Tarixdə
iz buraxanlar: Batı xan
Tarixi şəxsiyyət Batı xan 1208-ci ildə
anadan olub, Çingiz xanın nəvəsidir. Onun atası
Cuci xan Çingiz xanın böyük oğludur. Monqolların Rusiya və Şərqi Avropa
torpaqlarına yürüşlərinə (1236-1243)
başçılıq edən Qızıl Orda
xanıdır. Batı xan özündən
sonra tarixdə öz sözünü demiş bir
dövlət - Qızıl Orda adlandırılan nəhəng
bir türk dövləti qoyub gedib.
İmperatorluğunu
oğlanları arasında bölüşdürən
Çingiz xan Cuci üçün tərkibinə Xarəzm,
Qərbi Sibir və Ural torpaqlarının daxil
olduğu çox böyük əraziləri əhatə
edən pay ayırmışdı. Eyni
zamanda Qərbdə monqol atının ayağının
dəydiyi bütün torpaqlar da onun hesab olunurdu. Fəqət atasının irsindən bəhrələnmək
Cuciyə nəsib olmur. Tezliklə
Çingiz xanla ilk övladı arasında münasibətlər
kəskinləşir. Cuci
atasının hədsiz işğalçılıq
siyasətini o qədər də dəstəkləmir.
Xəstəliyini bəhanə edərək
onun hərbi səfərlərində iştirak etməkdən
boyun qaçırır. Yaşlanan
vaxtı hər şeydən şübhələnən
Çingiz xanın bu keyfiyyətindən düşmənləri
məharətlə istifadə edir. Onu
inandırırlar ki, böyük oğul Çingiz xana
qarşı sui-qəsd hazırlayır. Çingiz xan üsyan qaldıran Si-Sya
hökmdarını cəzalandırmaq üçün
növbəti hərbi səfərə
hazırlaşır. O, oğlanlarına xəbər
göndərərək hüzuruna gəlmək əmrini
verir. Cucidən başqa hamı gəlir.
Cuci ilə düşmənçilik edən
qardaşı Cağatay ailə müşavirəsi
zamanı belə deyir: "Cuci qıpçaqların
ölkəsini öz doğma ulusundan çox sevir. O,
Xarəzmdə monqolları bir qıpçağa belə
toxunmağa qoymur. Cuci bu həyasız sözləri
açıq deyir: "Qoca Çingiz ağlını
itirib, çünki bu qədər ölkələri
dağıdır və xalqları rəhmətsizcəsinə
qırır". Cuci ov zamanı bizim
atamızı öldürmək və monqolların əsas
ordasından ayrılmış müsəlmanlarla
dostluq müqaviləsi bağlamaq istəyir". Bunu eşidən Çingiz xan qəzəbdən
alışıb-yanır, öz qardaşı
Utçigini və inandığı adamları Xarəzmə
göndərərək əmr edir ki, Cuci tez
atasının yanına gəlsin. Çingiz
Utçiginin qulağına deyir: "Əgər gəlməkdən
boyun qaçırsa və Xarəzmdə qalsa, dinməzcə
vur və heç bir söz demədən öldür!"
1227-ci ildə Cuci səhrada monqol adəti üzrə
beli qıvrılmış halda tapılır. Hamı onun
atasının əmrilə
öldürüldüyünü güman edir. Monqol salnamələrinin bəzilərində
isə bu barədə açıq
danışılır. Qatillərin
kimliyini müəyyənləşdirmək
mümkün olmur. Tarixi mənbələrin
verdiyi məlumata görə, Çingiz xan bu xəbəri
ağır xəstə olarkən alır. O, inildəyərək
belə deyir: "Utçigin nahaq tələsdi. İndi daha böyük sərkərdə
yoxdur." Bu sözlər Cuci xanın
Çingiz xanın göndərdiyi gizli qatillər tərəfindən
öldürüldüyünə dair gəzən
şayiələri bir daha doğruldur.
