Azərbaycanda
dünya miqyaslı analoqu olmayan teatr .
Nicat
Qulami: "ƏSA Teatrı ölkəmizdə əsas
heyəti əlilliyi olan aktyorlardan ibarət ilk
inklüziv teatrdır"
"Hazırda
əlilliyi olan hansısa aktyorumuza görə səhnədə
problem yaşamırıq"
Azərbaycanda teatr sənətinə dövlət
qayğısı yeni teatrların yaranmasına səbəb
olan amillərdən biridir. İstedadlı gənclərin
bir araya gələrək yaradıcılıqla məşğul
olması müsbət bir göstəricidir. Barəsində danışacağım teatr
son illər yaranıb. Onun başqa
teatrlardan fərqi böyükdür. Söhbət
inklüziv ƏSA Teatrından gedir. Bu teatrın
əsas heyəti fiziki əngəli olan insanlardır.
Bu teatrda fiziki cəhətdən əngəlli
olan gənc aktyor və aktrisalarla yanaşı, heç
bir fiziki əngəli olmayan insanlar da
çalışır. Hələlik dünyada
yeganə olan inklüziv ƏSA Teatrının baş meneceri
Nicat Qulami ilə əlaqə saxlayıb bu teatrın
yaranma zərurətindən, gördüyü işlərdən
danışdıq, cəmiyyətdə, eləcə də
teatr aləmində hansı səviyyədə qəbul
olunmasını müzakirə etdik.
- Nicat bəy,
bildiyim qədər, inklüziv Əsa Teatrı əlilliyi
olan və olmayan istedadlı insanları bir araya gətirib.
Bu teatr necə yarandı? ƏSA adını seçməyinizin səbəbi?
-
Doğrudur, ƏSA Teatrı ölkəmizdə əsas
heyəti əlilliyi olan aktyorlardan ibarət ilk
inklüziv teatrdır. Hətta təvakökarlıqdan
uzaq olsa da, demək lazımdır ki, ƏSA Teatrı
hazırda dünyada məhz bu cür fəaliyyət
göstərən yeganə teatrdır. Dünya üzrə əlilliyi olan şəxslərdən
ibarət müxtəlif xareoqrafiya və rəqs
qrupları olsa da, həm sayları çox azdır, həm
də bunlardan sadəcə bir neçəsi peşəkar
şəkildə fəaliyyət göstərir. Teatra gəldikdə isə, belə bir ikinci
aktiv fəaliyyət göstərən teatr yox dərəcəsindədir.
ƏSA Teatrı keçən ilin sentyabr ayında
hazırda bədii rəhbərimiz olan Nihad Qulamzadə
tərəfindən yaradılıb. Məqsəd
əlilliyi olan şəxslərin incəsənətə
daha yaxın olmasına dəstək vermək, əlilliyi
olan şəxsləri monoton həyat tərzində
müəyyən qədər də olsa
uzaqlaşdırmaq, cəmiyyətə
inteqrasiyasını təşkil etməkdir. Bildirmək istəyirəm ki, əlilliyi olan
şəxslər daha əvvəl ölkəmizdə nəinki
teatrla məşğul deyildilər, hətta teatrlara
tamaşaçı qismində də
qatılmırdılar. Lakin
hazırda ƏSA Teatrının fəaliyyəti nəticəsində
biz bu yöndə çox böyük dəyişikliklərə
imza atmışıq və atmağa davam edirik.
Əngəlsiz. Sərhədsiz. Azad,
yəni ƏSA. Düşünürəm ki,
teatrımız üçün bundan daha yaxşı ad ola bilməzdi.
- Sizin
tamaşalarda iştirak edənlər arasında yerimə
əngəli olanlar da var? Onların səhnə
hərəkətində problemlər olmur ki?
-
Komandamızda müxtəlif əlillik dərəcəsi
olan şəxslər var. Məsələn,
teatrımızın direktoru və aktyoru Orxan
Adıgözəl əlil arabasındadır və iki
tamaşamızda da oynayıb. İstənilən
halda, bu vəziyyət müxtəlif çətinliklər
yaradır, lakin bizim işimiz də məhz budur. Bu çətinliklərə qalib gəlmək
və yalnız məqsədə doğru irəliləmək.
İncəsənət sərhəd
tanımır, istənilən problemin həllini tapmaq,
onu asanlaşdırmaq mümkündür. Əsas odur ki, istəyək, buna görə
mübarizə aparaq.
Hazırda əlilliyi olan hansısa aktyorumuza
görə səhnədə problem yaşamırıq.
