"Qaçqın teatrlarımız"
da Qarabağ uğrunda inamla döyüşür...
Sərvər Əliyev: "Binamız əsaslı
şəkildə təmir edilib, maddi-texniki baza
günün tələblərinə cavab verir"
Vaqif Vəliyev: "2003-cü ildə
Füzuli Teatrının həyatında böyük
qayıdış baş verdi və biz Horadizə
qayıtdıq"
"Qaçqın teatrlar" deyimi son illər
yaranıb. Erməni təcavüzü yalnız
Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan
insanlara deyil, eyni zamanda mədəniyyətimizə
böyük zərbə vurub. Bədnam
qonşularımızın törətdiyi terror
aktları, həyata keçirdiyi
separatçılıq nəticəsində mədəniyyət
ocaqlarımız dağıdılıb, teatrlarımız
məhv olmaq təhlükəsi ilə üzləşib.
Erməni zülmündən xilas olan
teatrlar qaçqın taleyi yaşamağa məhkum
olunub.
Bu gün
Şuşa Musiqili Dram Teatrı,
Ağdam Dövlət Dram Teatrı, Füzili Dövlət
Dram Teatrı qaçqın vəziyyətdə fəaliyyətini
davam etdirir. Erməni təcavüzü
böyük ənənələrə malik olan hər
üç teatrın inkişafına sözsüz ki, zərbə
vurub.
Bu teatrların əməkdaşlarının, demək
olar ki, əksəriyyəti həm də Qarabağ
savaşında erməni təcavüzünə
qarşı əlində silah mübarizə aparıb. Bu gün
qaçqın ömrü yaşamağa məcbur edilən
"qaçqın teatrlar" tam gücü ilə fəaliyyətini
davam etdirir. Çünki Azərbaycan
dövləti bu teatrların yaşaması
üçün lazımi şərait yaradır. Dövlət qayğısı ilə əhatə
olunan teatrlar tam gücü ilə mədəniyyətimizə
xidmət etməkdə davam edir.
Hazırda
Ağdam Dövlət Dram Teatrı Ağdam rayonunun
Quzanlı qəsəbəsində, Şuşa Musiqili
Dövlət Teatrı Bakıda, Füzuli Dövlət
Dram Teatrı isə Füzuli rayonunun Horadiz şəhərində
fəaliyyətini davam etdirir.
"Qaçqın
teatr"ın özünü saxlaması..."
Ağdam
Dövlət Dram Teatrının baş rejissoru,
respublikanın əməkdar artisti Sərvər
Əliyev bizimlə söhbətində bildirdi ki,
teatrın fəaliyyət göstərməsi
üçün dövlət tərəfindən dəstək
göstərilir: "Hazırda Ağdamın
Quzanlı qəsəbəsində fəaliyyətimizi
davam etdiririk. Yerləşdiyimiz bina qəsəbə
klubu olub vaxtilə. Binamız əsaslı
şəkildə təmir edilib, maddi-texniki baza
günün tələblərinə cavab verir. İşləməyimiz üçün şərait
var, narazılığımız yoxdur. Dövlət
qayğısı olmadan hansısa bir əyalət
teatrının fəaliyyət göstərməsi asan ola bilməz. "Qaçqın
teatr"ın özünü saxlaması isə lap
çətin olardı. Ola bilsin, paytaxtda
hansısa bir teatr özünü dolandıra bilər,
amma əyalətdə bu mümkün deyil. Teatrımızın zəngin repertuarı var.
Bu yaxınlarda bir tamaşa təhvil vermişik. Bakı Uşaq Teatrının rəhbəri
İntiqam Soltanı teatrımıza dəvət etdim.
O burada müəllifi olduğu "Dələduzlar"
əsərini tamaşaya hazırladı, artıq o
tamaşanı təhvil vermişik. İkinci
tamaşamız da var. "Sadığın toyu"
adlı tamaşanı da təhvil verəcəyik.
Bu tamaşaya Kərim Həsənli
quruluş verib".
Teatrın
üç il ərzində dövlətə
6 tamaşa təhvil verdiyini deyən S.Əliyev bildirdi
ki, bu tamaşalar tamaşaçıların da
xoşuna gəlir. Teatra tamaşaçı
marağından danışan S.Əliyev bildirdi ki, əvvəlki
dövrlərlə müqayisədə teatrın
tamaşaçısı var: "Biz gərgin işləyirik.
İstəyirik ki, tamaşalarımız
tamaşaçıların ürəyincə olsun.
Hazırda tamaşaçı
kontingentimiz var. Biz tez-tez məktəblilər və əsgərlər
qarşısında çıxış edirik. Bilirsiniz ki, Ağdam ərazisinin 70 faizdən
artıq hissəsi erməni işğalındadır.
