Tarixdə
iz buraxanlar: Mirzə İbrahimov
Mirzə İbrahimov 28 oktyabr 1911-ci ildə Cənubi
Azərbaycanın Sərab şəhəri
yaxınlığındakı Evə kəndində
anadan olub. 3 yaşında ikən anasını itirib.
Atası Əjdər kişi iki körpə
uşağı ilə Bakıya köçüb. Bir
neçə il sonra o da
dünyasını dəyişib və balaca Mirzə 7
yaşında ikən yetim qalıb. Onun ən
çətin günləri də elə bundan sonra
başlayıb.
Kiçik yaşlarından Balaxanı və Zabrat
kəndlərində muzdurluq edərək öz zəhməti
ilə yaşayıb. 1926-1930-cu illərdə Balaxanı
fabrik-zavod məktəbində oxuyub və işləyib.
Ağır həyat şəraitinə
baxmayaraq, azyaşlı Mirzənin təbiətində
sabaha ümidlə baxmaq, yaşamaq istəyi
güclü olub. O, ağır həyat sürsə də,
daim oxumaq həvəsində olub, elm öyrənməyə
can atıb.
Bədii yaradıcılığa Zabrat fəhlə
ədəbiyyat dərnəyinin üzvlüyündən
başlayıb. Azərbaycan nəsrinin ən görkəmli
simalarından biri olan Mirzə İbrahimov ilk hekayə
və oçerklərini 30-cu illərdə yazıb.
O, yaradıcılığında real həyat lövhələrinin
təsvirinə, milli-mənəvi dəyərlərin
təbliğinə geniş yer verib. 1931-ci
ildə yazdığı "Zəhra" və "Mələk"
hekayələri o illərin mühitində onu bir
yazıçı kimi tanıdıb.
Mirzə İbrahimovun keçdiyi həyat yolu onun
xalqımızın mənəvi aləminə daha dərindən
nüfuz etməsinə zəmin yaradıb. Xalqa məhəbbət,
sədaqət Mirzə İbrahimovun şəxsiyyət
bütövlüyündə həlledici rol oynayıb.
Onun xalqa qırılmaz tellərlə
bağlı olduğunu o dövrün görkəmli
nümayəndələri də hörmət və
ehtiramla təsdiq edib. Ulu öndər
Heydər Əliyev "Mirzə İbrahimov təvəzökar,
mehriban, həssas bir insandır. Bütün
Azərbaycan xalqının sevimlisidir, xalq
yazıçısı kimi yüksək ada layiqdir.
Eyni zamanda onun
yaradıcılığı ölkəmizdə
layiqincə qiymətləndirilib. Yazıçının
kitabları hər yerdə geniş şöhrət və
rəğbət qazanıb" - deyərək
yazıçının şəxsiyyətini,
yaradıcılığını yüksək dəyərləndirib.
Mirzə İbrahimov bir yazıçı və
şəxsiyyət olmaq etibarilə özündə
bütöv vətənimizi - şimali və cənubi
Azərbaycanımızı yaşadır. Milyonların
bütövlük diləyi, mənlik və qürur
hissi Mirzə İbrahimovun ideoloji görüşlərində
və əsərlərində canlılıq qazanıb,
xalqın özünü dərketmə, milli və bəşəri
düşüncə tərzinin formalaşmasında
mühüm yer tutub.
Mirzə İbrahimov dil mövzusunu çox ciddi
araşdırıb və öz fikirlərini
açıq bir şəkildə bəyan edib. Onun dil
haqqında fikirləri ən dolğun şəkildə
1943-cü ildə yazdığı "Dilimizin
inkişaf yolları haqqında" məqaləsində
öz əksini tapıb. Dili insan ağlının
qüdrətli silahı, insan həyatının
böyük neməti və tükənməz mədəniyyət
xəzinəsi hesab edən yazıçı onu
canlı bir orqanizmə bənzədir: "Dil tam mənasıyla
canlı bir orqanizmdir. O da insan kimi doğur, törəyir,
inkişaf edir" - deyir tarixi şəxsiyyət. Mirzə İbrahimova görə, Azərbaycan
xalqı öz varlığını və dilini
saxlamaq üçün ağır müharibə yolu
keçmiş xalqlardandır. Ədib
torpağımız və xalqımız kimi ana
dilimizin də təcavüzə məruz qaldığını
xüsusi olaraq nəzərə çarpdırır:
"Əsrlər boyunca dilimiz də
torpağımız və xalqımız kimi min bir təcavüzə
məruz qalıb, lakin aldığı yaralardan həlak
olmayıb." Azərbaycan dilini qədim
tarixi olan dillərdən hesab edən Mirzə
İbrahimov doğru olaraq qeyd edir ki, "Hazırda
keçmiş Azərbaycan dilini öyrənmək
üçün əldə olan ən qədim və ən
böyük vəsiqə "Dədə Qorqud"
dastanlarıdır." Bu da bir həqiqətdir
ki, "Dədə Qorqud" lüğət və sintaksis
cəhətindən XI-XIII əsrlərdəki Azərbaycan
dilinin bütün xüsusiyyətlərini
özündə əks etdirir. Xalqın
tarixi keçmişinə, folklor münasibətinə
məhəbbətlə yanaşmaq Mirzə
İbrahimovun sənətkar şəxsiyyətinin dərk
edilməsi baxımından diqqəti cəlb edir.
