Aydın Abdullayevin müqəddəs
şəhidlik yolu belə başlandı...
V-yazı
Ana əli qoynunda gözlərini naməlum nöqtəyə
zilləmişdi. İçində
ağrı-acı, qəlbində dağa dönən
oğul həsrətinə göz yaşı
tökürdü. Qonum-qonşu, qohum-əqrəba
ananın başına toplaşıb ona təsəlli
verirdilər. Ancaq heç kəs
ananın fikrini dağıda bilmirdi. Beynində
lövbər salan acı duyğular, oğluna görə
keçirdiyi iztirablar ananı bu aləmdən
qoparmışdı. O sanki reallıqla yuxu
arasında çırpınırdı.
Yaz çoxdan gəlmişdi. Ananın içində
isə hələ də qışın oğlan
çağı idi. Ana yazı
qarşılamaq istəmirdi. Heç
ovqatı yaz üstə deyildi. Bayırda
xoş yaz havası vardı. Bakı
aprelin son günlərini yaşayırdı. 28 aprel günü idi. Sevil ana dörd il idi ki, ad günündə Aydından təbrik
almırdı. Dörd il idi ki, ana təbrikə
gələnləri soyuq qarşılayır, göz
yaşı ilə yola salırdı.
-
Aydın kimi oğlu şəhid olan ana ad günü
keçirərmi? Məni təbrik etməyin,
- deyirdi hamıya.
Əslində, heç kəs istəmirdi ki,
ananın ürəyinə toxunsun, ona görə də
heç kəs onun sözündən incimirdi.
Ananın çiynində dünya boyda oğul dərdi
vardı. Bəzən ona elə gəlirdi ki, bu yaz
günündə də səngərdə soyuqdur. Qəlbindən oğlunun səngərdəki
dostları keçirdi. Sevil ananın
ürəyi sızıldayırdı. Canına yayılan soyuqdan yumaq kimi
büzüşdü. Ona elə gəlirdi
ki, əsgərlər səngərdə
üşüyür.
Bir neçə ay əvvələ qədər
ananın oğlu da Vətən səngərində
keşik çəkirdi. Oğlu səngərdə
yuxusuz qalanda, ananın da gecələr yuxusu ərşə
çəkilərdi. İlan vuran
yatardı, ancaq Sevil ana kipriyini belə qaxmazdı.
Oğlu şəhid olandan indiyə qədər
ana düzəməlli yuxu yatmırdı. Ona elə gəlirdi ki, yatsa, birdən oğlu gələr,
o oyanana qədər çıxıb gedər. Oğlunun şəhidliyinə inanmırdı
ana. Nəşini də
görmüşdü Aydının. Ancaq
hey deyirdi ki, balam qayıdacaq, geri dönəcək.
Həyat yoldaşı, balaları, gəlinləri
yalvarırdı ki, ana heç olmasa bir-iki saat yatsın,
o etiraz edirdi:
- Yox,
yatmıram, birdən Aydın gələr, mənə
deməzsiniz. Çıxıb gedər,
balamı görə bilmərəm.
Evdəkilər Sevil ananı inandırmağa
çalışırdılar ki, Aydın daha gəlməyəcək,
o şəhid olub, amma ana bir çox hallarda oğlunun
qayıdacağını israr edir, onun xəyalı ilə
danışır, şəkillərinə
giley-güzar edirdi. Ana son vaxtlar tamamilə dəyişmişdi.
Özünə qapanan ana xəyallarında
oğlu ilə ünsiyyət qurar, gündəlik baş
verənləri ona danışardı. Hərdən ana elə bilirdi ki, oğlunun şəkli
canlıdır.
- Gəldinmi,
balam, niyə kefsizsən? Yemək yeyirsənmi?
Ananın Aydının şəkilləri
qarşısında dayanıb onun surətinə
müxtəlif suallar verməsi evdə hamını
narahat edirdi.
Uzun söhbətdən sonra ananı
oğlunun şəhid, özünün isə şəhid
anası olduğuna inandırdılar. Yenə də
ananın ürəyində şübhə vardı -birdən
balası sağ olar deyə...
