Tarixdə
iz buraxanlar: Həsən bəy Zərdabi
Azərbaycanın görkəmli ziyalısı Həsən
bəy Zərdabi 28 iyun 1837-ci ildə Göyçay qəzasının
Zərdab kəndində anadan olub. Orta təhsilini
Şamaxı şəhərində başlayaraq
Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva
Universitetinə daxil olub, dörd il
sonra həmin universitetin təbiət-riyaziyyat
fakültəsini bitirib.
Ali təhsil
ocağında oxuduğu zaman tələbələr
arasında seçildiyinə görə fakültəni
əla qiymətlərlə başa vurduqdan sonra elmi
iş üçün universitetdə saxlanmasına qərar
verilib. Fəqət vətəninə olan
sevgisi, xalqına, millətinə xidmət etmək
arzusu onu Azərbaycana çəkib gətirib. Bir müddət Qubada məhkəmədə
işləyib, daha sonra 1869-cu ildə Bakıya gələrək
burada orta məktəbdə təbiətdən dərs
deməyə başlayıb. Mütərəqqi
fikirləri səbəbilə dəfələrlə təqib
edildiyinə görə müəllimlikdən əl
çəkib, xalqı üçün geniş mədəni
tədbirlər həyata keçirmək
üçün fəaliyyətə başlayıb.
Evlərində keçirilən şeir və
musiqi həvəskarlarının məclisi onda dərin
iz buraxıb.
Azərbaycanın mərkəzi şəhəri
kimi Bakının sürətli inkişafı Həsən
bəydə milli mətbuatın yaranma zərurətini
yaradıb. Ana dilində qəzetə böyük ehtiyac
olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet
çap etmək üçün hökumətə
müraciət edib. Bununla əlaqədar
xeyli zəhmətdən sonra 22 iyul 1875-ci ildə
Bakıda qubernator mətbəəsində Azərbaycan
dilində "Əkinçi" qəzetinin nəşrinə
müvəffəq olub. Bu qəzetdə
Azərbaycan milli mətbuatının əsası
qoyulub. 22 iyul 1875-ci ildən 1877-ci ilin 29
sentyabr ayına qədər çapını davam etdirən
"Əkinçi" qəzeti ayda iki dəfə 300-400
tirajla nəşr olunub. Bu illər ərzində
qəzetin 56 nömrəsi işıq üzü
görüb.
"Əkinçi" qəzetinin dəsti-xətti
əsasən bir ideya üzərində qurulub. Həsən
bəy Zərdabi və onunla birlikdə bu qəzetdə
çalışan bir sıra maarifpərvər demokrat
naşirlər Şərqin geriliyini, ətalət və
süstlüyünü həqiqi azadlığın
olmamasında görürdü. Onlar
öz sözlərini, dolayı yolla olsa da, bu qəzet
vasitəsilə xalqa çatdıra bilirdilər.
O dövrdə xalqın başa düşəcəyi
sadə dildə yazılan fikirlərin səslənməsi
Azərbaycanı əsarət altında saxlayan
imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi "Əkinçi"
öz əsas ideyasına uyğun olaraq incəsənət
və ədəbiyyata da aid yeni demokratik tələbləri
irəli sürürdü. Azərbaycanın
böyük dramaturqu Nəcəf bəy Vəzirov,
köhnə şeirlərlə yanaşı, şairləri
müasir həyatdan yazmağa, xalqı cəhalət və
qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə
etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın
bir çox görkəmli, maarifpərvər
insanları səs verirdi. Təbii ki, bu cür
demokratik məqalələrindən sonra çarizmin
diqtəsi ilə özlərini "ziyalı" sayan
bəzi üzdəniraq insanlar yerbəyerdən
"Əkinçi"nin üzərinə
hücuma keçirdilər. 1877-ci il
sentyabr ayının 29-da "Əkinçi" qəzeti
öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk
qaranquşu olan bu qəzet iki illik ömür yaşasa
da, xalqın milli və müasir ruhda tərbiyə
olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların
carçısı olan "Əkinçi" realist Azərbaycan
ədəbiyyatının inkişafında müstəsna
xidmətlər göstərdi. Məhz
buna görə də belə tərəqqipərvər
qəzet mürtəce, işğalçı bir rejimin əsarəti
altında çox yaşaya bilmədi. Çünki bu qəzet kəndlilərin
ağır həyat şəraitini, onların
yarıac-yarıtox dolanmalarını qabarıq şəkildə
oxucuların nəzərinə
çatdırırdı.