1956-cı
ildə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu
dövrdə "Kommunist" qəzetində dərc
etdirdiyi "Azərbaycan dili dövlət idarələrində"
adlı məqaləsində cəsarət tələb
edən çox ciddi məsələlərdən bəhs
olunub. O dövrdə Mirzə İbrahimovun Azərbaycan
dilinin işlənməsinə dair irəli
sürdüyü fikirlər onun ruslaşdırma siyasətinə
qarşı cihadına çevrilmişdir. 1956-cı
ildə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri
Voroşilovun razılığını alan
Mirzə İbrahimovun imzası ilə Azərbaycan SSR
Konstitusiyasına "Azərbaycan dili Azərbaycan
SSR-in Dövlət dilidir" bəndinin əlavə
edilməsi ilə sanki başlanmış cihad başa
çatdı. Bu da bir həqiqətdir ki,
Mirzə İbrahimovun dilçilik görüşləri
Azərbaycanın 1930-cu illərdən başlanan vəziyyətini
öyrənmək baxımından mühüm əhəmiyyətə
malikdir.
Mirzə İbrahimov şəxsiyyətində
insani ehtiras, həmrəylik duyğusu,
xalqımızın keçmiş olduğu yetmiş
illik yolun ağrı və çətinlikləri, Cənubi
Azərbaycan türklərinə bəslənən
doğmalıq, vüsal gününün həsrəti,
sənətkar kamilliyi yaşayır. Onun
ictimai-siyasi, elmi-nəzəri görüşlərində,
bədii əsərlərində xalqın istək və
arzularını tam şəkildə ifadə etmək səyi
güclüdür və olduqca təbii
görünür. Bu təbiilik və
xalqı duymağın sirri sənətkarların
folklora münasibətindən doğur. Xüsusən xalq-folklor ruhu və ənənəsi
Mirzə İbrahimovun yazıçı üslubunda əsas
və aparıcı rol oynayıb.
Mirzə İbrahimov xalqın mənən
oyanmasında mühüm mərhələ təşkil
edən dahi şəxsiyyət olub. O, xalqın tarixin dərin
qatlarından süzülüb gələn milli mənliyini,
humanist görüşlərini, xalqın ruhunu
böyük ustalıqla duyub, xalqın şəxsiyyətinin
inkişafına təkan verib. Xalqın
düşüncəsini, onun təfəkkür fərdiliyini
özündə əks etdirən sənətkarlar
dünya ədəbiyyatında təqdir olunan fəlsəfi-estetik
fəallara biganə qala bilməz. Mirzə
İbrahimov yaradıcılığında bu həqiqət
öz əksini tapır.
Mirzə İbrahimovun elmi-nəzəri, publisist
yaradıcılığında həm klassik irsə, həm
də xalq idrakının məhsulu olan folklora
münasibətdə həssaslıq, aydın
ictimai-siyasi mövqe özünü göstərir. Kökləri
klassik ədəbiyyatımızın dərinliklərindən
qidalanan Mirzə İbrahimov sənətinin hərarəti
qəlbə yatımlılığı, dilinin
sünilikdən uzaq olması, onun mənəvi
dünyasının zənginliyi və xalqa bağlı
olması ilə əlaqəlidir. Məhz
bu cəhət Mirzə İbrahimovun
yaradıcılığının ədəbiyyatımızın,
nəsrimizin, mənəvi düşüncə zirvəmizin
inkişafında mühüm bir mərhələ təşkil
etməsinə zəmin yaradıb. Onun
yaradıcılıq uğurları
xalqımızın keçdiyi həyat yolu ilə
sıx bağlıdır. Yazıçı
özünün sənətkarlığı, təfəkkür
gücü ilə Azərbaycan ədəbiyyatında
yüksək mövqe qazanıb.
Mirzə İbrahimovun qələmi heç vaxt
qınına salınmayan silahdır. Kənd olsun,
şəhər olsun, ailə və ya ictimaiyyət
olsun, həyatımızın elə bir sahəsi yoxdur
ki, oraya onun qələmi nüfuz etməsin. O, təbiətən
fəal, özünə tələbkar bir şəxsiyyət
olub, folklorumuzun dərin qatlarını üzə
çıxarmaq, onun ədəbi prosesə təsirini
aşkarlamaq sahəsində ədəbi-elmi qüvvələrin
yolunu işıqlandırıb.
Mirzə İbrahimov maarifin təşkili və
inkişafı ilə bağlı məsələlərin
həllində xalqa daha yaxından bağlı olub. Yazıçının
şəxsiyyətində qərar tutan əsl xalq müəlliminə
məxsus keyfiyyətlər bunu aydın göstərir.