-
Hansı qurumlardan dəstək almısınız?
- Bu teatr
yarananda hər kəsin öhdəsinə bir vəzifə
düşdü. Mənim də üzərimə
düşən baş menecer vəzifəsi idi. Yəni daha çox maliyyə məsələləri.
Təbii ki, ilk yarandığımız vaxtlar beş nəfərlik komanda olduğumuz
üçün, bu vəzifə bölgüsü
çox ədalətli olmuşdu. Teatrımız
fəaliyyətə başladığı zamandan bəri
teatrın maliyyə məsələlərini öz
üzərimə götürmüşəm. Digər qazanclarımı üst-üstə
qoyub nəsə etməyə
çalışmışıq. Bu
müddət ərzində təkcə Böyük
Britaniyanın ölkəmizdəki səfirliyi
quracağımız tamaşa üçün maliyyə
dəstəyi göstərdi. Bu da
kiçik məbləğ idi.
- Bəs
hazırda?
-
Hazırda heç bir yerdən nə maliyyə, nə də
texniki dəstək alırıq. Açığı,
bununla bağlı müraciətlər də etməmişik.
Çünki buna ümidimiz yoxdur.
- Fəaliyyət
göstərmək üçün şəraitiniz necədir?
Binanız varmı?
- Hələ
ki, fəaliyyət göstərməyə,
pis-yaxşı, bir yerimiz var. Noyabr ayından bəri
kirayələmişik və öz hesabımıza xərcləri
qarşılayırıq. Lakin şəraiti
bizim növbəti işlərimiz üçün
uyğun olmadığı üçün, yaxın
zamanda başqa bir yerə kirayə getməyi
düşünürük. Şəraiti
nisbətən yaxşı olan məkanların da
aylıq haqqı çox olur. Çalışırıq
bir təhər öhdəsindən gələk.
Tamaşa oynamağa isə səhnəmiz yoxdur. Kirayə
qaldığımız məkanlarda ancaq
görüşlər və tamaşa məşqləri
edə bilirik.
-
Kollektivinizin neçə üzvü var?
-
Teatrımız 5 nəfərlik heyətlə fəaliyyətə
başlamışdı. Lakin hazırda
ƏSA Teatrı 20 nəfərdən çox heyətə
sahibdir. Qısa zamanda isə bu rəqəmin daha
da dəqiqləşəcəyi və
qarşıdakı beş il
üçün toxunulmaz rəqəm
yaradılacağı düşünülür. Qeyd edim ki, 20 nəfərlik heyətin 12 nəfərini
əlilliyi olan şəxslər təşkil edir.
- Uilyam
Şekspirin "Yay gecəsində yuxu"
komediyası əsasında "Yuxum" adlı
tamaşa sizin teatra uğur gətirdi. Digər
tamaşalarınız barədə nə deyərdiniz?
- "Yuxum" tamaşasının uğurlu
olması bizim üçün gözlənilən idi. Çünki
hər keçən gün biz daha çox peşəkar
şəkildə fəaliyyət göstəririk və
komandamızın çoxluğu imkan verir ki, biz
sürətli şəkildə işləyək. Biz piar məsələlərinə də
çox önəm veririk. "Yuxum"
tamaşası ərəfəsində, nəhayət,
istədiyimiz şəkildə piar işləri ilə
məşğul ola bilirdik. Biz daha çox kütləni tamaşamıza səslədik.
Bunun da nəticəsində
tamaşamıza üç gün qalmış
bütün biletlərimiz satıldı. Premyera günü isə 370 nəfərlik zalda
450-yə yaxın tamaşaçı var idi. "Yuxum" tamaşası koloritli və
dinamik tamaşadır. Tamaşanın komediya
janrında olması, on beş aktyorun
çıxış etməsi, geyimlər, səhnə
dekorasiyası koloritliyin və dinamikanın əsasını
təşkil edirdi.
Digər tamaşalarımız da
teatrımıza xeyli uğur gətirib. Lakin təbii ki, hər
yeni iş daha peşəkar və daha uğurlu olacaq.
-
Ümumiyyətlə, fiziki əngəli olan
insanların teatr, kino sahəsində irəliləməsi
bir qədər çətindir. Bəzən
buna maneələr də törədənlər
tapılır. Sizin aktyorların kinoda
özünü sınaması məsələsi
aktualdırmı?
- Biz
sübut etdik ki, fiziki məhdudiyyətli şəxslər
də teatrla məşğul ola bilər.