Tezliklə Cuci ulusunda öldürülmüş
hakimin varisini seçmək üçün qurultay
çağırılır. Bu vaxt varis kimi
Cucinin oğlu Batının seçilməsinə dair
Çingiz xanın əmri gəlir. Noyonların
bir çoxu Çingiz xanın bu seçiminə təəccüblənir.
Çünki Batı xanın 18 yaşı
yenicə tamam olmuşdu. O, qeyri-adi gücü ilə
seçilmirdi, möhkəm sağlamlığa da malik
deyildi, özünü nə sərkərdə, nə də
hakim kimi göstərə bilmişdi. Fəqət
heç kəs Çingiz xanın iradəsinə
qarşı çıxmağa cürət etmir. Noyonlara əslində gənc və təcrübəsiz
bir nəfərin hökmdarlıq etməsi daha sərfəli
idi. Buna görə də qurultayda
Batı yekdilliklə atasının varisi seçilir.
Nəticə
gözlənilən kimi də olur: Batı heç bir
real hakimiyyət almır. Onun hətta şəxsi
ulusu da yox idi. Cuci ulusunun bütün
torpaqlarını minnətdarlıq kimi onu
başçı kimi tanıyan qardaşları
arasında bölüşdürülür. Orduya rəhbərlik isə Cuci xanın
böyük oğlu Ordu-İçenə tapşırılır.
Beləliklə, Batının hakimliyi
yalnız onun Cuci ulusunun təmsilçisi olması və
bir sıra dini ayinlərə başçılıq etməsi
ilə məhdudlaşır.
Böyük
oğlunun ölümündən sonra Çingiz xan cəmi
yarım il yaşayır, 1227-ci ildə
vəfat edir. Batı da Çingiz xanın
varisini seçmək üçün Monqolustanda
keçirilən Böyük qurultaya gedir. Qabaqcadan məlum idi ki, Çingiz xanın
varisi onun üçüncü oğlu Ugedey olacaq. Batı bilirdi ki, atası ilə Ugedey yola getməyib.
Fəqət Ugedey Böyük xaqan
seçildikdən dərhal sonra, 1229-cu ildə
Batının titulunu təsdiqləyir və Qərb
torpaqlarının işğalında ona kömək
göstərəcəyini vəd edir.
Bu vədi
üç il gözləmək
lazım gəlir. Ugedeyin Tsin imperiyası
üzərinə olan yürüşündə Batı
xan da iştirak etməli olur. 1234-cü
ildə Tsin dövləti süqut etdikdə artıq Qərb
səfərini ləngitmək mümkün deyildi.
1235-ci ildə keçirilən növbəti
qurultayda Çingiz şahzadələrindən ibarət
qrupu Qərbi işğal etməyə göndərmək
qərara alınır. Həmin
şahzadələr Çingiz xanın
oğullarının böyük övladları
olduğuna görə Qərb səfəri ümummonqol
işi hesab olunurdu. Batı xan
yaxşı bilirdi ki, yeni ələ keçirilən
torpaqları 11 qohum arasında bölüşdürməli
olacaq. Ondan hələ işğal
olunmayan torpaqları itirməmək üçün qətiyyətli
hərəkət tələb olunurdu.
Batının həyatında birinci
dönüş Bolqarıstanın işğalı zamanı
baş verir.
Yürüşə faktiki olaraq Çingiz
xanın təcrübəli sərkərdələrindən
biri olan Subutay Bahadır komandanlıq edir. Fəqət o yaxşı bilirdi ki, Çingiz
xanın təkəbbürlü nəvələri mənşəcə
onlardan aşağı təbəqədə duran bir
şəxsin sərkərdəliyilə
hesablaşmayacaq. Buna görə də
Subutay Bahadır yürüşə rəhbərlik
etmək üçün onların arasından bir nəfərin
baş komandan - cahangir seçilməsini qərarlaşdırır.
Hiyləgər Ugedey onlardan heç birinə
üstünlük vermir, bu məsələnin şahzadələrin
arasında seçki yolu ilə həllini məsləhət
bilir. Nəticədə həmin vəzifəni
tutmaq uğrunda mübarizədə Batı xan
bütün rəqiblərini üstələyir.
