Aydın Abdullayevin müqəddəs
şəhidlik yolu belə başlandı...
- Oğul düşmən qarşısında çəpərdir, - deyə ürəyindən keçirdi ata. Cavadla Nicatın cəbhə bölgəsindən gətirdiyi
xəbərlər atanın ürəyinin
qırışığını əməlli-başlı
açmışdı. Aydın
oğlanlarının ikisindən də kiçik
olmasına baxmayaraq, qardaşlarının fəxri
idi, bu, atanı daha da qürurlandırdı.
Aydın bir dəfə məzuniyyətə gəlmişdi. Amma yaman
narahat idi. - Ata, getmək
istəyirəm, məzuniyyətim nə vaxt başa
çatacaq? - deyirdi. O, məzuniyyətdə
olanda da tez-tez əsgərlərlə söhbət edirdi.
Əsgərlər ona deyirdi ki, ermənilər
tez-tez atır, bizim əsgərləri vurur.
...Qardaşınız
Vətəni lap çox sevir. Aydın elə
yaxşı edib hərbi seçdi. O, hərbi
seçməsəydi, indi Allah bilir hansı işlə
məşğul olacaqdı. Yox, inanmıram
o özünə yaraşmayan işin qulpundan
yapışardı, harda olsaydı, orada
başımızı ucaldardı. Onsuz da bizim qohum-əqrəba
arasında hərbiyə könül verənlər az olmayıb, Aydın da onların yolu ilə
getdi. Uğuru xeyir olsun!.
Ata xəyalında danışırdı,
Aydını gah Cavadla, gah Nicatla müqayisə edir, gah
da xalqımızın qəhrəmanlarına bənzədirdi
onu.
Əmirsoltan kişini xəyalların pəncəsindən
"süd satıram" deyə qışqırıb səsi
həyəti başına götürən
südçü arvad qopardı. Süd satan xalanı həyətdə
az qala hamı tanıyırdı, o da bütün sakinlərin adını əzbər
bilirdi.
Əmirsoltan
kişi süd satan arvadın səsini
eşidib tələsik çölə çıxdı
ki, süd alsın. Nəvəsi mağaza
südünü xoşlamırdı. Kişi həyətə
çıxanda blokun qarşısında xeyli adam gördü. Onlar
südçü xalanın başına toplaşıb
alış-veriş edirdilər. Əmirsoltan kişi gördü ki, bir az o tərəfdə
körpə pişik balaları oynayır, ac
olduqlarından, südçüyə tərəf
baxıb miyoldaşırlar. Əmirsoltan
kişinin ürəyi pilə kimi yumşaq idi. Pişik balalarının səsinə dözməyib
südçüdən bir dolça süd aldı və
ağzı üstə çönən dəmir konserv
qutusunu əlinə götürüb onu südlə
doldurdu. Pişik balaları bir-birinə
aman vermədən südü acgözlüklə
içməyə başladılar. Qonşular
Əmirsoltan kişini ürəyi yumşaq, mehriban, ipək
xasiyyətli, camaatın xeyir-şərinə yarayan
bir insan kimi tanıyırdı. Uzun
illər mənzil-istismar sahəsində işləyən
Əmirsoltan kişidən hələ bir nəfər də
olsun inciməmişdi. Onun ailəsi də,
balaları da məhəllədə sakit, qanacaqlı,
nümunəvi insanlar kimi tanınırdı. Aydın isə bütün qonşuların
sevimlisi idi.
Əmirsolan
kişi üzünü süd satan
arvada tutaraq:
- Sən Allah mən oldum-olmadım, hər səhər
bu pişik balalarına süd ver, hesabla pulunu verəcəyəm,
yazıqdırlar, üzü qışa gedir, ölməsinlər. Onlar da
canlıdır, onları da Allah yaradıb. Qoy qarınları doysun, balama dua oxusunlar.
Ağsaqqal babalardan, nənələrdən
eşitmişdi ki, dilsiz-ağızsız heyvanların
duası insanların duasından tez çatır
Allaha.
Əmirsoltan
kişi bloka girəndə gördü
ki, yad bir adam onların blokunda dolaşır. Elə bil ki, kimisə axtarır. Kişi bu
həndəvərdə indiyədək belə bir adam görməmişdi. Əmirsoltan kişi tanımadığı adama salam
verdi.
