Cəfər Cabbarlı
adına Teatr Muzeyində gördüklərimiz, öyrəndiklərimiz...
Azərbaycanda muzey quruculuğuna
keçən əsrin 20-ci illərində
başlanıb. Xalqın mədəni sərvətlərinin
muzeylərdə toplanması
nəticəsində tariximiz, arxeologiyamız,
şəxsiyyətlərimizin irsi mühafizə
olunub. Bütün dünyada muzeylər turistlərin,
mütəxəssislərin ən çox ziyarət
etdiyi, maraq göstərdiyi məkanlardandır.
Azərbaycanda fəaliyyət
göstərən muzeylər də bu gün turistlərin
ən çox maraq göstərdiyi, ziyarət etdiyi mədəniyyət
ocaqlarıdır. Ölkəmizdə müxtəlif
profilli muzeylər fəaliyyət göstərir və hər
muzey öz sahəsinə, istiqamətinə görə
xidmət göstərir. Vaxtaşırı olaraq biz
muzeylərə baş çəkir, burada
gördüklərimizi oxucularımıza
çatdırırıq.
Bu yaxınlarda üz tutduğumuz muzeylərdən
biri Muzey Mərkəzində yerləşən Cəfər
Cabbarlı adına Teatr Muzeyi oldu. Bu muzey
öz gözəlliyi, çəkiciliyi ilə diqqət
mərkəzindədir. Öz funksiyasına,
daşıdığı missiyaya görə xeyli fərqlənən
Teatr Muzeyində Azərbaycan teatr tarixinin
bütün dönəmləri
əhatə olunub.
Muzeydə olarkən bura turistlərin gəldiyini
gördük. Məlumdur ki, hazırda paytaxtımızda
"Bakı Ticarət Festivalı" ("Baku Shopping
Festival") keçirilir. Festivala qatılmaq
üçün müxtəlif xarici ölkələrdən
Bakıya çoxlu sayda turist gəlir. Onların ən çox baş çəkdiyi
yerlərdən biri muzeylərdir.
Qeyd etdiyimiz kimi, turistlər Teatr Muzeyinə də
gəlir və onlar teatrlarımız barədə məlumatlar
əldə edir, hər bir eksponatla ciddi maraqlanır. Muzey bələdçiləri
olduqca səbrlə, təmkinlə hər bir seyrçiyə
məlumat verir, onlara teatr tariximiz haqqında danışırlar.
Orada öyrəndik ki, mədəniyyət
ocağı 1934-cü ildə yaradılıb. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr
Muzeyi Azərbaycan peşəkar teatr tarixinin bir əsrdən
artıq dövrünü özündə əks etdirir.
Bu barədə bizə məlumat verən muzey əməkdaşları
bildirir ki, muzeydə toplanan nadir eksponatlar sayəsində
milli teatrın yaranma tarixi, təşəkkül
dövrü, müxtəlif inkişaf mərhələləri,
Azərbaycan mədəniyyəti tarixində misilsiz
xidmətləri olan maarifçi və ziyalılar,
teatr korifeyləri, sənətkarlar haqqında tam məlumat
almaq mümkündür.
Teatrşünaslar
qeyd edir ki, bu muzeyin fond və ekspozisiyalarında yer alan
materiallar, sənədlər müxtəlif janrlı
ilk teatr tamaşalarının proqram və
afişalarından, dramaturq, aktyor və rejissorlara məxsus
əlyazmalardan, məktublardan, rol dəftərlərindən,
foto və neqativlərdən, geyim və dekorasiya
eskizlərindən, tamaşaların müxtəlif pərdələri
üçün verilmiş səhnə tərtibatlarının
maketlərindən, şəxsi əşya və
rekvizitlərdən, teatr kostyumlarından, obrazlara
düzəldilmiş kuklalardan və s. ibarətdir.