Onun seçilməsinin formal səbəbi gələcək
rəqibləri ilə mübarizə təcrübəsinə
malik olması idi. Hələ 1221-1224-cü illərdə
Batı xan Subutay Bahadır və Cəbə noyonun Xarəzm
və qıpçaqlar üzərinə
yürüşlərində onları müşayiət
etmişdi. Eyni zamanda monqol
ordularının 1223-cü ildə Kalka çayı
sahilində qıpçaqların və Cənubi
Rusiya knyazlarının birləşmiş qüvvələri
ilə döyüşündə iştirak etmişdi.
Fəqət məsələnin əsl
mahiyyəti başqa idi. Bu
yürüş onun torpaqlarından
başladığına görə Batı sadəcə
olaraq hərbi çevriliş etmişdi. Qardaşlarının və ordunun köməyilə
o, öz rəqibləri üzərində qələbə
çalmışdı.
Monqol ordusu təqribən 135000
döyüşçüdən ibarət idi. Bu ordunun bir
hissəsi Cənubi İdilboyu torpaqlara -
qıpçaqlar, alanlar və digər xalqlar üzərinə
göndərilir. Ordunun daha
böyük hissəsi isə 1236-cı ildə İdil
Bolqarıstanı üzərinə yeridilir. Burada güclü dövlət yox idi, tayfalar
arasında düşmənçilik hökm
sürürdü. Onlardan bəziləri
hətta Batı xanın tərəfinə keçərək,
onun köməyilə öz rəqiblərini aradan
qaldıra biləcəyinə ümid edir. Bir il
keçmiş İdil Bolqarıstanı monqollara tabe edilir .
1238-ci ilin fevral ayı rus torpaqları
üçün "amansız ay" olur. Çinə
və Xarəzmə yürüşlər zamanı şəhərlərin
ələ keçirilməsi üsullarını
yaxşı mənimsəyən monqollar fevral
ayının 2-də Vladimiri mühasirəyə
alır. Artıq fevralın 5-də
monqol tümənlərindən biri demək olar ki,
müdafiəsiz qalmış Suzdalı işğal edir.
Fevral ayının 8-də həlledici
hücum nəticəsində Şimali Rusiyanın
paytaxtı təslim olur. II Yurinin
bütün ailəsi məhv edilir.
Heç bir müqavimətlə rastlaşmayan
Batının ayrı-ayrı dəstələri
bütün Şimal-şərqi Rusiyaya səpələnir. İki həftə ərzində
14 şəhər, o cümlədən Rostov, Uqliç,
Starodub, Peryaslav - Zalesski, Yuryev və başqaları
işğal olunur. Martın 4-də isə həmin
dəstələrin biri təsadüfən II Yurinin
Siti cayı sahilindəki düşərgəsi ilə
rastlaşır. Şiddətli
döyüşdə Vladimir ordusu darmadağın
edilir. Böyük knyaz
öldürülür. Beləliklə, Vladimir -
Suzdal knyazlığı ağılsız və
ehtiyatsız bir hərəkətin qurbanı olur.
Batının məğlubedilməz ordusunun
qarşısında Böyük Novqorod
knyazlığı dururdu. Cahangirin ordusu
"güc nümayiş etdirir". 1238-ci
ilin martında ordu Novqorod qalası Torjoku ələ
keçirir. Fəqət Novqorod
knyazı Yaroslav Vladimir knyazının səhvini təkrar
etmir və monqolların bu təhrikini cavabsız qoyur.
Bu zaman artıq Novqorodun 200 verstliyində
olan Batı xan Yaroslavın hərəkətini yüksək
qiymətləndirərək öz ordusunu cənuba
doğru yönəldir. Rus
knyazlıqları tərəfindən böyük təhlükə
ilə qarşılaşmayan Batı xan 1238-ci ilin
yayında İdilboyu çöllərə
qayıdaraq öz ulusunu yaratmaqla məşğul olur.