Aktyor olaraq səhnəyə çıxa
bilər. Bunu həm də çox
qısa zaman içində, zəhmət və əzm nəticəsində
sübut edə bildik. Qaldı film məsələsinə,
Azərbaycanda hazırda ümumiyyətlə film
sektoru çox qarışıqdır. Hətta böyük monopoliyalar var. İndi
burada sual yaranır ki, bəs teatrda bunu necə
sübut etdiniz? Çox rahat. Çünki ölkə teatrında monopoliya
yoxdur, buna səbəb də teatrların qazanc gətirməməsidir.
Lakin ƏSA olaraq gələcək
üçün ən böyük planlarımızdan
biri də film sektoruna girməkdir. Hətta
artıq əlilliyi olan və olmayan aktyorların birgə
oynaya biləcəyi film ssenarimiz də var. Fəaliyyətimizə
mane olmasalar, bütün planlarımızı həyata
keçirəcəyik.
- Bir
sıra mütəxəssislər hesab edir ki, ƏSA
teatr mühitinə yeni ab-hava gətirib. Sizcə
onlar əsasən nələri nəzərdə tutur?
- Bu
danılmazdır. ƏSA Teatrı nəinki
son illərdə, 21-ci əsrdə Azərbaycan teatr
tarixi üçün ən böyük hadisələrdən
biridir. Bəlkə də elə yeganəsidir.
Buna səbəb, təbii ki, ilk olaraq
teatrımızın özünəməxsus xəttinin
olmasıdır. Bundan da əlavə, nəzərinizə
çatdırım ki, bir-bir teatr qapılarını
döysək, soruşsaq, məlum olacaq k, onların
heç bir tamaşasında biletlər tamaşaya
üç gün qalmış bitməyib. Ən azı son illər bu belədir. Və bir şeyi də nəzərinizə
çatdırım ki, biz digər teatrlar kimi, biletləri
məcburi şəkildə hansısa qurumlara
satmırıq və hər hansı qalmaqallarla gündəmə
gəlib tamaşaçı qazanmırıq. Hazırda bir çox teatrlar bizi özlərinə
örnək götürür. Bunu hər
nə qədər gizlətsələr də, göstərdikləri
sistematik fəaliyyət bunu aşkar edir. Bu da, öz növbəsində, bizi sevindirir.
Tamaşaçılarımız bizi sevir, bizə
etimad göstərir. İlk növbədə buna səbəb
teatrımızın inklüziv olması olsa da,
göstərdiyimiz fəaliyyətin də çox
böyük rolu var. Biz heç bir qurumun və ya şəxsin
qarşısında əyilmirik, problemlərə sinə
gəlirik, daim teatrımızın məqsədləri
haqqında düşünürük, mübarizə
aparırıq. Tamaşalarımızda
sosial problemlərə toxunuruq, hər zaman
tamaşaçılarımıza doğrunu
çatdırmağa çalışırıq. Ölkəmizin adı üçün çox dəyərli
olan işlə məşğuluq. Bundan
sonra da belə olacaq. Tamaşaçılarımız,
teatrımızı tanıyanlar bizi daha çox məhz
buna görə sevir.
-
Teatrı xaricə çıxarmaq, beynəlxalq
festivallara qatılmaqla bağlı planlarınız
varmı?
-
Teatrımız artıq bir çox xarici ölkələrdə
də tanınır. Bu ilin iyun ayında
teatrımız Ukraynada keçirilən inklüziv
incəsənətlə bağlı beynəlxalq
forumda iştirak edib. ƏSA Teatrı
olaraq beynəlxalq festivallara qatılmaq, qastrollar həyata
keçirmək planlarımız var. Bizim teatrın fəaliyyəti
ölkəmizin adını beynəlxalq arenada layiqincə
təmsil etməyə imkan verir. Bu proses isə bir qədər
çətindir. Nəinki ƏSA
Teatrının, digər teatrların da dünyaya
çıxması üçün maddi dəstəyə
ehtiyacı var. Bunu da dövlət
qarşılamalıdır. Çünki
biz nə qədər dünyəvi məqsədə xidmət
etsək də, bu ölkənin adını təmsil
edirik. Növbəti
tamaşalarımızın Gürcüstan və
Türkiyədə nümayişi nəzərdə
tutulub. Bu nəzərdə tutulan
tamaşalar mütləq şəkildə adını
çəkdiyimiz ölkələrdə nümayiş
olunacaq. Ümumiyyətlə,
planlarımız çoxdur və
genişmiqyaslıdır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 1 avqusd.- S.15.