Sevil ana hər gün xəyallarında Aydınla
danışır, onun səsini eşidirdi. Ana oğlunu
xəyalına gətirib xatırladıqca, oğlunun
işıqlı siması gözləri
qarşısında dayanırdı. Ananın
yadına 2010-cu ildə baş verən bir hadisə
düşdü. Aydın əsgəri xidmətini
başa vurub evə qayıtdıqdan bir neçə ay
sonra yenidən cəbhəyə qayıdarkən,
anasına boks əlcəklərini
etibar etmişdi. Aydın boks əlcəklərini
anasına vermişdi ki, o qayıdana qədər
heç kəsə verməyib saxlasın. Bilirdi
ki, əlcəyi ortalıqda qalsa, kimsə
götürüb aparacaq. Aydın əlcəklərini
çox sevirdi, çünki onlar ona yaddaqalan qələbələr
qazandırmışdı.
Ana
Aydının boks əlcəklərini
əzizləyə-əzizləyə saxlayırdı.
Balası müharibə bitəndən sonra evə
qayıdacaq, boks əlcəklərini
taxıb yenidən idman meydanına atılacaqdı. Ana çox istəyirdi ki, Aydın idmanda
böyük uğurlar qazansın. Onsuz
da Aydının idmana kifayət qədər
marağı vardı. Ancaq cəbhədəki
vəziyyət ona imkan vermədi ki, idmançı kimi
özünü daha da təsdiqləsin.
Ana
oğlundan nişanə qalan bir cüt boks
əlcəyini sinəsinə sıxıb qoxladı,
göz yaşı onu boğdu, için-için
hıçqırdı. Boks əlcəyindən
balasının əlinin ətri gəlirdi. Ananın halı xarab oldu. Evdə
çalışırdılar ki, Aydının əşyalarını
anadan gizlətsinlər. Çünki
şəhid oğlunun əşyasını, şəklini
görəndə ağlamaqdan özünü həlak
edirdi.
Sevil ana hər dəfə oğlunun qəbri üstə
gedəndə Tanrıya yalvarırdı ki, onu da
oğlunun yanına aparsın. Ana məzarlıqda
o qədər ağlayırdı ki, ailə üzvləri
onu oğlunun qəbrindən güclə
qoparırdılar.
Ana ağır xəstəliyə tutulmuşdu. Buna baxmayaraq, hey həyat
yoldaşı Əmirsoltan kişiyə deyirdi:
-
Canım düzəlsin, Tərtərə apararsan məni.
Qapanlıya gedib oğlumun şəhid
olduğu yeri görmək istəyirəm.
Əslində,
ana Qapanlıya ona görə getmək istəyirdi ki, oğlunun
qanı tökülən torpağa üz qoyub
ağlasın, sızlasın.
Əmirsoltan
kişi arvadına söz verirdi:
-
Müalicəni bitir, sonra aparacağam səni.
Əmirsoltan
kişi yaxşı bilirdi ki,
arvadını sağaltmaq mümkün deyil. Çünki həkimlər onu sağalda
bilmirdi. Hər kəs deyirdi ki,
oğlunun vəfatından sarsıntı keçirib,
ona görə belədir.
Sevil ana oğlu ilə son görüşünü
həmişə xatırlayır, o səhnəni
gözü qarşısına gətirəndə bərk
sarsılırdı. Sarsıntı keçirməsinə baxmayaraq,
oğlunu evdən cəbhəyə yola salarkən,
ana-bala arasında baş verən dialoqu hər dəfə
ərinə təkrar edirdi:
- Ay kişi, balam gedəndə heç getməyə
qoymaq istəmirdim. Dedim ki, Aydın, getmə də, nə
olar bala. Dedi ki, arvad zadam evdə oturam? Aydını
elə çox istəyirəm ki, ondan ötrü
burnumun ucu göynəyir. Kaş
tezliklə balamı görə biləydim.
Əmirsoltan
kişi ruhdan düşən
arvadının sözünü yarımçıq kəsərək:
- Ay
arvad, dayan görüm, nə ölmək,
nə Aydına qovuşmaq? Özünü
həlak etmə, bu, oğlumuzun ruhunu narahat edər.