- Salam. Bura adamına oxşamırsınız. Kimisə axtarırsınız?
Kişi başı ilə salamı alıb bir söz
demədən ağsaqqalın yanından sivişib blokdan
çıxdı. Bu mənzərə ona qəribə gəldi.
Bu adam niyə dillənmədi?
Əmirsoltan
kişi evə gəldi. Ürəyində
bayaq gördüklərini götür-qoy etdi. Gəlini səhər yeməyini
hazırlayıb süfrə açmışdı.
- Ata, gəl
çay-çörəyini ye. İşə
gedəcəksən - deyə ailənin
başçısını çağırdı.
Əmirsoltan kişinin əli toz-torpaq
olmuşdu bayaq. Əllərini yuyub
süfrəyə əyləşdi. Səhər
yeməyini könülsüz yedi. Gəlinindən
balaca nəvəsini soruşdu.
- Hələ
yatır - deyə gəlini cavab verdi.
Əmirsoltan
kişi həyat yoldaşının
oyanıb-oyanmadığını da gəlinindən
soruşdu. Gəlin:
- Sevil
anam oyanıb, mətbəxtədir.
Sevil xanım həyat yoldaşının səsini
eşidib otağa girdi. Onun rəngi nə isə
kişinin xoşuna gəlmədi.
- Ay
Sevil, niyə birtəhərsən? - deyə
ondan soruşdu.
- Nə
isə heç yaxşı deyiləm. Ürəyim
elə sıxılır ki, heç olmayan kimi.
Yuxuda görmüşəm ki, bir qara atlı,
əli qılınclı kişi Aydını
atının tərkinə alıb qaranlıq tunelə tərəf
çapır. Mən də
ayağıyalın, başıaçıq, qan-tər
içində onun ardınca qaçıram. Nə illah elədim çata bilmədim. Kişi Aydını qaranlıq tunelə
apardı. Sonra da gördüm ki, tuneldən bir dəstə
adam çıxıb bizə sarı gəlir,
amma Aydını özləri ilə gətirmirlər.
Uşağımdan elə nigaranam ki... Üstəlik,
Cavad da yola çıxır.
- Ay gəlin,
ay qızım, Cavadın pal-paltarını
hazırlamısanmı?
Gəlin
başı ilə "hə" işarəsi verdi.
Əmirsoltan
kişi üzünü arvadına
tutub:
- Cavad
ezamiyyətdən yeni gəlmədi ki? İndi
hara gedir?
- Yenidən
rayona göndərirlər, deyirlər ki, sənin getməyin
lazımdır. Hələ indi yox,
axşamüstü yola çıxacaq, qatarla gedib gələcək.
Üçgünlük səfərdi də.
Bilmirəm niyə uşaqlar bir yana
gedəndə ürəyim çox narahat olur. Deyirəm hamısı ətrafımda olsun.
Məndən olsaydı, heç birini
gözümdən kənara buraxmazdım. Aydın cəbhədə, Cavad yol üstə, Nicat
da ki, öz evində.
Əmirsoltan
kişi arvadına təsəlli
verdi:
- Ay
arvad, təki canları sağ olsun. Allaha
şükür, ağıllı, tərbiyəli,
danışıqlarını, oturub-durmaqlarını
bilən övladlarımız var, nəyin dərdini
çəkirsən.
Əmirsoltan
kişi arvadı ilə
sağollaşıb işə getdi. Yolboyu səhər
blokda gördüyü kişi
haqqında düşündü.
- Görəsən
kim idi o? Niyə mənə
elə diqqətlə baxırdı, nə
üçün bir kəlmə danışmadı?
Sevil ana əri
gedəndən sonra özünü daha da pis hiss etdi. Gəlini
ona dərman verdi ki, bəlkə sakitləşə.
Amma o, gəlinə:
- Ürəyim
sıxılır, ay qızım, Cavadı oyat - dedi.
Cavad
anasının yanında dayanıb ona təsəlli
verirdi:
- Ay ana,
Allaha şükür, nə olub ki, hamımız
sağ-salamatıq. Aydının da
yanından bir neçə həftədi gəlmişik.
Dünən də danışdıq, bu
gün də danışacağam. Özüm
çox zəng vurmuram ki, birdən ona mane olaram. O, kəşfiyyatçıdır,
hər an vətənin keşiyində
ayıq-sayıq dayanmalıdır. Hər dəqiqə
zəng vurub "səndən nigaranıq" deyə
bilmərik, çünki onun fikrini yayındıra bilərik.