Onu da vurğulayaq ki, Mədəniyyət və
Turizm Nazirliyinin muzeyə göstərdiyi hədsiz
diqqət sahəsində muzeydə qorunan
eksponatların əksəriyyəti orijinaldır və
onların bir qismi xronoloji ardıcıllıqla
muzeyin 7 zaldan ibarət ekspozisiyasında sərgilənir. Muzey əməkdaşları
bildirir ki, 1873-cü ildə Mirzə Fətəli
Axundovun "Lənkəran xanının vəziri"
komediyası əsasında oynanılan ilk teatr
tamaşasının afişası, ilk teatr
truppasının 1888-ci ilə aid fotoşəkli,
1926-cı ildə Şərq üslubunda oynanılan
"Hamlet" tamaşasının kinolenti, Şərq
aləmində 1908-ci ildə ilk opera olan "Leyli və Məcnun"un premyera-proqramı muzeyin qədim
eksponatlarındandır.
Teatr Muzeyi gerçək bir mədəni-mənəvi
xəzinədir. Burada Azərbaycan teatrının
simasının tam olaraq
canlandırıldığını deyən
teatrşünaslar bildirir ki, muzey çox zəngindir.
Məlumatlara
görə, dini adət və ənənələrdən,
el-oba şənliklərində rast gəlinən teatr
elementlərini əks etdirən rəsmlər, XIX əsrin
əvvəllərində Avropa tipli peşəkar
teatrın yaranmasında və inkişafında ilk
cığırları açan sənət fədailərinə
aid materiallar, həmin dövrün teatr həyatını
əks etdirən ipək üzlü yastıq və
parçalar üzərində yazılmış
proqramlar, ilk Şərq konsertində
çalınmış musiqi alətləri böyük
maraq doğurur. Muzeyə gələn
seyrçilərə milli teatr sənətinin
sorağını Azərbaycanın
hüdudlarından kənara çıxaran bir çox
sənətkardan geniş söhbət
açılır.
XIX əsrin
ortalarında əsərləri Fransa və Almaniyada nəşr
olunan, Yaxın Şərqdə və Zaqafqaziyada
dramaturgiyanın banisi sayılan Mirzə Fətəli
Axundova, öz acı taleyi və sənət fədakarlığı
baxımından dünya teatrlarına örnək ola
biləcək Hüseyn Ərəblinskiyə, müsəlman
aləmində opera və operetta janrının əsasını
qoymuş dünya şöhrətli bəstəkar
Üzeyir Hacıbəyova, İtaliyada musiqi təhsili
almış ilk professional opera müğənnisi
Bülbülə, Şövkət Məmmədovaya həsr
olunmuş guşələr də Azərbaycan teatr sənətinin
inkişafı prosesində Şərq və Qərb mədəniyyətinin
sintezini görükdürür.
Muzeydən
aldığımız məlumata görə, muzeyin sərgi
zalında müntəzəm olaraq müxtəlif
mövzularda sərgilər keçirilir ki, burada şəxsi
kolleksiyalar, fondlarda saxlanan nadir eksponatlar - fotoşəkillər,
proqramlar, dekorasiya eskizləri və s. nümayiş
etdirilir, qüdrətli sənətkarlara tez-tez xatirə
gecələri təşkil edilir, onların sənət
yolundan bəhs edən mühazirələr oxunur.
Muzeydə
qorunan eksponatlar bir çox elmi əsərin, oçerklərin,
monoqrafiyaların tədqiqində, milli, rus və Qərbi
Avropa dramaturgiyasının, balet musiqisinin Azərbaycan
səhnəsində bədii həllinin öyrənilməsi
baxımından olduqca gərəklidir.
Vaxtilə
Azərbaycan Dövlət Dram Teatrının nəzdində
açılan bu muzeylə bağlı böyük ədibimiz
Əbdürrəhim bəy Haqverdiyev deyirdi:
"Yaşasın Azərbaycan teatrı!.
Məhz həmin gündən bu muzey teatr
tarixinə və teatr xadimlərinə aid yadigarları,
əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini,
müxtəlif sənədləri toplayan və qoruyan məbədə
çevrilib".
1963-cü
ildə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv
edilir və Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya
şöbəsinə çevrilir. Respublika hökuməti
1968-ci ildə həmin şöbənin bazasında
"C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin təşkili haqqında"
qərar qəbul edir.
