Tarixdə
iz buraxanlar: Makedoniyalı İsgəndər
Qədim Yunanıstanın Makedoniya
çarlığının hökmdarı və
Argeadlar sülaləsinin nümayəndəsi, qədim
dünyanın məşhur fatehi, sərkərdəsi və
hökmdarı İsgəndər eramızdan əvvəl
21 iyul 356-cı ildə anadan olub. İsgəndər
adı ona ulu əcdadı olan Makedoniya padşahı I
Aleksandrın şərəfinə verilib.
Argeadlar sülaləsinin bütün nümayəndələri
kimi İsgəndərin atası, Makedoniya
padşahı II Filipp də özünü Heraklın nəslindən
hesab edirdi. Anası Olimpiada isə Epir padşahının
qızı idi.
Əfsanəyə görə, bir gün Olimpiada
yuxuda görür ki, onu ildırım vurur. Bu zərbədən
güclü alov törəyir və sürətlə hər
tərəfə yayılır. Sonra isə
bütün dünyanı bürüyür və ani
olaraq da sönür. Yuxuyozanlar bildirir ki, onun
oğlu olacaq, bütün dünyanı fəth edəcək
və çox az yaşayacaq.
Qədim yunanların adətinə görə,
İsgəndər yeddi yaşınadək evin
qadınlar olan hissəsində anası və dayəsinin
yanında yaşayır. İsgəndər
möhkəm, cəld və cürətli
böyüyürdü. Uşaqlığında
himayədarları ilə savaşda və idman
yarışlarında həmişə qələbə
qazanırdı. O, daim müharibələrdə
də qələbə qazanmaq arzusu ilə
yaşayırdı. Yeddi yaşı tamam
olduqdan sonra İsgəndər ənənəyə əsasən
evin kişilər yaşayan hissəsinə
keçirilir. Burada onunla
döyüş və hərbi işə hazırlıq
üçün ciddi məşğələlər
aparılır. İsgəndər əvvəlcə
öz yaşıdları ilə at sürməyi öyrənir.
Mürəkkəb fiziki hərəkət tələb edən
tapşırıqların yerinə yetirilməsində,
silahla davranmaqda ona tay tapılmırdı.
Bir dəfə fessaliyalı yunan taciri
Filonik Filippə bir at almağı təklif edir. O
bunun üçün 30 talant məbləğində pul
istəyir. Hamı bu məbləğin
çoxluğundan heyrətlənsə də,
fessaliyalı təkid edir ki, belə at dünyada yeganədir,
buna görə də bu qiymətə dəyər. Fəqət minilməmiş ata yaxın
düşmək olmur. Ən mahir və ən
güclü minicilər belə ona yaxınlaşa
bilmir. Filipp acıqlanır və
atı almaqdan imtina edir. Bu zaman gənc İsgəndər
qışqıraraq:"Gör qorxularından necə
atı əldən verirlər!" - deyir.
Bu sözləri eşidən Filipp qəzəblənir
və İsgəndərə ata minməyi təklif edir.
İsgəndər atın yüyənindən
tutub onu günəşə tərəf çevirir.
O başa düşür ki, at öz kölgəsindən
qorxur. Cəld atın belinə atılır
və çapmağa başlayır. Filipp
və əhatəsi baş verənlərə qorxu ilə
tamaşa edir. Fəqət İsgəndər
miniciliyin bütün qaydalarına məharətlə
əməl edir, dövrəni başa vuraraq Filippin qarşısında
atdan düşür. Filipp göz yaşları
içində oğlunu öpür və belə deyir:
"Oğul, özünə münasib şahlıq axtar,
Makedoniya sənin üçün çox
kiçikdir!"
Filipp istəyirdi ki, oğlu yaxşı təhsil
alsın. Buna görə də İsgəndərin 13
yaşı tamam olanda ona təhsil vermək
üçün dövrün ən məşhur filosofu
Aristoteli saraya dəvət edir. Aristotelin
atası Makedoniya padşahının sarayında həkim
işləmiş və Filiplə Aristotel
uşaqlıqda bir yerdə oxumuşdu. Aristotel İsgəndərin müəllimi olur
və Miezadakı Nimfalar məbədi dərs keçmək
üçün məkan olaraq seçilir. İsgəndərə dərs verməyin əvəzində
Filipp yerlə-yeksan etdiyi Aristotelin vətəni
Staqiri yenidən inşa etmək və kölə
olmuş köhnə sakinləri satın alıb azad edərək,
sürgündə olanları isə
bağışlayaraq şəhəri yenidən
doldurmaq şərtini qəbul edir.