Onu da qeyd edək ki, qəzetə
"Əkinçi" adı təsadüfən verilməmişdi. Bu adda qəzetin
kənd təsərrüfatı təmayüllü
olmasını düşünmək sadəlöhvlük
olardı. Həmin ad altında dərin
və böyük rəmzi məna, geniş və əhatəli
fəaliyyət proqramı nəzərdə tutulmuşdu.
Qəzeti nəşr etməkdə əsas məqsəd
həmvətənlərinin qəlbinə,
şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən
ibarət idi. Başqa sözlə, maarif, təhsil əkinçi
üçün ən böyük meydan, münbit tarla
şüurunu milli biganəlik, nadanlıq və cəhalətin
"alaq otları" basmış geniş kütlə,
savadsız xalq ola bilərdi.
Bu da bir həqiqətdir ki, "Əkinçi" qəzeti
fəaliyyət göstərdiyi 2 ildə
özünün müqəddəs amalına - xalqın
maariflənməsinə ləyaqətlə xidmət
etdi. O,
qısa bir zamanda xalq maarifi və mədəniyyətinin,
ana dilli məktəblərinin böyük
carçısı oldu. "Əkinçi"
bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət
toxumları öz bəhrəsini verdi:
yeni-yeni məktəblər açıldı, qəzetlər
yarandı... "Əkinçi"nin
davamçısı, türk dilində ikinci qəzet
olan "Tərcüman" Həsən bəyin dostu,
böyük türkçü İsmayıl bəy
Qaspıralının redaktorluğu ilə nəşrə
başladı. Bu qəzetin nəşrini Həsən
bəy Zərdabi türkçülüyün
bayramı kimi qarşıladı.
Bir
müddət işsiz qalan Həsən bəy Zərdabi
1880-cı ildən doğulduğu Zərdab kəndində
16 il sürgün həyatı
yaşamalı olur. Böyük ömrün
bu illəri də doğma xalqa xidmətdə keçir.
Mühafizəkarların fitnə-fəsadlarına,
acı tənələrinə mərdliklə dözən
Həsən bəy burada da maarifçilik əməllərini
davam etdirir, müxtəlif qəzetlərə məqalələr
yazıb göndərir. Fəqət
düşmənləri onu "şapkalı rus,"
"sünni Həsən bəy" adlandırıb
nüfuzdan salmaq istəyirdilər. Yeri
gəlmişkən onu da qeyd edək ki, Həsən bəy
hökumət idarələrində göstərdiyi
xidmətlərə görə "Müqəddəs
Anna" qızıl medalı ilə təltif
olunmuşdu. Fəqət onu heç
zaman yaxasına taxmamışdı. Hətta
Qafqazın sərdarı Bakıya gələndə
xaç şəkilli medalı döşünə
taxmamaq üçün özünü xəstəliyə
vurub mərasimə getməmişdi. Bəli,
Həsən bəy rus təhsilli olsa da, milli ruhlu, vətənpərvər
bir ziyalı idi, əsl müsəlman təəssübkeşi
idi.
Uzun ayrılıqdan sonra Həsən bəy Zərdabi
1896-cı ildə uşaqlarının təhsillərini
davam etdirmələri üçün Bakıya
köçür. Əvvəl "Kaspi" qəzetində
işləməyə başlayır. Çox
keçmir ki, Bakı Şəhər Dumasına deputat
seçilir, maarif komissiyasının üzvü olur.
