Gəray Gəraybəyli
ATUnun rektoru vəzifəsində bir ilin hesabatını verdi...
"Əsas
strateji hədəfimiz təhsilin keyfiyyətinin
artırılmasıdır"
Bir il öncə Azərbaycan Tibb
Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli bütün
karyerasını həsr etdiyi doğma universitetin
rektoru təyin olundu.
İstənilən
sahədə bir il hesabat vermək
üçün ilkin mərhələ sayılır. Bu müddətdə Azərbaycan Tibb
Universitetində nələr dəyişdi, yeni rektor
hansı sahələrə diqqəti daha da
artırdı? Hədəflər nə
idi və bir ildən sonra gözləntilərin
doğrulduğunu demək olarmı? Bütün bunlar
haqqında ATU rektoru, professor Gəray Gəraybəyli
ilə müsahibəni təqdim edirik:
-
Artıq bu işə başlamağınızın bir il tamam oldu. Yəqin ki, yeni
işə başlayanda müəyyən dövr
üçün hədəfləriniz olub. İndi
keçən müddətə baxanda nə demək olar
- qarşıya qoyulan hədəflərlə nə dərəcədə
nail olundu?
- Bir il bir tərəfdən qısa, digər tərəfdən
isə kifayət qədər böyük bir
dövrdür. İndi geriyə baxanda, deyə bilərəm
ki, 1 il çox tez keçib getdi. Və bu bir ilin hər gününü çox
gözəl xatırlayıram. Çünki
bu günlər çox gərgin, hadisələrlə zəngin
günlər oldu.
Əlbəttə ki, əsas hədəf
universitetin gələcək inkişafı ilə
bağlıdır. Bunun üçün ilk əvvəl
universitetdə bütün istiqamətlər üzrə
fəaliyyətini monitorinq etmək qərarını
verdim. Məqsəd də o idi ki, ən
çətin, ən zəif bəndləri
aşkarlayım və imkan olduqca, bu problemlərin həlli
yollarını tapaq. Hesab edirəm ki,
bu bir ildə qarşıya qoyulan hədəflərin
böyük əksəriyyətinə nail olmuşuq.
- Bu bir
ildə tədris prosesində nələr dəyişdi?
Bildiyimiz qədər, dövlət
imtahanlarına qədər bir çox yeniliklər tətbiq
olundu. Artıq hansısa nəticələrdən
danışmaq olarmı?
- Əsas strateji hədəfimiz tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasıdır. İstəyirik
ki, ATU-nun məzunları artıq bilikli, tam
yetişmiş həkim kimi universiteti bitirsinlər.
Bunun üçün də imtahanlar, tədris
prosesinin təkmilləşdirilməsi ən vacib
meyarlardan biridir. Bu məsələ
ilə bağlı əsasən 2 istiqamətdə
işlər aparılıb. Birincisi obyektivliyin,
şəffaflığın artırılması,
hansısa subyektiv faktorların aradan
qaldırılması, ikincisi - tələbələrin
praktiki vərdişlərinin yüksəldilməsi.
Bizim tələbələrimizin əksəriyyəti
yüksək nəzəri biliklər nümayiş
etdirir. Lakin praktiki vərdişlər istədiyimiz səviyyədə
deyil. Məhz bu istiqamətdə bu bir il
ərzində konkret işlər görülüb. Məsələn,
artıq dövlət imtahanları iki formada
aparılır: həm şifahi nəzəri biliklərin
yoxlanması üçün test imtahanları, həm də
bilikləri və praktiki vərdişləri
nümayiş etdirmək üçün beynəlxalq
OSKİ imtahanları tətbiq edilir. Bu
sistem ötən ilin yayında universitetimizdə ilk dəfə
tətbiq olundu. Bu imtahanlarda iştirak edən tələbələrin
həqiqi rəyini öyrənmək üçü?n imtahan aparılan mərkəzlərdə
anonim qutular yerləşdirdik. Nəticədə,
fərqli məktublar aldım. Tələbələr
yeni sistemin tətbiqindən razılıq edirdilər.
Hətta OSKİ imtahanlarının digər
kurslarda, yəni kliniki fənlərdə də tətbiqini
təklif edirdilər. Bu çox
sevindirici bir haldır. Gələcəkdə
kliniki bazaya gedən tələbənin öz
imtahanını həm vərdiş, həm də kliniki
formada verə bilməsi üçün işləri
davam etdiririk.
