Aydın Abdullayevin müqəddəs şəhidlik yolu belə başladı...
I yazı
Vətən səninlə qürur duyur Aydın! Sən Vətəni canınla, qanınla
qorumusan, Vətənin köksünə atılan güllə sənin alnına dəyib. Düşmən
gülləsinin
önünə
başını tutmusan, Aydın. Sən şəhid olmusan ki, Vətən yaşasın, ona atılan
güllənin
biri azalsın. Sənin
Vətən nəğmən ayrı cür
oxunurdu ürəyində, bu nəğmə bənzərsiz
idi. Sən
Vətəni ürəyinlə, ruhunla sevirdin,
heç kəsi
sevmədiyin kimi.
Vətən səni heç vaxt unutmayacaq, ona bəslədiyin təmənnasız sevgiyə görə. Niyə unutsun ki? Unudulmazlar
unudulmur tarix boyu. Dünya tarixində minlərlə müharibə olub, saysız
insan tələfatı baş
verib, yaralananlar, evindən,
elindən didərgin düşənlər olub. Dünya yaranandan beləcə keçib
gün-güzəranı.
O müharibələrdə xalqını, torpağını müdafiə edən oğul və qızlar heç vədə unudulmayıb. Onların adı xalqın yaddaşında
yaşayıb, nəsildən-nəsilə müqəddəs əmanət
kimi ötürülüb. Sənin də adın nəsillərin qürur yeri olacaq...
Şəkillərinə baxıram... Çox fikirli görünürsən. Sənin
üzündə təbəssüm yoxdur, Aydın,
dodaqların qətiyyətlə
sıxılıb, baxışlarında hünər, qəhrəmanlıq, əzmkarlıq həkk olunub.
Doğrudan da gözlər ürəyin və ruhun aynasıdır, şəhidim! Şəkillərdən baxan gözlərindən qayğı da
oxunur, nigarançılıq da. Amma
yenə də qətiyyətlə baxırsan. Vətənin
işıqlı sabahı boylanır gözlərindən. Sən
şəhid oldun və məzarın Vətənin köksündə qazıldı.
Ana torpaq səni
qoynuna aldı.
Dan
üzüydü, ana torpaq qəmli türkü oxuyurdu -
"laylay şəhidim, laylay" deyirdi... Ulduzlar bir-bir
göyün yaxasından sürüşüb qeybə çəkilirdi. Günəş
şəhid məzarını
salamlamağa hazırlaşırdı. Aydın ana torpağın qucağına yenicə baş
qoymuşdu. Ruhu elə rahat idi ki, sanki torpağın
deyil, Sevil ananın dizinin üstünə baş qoyub uyuyurdu. Evdə isə anası
"balam" deyib nalə
çəkirdi.
Əlləri qoynunda sərgərdan dolaşan ana öz-özünə ağı deyirdi:
Ağacda
xəzəl ağlar,
Dibində gözəl ağlar.
Səni bu yazıq canım
Sərgərdan gəzər ağlar.
Ana balasının ruhu ilə danışırdı. Deyirdi ki,
oğlum, torpaq soyuqdur, xəstələnərsən ana qurban, evimizə qayıt. Ana xəyallarında
Aydınla danışır, onu dilə
tuturdu ki, evə
qayıtsın. Aydın isə əbədi
evində, son mənzilində əbədi
yuxuya dalmışdı. Oyanmırdı, oyanmayan bəxti kimi...
Sirr deyil ki, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvə şəhidlikdir. Şəhid olmaq yenidən doğulmaq deməkdir. Oğullar şəhid
olur, amma əbədi yaşamaq
haqqı qazanır. Aydın Əmirsoltan
oğlu Abdullayev kimi. Şəhid gizir Aydın Abdullayev
gerçək bir qəhrəmandır. İndiyə qədər
şəhid gizir
haqqında çox yazılıb, çox fikirlər söylənib.
Aydının qəhrəmanlıq tarixçəsi, kiçik ömründə yazdığı möhtəşəm qəhrəmanlıq salnaməsi bizə onun haqqında ətraflı məlumat verir...