Teatrşünaslar qeyd edir ki, repressiya illərinin
tufanlarına məruz qalan teatr xadimlərinin də
xatirəsinə böyük ehtiramla
yanaşılır. Belə ki, 1937-1938-ci illərin acı
yelləri teatr xadimlərinin, habelə Dövlət
Teatr Muzeyinin üstündən də əsib, milli
teatrımızın inkişafına ağır zərbə
vurub. Həmin illərdə bir sıra
teatr xadimləri repressiyaya məruz qalıb. Bunların arasında Dövlət Teatr
Muzeyinin direktoru Ağakərim Şərifovun
qohumları da vardı. Bir qədər
sonra Ağakərim Şərifovu işdən azad edirlər.
Məhz həmin illərdə muzeyin elmi
işçisi Afərin Məmmədbəyova öz həyatını
təhlükəyə qoyaraq repressiya
qurbanlarının muzeydəki əşyalarını
gizlədib, ələ keçməkdən qoruyub və
beləliklə, həmin sənədlər bu
günümüzə gəlib çatıb.
Bu gün muzeyin əsas fondunda 130.000-dən artıq
eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini,
inkişaf yollarını, teatr korifeylərimizin həyat
və yaradıcılığını özündə
əks etdirir. Fondda qorunan
materialların böyük əksəriyyəti
orijinaldır. Muzeydə Hüseyn Ərəblinskinin,
Hüseynqulu Sarabskinin, Üzeyir Hacıbəyovun,
Müslüm Maqomayevin, Cəfər Cabbarlının,
İsmayıl Hidayətzadənin, Sidqi Ruhullanın,
Aleksandr Tuqanovun, Mirzə Ara Əliyevin, Cəfər Cəfərovun,
Ədil İsgəndərovun, Mehdi Məmmədovun,
İmran Qasımovun, Qürbət Qurbanovun, Həqiqət
Rzayevanın, Möhsün Sənaninin, Ələsgər
Ələkbərovun, Barat Şəkinskayanın,
Hökumə Qurbanovanın, Məmmədkamal
Kazımovun, Amaliya Pənahovanın və onlarla belə
sənətkarların şəxsi arxivləri, onlara məxsus
yazılı sənədlər və xatirə əşyaları
saxlanır.
Bundan əlavə, fondda nadir kitablara da rast gəlinir. M.F.Axundovun
1853-cü ildə Tiflisdə nəşr olunmuş povest və
komediyaları, 1923-cü ildə nəşr olunmuş
"Azərbaycan-türk teatrının müxtəsər
tarixçəsi", 1928-1929-cu illərdə çapdan
çıxmış rusca-türkcə lüğətlər
bu nümunələrdəndir.
Burada
müxtəlif illərə aid fotoşəkillər,
ötən əsrin əvvəllərində
şüşəyə çəkilmiş neqativlər,
eləcə də Abbas Mirzə Şərifzadə,
Ülvi Rəcəb, Kazım Ziya, Mərziyyə
Davudova, Əzizə Məmmədova, Sona Hacıyeva,
Şövkət Məmmədova, Bülbül, Həqiqət
Rzayeva, Qəmər Almaszadə və bu kimi sənətkarlara
dair materiallar toplanıb. Teatr rəssamlarından
Əzim Əzimzadə, Rüstəm Mustafayev,
İsmayıl Axundov, Mixail Tixomirov, Nikolay Ovzinnikov, Qəzənfər
Xalıqov, Nüsrət Fətullayev, Mikayıl
Abdullayev, İzzət Seyidova, Bədurə
Əfqanlı, Kazım Kazımzadə, Ənvər
Almaszadə, Əyyub Fətəliyev, Həsən
Mustafayev, Altay Seyidov, Sergey Yefimenko, Elzin Aslanov, Elzin
Məmmədov və başqalarının müxtəlif
tamaşalara çəkdiyi bir sıra eskizlər məhz
burada qorunur.
Muzeyin
Fonoteka şöbəsində keçən əsrin
teatr tamaşalarının, ayrı-ayrı sənətkarların
səslərinin yazıldığı lent
yazıları qorunur. Seyid
Şuşinskinin, Məcid Behbudovun və bu kimi ustad sənətkarların
ifaları olan qrammafon valları şöbənin ən
qədim eksponatlarındandır. Abbas Mirzə
Şərifzadənin "Şeyx Sənan",
"Hamlet" tamaşalarındakı monoloqu, Mərziyə
Davudova, Sidqi Ruhulla, Fatma Qədri, Ələsgər
Ələkbərov, Mirzə Ara Əliyev, Hökumə
Qurbanova və digər teatr korifeylərimizin səsləri
yazılmış lent yazıları, müxtəlif
tamaşalardan parçalar bu şöbədə
saxlanır.