İsgəndər coğrafiya məşğələlərinə
xüsusi səy göstərirdi. O, Aristoteldən çox şey
öyrənir və hətta onu özünün
"ikinci atası" adlandırır. İsgəndər
öz dostlarına belə deyirdi: "Filippə
borcluyam ona görə ki, məni həyata gətirən
odur. Aristotelə isə mənə həyatı
öyrətdiyinə görə borcluyam."
İsgəndər 16 yaşına çatdıqda
Aristotelin ona dərs keçmə dövrü başa
çatır. Filipp İsgəndəri naib və
varisi kimi öz yerinə qoyaraq səfərə
çıxır. Atası səfərdən
geri qayıdana qədər gənc İsgəndər
qiyam etmiş tayfaları tabe etməyi bacarır.
Hətta İran elçilərini qəbul
edərək, öz ağlı və zəkası ilə
onları nəinki təəccübləndirir, hətta
qorxuya salır. İsgəndər
qürur və ləyaqətini müvəffəqiyyətlə
qoruyur, özünün hökmdar mənşəyini
heç vaxt unutmurdu. Belə deyirlər ki,
dostları ona Olimpiya oyunlarında iştirak etməyi
təklif etdikdə o belə deyir: "Əgər rəqibim
şahlar olacaqsa, iştirak edərəm."
Filipp və İsgəndər farslarla müharibəyə
hazırlaşır. Bu məqsədlə Kiçik Asiyaya
təcrübəli sərkərdə Parmenionun
başçılığı ilə ordu da göndərirlər.
Fəqət ailə daxilində baş verən
hadisələr onların bütün planlarını
alt-üst edir. Olimpiada ilə Filipp
arasındakı münasibətlər getdikcə pisləşir.
Nəticədə, Filipp Olimpiadadan
ayrılaraq öz yaxın əyanlarından biri olan
Attalın qohumu Kleopatra ilə evlənir.
Toy şənliklərindən sonra qonaqlar teatra
yollanır.
Padşahın məiyyəti arasında
olan Pavsaniya qəflətən paltarının
altında gizlətdiyi qılıncı
çıxararaq Filippi vurur. Mühafizəçilər
onu dərhal öldürür. Eradan əvvəl
336-cı ildə Filipp İsgəndərin qolları
arasında ölür.
Filippin sərkərdələri yaxşı başa
düşürdülər ki, onlara cəsur bir
hökmdar lazımdır. Onlar hərbi
şuraya toplaşaraq İsgəndəri padşah elan
edirlər. İsgəndər dərhal
atasının qatili ilə bağlı istintaqa
başlayır. Padşahlıq taxtına hüququ
olanların hamısı Filippin qətlində bu və
digər dərəcədə təqsirləndirilərək
edam olunur. Belə şayiə
gəzirdi ki, məhz Olimpiada özü Pavsaniyanı
Filippi öldürməyə təhrik edib.
Beləliklə, e.ə.336-cı ildə iyirmi
yaşlı İsgəndər hökmdar olur. Bu zaman hər
tərəfdən onu təhlükə hədələyirdi.
Şimalda vaxtilə Filippin tabe etdiyi
triballar üsyan edirdilər. Cənubda
Yunanıstan Filippin ölümünü sevinclə
qarşılamışdı və Korinf
ittifaqının dağılması arzusunda idi. Demosfen Afinada bayram paltarında gəzir və
öz nitqlərində İsgəndəri
"oğlancığaz" adlandırırdı.
Farslar Parlamenionun Kiçik Asiyadakı
ordusunu sıxışdırırdı.