Ana, maşallah, Aydın çox
qoçaqdır, vətənpərvərdir. Aydın yanlarında olmayanda döyüş
yoldaşları onun haqqında elə heyranlıqla, elə
maraqla danışırdılar ki, heyrətlə
onlara qulaq asırdıq. Döyüş
dostları danışırdı ki, Aydın
silahını sıfırlayır, diqqətini
toplayır, saatlarla səngərə uzanır."Boş-boşuna
yerə uzanma, dur ayağa" deyən olanda da
qardaşım onlara:
- Sakit
olun, mən kəşfiyyatçıyam, - deyə cavab
verir.
Ana,
döyüş dostları danışır ki, bəzən
Aydınla zarafat edib:
- Adam nə
qədər postda olar? - deyirik.
- Nədən
qorxursunuz? Qorxan adamın hərbidə nə
işi? Uzaqbaşı
ölümdür, - deyə Aydın onların
cavabını verir.
-
Aydın çox ürəklidir, ana. Dünən
Aydınla bilirsən nədən danışdıq?
- Nədən?
- deyə ana soruşdu.
-
Toyundan. Dedi ki, - Cavad, sən nə lazımdırsa, hamısını
et, restoran danış, gəlin
maşını seç, qonaqların
siyahısını tut, Allah qoysa borcundan
çıxaram.
Dedim ki,
- Nə borc. Qardaş deyilik, nə
lazımdır hamısını canla-başla edəcəyəm,
Aydın, ürəyini buz kimi saxla. Bir
neçə maşına baxmışam, amma hələ
seçməmişəm.
- Ana, gərək
maşın da, restoran da, çalğıçılar
da Aydının ürəyincə olsun. Qardaşıma
onun adına layiq toy etməliyik.
Cavadla Aydının xasiyyəti yaxşı
tuturdu. Ona görə də həmişə Cavada ərk
edirdi.
Cavad bunları anasına danışdıqca,
anasının üzü sakitləşir, göz
qapaqları yumulurdu. Cavadın özünün içində
də narahatlıq vardı. Əslində,
heç ezamiyyətə getmək istəmirdi. Az qala işlədiyi idarəyə zəng
vurub onlara ora getməkdən imtina etdiyini demək istəyirdi.
Amma özünü toparlayıb səfərə
hazırlaşmağa başladı...
Axşamüstü idi. Abdullayevlər ailəsinin
qonşuluğunda toy vardı. Əmirsoltan kişi toyda iştirak etmək
üçün işdən icazə alıb evə tez gəlmişdi.
Arvadının halı yenə pis idi.
- Ay
arvad, özünü ələ al, sənə nə olub?
Ana
nigaran-nigaran ərinə tərəf baxmadan
gözünü naməlum nöqtəyə zillədi:
- Cavad
gedir rayona, Aydın da cəbhədə, ikisindən də
nigaran qalıram.
Əmirsoltan
kişi arvadının
sözünü yarımçıq kəsdi:
- Sən Allah bəsdir. Özünü ələ
al. Dur, hazırlaş toya gedək.
Sevil ana:
- Yox, toya getmirəm, özün get, evdən çölə
çıxmaq istəmirəm heç.
Əmirsoltan
kişi arvadı ilə
danışa-danışa hamam otağına keçdi,
yuyunub çıxdı. Yenicə köynəyini
əyninə keçirmək istəyirdi ki, evlərinin
qapısı zərblə döyüldü.
Qapını döyən adam bir saniyə
dayanmırdı, elə hey qapını döyəcləyirdi.
Axşamüstü qapının belə
döyülməsindən Əmirsoltan kişinin
dalağı sancdı.
- Bu zaman
kim olar belə? Bəs qapını niyə
belə döyür görəsən, elə bil ki, adam yox, şər döyür
qapımızı.
Kişi qapını açanda
qarşısında cüssəli bir polis serjantı
gördü.
Sanki
serjantın ağzına südlü aş
tökmüşdülər, sözləri elə
ütələk
deyirdi ki, Əmirsoltan kişi onun nə
dediyini kəsdirə bilmirdi. Handan-hana polis
danışığını düzəltdi:
-
Oğlunuzu burada dəfn edəcəksiniz, yoxsa rayona
aparacaqsınız? Oğlunuzun meyitini
harada dəfn edəcəksiniz, ay dayı?