Rayon sakinləri Azərbaycanın müxtəlif
bölgələrinə səpələnib. Bununla belə, tamaşaçı korluğu
çəkmirik. Düzdür, tez-tez
tamaşalar verməsək də, bütün
premyeralarımız böyük anşlaqla keçir.
Tamaşaçılar bizi tək
qoymur".
Rayonlara qastrol səfərlərinə getdiklərini
deyən S.Əliyev qeyd etdi ki, teatr bir müddət əvvəl
Ağcabədidə qastrol səfərində olub. May ayında
Zərdab rayonuna hazırlaşdıqlarını deyən
baş rejissor, iyun ayında da hacıqabulluların
qonağı olacaqlarını bildirdi: "Payızda
isə Bakıya imtahana gələcəyik. Bu imtahana hazırlaşırıq. Paytaxta Süleyman Rüstəmin
"Çimnaz xanım yuxuda" və Vasili Siqarovun
"Ağ ölüm" tamaşalarını gətirmək
istəyirik. Teatrımız tam
gücü ilə işləyir. Sağ olsun dövlətimiz,
bizim yaşamağımız üçün əlindən
gələni edir. Ağdam İcra Hakimiyyətinin
başçısı Raqub Məmmədov da
teatrımıza böyük qayğı göstərir".
Sarabskinin
teatrı...
Füzuli
Dövlət Dram Teatrının direktoru, əməkdar
mədəniyyət işçisi Vaqif Vəliyev
"Bakı-Xəbər"ə teatrın fəaliyyəti
ilə bağlı ətraflı məlumat verdi.
Hazırda dövlət dəstəyi və
qayğısı sayəsində teatrın yaşadıldığını
deyən V.Vəliyev qeyd etdi ki, rəhbərlik etdiyi
teatrın 1 əsrə yaxın yaşı var.
"Füzuli Dövlət Dram Teatrı böyük ənənələri
olan teatrdır. Əvvəl rayonumuzun
adı Qaryagin olub və o vaxtlar teatrımız da
Hüseynqulu Sarabskinin adını daşıyıb.
O dövrdə Sarabski Qaryagindən Dumaya deputat olub. Sarabski dəfələrlə bu teatrda məşhur
Məcnun rolunu oynayıb. Ondan sonra isə
tələbələrindən biri olan Ağabala
Abdullayev də teatrımızda Məcnun rolunu ifa edib.
Yəqin məlumatınız var, 1953-cü
ildə müəyyən səbəblərdən əyalət
teatrları bağlandı, o cümlədən də
Füzuli teatrı bağlanmaq taleyi yaşadı.
Lakin teatrımızın bir neçə fədakarı
teatrın ocağını sönməyə
qoymayıb və xalq teatrı yaradıb. Keçən əsrin 80-ci illərinin
sonlarında xalq teatrının bazasında Füzuli
Dövlət Dram Teatrı yaradılıb. Bizim teatrın 1 əsrə yaxın yaşı
var. Təəssüflər olsun ki, teatrımızın
yaranma tarixi qanlı-qadalı Qarabağ müharibəsinə
təsadüf edib. Füzuli teatrı
çox böyük məhrumiyyətlərdən
adlayıb. 1988-ci ildən başlayaraq
Qarabağ münaqişəsi başladı və ərazidə
yerləşdiyi üçün teatrımız da
mütəmadi olaraq erməni quldurlarının
hücumuna məruz qalıb. Ermənilər
tez-tez müxtəlif çaplı silahlardan rayon mərkəzini
atəşə tuturdu. Buna görə
də 1991-ci ildə Horadiz qəsəbə klubuna yerləşdirildik.
O vaxtdan indiyə qədər teatr bir dəqiqə də
olsun fəaliyyətini dayandırmayıb" - deyə
teatr direktoru bildirdi.
Füzuli
Teatrının Sumqayıt dövrü
V.Vəliyevin sözlərinə görə, teatr
o illər də, indi də cəbhə bölgəsində
tamaşalarla çıxış edir. 1993-cü ilin məlum
hadisələrindən sonra Mədəniyyət və
Turizm Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin
qərarına əsasən, teatrın Sumqayıt şəhərinə
köçürüldüyünü və Sumqayıt
Dövlət Dram Teatrının binasında fəaliyyətini
davam etdirdiyini deyən V.Vəliyev bildirdi ki,
Sumqayıt dövrü teatra böyük nailiyyətlər
qazandırıb: "Bakı aurasına yaxın yerdə
fəaliyyət göstərməyimiz, eləcə də
Sumqayıt Teatrı ilə
yaxınlığımız teatrımız
üçün böyük məktəb rolunu
oynadı. Buradakı sənətkarların
aktyor və rejissor kimi Füzuli Teatrına dəvət
edilməsi müsbət mənada təsirsiz
ötüşmədi, yaradıcılıq sahəsində
yaddaqalan işlər gördük. Sumqayıt
Teatrının baş rejissoru, respublikanın əməkdar
artisti Firudin Məhərrəmov Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları"
povestini "Danabaşlar" adı ilə səhnələşdirdi
və bu tamaşa teatrımıza böyük uğur gətirdi.