O, hər zaman Dumanın iclaslarında şəhərin
uzaq məhəllələrində məktəb və xəstəxana
açılması məsələsini qaldırır,
çox zaman onun müsbət həllinə nail olurdu. Təsadüfi deyil ki, onun deputatlıq
vaxtında Azərbaycan məktəblərinin sayı
üçdən on altıya yüksəlmişdi. Həsən bəy həmin məktəblərdə
ana dili tədrisinin həcmini artırmaq
üçün daim mübarizə aparırdı, Bakıdakı
xeyriyyə cəmiyyətlərinin işində
yaxından iştirak edirdi. XIX əsrin
sonu - XX əsrin əvvəllərində Bakıda
milli ziyalıların bir araya gəlməsində,
vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində
Həsən bəy Zərdabinin müstəsna rolu olub.
Bu dövrdə onun qadın təhsili ilə
bağlı ideyalarının gerçəkləşməsi
istiqamətində mühüm hadisələr baş
verir.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin məliyyə
dəstəyi və Həsən bəy Zərdabinin məsləhəti
ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi
("Tağıyev qız məktəbi")
açılır. Bununla da böyük
maarifçi Həsən bəy Zərdabinin uğrunda
illərlə mübarizə apardığı azərbaycanlı
qızlar üçün təhsil müəssisəsi
yaratmaq ideyası reallaşır. Bu məktəbin
açılmasında müstəsna rol oynayan Zərdabi
həmin məktəbin nizamnaməsini də özü
yazmış, məktəbin qəyyumlar
şurasının üzvü seçilmişdi. Məktəbin ilk müdiri Həsən bəyin
ömür-gün yoldaşı və silahdaşı Hənifə
xanım Məlikova təyin edilmişdi.
Həsən bəy Zərdabi Azərbaycan
qadınlarının maariflənməsinə
xüsusi əhəmiyyət verib, 1901-ci ildə
Bakıda azərbaycanlı qızlar üçün ilk
məktəbin açılmasına böyük kömək
göstərib. Gündəlik həyatında və
işində xalqla sıx bağlı olub, asudə
vaxtlarını xalq arasında keçirib, yeniyetmələri
elmə, mədəniyyətə, maarifə həvəsləndirib,
geniş ictimai fəaliyyət göstərib.
Onun apardığı təbliğatın nəticəsində
Bakı gimnaziyasında oxuyan tələbələrin
sayı xeyli çoxalıb.
Həsən bəy Zərdabi zəhmətkeş
kütlələrin xoşbəxtlik və tərəqqisini
elmdə görüb, elmin, təhsilin həyatla əlaqəsinə
böyük əhəmiyyət verib. N.Nərimanovla
birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin
Bakıda keçirilən birinci qurultayının
işində yaxından iştirak edib. Onun təşəbbüsü ilə Bakıda
müəllimlərin II qurultayı
çağırılıb. Bu qurultay
zamanı o, xəstə olduğuna görə
iclaslarda iştirak etməsə də, qurultaya təbrik
məktubu göndərməyi unutmayıb.
Həsən bəy xəstə olduğu dövrlərdə
də xalqın maarif və mədəniyyəti naminə
məsləhətlərini əsirgəməyib. Fərhad
Ağazadənin xatirələrinə görə, bir
gün Üzeyir Hacıbəyov xəstə Həsən
bəyi ziyarət etdikdə Həsən bəy əl
işarələri ilə ondan bir opera yazmasını
xahiş edib. Təklif məmnuniyyətlə
qəbul edilib. Nəticədə,
1908-ci ildə "Leyli və Məcnun" operası
yaranıb.
Həsən bəy Zərdabi həmişə əzilən
və istismar olunan kütlələrin tərəfində
olub. O, şəhərdə
ehtiyacı olan şagirdlərə kömək etmək
üçün Xeriyyə Cəmiyyəti yaradıb. Bütün gücünü cəmiyyətə
daha çox üzv cəlb etməyə yönəldib.
