Zaqatala, Balakən, Şəki,
Qəbələ, Oğuz və İsmayıllı tarix diyarşünalıq
muzeyləri müasir azərbaycançılıq ünvanları
kimi...
II yazı
Xalqımızın və dövlətimizin tarixini
özündə yaşadan, təmsil etdiyi bölgənin mədəniyyətini, maddi dəyərlərini, mənəvi mirasını
özündə əks etdirən tarix-diyarşünaslıq muzeyləri gerçək bir azərbaycançılıq mərkəzləridir. Azərbaycanın elə bölgələri var ki, həmin
bölgədə aparılan arxeoloji qazıntılar
zamanı saysız tarix yadigarları üzə
çıxarılıb.
Azərbaycanın zəngin
tarix-diyarşünaslıq muzeylərinin hər birində
xalqımızın tarixi öyrədilir.
Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi
1981-ci ilin fevral ayının 19-da qapılarını ilk
dəfə ictimaiyyətin üzünə açıb. Cəmi 200
eksponatla fəaliyyətə başlayan muzeyin fondunda
bu gün 4358-dən çox eksponat, qədim əşya
lazımınca qorunur, təbliğ olunur,
nümayiş etdirilir.
Muzey
dörd bölmədən ibarətdir: təbiət
bölməsi, arxeologiya, sovet imperiyasının
süqutuna qədərki dövr, müasir dövr
bölməsi. Burada yerli sakinlər və
turistlər üçün 128 ekskursiya təşkil
olunub.
Muzeyə qədəm qoyan hər kəs ilk növbədə
Oğuz rayonunun xəritəsi önündə
dayanır. Muzeylə ilk tanışlıq buradan
başlayır. Çox zəngin fauna və floraya
məxsus olan Oğuzun təbiətini əks etdirən
bitki və heyvanat aləmi, təbii faydalı
qazıntılar, rayon ərazisinin təxminən 40
faizini əhatə edən meşələri, nadir dərman
bitkiləri, qiymətli ağacları haqqında
ekspozisiyaya tamaşa edən hər bir kəsdə
geniş təsəvvür yaradır. Bu bölməni zənginləşdirmək
üçün bitki nümunələrindən, rəsm
əsərlərindən, nadir meşə
heyvanlarının buynuzlarından və s. istifadə
edilib.
Qədim dövr bölməsi muzeyin maraqla tamaşa
edilən və eyni zamanda maddi mədəniyyət
nümunələri ilə zəngin bölməsidir. Ekspozisiyada qədim
insanların ov sahəsinə aid maket, Yaqublu kəndi
yaxınlığındakı Güllütəpə
adlanan ərazisindən tapılmış od
üçün istifadə olunmuş qədim daş, qədim
qəbirlərdən aşkar olunmuş insan
sümükləri nümayiş olunur. Quruluş və
həcmlərinə görə bir-birindən fərqli
olan Sincan, Dəymədərə, Kərimli kəndlərindən
aşkar edilmiş, Xocalı-Gədəbəy mədəniyyətinə
aid edilən gildən hazırlanmış süddanlar,
dopular, matralar, vazlar, tək və cütqulplu bardaqlar
xüsusi qayğı ilə mühafizə olunur. Bu
bölmədə 1915, 1956-1959, 1965-ci illərdə rayonun
müxtəlif ərazilərindən - Qarabaldır,
Xalxal, Sincan, Dəymədərə kəndlərindən,
Gavur qala (Xaçmaz), Surxay xan qalası (Filfilli), Muxas
qülləsi, Oğuz qalası kimi qiymətli tarixi
abidələrin ərazilərində aparılan
arxeoloji qazıntılar zamanı aşkar edilən
maddi mədəniyyət nümunələri, məişət
əşyaları rayonun maraqlı keçmişindən
xəbər verir.
Etnoqrafların məlumatına görə,
XVIII-XIX əsrlərdə Azərbaycanda, eləcə də
təbiətin gözəl guşəsi olan Oğuzda bir
sıra bədii sənətkarlıq növləri
inkişaf edib. Xalçaçılıq sənəti əsasən
rayonun dağ kəndlərində: Baş
Daşağıl, Filfilli, Qarabulaqda geniş
inkişaf edib. Muzeydə nümayiş etdirilən
müxtəlif çeşidlərdə toxunulmuş xalçalar,
xurcunlar, heybələr, at çulu, tənbəki kisəsi,
qırxlıq qabı və s. yerli
xalçaçılarımızın əl işləridir.