- Nə
oğul, nə meyit, sən nə danışırsan, ay
bala, səni bura kim göndərib, bəlkə
ünvanı səhv salıbsan?
- Yox, səhv
salmamışam, bura Aydın Əmirsoltan oğlu
Abdullayevgilin mənzili deyil?
-
Aydın mənim oğlumdur. Onun başında nə
iş var, qurbanın olum bala, desənə?
Polis serjantı ataya qara xəbəri verən kimi
də yoxa çıxdı. Atanın son sözləri
cavabsız qaldı. Qapını zərbə
ilə döyən polisin qəfil gəlişi atanın
dünyasını alt-üst etdi. Kişi
yerindəcə donub qaldı, polisin çatdırdığı
acı xəbər ananın qulağına
çatar-çatmaz, o, yerə yıxıldı,
halı daha da pisləşdi. Əmirsoltan kişi qapıdan aralanıb arvadına dərman
verdi. Sonra isə polisin ardınca
bayıra çıxdı, blokun qabağında
heç kəs gözə dəymirdi. O yenidən evə
qayıtdı ki, görsün həyat
yoldaşının halı özünə gəlibmi?
Aydın şəhid olmuşdu. Üstəlik,
xəbərin ataya qəfil verilməsi həqiqətən
də Abdullayev ailəsinə böyük həyəcan
gətirdi. Ata və ana sarsılmışdı,
nə edəcəklərini bilmirdilər. Xəbər Cavada da çatdı.
Yaxşı ki, hələ qatar yola
düşməmişdi... Cəbhənin Tərtər
istiqamətində düşmənlə təmas xəttində
atəşkəsin pozulması nəticəsində
Aydın Abdullayev şəhidliyə qovuşmuşdu.
Televiziyada A.Abdullayevin şəhid
olması ilə bağlı yayılan xəbər
ildırım sürəti ilə bütün Azərbaycana
yayıldı. Bir neçə saniyəyə
bütün ölkə xəbər tutdu ki, təmas xəttində
atışma olub, gizir A.Abdullayev snayperlə düşmən
tərəfindən vurulub.
Gənc yaşında torpağa qismət olan
Aydın dünyadan qəhrəman kimi getdi. Aydının
cənazəsi Bakıya gətiriləndə bərk
yağış yağırdı. Sanki
Aydının şəhidliyinə göz yaşı
axıdırdı buludlar. Aydının
nəşini Bakıda yağış
qarşıladı. El
çıxdı şəhid tabutunun
qarşısına, rayon rəhbərliyi, hərbçi
yoldaşları gəldi Aydınla vidalaşmağa.
Aydın üçrəngli
bayrağımızı çox sevirdi. Bayrağımızı
həmişə qoynunda gizlədirdi. Onun tabutu çox sevdiyi və özü ilə cəbhəyə
apardığı üçrəngli Azərbaycan
bayrağına bükülmüşdü. O, son mənzilə
də üçrəngli bayraq sevgisinə, müqəddəsliyinə
bükülüb getdi...
Ana fəryad qoparırdı. Xalaları ah-nalə
çəkirdi. Heç kəs onları ovuda
bilmirdi, heç kim onlara təsəlli
vermək gücündə deyildi.
-
Aydın, niyə məni yandırdın, bala, niyə
yaralı ürəyimə bir yara da sən vurdun,
oğul? Mən sənə bəy otağı hazırlayırdım,
gəlin gözləyirdim, belimi qıran oğlum! Bir
aydan sonra sən bəylik taxtına oturacaqdın,
oğlum! Bəylik gərdəyi qaraya bürünən
balam vay! Deyirdin ki, ay bacı, (Aydın
anasına və xalalarına bacı deyirdi) qəhrəman
kimi gələcəyəm evə, özü də həmişəlik.
O bayrağı Şuşaya sancmalıydın axı, ay
oğul, niyə o bayraq sənin tabutuna sarıldı. Tabutun da bayraqdan ayrı düşmədi.
Yandım oğul, yaman yandım...
Analar
yanar ağlar,
Tellərin sanar ağlar.
Dönər
göy göyərçinə,
Yollara qonar ağlar.
