tunc
balta, xəncər, nizə ucluqları və s. əşyalar
nadir incilərdir. Tamaşaçı eksponatlarla tanış olduqca Azərbaycanın,
doğma Naxçıvanın və Şərurun tarixinə,
mədəniyyətinə, sənətkarlıq ənənələrinə
yaxından bələd olur.
Azərbaycan tarixinin bir parçası olan bu nümunələrin
hər biri bizim üçün doğmadır. Hər biri
bir azərbaycançılıq örnəyidir. Azərbaycançılıq məfkurəsinin
yayılması, təbliği, gənclərə təlqin
edilməsi olduqca əhəmiyyətli bir işdir.
Naxçıvan MR-in muzeyləri gənclərin,
ziyalıların ziyarət yeridir. Azərbaycan
tarixinin şanlı səhifələri yazılan Naxçıvan
diyarı azərbaycançılığın qayım-qədim
olduğu bir yurdumuzdur.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 28 sentyabr.- S.13