A.Abdullayevin şərəfli ömür və döyüş yolunun izi
ilə yeni bir
yola çıxmışıq. Bu yol haqqın ətəyindən
tutub irəliyə doğru
addımlayanların yoludur. Bu yol
qanını Vətən torpağına
halal edən şəhidlərin getdiyi yoldur.
Biz o yolun əbədi
yolçularının izi ilə
irəliləməyə
çalışırıq. Şəhid Tanrının
ən sevimli bəndəsidir. Şəhid
qanı hara tökülərsə, ora müqəddəs sayılar. Tarix təkrar
olunur deyirlər.
Bu fikri irəli
sürənlər haqsız deyil.
Azərbaycan gözəl diyardır. Yeraltı və
yerüstü sərvətləri, qeyri-adi dərəcədə füsünkar təbiəti, dəyanətli, hünərli insanları Vətənimizi bütün dünyada məşhur edib. "Gözələ göz dikən çox olar"
deyib babalarımız. Azərbaycan adlı qədim məmləkətin düşmənləri
həmişə əli tətikdə mürgüləyib ki, fürsət düşən kimi yurdumuzu
yağmalasın. Vətənin
igid oğulları da heç vaxt yağıya macal verməyib,
torpaqlarımızı qoruyub. Qəhrəmanlıq
bugünkü nəslə
babalarımızın əmanətidir. Qəhrəman
keçmişi olmayan xalqın bu gün öz içində qəhrəman
aramağa haqqı çatmır. Bizim
xalqımız isə
ta qədimdən üzü bəri tariximizə böyük qəhrəmanlıq səhifələri yazıb.
Azərbaycan torpağı, Azərbaycan xalqı tarixin
müxtəlif dönəmlərində sınaq qarşısında qalıb, lakin
sınaqdan həmişə mətanətlə çıxıb. Əlbəttə, həmişə sınaq meydanında
imtahan olur. Bizi bu ağır imtahanlardan
xalqımızın mərd
oğul və
qızları qalib çıxarır. Onlar torpaq uğrunda şəhid
olur ki, Vətənin, xalqın qəddi əyilməsin. Düşmən
qarşısında əyilməyən oğulların başı Vətən torpağı və üçrəngli
bayrağımız qarşısında əyilir ancaq. Unutdum, bir də
ana dizinə
baş qoyanda başlarını əyirlər.
Bir dastan yazmaq istəyirik Vətənin cəsur oğullarından olan şəhid gizir A.Abdullayev
haqqında.
Qəhrəman Aydın, igid Aydın,
qorxubilməz Aydın - 23 illik qısa ömür
dastanının çox zəngin səhifələri var. Sanki 23 il deyil, 230 il
yaşamısan həyatda. Sənin
izin hər yerdə var, Aydın - səngərdə, idman
arenasında, dostlarının, səni
tanıyanların ürəyində də. Hər kəsin qəlbində özündən dərin izlər qoymusan. Səngər
yoldaşların, əsgərlərin,
qayğısına qaldığın insanlar səndən ağızdolusu
danışır. Onları dinlədikcə, sənin obrazın
canlanır gözlərimiz
qarşısında.
A.Abdullayev
az yaşayıb, ancaq mənalı yaşayıb. 23 yaşında həyatla
vidalaşan Aydın düşmənlə üzbəüz mövqedə, səngərdə dayanıb həmişə. Düşmənə göz
açmağa qoymayan oğullardan biri olan A.Abdullayev
qısa, lakin şərəfli
ömrünün hər
bir anını torpaqlarımızın müdafiəsinə həsr edib. Aydın deyirdi nə qədər ki, torpaqlarımız
düşmən tapdağı altındadır, onun səngərdən evə qayıtmaq, ailəsində, ocağında rahat yaşamaq haqqı
yoxdur. O, ömrünün sonuna qədər verdiyi vədə xilaf
çıxmadı... Aydın kimi
sözübütöv oğullar hər zaman doğulmur təbii ki... O oğullar
Tanrının sevib seçdiyi oğullardır. Uca
Yaradanın dərgahına apardığı, ali
mərtəbəyə yüksəltdiyi şəhidlərin hamısı
say-seçmə oğullardır. Əlbəttə, şəhidlik adi ölüm deyil,
Vətən, torpaq, böyük
amallar uğrunda candan keçmək, özünü
şüurlu şəkildə qurban vermək deməkdir.
"Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir" - deyirdi Aydın. İnanırdı
ki, axirətdə də onun məqamı
uca olacaq. Çünki o, şəhid kimi cənnət qapısından
içəri daxil
olacaqdı. Aydının cənnətində özü kimi
üzüağ, alnıaçıq bahadırlar bir də bu dünyaya
qayıdacaqları günü gözləyirlər.
Onlar Vətəni qorumaq
üçün doğulanlar olduğuna görə ana yurdun taleyindən narahatdır.
Nə bilmək olar, bəlkə də bu şəhidlər sağlığında
keçmişlərdə şəhid olan insanların ruhunu
daşıyırmış...
A.Abdullayev
1990-cı il sentyabrın 29-da Şabran
rayonunda doğulub. Əmirsoltan dayı və Sevil ananın
sonbeşiyi olan Aydın ərköyün böyüyüb. Üç
qardaşın kiçiyi Aydın uşaqlıqdan
qeyri-adi olub, yaşıdlarından fərqlənib,
hətta
qardaşlarından da xasiyyətcə,
davranışına, qonum-qonşuya, ata-anaya isti
münasibətinə görə seçilib.
Aydın hamının sevimlisi olub. Ailədə onu
"Akuş" deyə
çağırırdılar. Sevil
ana öz sonbeşiyinə
həyatdan nakam
köçən
qardaşının adını vermişdi. Sevil ananın qardaşı 17 yaşında həyata "əlvida"
demişdi. Oğlu Aydına da nakam
ömür qismət
oldu. O, dayısının yaşından cəmi beş
il çox yaşadı. Aydın dünyadan
qəhrəman kimi
köçdü, şəhid
kimi ağırlandı, əzizləndi, ana torpağa əmanət edildi.
Aydının uşaqlığı müharibə dövrünə
düşmüşdü. O, müharibə uşağı idi. Müharibənin
sazağını, ağrısını min dəfələrlə canında hiss
etmişdi. Onların da həyətinə
erməni
zülmünə
məruz qalan
qaçqın yaşıdları gəlmişdi,
məktəblərində yurd-yuvasından
perik salınmış uşaqlar oxuyurdu. Hər dəfə o uşaqlarla üz-üzə gələndə "bircə tez böyüsəydim, Qarabağdan
erməniləri qovub
çıxarardım" deyirdi.
Aydın mübaribə uşağı idi. Bütün
müharibə
uşaqları kimi, o da əzmli,
qorxmaz, cəsarətli
böyüyürdü. Böyüyürdü
ki, düşmənin
nəfəsini kəssin.
O,
müharibənin boz üzünü, gətirdiyi fəlakəti,
ağrı-acını, insanlara çəkdirdiyi məşəqqətləri dərindən anlayırdı. O
bilirdi ki, müharibə ağrı deməkdir, acı çəkmək, acı çəkdirmək deməkdir, ayrılıq, göz yaşı deməkdir, amma müharibənin olması
labüddür. Çünki
torpaqlarımızın 20 faizdən
artıq hissəsi
düşmən
tapdağındadır və
o torpaqlar işğaldan azad edilməlidir.
Uşaqlıqdan atası Əmirsoltan dayı
Aydını idmana aparıb. O, idmanla məşğul olub. Bu da onun gələcək taleyində
mühüm rol oynayıb. Aydının
idmanla məşğul
olması onda həm
mənəvi, həm də fiziki cəhətdən
böyük üstünlüklər
formalaşdırıb. İdmana böyük həvəs göstərən qəhrəmanımız karate, boks, cüdo, qaydasız döyüş
kimi idman növləri ilə məşğul olub və yarışlardan medalla, tərifnamə ilə qayıdıb evə. Övladlarını
qalib görən Əmirsoltan
dayı və
Sevil ananın sevinci yerə-göyə
sığmayıb. Aydın həmişə onların
iftixarı olub. Ailəsi uşaqlıqdan onunla fəxr edib.
A.Abdullayev Suraxanı rayonundakı 278 saylı
orta məktəbin məzunu oldu. Atası Əmirsoltan dayı Aydından danışarkən göz
yaşını gizlədə bilmir. Hər dəfə Aydının adı çəkilərkən gözləri yaşarır,
qəhərlənir. Deyir ki, oğlu ilə
fəxr edir, amma
onun fiziki yoxluğuna ürəyi
heç cür tab gətirmir.