Digər tərəfdən, bu ildən birinci
kursların kurs imtahan forması də dəyişdi. Çünki bir neçə
il bundan öncə universitetin
keçmiş rəhbərliyinin təşəbbüsü
ilə ATU-da test imtahanları tətbiq edildi. Məqsəd
şəffaflığa nail olmaq, müəllim-tələbə
münasibətlərində xoşagəlməz və
neqativ halların qarşısını almaq idi. Buna da
nail olundu. Təəssüf
ki, artıq bu test imtahanlarında da problemlər ortaya
çıxdı. Məsələn, tələbələr
cavabları öncədən əldə edirdilər.
Açıq deyirəm, bəzən tələbələrə
cavabları satırdılar. Biz də
istədiyimiz obyektivliyi itirdiyimiz üçün
beynəlxalq təcrübədən istifadə etdik,
mütəxəssisləri dəvət etdik. Bu şəxslər ATU-nun müəllimləri
deyil, sırf testlə məşğul olan nümayəndələrdir.
Onların artıq bir neçə Avropa ölkəsində:
Almaniya, İsveçrə və s. ölkələrdə
təcrübələri var. Biz onları dəvət
etdik, fikirlərini öyrəndik. Artıq
birinci kursların qış imtahan sessiyasında
sınaqlar yeni üsulla aparıldı. Bu yenilik həm imtahan zamanı tələbəyə
verilən vaxtda, həm də sualların keyfiyyətində
özünü göstərdi. Biz
imtahandan bir ay öncə sualları internetə yerləşdirdik.
Bu, tələbəyə
öz-özünü təkmilləşdirmə
imkanı verir. Müşahidə edirdik ki, tələbələr
hər dəfə suallardan daha çox bal
toplayır. Demək, tələbə hər
dəfə daha yaxşı hazırlaşır,
özünü təkmilləşdirir.
- Universitetin
özəyini peşəkar kollektiv təşkil edir. Bəs müəllim heyətinin
ixtisasını artırmaq üçün hansı
addımlar atılır?
-
Tamamilə razıyam, peşəkar kollektiv hər bir ali təhsil ocağının əsasıdır.
Əvvəla, son bir ildə biz professor məsləhətçi
vəzifəsini təsis etdik. Hər
bir kollektivdə olduğu kimi, bizdə də
ağsaqqal, böyük təcrübəyə malik
mütəxəssislər, müəllimlər var. Onlar
bizim qızıl fondumuzdur, onların təcrübəsindən
daim yararlanmalıyıq. Eyni zamanda,
elm və səhiyyə daim inkişaf edir. Biz xaricdə
təhsil alan, orada praktika keçən,
müxtəlif dillər bilən həkimlərimizdən,
gənc kadrlardan da müəllim kimi istifadə etməliyik.
Ona görə də professor məsləhətçi
vəzifəsini təsis etməklə həm
yaşlı kadrların sosial statusunu, kafedradakı
yerlərini qoruya bildik, həm də gənc kadrlara yol
açmış olduq.
Digər tərəfdən, müəllim də daim
öz üzərində işləməlidir. Müəllim nə vaxtsa
aldığı biliyi hər il eynilə
tələbəyə ötürə bilməz. Bəzən
elə olur ki, müəllimlər elə 30 il
bundan əvvəl oxuduğu mühazirəni yenə
auditoriya qarşısında oxuyur. Artıq
hər kəsin internetə çıxışı var,
tələbələr hər şeydən məlumatlıdır.
Buna görə də biz bu il müəllimlərin
biliklərini yoxlamaq üçün reytinq bal
şkalası üzrə xüsusi komissiya yaratdıq.
Bu bal reytinq şkalasında müəyyən
bəndlər tələbənin müəllim
haqqında fikrini ifadə edir. Ola bilər
ki, müəllim güclü bir mütəxəssisdir,
amma pedaqoq kimi zəifdir.
Bir neçə ay bundan öncə ilk olaraq
innovasiya şöbəsinin nəzdində yeni "Təhsilin
keyfiyyətinin təminatı və innovasiya"
şöbəsi yaradıldı. Məhz bu şöbə
tələbələri deyil, müəllimlərin necə
dərs apardıqlarını yoxlayacaq. Bizim universitetdə xaricdə oxumuş,
Avropanın tədris sistemini bilən mütəxəssislərimiz
də var. Mən onlarla görüşmüşəm,
onların tədris prosesinə qatılmasının tərəfdarı
olduğumu bildirmişəm. Biz
artıq beynəlxalq əlaqələrimizdən də
istifadə etməyə başlamışıq. İnanıram ki, bunların hər biri bu işə
müsbət təsirini büruzə verəcək.