Muzeydən aldığımız məlumata
görə, hazırda şöbədə 180 adda
eksponat toplanıb. Muzeyin kitabxana fondu ədəbi tənqidə,
teatr tənqidinə və tarixinə, sənətkarların
həyat və yaradıcılığına həsr
olunmuş nəşrləri əldə edərək
oxucuların istifadəsinə verir. Bunların
sırasında C.Cəfərovun "Dramaturgiya və
teatr", Q.Məmmədlinin "Azərbaycan teatr
salnaməsi", M.Məmmədovun "Teatr
düşüncələri", G.Kərimovun "Azərbaycan
peşəkar teatrının tarixi və inkişaf mərhələləri",
"Gənclik və gözəllik teatrı",
A.Talıbzadənin "Ustad və ayna", G.Rəhimlinin
"Üç əsrin yüz otuz ili", A.Şərifovun
"Azərbaycanda türk teatr tarixinin materialları",
Ə.Ələkbərovun "Sona Hacıyeva",
Ə.Əliyevanın "Bizim GTT",
"H.Ərblinski" adlı kitabları qeyd edilməlidir.
Kitabxanada 4.000 adda material saxlanır.
Muzeyin fondu daim yeni materiallarla zənginləşir. Elmi əməkdaşlar
teatrlarla sıx əlaqə saxlayır, hər ilin teatr
mövsümünə dair materialları muzeyə
toplayırlar. Eləcə də
muzeyin fotoqrafı repertuarda olan tamaşaların
fotoçəkilişlərini aparır.
Muzey əməkdaşları qeyd edir ki, əməkdaşlar
tərəfindən bu günə qədər toplanan və
mühafizə olunan materiallar teatr tariximizlə
bağlı yeni tədqiqatlar üçün əvəzedilməz
xəzinədir. Təsadüfi deyil ki, muzey 2004-cü
ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən
"Azərbaycan teatr tarixinə dair materialların
toplanılması və qorunmasına görə"
"Qızıl Dərviş" mükafatına layiq
görülüb.
Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi
əks etdirən tarixi xronologiya üzrə qurulub.
Muzeydə
seyrçiləri, xüsusən də turistləri cəlb
edən bir sıra özəl cəhətlər var ki,
onlar Azərbaycan teatrının tam mənzərəsi
ilə tanış ola bilir. Muzey əməkdaşları bildirir ki, son illər
ölkəmizə başlanan turist axını muzey
seyrçilərinin artmasına da müsbət təsir
göstərir. Vaxtaşırı
olaraq bu muzeyə də turistlərin gəldiyini deyən
muzey əməkdaşları bildirir ki, turistlər
bizim teatr tariximizlə ciddi maraqlanır.
Sənətşünas
Təranə Əlizadə bizimlə söhbətində
bildirdi ki, C.Cabbarlı adına Teatr
Muzeyi öz unikallığı və
daşıdığı missiya ilə bölgədə
özünə şöhrət qazanıb. Bu muzeyin
canlı tarix olduğunu deyən sənətşünasın
sözlərinə görə, adam
bura daxil olanda özünü tamamilə müsbət
aurada hiss edir: "Biz tələbə vaxtı Teatr
Muzeyinə tez-tez gedirdik. Bura doğrudan da
müqəddəs bir yerdir. Bu muzeydə
Azərbaycan teatrının bütün mərhələləri,
bütün dövrləri əks olunub. Teatr xadimlərimizlə bağlı faktlar,
materiallar, onların rol dəftərləri, geyimləri
böyük maraq doğurur. Onlara
baxdıqca, sanki o sənətkarların
özünü görürsən. Teatr
tariximizin canlı siması yaşadılır bu
muzeydə. Dəfələrlə
orada turistlər də görmüşəm. Onlar əsasən tərcüməçi ilə
gəlir. Turistlər hər bir
eksponatla maraqlanır. Adam hiss edir ki,
onlar bizim teatr tarixinə baxıb özlərində
xalqımızın mədəniyyəti haqqında təsəvvür
yaradır".
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 29 aprel.- S.15.