Aydın xalqın qəhrəmanıdır.
Az ağla, az sızla, Allaha xoş gəlməz.
Şəhidlik yolunu Aydın özü
seçib.
Sevil ana ərinin sözlərindən birtəhər
olurdu.
İçində fikirləşirdi ki, kişi
niyə qoymur ağlayım balamı?!
Amma ana yaxşı bilirdi ki, ağlamaqla
balasını geri qaytarmaq mümkün deyil, amma yandığından
göz yaşı axıdırdı.
-
Aydınım sonuncu dəfə əllərini
dodaqlarına aparıb mənə öpüş
göndərdi. Yadına gəlir, ay kişi,
2013-cü ilin 7 avqust günündə balamızı
yola salanda çox narahat olduq ikimiz də. Səninlə
mən onu avtovağzaldan yola saldıq. Aydın
ağladığımı görüb hirsləndi:
- Səni
bir də qoymayacağam məni ötürməyə gələsən,
evdə qalarsan. Niyə ağlayırsan
axı, gedirəm, yenə qayıdacağam. Mən hərbçiyəm, gedirəm Vətəni
qorumağa.
Sevil ana oğlu ilə son görüşünü
xatırlayanda yanıb külə dönürdü. Bu səhnəni
dəfələrlə xəyalında canlandıraraq
vaysınıb ağlamışdı. Oğlu ilə son görüşü ərinin də
yadına salırdı.
- Sonuncu
dəfə o, Tərtərə gedəndə
qardaşları da, sən də onu yola salmağa
düşdünüz, bu dəfə tərslikdən mən
düşmədim həyətə, balkondan
baxırdım. Su atmaq istəyirdim
arxasınca. Balamın arxasınca su
atdım ki, sağ gedib salamat qayıtsın, amma salamat
qayıtmadı. Qonşumuzun oğlu
səni qoymayıb özü getdi Aydını yola
salmağa. Aydın arxaya boylanıb əlini
dodağına bir də aparıb mənə
öpüş göndərdi. Can balam, can! Bilsəydim ayrılıq var, səni doyunca
qucaqlayardım, bilsəydim ölüm var, səni gizlədərdim
ki, əcəl tapıb apara bilməsin.
Aydın sonuncu dəfə məzuniyyətə gələndə
ən çox sevdiyi xörəkləri bişirdim ki,
balam çoxdandır o yeməkləri dada bilmir. Hər dəfə
cəbhəyə qayıdanda özü ilə çoxlu
yemək, bişmiş də aparırdı ki, orada əsgərləri
ilə bərabər yesin.
Əmirsoltan, Aydın tikəsini bölən idi,
heç kəsdən varını əsirgəmirdi. Balamız o qədər əliaçıq,
könlü açıq idi ki... Düşmənə
amansız idi, dosta açıqürəkli.
Heç yadımdan çıxmaz, Aydının bir əsgəri
vardı, bir az kasıb ailədən
idi, arxasınca gəlib-gedəni yox idi. Valideyn
nə etsin, yol uzaq, pul yox, pulsuzluq da adamın
üzünü övlad yanında qara edir. Aydın
bir gün mənə dedi ki, bacı, bir əsgərim var,
yanına gəlib-gedəni yoxdur, ona sovqat hazırla,
gedəndə aparım ki, uşaqlar elə bilsin onun da
dalınca pay-püş gəlir. Qoy əsgərlər
arasında pis olmasın. Aydının
belə açıq ürəyi vardı. Hər şeyi dərindən
düşünürdü. Bir dəfə
də məzuniyyətdə olanda xalası onun
üçün şorqoğal bişirmişdi. Yadına gəlir həmin gün hava necə
qarışıq idi, bilmirdin soyuqdur, ya istidir. Xalası Aydını görəndə
sevindi. Dedi ki, Aydın, sənə bir az
halva da bişirmişəm. Aydın
halvanı çox sevirdi. Bacımın süfrəsində
halvanı görən Aydın dedi ki, xala, bu halva
azdır. Çox çal, əsgərlərim
ölür halva üçün. Gedib bir kilo yağ aldı. Mənə dedi ki, ana, ona
toxunma ha, əsgərlərindir. Balam öz əli ilə
öz halvasını apardı... Bundan
böyük dərdmi olar? Halvasını aparıb
orada özünə ehsan verdi elə
bil...