Təcrübəli əyanlar gənc hökmdara məsləhət
görür ki, əhəmənilərlə müharibədən
imtina etsin, yunanların işinə
qarışmasın və üsyançılarla
razılığa gəlməyə cəhd etsin. Fəqət
bunun əksinə olaraq İsgəndər təcili
şəkildə öz ordusunu toplayır və bir
neçə döyüşdə tribalları
darmadağın edir. Onlarla qonşu
olan və II Filippin ölümündən sonra baş
qaldıran illiriyalılar isgəndərin bu qələbəsindən
xəbər tutub sakitləşir.
İsgəndər Asiyaya keçməzdən əvvəl
şimal sərhədlərini mühafizə etmək
istəyirdi.
Eramızdan əvvəl 335-ci ilin yazında
o, bir sıra qiyamları yatırtmaq üçün
hücum edir. Amfipolisdən
başlayaraq "Müstəqil
trakiyalılar"ın ölkəsinə səfər
edir. Himes dağında Makedoniya
ordusu yüksəklikləri tutan Trakiya ordusuna
hücum edir və onları məğlubiyyətə
uğradır. Makedoniyalılar
Tribali ölkəsinə yürüş edir və
Liginis çayı yaxınlığında onların
ordusunu məğlub edir. Daha sonra
İsgəndər Dunaya doğru irəliləyir və
qarşı sahildə olan Qeta qəbiləsi ilə
qarşılaşır. Gecə
çayı keçərək düşmənə qəfil
hücum edir və ilk süvari toqquşmasından sonra
onları geri çəkilməyə məcbur edir.
Bu qələbədən sonra İsgəndərə
xəbər çatır ki, İlliriqa çarı Klit
və Tavlantı çarı Olavkiya onun hakimiyyətinə
qarşı açıq qiyam edirlər. İsgəndər qərbə, İlliriyaya
yürüş edərək onların hər birini məğlub
edir və hər iki hökmdarı orduları ilə
qaçmağa məcbur edir. Bu qələbələrlə
İsgəndər şimal sərhədini möhkəmləndirir.
İsgəndər şimala yürüş edəndə
fibalılar bir daha üsyan edir. Bunu eşidən
İsgəndər dərhal cənuba doğru hərəkət
edir. Bəzi şəhərlər tərəddüd
edərkən Fiba döyüşməyə qərar
verir. Fəqət Fibanın
müqaviməti səmərəsiz qalır. İsgəndər şəhəri yerlə-yeksan
edir və onun ərazisini Boetiya şəhərləri
arasında bölür. Fibanın sonu
Afinanı qorxudur və bütün Yunanıstanda
müvəqqəti olaraq sülh hakim olur. İsgəndər Antipatrı yerinə naib
qoyaraq Asiya yürüşünə başlayır.
İsgəndərin ordusu eramızdan əvvəl
334-cü ildə Hellespontu keçir. O, Asiya torpağına
nizə ataraq və Asiyanı Uca Tanrıdan hədiyyə
kimi qəbul etdiyini deyərək İran
imperiyasının tamamını işğal etmə
niyyətini göstərir. Bu həm də
İsgəndərin diplomatiyanı üstün tutan
atasının əksinə olaraq müharibə etmək
istəməsini göstərirdi. Qranik
döyüşündə farslara qarşı ilk qələbədən
sonra o, İoniya sahili boyunca hərəkət edir.
Bundan sonra İsgəndər III Daranın təqibini
davam etdirir.
Tezliklə ona xəbər gəlir ki, fars
ordusunun komandanı Bess III Daranı əsir
götürüb və özünü Əhəməni
hökmdarı elan edib. Makedoniyalı
atlıları on bir gün sonsuz çöllərlə
Bessi təqib edir və nəhayət ona çatırlar.
Vəziyyəti belə görən Bess
araba karvanını tərk edərək özünə
sadiq döyüşçülərlə qaçıb
gizlənir. Arabaların birində
İsgəndər III Daranın meyitini görür.
Onun yanında yalnız sadiq iti
qalmışdı. İsgəndər
öz plaşını çıxararaq meyitin
üstünə örtür. Sonradan
onun əmri ilə III Dara hökmdara layiq təntənə
ilə dəfn edilir. III Daranın qatili Bess isə ələ
keçirilərək edam olunur. Eradan əvvəl 330-cu ildə Daranın və
Bessin öldürülməsindən sonra İsgəndər
İran dövlətinin tamhüquqlu hökmdarına
çevrilir.