Güləbətinli, merişkalı, tor
üslubunda işlənmiş bu tikmələr ta qədimdən
indiyə kimi evlərimizin bəzəyi olub. Müxtəlif
ölçüdə, müxtəlif formada olan tikmələrin
bir qismi fondda saxlanır, bir qismi isə ekspozisiyada
nümayiş etdirilir.
Misgərlik sənəti əsasən rayonun Calud və
Muxas kəndlərində inkişaf edib. Ekspozisiyada
nümayiş etdirilən sini, səhəng, sərnic, sərpuş,
satıl, aftafa, qazan, dolça, cam və s. IX əsr misgərlərimizin
əl işləridir.
Dulusçuluq sənəti əsasən Calud kəndində
inkişaf edib. Dulusçuluğa aid ekspozisiyadakı
balatı qabları, dopular, kuzələr, küpələr
dulusçularımızın əl işləridir.
Muzeydə, həmçinin, yerli
xarratlarımızın hazırladığı təknə,
çanaq, çömçə, tabaq, ələk,
qaşıq və s. nümayiş etdirilir.
Muzeydə
qadın və kişi gümüş
bel kəmərləri, üzüklər, sırğalar,
muncuqlar və s. zərgərlik nümunələri
nümayiş etdirilir. IX əsrin sonu və
XX əsrin əvvəllərində rayonun Baş
Daşağıl kəndində Abduxalıq adlı sənətkar
yaşamış və onun əl işləri hazırda
mərkəzi muzeylərimizdə nümayiş
etdirilir.
Hər bir xalq öz keçmişini, inkişaf
tarixini müxtəlif kitablar, elmi mənbələr
vasitəsilə əldə edir. Muzeydə 271-dən
çox kitab və əlyazma var. Bunlardan 137-si qədim
kitablar, 134-ü isə müxtəlif mövzularda
oğuzlu yazarların əsərləri təşkil
edir. Onlar ərəb və fars dillərində
yazılıb. Kitablar İstanbulda və
Kazanda çap olunub, əlyazmaların isə naməlum
xəttatlar tərəfindən üzləri
köçürülüb. Bu
maraqlı, nadir nüsxələr "Qədim əlyazmalar"
adlı ekspozisiyada nümayiş etdirilir.
Muzeydə
maraqla tamaşa edilən ekspozisiya tərkibində
odlu və soyuq silahlar - dayandoldurum, təkatılan,
çaxmaqlı tüfənglər, müxtəlif xəncərlər,
bonistika və numizmatika guşələrindəki qədimi
pullar, ADR dövrünə aid sənədlər və əskinaslar,
Böyük Vətən Müharibəsinə aid orden və
medallar, cəbhə sənədləri və s.
mövcuddur.
Müasir dövr bölməsində oğuzlu şəhidlər,
onlara məxsus əşyalar və sənədlər,
rayonun yetirmələri və yazarları guşələri,
Oğuz rayonunun tarixi abidələri və turizm
potensialı, rayonun istehsalat müəssisələrinin
məhsulları ekpozisiyası da
tamaşaçıda böyük maraq yaradır.
İsmayıllı
Rayon Tarix-Diyarşünaslıq Muzeyi də bölgə muzeyləri
arasında xüsusi səviyyəsi ilə seçilir.
Muzey haqqında verilən məlumatlarda qeyd edilir
ki, 1980-ci ildə xalqımızın böyük
oğlu, mərhum prezidentimiz Heydər Əliyevin səyləri
nəticəsində Azərbaycanın bütün
rayonlarında və şəhərlərində
tarix-diyarşünaslıq muzeylərinin
yaradılması haqqında qərar qəbul edilib. Məlumatlara
görə, bunlardan biri də İsmayıllı Rayon
Tarix-Diyarşünaslıq Muzeyidir. Muzey
1981-ci ilin aprel ayında ilk
tamaşaçılarını qəbul etməyə
başlayıb. Muzey 2 ekspozisiya-sərgi
zalı, bir akt zalı, foye və bir neçə digər
otaqlardan ibarətdir. Sahəsi 340
kv.m-dir. Muzey İsmayıllı tarixini öyrənmək,
tədqiq etmək və yaşatmaq baxımından
çox əhəmiyyətə malikdir. Muzeydə
eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji
gil, tunc, dəmir əşyalar, XVIII-XX əsrlərə
aid geyim və məişət əşyaları,
dulusçuluq, misgərlik, xalq tətbiqi sənəti,
kənd təsərrüfatı, zərgərlik,
silahlar, toxuculuq və və s. aid nümunələr
saxlanır.