Əmirsoltan dayı oğlundan qəhərlənə-qəhərlənə danışır. Bəzən həyəcandan xatirələri yadından
çıxarır, özünü toplayandan sonra isə sözünə davam edir. Bütün söhbətlərimizi göz
yaşı müşayiət
edir. Adam ataların
ağlamağına heç cür dözə bilmir. Atalar
ağlayanda sanki həyat dayanır... Əmirsoltan dayı
deyir ki, Aydın uşaqlıqdan cəsur olub. Özündən böyük
qardaşları Nicat və
Cavadla güləşərdi və onların kürəyini yerə vurardı. Aydın
məktəbi 4-5 qiymətlərlə oxuyub, həmişə nümunəvi şagird olub və müəllimlərinə, sinif
yoldaşlarına, dostlarına hədsiz
dərəcədə
diqqət göstərib. Ona görə
də hər kəs Aydının
xatirəsini əziz tutur. Onun dünyadan vaxtsız köçməsinə yanırlar. Əlbəttə, ailəsi də, qohumları da, dostları da onunla təsəlli tapır ki, A.Abdullayev
şəhid olub.
Aydın həmişə öz arzularına qovuşmağa can
atırdı. O qədər qətiyyətli idi ki, heç kəs onun addımlarının
qarşısına sədd çəkə bilmirdi.
Aydın həyatını bütövlükdə idmana bağlamaq istəyirdi. Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasına sənəd versə də, onun bu cəhdi
uğurlu alınmır. Bu ona pis təsir etsə də, özünü
sındırmır və
hərbçi
olmaq haqda fikirləşir.
Alın yazısını pozmaq
mümkün deyil. Uşaqlıqdan cəld, hərəkətli,
nizam-intizamlı, sözübütöv, məqsədyönlü olan
Aydının hərbçi
olmaq istəyi ailəsi tərəfindən
müsbət
qarşılanır. Çünki onların
yaxın qohumları arasında hərbçilər, ictimai xadimlər, Azərbaycanın ərazi
bütövlüyünün qorunmasında əməyi olan insanlar az olmayıb.
Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasına qəbul
oluna bilməyən Aydın sənədlərini
Hərbi
Akademiyaya göndərir.
O, tibbi komissiyadan keçir, lakin ona təlimə göndəriləcəyi barədə vəd verilsə
də, səbəbsiz olaraq sənədləri özünə qaytarılır.
Əmirsoltan dayı bu barədə belə danışır:
"Getdik akademiyaya. Orada müavin zabit bizə dedi ki, hər il bizə Naxçıvanski
adına Hərbi Liseyin məzunları ilə yanaşı, institutdan da məzunlar gəlir, bu dəfə institutdan kəsilmiş və akademiyaya qəbul olunan məzunların balları
daha yüksəkdir. Dedim ki, oğlumun hərbə həvəsi var,
idmançıdır, xeyli nailiyyət əldə edib, medallar qazanıb,
onu götürün. Elə valideynlər
olur ki, gəlib
xahiş edir, hərbi
məktəbdə oxuyan oğlunu ikinci-üçüncü
kursdan çıxarmaq istəyir,
o cür uşaqların yerinə
götürün. Dedi ki, olmaz, bizə belə göstəriş var".
Hərbi təhsil almaq məsələsində qarşısına çıxan çətinliklər Aydının hərbə olan marağını
azaltmır, əksinə, o bu məsələdə daha da qətiyyətli olduğunu ortaya qoyur. Qeydiyyatda olduğu
Suraxanı Rayon Hərbi
Komissarlığına gəlib
əsgərliyə getmək üçün
könüllü ərizə verir və Aydını əsgərliyə aparırlar.
2008-ci ildə
hərbi xidmətə gedir, Gəncədəki "N" saylı hərbi hissədə xidmət
edir. 2010-cu ilin aprelində həqiqi
hərbi xidmətini başa vurub
evə qayıdan
Aydın heç cür rahatlıq tapmırdı, yenidən hərbi xidmətə qayıtmaq haqqında
düşünürdü. Onun bu fikri
ailəsi tərəfindən
razılıqla qarşılanmırdı. Sevil ana ona yalvar-yaxır edirdi ki, getməsin. Amma
Aydın fikrində qəti idi və var qüvvəsi ilə düşmənlə üzbəüz mövqelərimizə can atırdı.