Çünki cəmiyyət o üzvlərin
hesabına yaşamalı idi. Bu iş Həsən
bəyə ağır gəlsə də, onun qəlbini əzsə
də, geri çəkilməyib. Uğursuz
günlərin birində hər yerdən əli
üzülən Həsən bəy əldən
düşmüş halda Bakı küçələrində
çarəsiz gəzirmiş. Rədd
cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına,
gah da istehzalı gülüşlə olurmuş. Bəziləri
xahişə gələn bu ziyalını
inandırmağa çalışırmış ki, onun
xahişi tam mənasızdır... Bəli, zavallı Həsən
bəy "bu qızıl yuvalardan" çıxıb
küləkli Bakı küçələrində
"xeyirxahların" ona münasibətini
düşünə-düşünə dolaşırmış.
Birdən kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda
qarşısında bir hambalın durduğunu
görür. Hambalın 40-a yaxın
yaşı olarmış. Günəşdən
yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında
çarığ varmış. Hambal Həsən
bəyə sevgi ilə baxırmış, üzündə
də utancaq, çəkingən bir təbəssüm
varmış. Hambal: "Eşitmişəm bizim
uşaqları oxutmaq üçün pul
yığırsan. Mən bir az
qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi"
- deyirş. Həsən bəy təəccübdən
donub qalır. Bir xeyli danışa
bilmir. Nəhayət, hambalın əlini
sıxıb: "Çox sağ ol,
dostum! Sən mənə o qədər pul
verdin ki, onu mən həyatımda heç kimdən
almamışam. Çünki sən nəyin
varsa, hamısını verdin" - deyir və
hambalın pulunu özünə qaytarır.
İctimai-siyasi problemlərlə
yanaşı, əxlaq məsələləri də Zərdabinin
fikrindən yayınmayıb. Əxlaq və etika məsələləri
Zərdabinin dünyagörüşündə
mühüm yer tutub. Onun əsərlərində
cəmiyyətdə mövcud olan, bir-birinə fəsad təşkil
edən sifətlər müqayisəli şəkildə
qarşı-qarşıya qoyulurdu: bir tərəfdə
zəhmətkeş təbəqə üçün
xarakterik olan ən üstün əxlaqi
cəhətlər, digər tərəfdə isə
istismarçı siniflərə xas olan rüşvətxorluq,
riyakarlıq, sərxoşluq kimi qeyri-insani keyfiyyətlər
dururdu. Ömrünün sonunadək
gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul
olan Həsən bəy Zərdabi Azərbaycan xalqının
tarixində milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk
qız məktəbinin təsisçisi, Birinci Müəllimlər
Qurultayının təşkilatçısı və
sədri, görkəmli ictimai xadim və fədakar bir
müəllim kimi daxil olub. Öz xalqına
sədaqətlə xidmət etmək, xalqı maarifləndirmək,
azadlıq hərəkatını canlandırmaq naminə
yaşadığı dövrün bütün eybəcərliklərini,
haqsızlıqlarını, xalqın zəhmətkeş
təbəqələrini əzən, onları zülm
altında inlədən feodal qəddarlıqlarını
çəkinmədən yazılarında
ifşa edən Həsən bəy Zərdabi zəngin ədəbi
irsi və fəaliyyəti ilə Azərbaycan mədəniyyəti
tarixinə yaddaşlardan silinməyən izlər
qoyub getmiş böyük tarixi və ədəbi
şəxsiyyətdir. Bu şəxsiyyətin xalqı
qarşısındakı xidmətləri
unudulmazdır!
Azərbaycan maarifçilik hərəkatının
korifeylərindən olan Həsən bəy Zərdabi
1907-ci il noyabrın 28-də vəfat edib. Ertəsi gün
böyük izdiham və təntənə ilə
Bakıda Bibiheybət qəbristanlığında dəfn
edilib. Onu da qeyd edək ki, 1948-ci ildə Bakıda Fəxri
Xiyaban yaradılanda Zərdabinin qəbri ora
köçürülüb.
Fazil
QARAOĞLU
Bakı
xəbər.- 2017.- 2 avqust.- S.13.