- Tələbə
olmasa universitet də olmaz. Bildiyimiz qədər,
tələbələrin rəyi sizin üçün
önəmlidir. Hətta onları daha
yaxşı eşitmək, istəklərini öyrənmək
üçün xüsusi görüşlər də
keçirirsiniz. Tələbələr
nə istəyir?
- Tələbələrin
istəklərinin böyük əksəriyyəti
keyfiyyətli tədrislə bağlıdır. Bəzən müəyyən müəllimlərdən
şikayətlər olur. Dərsliklər
və informasiya mənbələrinin
qıtlığından da gileylər olur. Bizim tədris proqramımızın digər
xarici ölkələrin proqramlarından fərqli
olduğunu da deyirlər. Çünki
sonradan bu, təhsilini xaricdə davam etdirmək istəyən
tələbələrə çətinlik yaradır.
Bəzi tələbələr praktiki məşğələlərin
az olmasından şikayət edir,
müəyyən patologiyalar üzrə xəstələr
klinikalara daxil olmadığından, həmin xəstəliyin
gedişini əyani müşahidə edə bilmirlər.
Azsaylı sosial xarakterli şikayətlər
də olur.
- Tibb
elmi yerində saymır, hər gün hansısa yeniliklər
barədə xəbərlər yayılır. ATU həm də elm ocağıdır. Elmi tədqiqatların aparılması
üçün hansı şərait var və gənc
alimlərimizdən gözləntilər
özünü doğruldurmu?
- Elm hər
bir universitetin vacib tərkib hissəsidir, bu olmasa,
keyfiyyətli təhsildən danışa bilmərik.
Elmi Şurada səslənən son hesabata arxalanaraq
deyə bilərəm ki, universitetimizdə elmi işlərin
yüksək səviyyədə
araşdırılması üçün kifayət qədər
şərait var. Azərbaycanda ayrı heç yerdə
olmayan elektron mikroskop ATU-da var. Müxtəlif sahələrdə
araşdırma aparmağa imkan verən
labarotoriyalarımız, elmi tədqiqat mərkəzimiz
var. Onların bəzilərini yeniləməyi
planlaşdırırıq.
Hazırda əsas hədəfimiz xarici ölkələrin
universitetləri ilə qarşılıqlı elmi
işlər aparmaqdır. Bunun üçün
biz müxtəlif universitetlərlə
qarşılıqlı əməkdaşlıq
sazişləri bağlayırıq. Və
bu haqda müraciətlərin sayının artması
sevindirici haldır.
ATU-da rezidentlərin və gənc alimlərin
konfranslarının keçirilməsi bizim gözəl
ənənələrdən biridir. Bunlar
artıq ənənəvi xarakter alıb. Bir neçə ay əvvəl Tələbə
Elmi Cəmiyyətinin konfransı baş tutub. Bir neçə gün öncə 3 tələbəmiz
Rusiyada keçirilən elmi festivalda iştirak edib, hətta
1-ci yeri qazananı da olub. Bunlar da tələbələrimizin
fəallığını göstərir. Ancaq hələlik tələbələrimizin
elmi tədqiqat sahəsində iştirakından tam
razı olduğumu deyə bilmərəm.
- Və
sonda - həkim-müəllim olmaq rahatdı, yoxsa rektor?
- Əlbəttə, həkim-müəllim olmaq daha
asandır. Yəqin ki, hər bir insanda anadangəlmə
hansısa bir sahəyə maraq, daxili cəzbetmə
qüvvəsi olur. Mən həmin hissin
təsiri ilə ATU-ya gəldim. Qismət
elə gətirdi ki, elə bu universitetdə
çalışmağa davam etdim. Uzun
illər həkim və müəllim kimi fəaliyyət
göstərdim. Açığı,
indinin özündə də kafedramızda həm
müəllim, həm də həkim olaraq
çalışıram. Və bu fəaliyyət
hazırda rektor kimi üzərimdə olan məsulliyyətin
öhdəsindən gəlməyə, emosional
baxımdan bərpa olunmağıma kömək edir.
Bakı xəbər.- 2017.- 18 aprel.- S.13