2010-cu
ilin yayında Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə isə onun həyatını əməlli-başlı dəyişdi və o, cəbhəyə getməklə bağlı qəti qərar verdi.
Onun fikrinə
təkan verən hadisə ölümündən sonra Azərbaycan
Respublikasının Milli Qəhrəmanı adı
verilmiş Mübariz İbrahimovun şücaəti idi. O
eşidəndə ki, Azərbaycan Ordusunun giziri M.İbrahimov düşmənə qan uddurub, ürəyi köksünə sığmadı. "Mən də M.İbrahimov kimi olmalıyam"
dedi.
Bütün qəhrəmanlar bir-birinə bənzəyir, sanki hamısını bir ana dünyaya gətirib. Hamısının həyat yolu bir-birinə elə bənzəyir ki, adam
təəccüblənir. Elə bil Tanrı
hamısını eyni gündə
yaradıb. Əslində, əməl qohumluğu qan
qohumluğu qədər doğmadır.
Əmirsoltan dayı danışır:
"M.İbrahimovun qəhrəmanlığı bütün ölkədə yayılmağa
başlayanda, bütün ölkə bundan
danışırdı. Mübarizin qəhrəmanlığı
Aydına çox böyük təsir
etdi. Qərara
aldı ki, orduda xidmət
etsin, zabit olsun". Beləliklə,
Aydın ailəsindən xəbərsiz sənədlərini Suraxanı Rayon Hərbi
Komissarlığına verir. Təlim mərkəzlərindən birinə göndərilən Aydın burada kəşfiyyatçı-snayper
hazırlığı keçir. Altı
aylıq təlimdən sonra onu kəşfiyyatçı-snayper
kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xəttində yerləşən Tərtərin Qapanlı kəndinə göndərirlər. Abdullayevlər
ailəsinin qaynar
səngər həyatı
başlayır. Təlatümlü,
təhlükəli cəbhə xəttində
qəhrəmanımız
düşmənə qarşı
barışmaz mövqedə
dayanır. Hər
anı təhlükə, atəş səsləri, düşmən pusqusu -
bütün bunlar hərbçi
A.Abdullayevi ayıq-sayıq olmağa səsləyir,
ona tapşırılan işi yüksək səviyyədə yerinə
yetirməyə həvəsləndirirdi. Aydın kəşfiyyatçı
idi və gecəsini
gündüzünə
qatıb düşmənin
mövqelərini
öyrənir, onun
hiylə və məkrini zamanında ifşa etməyi
bacarırdı. Düşmənə qarşı amansız olan
A.Abdullayev günahsız insanların qisasını mənfur düşməndən almaq
üçün fürsət
gözləyirdi.
Hər an əmrə müntəzir hərbçi kimi komandirlərin
tapşırıqlarını yerinə yetirən Aydın heç bir
çətinlikdən qorxmurdu. Əksinə, düşünürdü ki, aldığı hər bir çətin
tapşırıq onun üçün bir sınaqdır.
O bu imtahandan üzüağ çıxmağa
çalışırdı. Hər
tapşırığı uğurla yerinə yetirməsi rəhbərlik tərəfindən
razılıqla qarşılanırdı. Bu, Aydında arxayınçılıq
yaratmırdı. Onu düşmənə qarşı daha
ayıq-sayıq olmağa, düşmənin planlarından xəbər tutmağa, onun istənilən hədəfini zərərsizləşdirməyə, hərbin sirlərinə yiyələnməyə sövq edirdi... Aydın 2010-cu ildən
şəhid olan
günə qədər sədaqətlə Vətənin
keşiyində
dayandı. Cəsur
Vətən oğlunun həyat hekayətini növbəti
saylarımızda davam etdirəcəyik.
A.Abdullayevin dastanı hələ bitməyib, biz onun ilk səhifələrini yenicə vərəqləməyə
başlamışıq...
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 5 aprel.- S.13