Eyni zamanda da teatrımızın tarixinə
monumental tamaşa kimi düşdü. O vaxt AzTV tam
olaraq bu tamaşanı çəkib qızıl fonda daxil etdi. Firudin Məhərrəmovun
quruluşunda Cəfər Cabbarlının
"Almaz", "Aydın", Mərkəz Qacarın
"Qabanın səfəri" alleqorik əsəri
uğurla tamaşaya qoyuldu. Respublikanın
xalq artisti Valeh Kərimovun quruluş verdiyi Novruz Gəncəlinin
"Niyə dirilmisən?" əsəri də maraqlı
tamaşalardandır".
Teatrın Sumqayıtda fəaliyyət göstərdiyi
illərdə müxtəlif festivallara
qatıldığını deyən V.Vəliyev
bildirdi ki, monotamaşalar festivalında teatr
xüsusilə fərqlənib.
Horadizə
böyük qayıdış...
O qeyd
etdi ki, Sumqayıtda fəaliyyət göstərdikləri
dövrdə Füzuliyə qayıtmaq istəklərindən
əl çəkməyiblər və nəhayət, o
gün teatr kollektivinə nəsib olub. Onlar
Füzulinin mərkəzinə qayıda bilməsələr
də, Horadizə qayıtmağa nail olublar: "Rayon rəhbərliyi
bizə deyirdi ki, şərait yaranan kimi teatrı
Horadizə qaytaracağıq. 2003-cü ildə
Füzuli Teatrının həyatında böyük
qayıdış baş verdi və biz
Horadizə qayıtdıq və burada kluba yerləşdirildik.
2013-cü ildə hazırda yerləşdiyimiz
bina əsaslı təmir olundu və
açılışda cənab Prezident iştirak
edirdi. Sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və icra
başçımız Alı Alıyev bizi bina ilə təmin
etdi. Teatr binası müasir Avropa
standartlarına uyğun qurulub, yeni texnologiya ilə təchiz
edilib. Bizə bu binanı dövlət
ərmağan etdi. Sözsüz ki, bu da bizə
böyük yaradıcılıq ruhu verdi".
Teatra gənclərin böyük maraq göstərdiyini
deyən V.Vəliyev qeyd etdi ki, Bakıdan bura aktyor və
aktrisa dəvət etmək çətindir, onlar bura gələndə
yaşamaları üçün şərait, yüksək
əməkhaqqı istəyir. O bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyinin qərarı ilə Füzuli
Teatrında da teatr studiyası fəaliyyət göstərir
və gənc kadrlar bu studiyada yetişdirilir:
"Bilirsiniz ki, Bakıdan aktyor və aktrisa dəvət
etmək bir az problemdir. Çünki onlar gələndə
yüksək əməkhaqqı, mənzil şəraiti
istəyir. Təbii ki, biz cəbhə
bölgəsində yerləşdiyimiz üçün,
mütəmadi olaraq bədnam qonşularımız
bizi atəşə tutur. Biz artıq
buna öyrəşmişik. Artıq üç il olar ki, Mədəniyyət və Turizm
Nazirliyi teatrlarda teatr studiyaları açıb. Bu studiyalar bizə imkan verir ki, orta məktəbi
bitirən və xüsusi istedadı olan gəncləri
teatra cəlb edək. Qarabağlı
olduqları üçün bizim aktyor və
aktrisaların gözəl səs imkanları da var.
İstedadlı gənclərimiz çoxdur. Biz onları müsabiqə yolu ilə studiyaya
cəlb edirik və onlara professional aktyorlar tərəfindən
dərslər keçirilir. Sonra isə
onlar teatra işə qəbul edilir. Deyim ki, bu iş
böyük effekt verir".
V.Vəliyev qeyd etdi ki, teatr tez-tez əsgərlər
qarşısında çıxışlar edir. O bildirdi ki, yaxın
vaxtlarda teatrın Kürdəmir şəhərinə
qastrol səfəri gözlənir. V.Vəliyev çətinliklərə
baxmayaraq, kollektivin teatra sadiq olduğunu dedi. O, həmçinin,
vurğuladı ki, tezliklə torpaqlarımızın
işğaldan azad olunacağına və Füzuli
Teatrının rayon mərkəzinə qayıdıb
orada fəaliyyət göstərəcəyinə
inanır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 20 aprel.- S.14