Naxçıvana gedən turistlərin say
artımı ilin ilk
aylarından özünü göstərməyə başladı...
Bahadur Bilalov: "Məhz "Əshabu-kəhf" ziyarətgahını görmək üçün dünyanın əksər ölkələrindən Naxçıvana xeyli turist gəlir"
Ölkəmizin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, infrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən amillərdən biridir. Ölkəyə istirahət üçün gələn turistlərin artması artıq göz qabağındadır.
Ölkəmizdə məmnuniyyətlə istirahət edən turistləri hər kəs görür. Turistlər tək paytaxt ərazisinə deyil, eyni zamanda bölgələrimizə də maraq göstərir. Sevindirici hal odur ki, əcnəbi turistlər Naxçıvan MR-ə də səfər etməyə üstünlük verir. Bunu açıqlanan statistik rəqəmlər də göstərir.
Naxçıvan MR-in Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin ilk rübü ərzində Naxçıvana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu ilin ilk rübü ərzində MR-ə gələn turistlərin sayı bir il öncə ilə müqayisədə 5,1 faiz artaraq 98,8 min nəfər təşkil edib.
1995-ci ildə MR-ə 38,6 min nəfər turist gəlmişdisə, bu göstərici 2006-cı ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-cı ildə 403,3 min nəfər olub. 2016-cı ildə MR-ə gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artıb. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması MR haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, turizmin inkişafına geniş imkanlar yaradıb.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində qeyd etdi ki, son illər turistlər Azərbaycana böyük diqqət göstərir: "Bunun da səbəbi ölkədə turizmin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi turistlərin marağına səbəb olur".
Həmsöhbətimizin dediyinə görə, Naxçıvan Azərbaycanın elə bölgələrindəndir ki, turistlərin ora maraq göstərməsi təbiidir: "Naxçıvanda həm sağlamlıq, həm də istirahət üçün gözəl məkanlar mövcuddur. Orada Duzdağ adlı sanatoriyanın olması, əcnəbilərlə yanaşı, yerli vətəndaşların da diqqətini çəkir. Sanatoriyanın yaxınlığında "Duzdağ" adlı 5 ulduzlu otel fəaliyyət göstərir. Eyni zamanda, Culfa rayonu ərazisində Darıdağ termal suyunun ətrafında sanatoriya fəaliyyət göstərir. Həmin sanatoriyaya həm ölkədaxili, həm də xarici turistlər gəlir".
B.Bilalov qeyd etdi ki, Naxçıvanda turizmin inkişaf etməsinin əsas səbəblərindən biri də orada tarixi abidələrin olmasıdır. Hər bir turist hansısa ölkəyə getməzdən əvvəl oranın tarixi haqqında maraqlanır: "Naxçıvan haqqında olan məlumatlar turistlərin marağına səbəb olur. Həmçinin, o bölgədə tarixi abidələrin olması turizmə öz təsirini göstərir. Məhz "Əshabu-kəhf" ziyarətgahını görmək üçün dünyanın əksər ölkələrindən Naxçıvana xeyli turist gəlir".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2017.- 7 aprel.-
S.13