Makedoniyalı sərkərdələrin bir
çoxu belə hesab edirdi ki, artıq müharibə
qurtarıb və İsgəndər İran üzərinə
xərac qoyaraq Makedoniyaya qayıtmalıdır. Fəqət
Makedoniya padşahı bu barədə heç
düşünmək belə istəmirdi. O, fars döyüşçü dəstələri
ilə tamamlanmış Makedoniya ordusu ilə Hindistan
üzərinə yürüşə başlayır. Bir çoxları səfərə
çıxarkən ümid edirdi ki, bu yürüş
sonuncu olacaq və onlar nəhayət doğma
Makedoniyaya qayıdacaqlar. Makedoniya
ordusu e.ə.326-cı ildə Hind padşahı Porun
torpaqlarına soxulur. Por böyük
bir ordu toplayır. Gidasp çayı
sahilində döyüş baş verir. Bu döyüşdə Por özü xüsusi
igidlik göstərir. Fəqər İsgəndərin
süvari dəstələri düşmənə
güclü zərbə endirərək onun arxasına
keçməyə nail olur. Nəticədə
makedoniyalılar döyüşü udur. Por ağır yaralanaraq əsir düşür.
İsgəndər hind padşahının
igidliyini yüksək qiymətləndirir. Onu öz
torpaqlarının hökmdarı kimi tanıyır və
özünün Şərqə getmək niyyətini
açıqlayır. Por izah edir ki, Şərqdə
güclü orduya malik digər knyaz və
padşahlıqların torpaqları yerləşir.
Bu yol çox uzun və təhlükəlidir.
Makedoniya ordusu da irəli getməkdən
imtina edir. Bundan sarsılan İsgəndər
bir neçə gün öz çadırından
bayıra çıxmır. Bir
neçə gün sonra hökmdar evə qayıtmaq istəyənlərin
hamısını mükafatlandırır və
onları yola salır. Qalanlar isə
yeni səfərə hazırlaşır. İsgəndər gəmilərlə
bütün Afrikanı dolaşıb Aralıq dənizinə
gəlməyi, İspaniya, İtaliya və Karfageni
tutmağı planlaşdırırdı. Artıq yunan mühəndisləri Babili dəniz
limanına çevirmək üçün Fərat
çayının enləndirilməsinə
başlamışdılar. İsgəndər
Babili özünün dünya imperiyasının
paytaxtına çevirmək istəyirdi.
Eradan əvvəl 323-cü ildə İsgəndər
qəflətən qızdırma xəstəliyinə
tutulur. O
getdikcə zəifləyirdi. Nə həkimlərin
müalicəsi, nə də kahinlərin duaları ona
kömək edirdi. İyun ayının
10-da dünya fatehi vəfat edir.
Onun ölümündən sonra sərkərdələr
arasında müharibələr başlayır. Əvvəlcə
onlar padşahın meyitinə sahiblik uğrunda,
sonralar isə hakimiyyət və torpaq uğrunda
vuruşurlar. Nəticədə
İsgəndərin meyiti sərkərdə Ptolomeydə
qalır. İmperiyanın
bölüşdürülməsi zamanı Misir onun
payına düşür. Ptolomey
İsgəndərin meyitini qızıl tabutda
aparıb İsgəndəriyyə şəhərində
dəfn edir.
Makedoniyalı İsgəndər qeyri-adi imkanlara
malik olan nadir və bənzərsiz tarixi bir şəxsiyyət
idi. O,
yüksək fiziki keyfiyyətlərə - güc,
çeviklik və sağlamlığa malik idi,
kiçik və böyük döyüşlərin
heç birində bir dəfə də olsun məğlub
olmamışdı. İsgəndər həm
ordusuna komandanlıq edir, həm də həmişə
ön sıralarda, ən təhlükəli yerlərdə
döyüşürdü. Bütün
bunlarla yanaşı o, xeyirxahlığı və alicənablığı
ilə də seçilirdi.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
Bakı xəbər.- 2017.- 26 aprel.- S.15