Muzeyşünaslar
vurğulayır ki, muzeyin məqsədi insan cəmiyyətinin
inkişafını əks etdirən maddi və mənəvi
mədəniyyət abidələrini, eləcə də
konkret diyarın tarixinə dair qiymətli sənət
nümunələrini, sənədləri, görkəmli
el sənətkarlarının düzəltdiyi əşyaları
(qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı,
qiymətli qab-qacaq və s.), kitabələri və
tabloları, heykəltəraşlıq əsərlərini
(barelyef, qorelyef, qəbirüstü sənduqələr),
diyarın etnoqrafiyasını, məişətini əks
etdirən və s. əşyaları toplamaq,
mühafizə etmək, öyrənmək,
nümayiş etdirmək və onları gələcək
nəsillərə çatdırmaqdır.
İsmayıllı rayonu Antik dövr, Qafqaz
Albaniyası və orta əsrlərə aid abidələrlə
zəngindir.
Bu baxımdan il ərzində muzeyə
gələnlərə əsasən bu dövrlər əks
olunan mühazirələr oxunub, ekskursiyalar
aparılıb. Rayonun ümumtəhsil məktəbləri,
idarə və müəssisələri, Peşə Tədris
Mərkəzi, məktəbdənkənar və məktəbəqədər
təhsil müəssisələri ilə əlaqələr
yaradılır, onlar muzeyə dəvət olunur,
ekskursiyalar aparılır, mühazirələr oxunur,
tarixi dərslər təşkil olunur.
2002-ci
ildən başlayaraq hər il ənənəvi
keçirilən "Muzeylər gecəsi"
aksiyası çərçivəsində Beynəlxalq
Muzeylər Günü münasibətilə
"Açıq qapı" günü keçirilib,
rayonun idarə, müəssisə və təşkilatları
ümumtəhsil məktəbləri, məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələri,
Peşə Tədris Mərkəzinin şagird və
müəllim kollektivi muzeyə dəvət olunub,
ekskursiyalar aparılıb, tarixi mövzularda testlər
təşkil olunub.
İsmayıllı rayonu da etnik tərkibinə
görə müxtəlifliyə malikdir. İsmayıllı
Tarix-Diyarşünaslıq Muzeyində
vaxtaşırı olaraq multikulturalizmlə,
tolerantlıqla bağlı maarifçilik tədbirləri
keçirilir. Qeyd edək ki, bir neçə ildir
İsmayıllı şəhəri ilə
Yaponiyanın İto şəhəri arasında
qarşılıqlı əməkdaşlıq və
dostluq əlaqələri yaradılıb. İsmayıllı
rayonunda səfərdə olan Yaponiyanın
"VA-Liqa" ansamblı muzeydə olub və konsert
proqramı təqdim edib.
Onu da
vurğulayaq ki, 26 avqustda isə
Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında
müxtəlif sahələri təmsil edən gənclərə
və gənc mütəxəssislərə "Yeni
mediada multikulturalizmlə bağlı düzgün
iştirak" mövzusunda təlim keçilib.
Bu cür təlimlər, tədbirlər böyük
maarifçilik missiyası daşıyır. Azərbaycanda
fəaliyyətdə olan tarix-diyarşünaslıq
muzeylərinin ənənələri cəmiyyətə
sirayət edə bilir. Azərbaycan
tarixini, xüsusən də bölgənin tarixini
öyrənmək istəyən gənclər
tarix-diyarşünaslıq muzeylərinə üz
tutur. Xalqımızın tarixinin, azərbaycançılığın,
multikulturalizm dəyərlərinin, tolerantlıq əzminin
təbliğində tarix-diyarşünaslıq muzeyləri
əhəmiyyətli dərəcədə böyük
təsir gücünə malikdir. Bizim
yazıdan, araşdırmamızdan gördünüz
ki, ölkəmizin hər bölgəsində
tariximizin, dövlətçilik ənənələrimizin
yaşadılmasına töhfə verilir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 29 sentyabr.- S.15