Mirzə İbrahimov təlim və tərbiyəyə
dair məqalə və çıxışlarında da
xalqın milli-mənəvi dəyərlərindən, əxlaqi
görüşlərinin zəngin çalarlarından
istifadə etməyə önəm verib. Onun şəxsiyyəti, xalqın təfəkkür
gücünün, inam və mənliyinin axarında
yetişib.
Mirzə
İbrahimov Azərbaycan Yazıçılar
İttifaqı İdarə Heyətinin sədri
(1946-1954), SSRİ Yazıçılar İttifaqı
İdarə Heyətinin katibi (1957-1965), Azərbaycan
Respublikası Nazirlər Soveti sədrinin müavini
(1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin sədri (1954-1958) vəzifələrində
çalışıb. Ömrünün sonunadək Azərbaycan
Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan
Ədəbiyyat şöbəsinin müdiri,
çoxcildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin redaksiya heyətinin üzvü olub.
Ümumdünya parlamentlərarası ittifaqın
konqresi, Ümumdünya sülh tərəfdarları
konqresi və s. beynəlxalq məclislərin
iştirakçısı olub. Asiya və Afrika ölkələri
ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə
Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr,
Suriya və Zambiya ölkələrində səfərdə
olub, Beynəlxalq konqres, sessiya və müşavirələrdə
Sovet nümayəndə heyətinin
başçısı olub. Onun
başçılığı ilə komitə sülh
uğrunda mübarizə məqsədilə
Əfqanistanda, Vyetnamda və digər ölkələrdə
tədbirlər keçirib. Ədibin
ictimai-siyasi, elmi fəaliyyəti ilə ədəbi
yaradıcılığı bir-birini tamamlayır.
Onun əsərləri keçmiş SSRİ
xalqlarının dillərinə və bir çox xarici
dillərə tərcümə edilib. 3
dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və
digər orden və medallarla təltif olunub.
Əlli ildən artıq yaradıcılıq yolu
keçən, akademik Mirzə İbrahimovun ədəbi
fəaliyyəti çağdaş ədəbiyyatımızın
inkişaf etməsi prosesilə bağlıdır. Bir də onun
bütün bədii və elmi
yaradıcılığı ictimai fəaliyyəti
xalqımızın mədəni və mənəvi cəhətdən
yetkinləşməsi, milli mənlik şüurunun
formalaşması uğrunda çalışmalara həsr
olunub.
Azərbaycan ədəbiyyat tarixini bütöv
şəkildə öyrənməyə
çalışan Mirzə İbrahimov zəngin ədəbi
irslə bağlı çatışmazlıqları,
boşluqları görüb. Harada, hansı vəzifədə
işləməsindən asılı olmayaraq,
yalnız xalqını, onun taleyüklü məsələlərini
düşünən və onları bacardığı
qədər həll etməyə çalışan
yazıçının bütün fəaliyyətində
bu boşluqları doldurmaq cəhdləri aydın
görünür.
Mirzə İbrahimov üçün o taylı-bu
taylı Azərbaycan yox, vahid Azərbaycan var idi. O, vətənimizin cənubunda,
Güney Azərbaycan xalqının qucağında
dünyaya gəlsə də, taleyinə
bölünmüş böyük Vətənin hər
iki tayında yaşamaq ona qismət olub.
Xalqın
milli kimliyini təqdim edən, onun təfəkkürünü
qanadlandıran Mirzə İbrahimovun qəlbindən
doğan: "Ey mənim xalqım, ey mənim ümidim və
pənahım! Ürəyimin istiliyi səndədir,
fikrim işığını səndən alır.
Həyatımın hər nəşə və sevincinə
bais sənsən... Yol kənarında
ağac əkdirən, səhralara su gətirdən,
yerin altını eşib sərvət tapdıran,
çöllərdə məhsul yetirmək həvəsini
alovlandıran, qolumdan tutub yaz deyən sənsən"
sözləri Mirzə ruhunun nəsillərin
yaddaşında əbədi qalacağını, ürəklərdə
yaşayacağını əks etdirir. Yetmiş il ərzində Azərbaycan türklərinin
birlik və bütövlük rəmzinə çevrilən,
gələcək günümüzün, ana dilimizin fədaisi,
milli mənliyimizin vicdanı Mirzə Əjdər
oğlu İbrahimov ictimai-fəlsəfi və ədəbi
fikir tariximizin zirvəsində dayanmağa haqqı
olan qüdrətli şəxsiyyət kimi ölməzdir.
Mirzə İbrahimov Azərbaycan mədəniyyətinin
tarixində öz səhifəsini yazan nasir, dramaturq, ədəbiyyatşünas,
publisist, dilçi, tərcüməçi və
ictimai-siyasi xadim olub. O, 1993-cü il
dekabr ayının 17-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor
Bakı xəbər.- 2017.- 15-17aprel.- S.13