Ananı yandıran o idi ki, Aydınla bağlı
bütün arzuları xəzan oldu. Aydın ailədə
pərdəli dolanırdı. Ata-ananın
yerini bilir, böyük-kiçiyə hörmətlə
yanaşırdı. Ona görə də
hamının yanında xətri əziz idi. Ana həmişə evdə deyirdi ki, Aydın
üçün kimin qızına elçi getsə,
düşünmədən qızı ona verəcəklər.
Bir gün ana gördü gəlinlər qumru
quşları kimi baş-başa verib
pıçıldaşırlar. O nə qədər
çalışırdısa, gəlinlərin ondan xəlvət
nə danışdığını kəsdirə
bilmirdi.
Bir
gün böyük gəlin ona yaxınlaşıb:
- Ana, sənə
bir söz demək istəyirəm.
Sevil ana, əslində, bu söhbəti çoxdan
gözləyirdi.
- Çəkinmə,
de görüm nə deyirsən, qızım.
- Ana,
Aydın toy məclislərinin birində bir qız
görüb, ona quşu yaman qonub. Deyir ki,
dünya dağılsa da, o qızı alacaq.
Ana qızın kimliyi, hansı ailədən
olması, onlara münasib olub-olmaması ilə
maraqlandı. Onun kimliyini biləndə gözünə
işıq gəldi, üzü nurlandı, az
qala qanadlanıb uçsun.
- Ay səni
xeyir-xəbər olasan, qızım, muştuluğun məndə.
Könlün nə istəyir de, alım sənin
üçün. Elə günü sabah
gedərəm elçiliyə, oturaram atasının
elçi daşının üstündə.
Əslində, ana elçiliyə tələsmirdi. Evin
böyüyü ilə də danışıb, məsləhətləşib
onun razılığını almalı idi. Aydının özü də anasına bu barədə
bir söz deməli idi. Aydın özünü
çox gözlətmədi, anasına zəng etdi:
-
Bacı (Aydın anasına bacı deyirdi), qızın
ad günüdür, hazırlaşın onlara gedin...
-
Aydın, ciddi sözündür? Birdən
zarafat edərsən ha, camaatın qızının
adı çıxar.
- Yox, nə
danışırsan. Onu istəyirəm.
Gedin, atasından razılıq alın.
- Nə
deyirəm, ay oğul, Allah sizi xoşbəxt etsin!
Sevil ana bu xoş xatirəni yada saldıqca,
gözünün qarşısına oğlunun
ömrü qısa olan xoşbəxt günü gəlirdi.
Sevil ana xatırladı ki, Aydının
qardaşları onun məclisinə yaxşı tədarük
gördülər. Xalası Aydının
nişanlısına brilyant üzük aldı.
İyunun 31-də el adəti ilə Aydının
sevdiyi qızgilə getdilər. Hər şey hər
iki ailənin ürəyincə oldu. Bu,
Aydının sevgilisinə böyük ad günü
sürprizi oldu. Özü səngərdə
idi.
Ana sonra elçilik mərasimi haqqında
oğluna o, məzuniyyətə gələndə
danışdı. O, ata-anasına, qardaşlarına, qohumlarına
minnətdarlıq etdi.
Ana Aydın haqqında düşünür, onun
qısa, lakin mənalı həyatını göz
önünə gətirir, balasının
yarımçıq qalan arzularını yada salıb
yanırdı. Arabir özlüyündə təsəlli
də tapırdı ki, oğlu xalq, torpaq yolunda
canından keçib.
Ananın gözləri yol çəkirdi. Gözləri
önündə oğlunun xəyalı
canlanırdı, heç vaxt bu dünyaya bir də gəlməyəcək
oğlunun...
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 29 aprel.- S.15.