Hansı yola qonub gözləyim səni, oğul. Tərtərəmi
gedim, səni Bakıdamı axtarım? Ay
qızlar, mənim başıma nə qar idi yağdı
belə? Balama toy edəcəkdim, toy.
Qardaşımın toyunu görmədik, dedim
Aydının toyunu görəydik.
Oğul,
ürəyim şan-şandı,
Ağ saçlarım pərişandı.
Sinəm
qəmlərə nişandı
Fələk
oxunu atalı...
Ananın naləsi ürəkləri
dağlayırdı. Ana oğlunun nəşindən
ayrılmaq istəmirdi. Elə hey deyirdi ki, məni
də oğlumla dəfn edin...
Sevil ananın fəryadı göydə
quşları da saxlayırdı, göyləri
ağladırdı, torpağın bağrını
şan-şan edirdi. Ana şəhid balasının nəşindən
qopmaq istəmirdi. Anaya qoşulub el
ağlayırdı onun qəhrəman balasına.
Şəhid
anasıyam mən,
Oda yanasıyam mən.
Ölüm
harda gizlənib,
Günü sanasıyam mən.
A.Abdullayevin
yas mərasimi şəhidin adına
layiq olmuşdu.
Şəhid qardaşı ilə vida mərasimində
Cavad özünü saxlaya bilməyib
hönkürdü. Əslində, danışmaq istəyirdi,
amma göz yaşı aman vermirdi ki, sözünü
tamam etsin. O, birtəhər sakitləşib
qardaşının qədəm qoyduğu mübarək
məqamdan danışdı:
- Əziz qardaşım, Aydın, mən səninlə
fəxr edirəm. Atamız-anamız, qohumlarımız
səninlə qürur duyur. Fəxr
edirəm ki, sən hələ sağlığında
düşməndən qanını ala bildin. Sonuncu dəfə sənin yaxın dostunla
danışdım. O dedi ki, Aydın həmişə
bizə deyirdi ki, gün gələcək siz mənlə
fəxr edəcəksiniz. Mən şəhid,
qəhrəman olacam. Vaxt gələcək,
deyəcəksiniz ki, Aydın mənim döyüş
dostum, komandirim olub.
Aydın, qardaşım, sən haqlısan, bu gün
hamı səninlə fəxr edir - deyə Cavad
sözünü hönkürtü ilə bitirdi.
Aydının nəşini böyük təntənə
ilə Suraxanı rayonundakı Dədə Qorqud qəbiristanlığına
apardılar.
Aydın dəfn ediləndə yer-göy
göz yaşı ələyirdi. Bir
oğul da Vətən torpağına qovuşdu. Qovuşdu ki, torpağın canına hopdursun
canını.
Aydın əbədiyyət evindədir. Atası,
anası, qardaşları, yaxınları, dostları
Aydının məzarını müqəddəs
ziyarətgaha çevirib.
Əmirsoltan
kişi oğlunun şəhid
olmasını həyat yoldaşından fərqli olaraq
daha toxdaqlıqla qəbul edib, Arvadına tez-tez təsəlli
verir:
- Sevil,
Aydına elə tərbiyə verdik ki, o, əsl kişi kimi yaşadı, kişi kimi şəhid
oldu. Bəs bizim kimilərin övladı olmasa, vətəni
kim qoruyar?! Sən
başını dik tut, şəhid anasısan axı.
Sındırmayaq özümüzü.
Bizim nəsil həmişə başı
dik yaşayıb. Aydını vətənə
bağışladıq. Vətən də
Aydını əbədi yaşadacaq.
Əri danışdıqca, Sevil ana onun üzünə
qüssəli-qüssəli baxıb dərindən
köksünü ötürürdü. O bilmirdi ki, Əmirsoltan
özünü onun yanında tox tutsa da, özü
gizlin-gizlin ağlayır. Çöldə-bayırda
xəlvət yer tapan kimi gözünün yaşına
dəm verir. Abdullayevlər ailəsinin
ağsaqqalı ailənin içində
ağlamırdı ki, birdən evdəkilər tamamilə
ruhdan düşər. Özünü
tox tutub hər kəsə təsəlli verirdi.
Ağsaqqalın bir missiyası da budur...
İradə
SARIYEVA
Bakı
xəbər.- 2017.- 22-24 aprel.- S.15