Batı xan yürüşü dayandırmaq istəyir,
fəqət bu planı həyata keçirə bilmir,
çünki böyük xaqan Ugedey işğalları
davam etdirməkdə israrlı idi. Cahangirin
silahdaşları da gələcək hərbi
yürüşlərə onun sərkərdəlik şərəfini
daha da möhkəmləndirmək ümidi ilə
yanaşır. 1239-cu ildə Batı xan
yaxınlarının təhrikilə mordvalılar
üzərinə, habelə artıq tabe edilmiş Ryazan
knyazlığına, Cənubi Pereyaslavla kiçik
yürüşlər etməli olur. Nəhayət,
1240-cı ilin yayında Batı xan Cənubi Rusiyaya
istiqamət alır. Əslində bu
yürüşdə Cənubi Rusiya onu xüsusi olaraq
maraqlandırmırdı. Fəqət
Macarıstana gedən yol bu ərazidən keçirdi.
Macarıstanda isə Çingiz xanın zamanından bəri
monqolların hesab çəkməyə can
atdıqları qıpçaq xanı Kotyan gizlənmişdi.
Macar kralı IV Bela monqollarla münaqişəyə
girməkdən çəkinmir. Batı xanın
qıpçaqları təhvil vermək tələbini
rədd edir. Bu onun birinci səhvi idi.
Az sonra ikinci səhvə yol verərək
öz əyanlarına Kotyan xanı öldürmək əmrini
verdikdə 40 minlik qıpçaq
döyüşçüsü Belanın
torpaqlarını viran qoyaraq Bolqarıstana
keçir. Artıq monqollarla müharibə
qaçılmaz idi.
Monqolların Avropaya yürüşünü
Subutay Bahadır diqqətlə hazırlamış,
onun şagirdi Batı xan isə bu planı müvəffəqiyyətlə
həyata keçirmişdi. Monqol ordusu
üç istiqamətə bölünmüş və
hər birinin qarşısına konkret vəzifələr
qoyulmuşdu. Batı xanın əmisi
oğlanları Kadan və Baydarın
başçılıq etdiyi şimal ordu qrupu Polşa ərazisinə
daxil olaraq bir neçə şəhəri işğal
edir. Baydar və Kadan öz vəzifələrini
yerinə yetirdikdən sonra cahangirin əsas qüvvələri
ilə birləşmək üçün Polşa ərazisini
tərk edərək Slovakiyaya daxil olur.
Batı xanın başçılıq etdiyi ikinci
ordu qrupu Karpatdan keçərək Macarıstana daxil
olur. Aprel ayının 11-də macar kralının
ordusu Şayo çayı sahilindəki
döyüşdə məğlub edilir. Bu döyüşdə 60 mindən 100 minədək
macar və alman öldürülür.
Subutay Bahadırın başçılıq
etdiyi üçüncü ordu qrupu indiki Rumıniya ərazisində
fəaliyyət göstərdikdən sonra
Macarıstanda Batı xanın qüvvələri ilə
birləşir. Ölkəni dağıtmaq fikrində
olmayan Batı xan təsərrüfatın bərpasına
dair göstərişlər verir. Həmçinin
macar və alman feodallarını öz yanına dəvət
edərək qaçmış əhalini şəhər
və kəndlərə qaytarmağı onlara
tapşırır. Batı xanın
gözlənilməz əmri Avropanı monqol
yürüşlərindən xilas edir.
Batı xanın "Sain xan" titulu
daşıdığı məlumdur. "Sain"
türk dilində "hörmətli,"
"xeyirxah," "ədalətli" mənasını
verir. Bir çox tədqiqatçılar belə
hesab edir ki, Batı xan hələ
sağlığında bu titula layiq
görülüb...
Batı
xan cəmi 48 il yaşayıb. Bu müddətdə onun həyatında bir
çox hadisələr baş verir. Fəqət onun
türk dünyası qarşısında ən
böyük xidməti qüdrətli Qızıl Orda
dövlətini yaratması olur...
Fazil
QARAOĞLu professor
Bakı xəbər.- 2017.- 3 avqust.- S.12.