Tarixdə iz buraxanlar:
Fətəli xan Xoyski
Azərbaycanlı siyasi xadim Fətəli
xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa (indiki Şəki)
şəhərində anadan olub. Atası İsgəndər
xan Xoyski, anası Şərəbanı xanımdır. Fətəli
xan Xoyskinin atası İsgəndər xan əslən Cənubi
Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza,
Azərbaycanın Nuxa qəzasına köçüb və
Nuxada ailə həyatı qurub. İsgəndər xanın
Cahangir, Hüseynqulu, Fətəli və Rüstəm
adında dörd oğlu olub.
1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun komandanı general Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim edib. Elə həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb.
Fətəli xan Xoyski təhsilini Gəncə gimnaziyasında başa çatdırdıqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. O, 1897-ci ildə universiteti birinci dərəcəli diplomla bitirib və həmin ilin avqust ayında Tiflis Məhkəmə Palatası sədrinin əmrilə Gəncə Dairə Məhkəməsində çalışmağa başlayıb. O, hüquqşünas kimi fəaliyyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. Dumadakı fəaliyyətində xüsusilə aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olub. Fətəli xan öz çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləyir və göstərirdi ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdanmasına heç bir vəchlə yol vermək olmaz və çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətli həllini tapana qədər dayandırılmalıdır.
Bundan əlavə, Fətəli xan deputat səlahiyyətlərindən istifadə edərək həmkarları X.Xasməmmədov və M.Mahmudovla birlikdə Rusiyanın müdafiə nazirinə sorğu göndərib və hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş edib. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim edib. Bir sözlə, Fətəli xan Xoyski xalqının mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məharətlə istifadə edib. Görünür, bu sahədə əldə edilən təcrübə Fətəli xan Xoyskinin sonrakı siyasi fəaliyyətində də silinməz izlər buraxıb. O, 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəllcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayıb və xalq arasında böyük nüfuz qazanıb.
Şübhəsiz, Fətəli xan Xoyskinin həyatında 1917-1920-ci illər çox mühüm və önəmli yer tutur. Belə ki, 1917-ci ilin fevral ayında Rusiyada başlayan inqilab bütün imperiyada, o cümlədən Şimali Azərbaycanda da böyük dəyişikliklərə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının taleyini müəyyənləşdirmək yalnız çar Rusiyasının süqutu ilə mümkün olardı. Bu zamanlarda ən vacib məsələlərdən biri də Azərbaycan türk aydınlarının irəli çıxması və xalqı öz arxasınca apara bilməsi idi. Şübhəsiz, belə liderlərdən biri də Fətəli xan Xoyski olmuşdu. Fevral inqilabından sonra aktiv siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Ümumqafqaz müsəlmanların qurultayında iştirak edib.
Məlum olduğu kimi, çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noyabr ayında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yaranıb. Həmin Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan olub. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olub. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski belə deyib: “Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır. Onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır”.
Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaradır. Onların arasında Fərəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cumhuriyyətinin müstəqilliyi bəyan olunub və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan Xoyski gətirilib. Azərbaycan Cumhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqət və şərəflə təmsil edib.
Bilindiyi kimi, Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik əsaslar üzərində dövlət Azərbaycanda yaradıldı. Onun yaradılması və fəaliyyətində M.Rəsulzadə, M.Haçinski, M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmli siyasi xadimləri ilə birlikdə Fətəli xan Xoyski də çox böyük işlər görüb. Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə idisə, onu da ediblər. Şübhəsiz ki, bunların arasında ən alisi Azərbaycan Cumhuriyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski bununla bağlı çıxışında deyirdi: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi...” Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdir: “...Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti”.
Fətəli xan Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan dövlətinin dünya ölkələri tərəfindən tanınması işinə var gücü ilə başlayıb. Azərbaycan Milli Şurası və Fətəli xan başda olmaqla milli hökumət öz fəaliyyətini daha geniş və hərtərəfli aparmaq üçün Gəncəyə köçüb. Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini və bir dövlət kimi inkişafı uğrunda mübarizə aparmağı özünün əsas vəzifəsi olaraq bəyan edib. O, Gəncədə dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul olub. Nəticədə Fətəli xanın başçılıq etdiyi hökumət bir sıra tədbirlərə başlayıb. O, 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət edib. Bu müraciətdə göstərilirdi ki, hökumətin ən yaxın və önəmli vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir. İyun ayının 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edilib. İyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar verilib, 27-də isə Azərbaycan dili dövlər dili elan edilib.
Bu dövrdə Fətəli xan Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olub. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıdakı mart qırğını zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq idi.
1918-ci il avqust ayının 30-da Fətəli xan Xoyski hökuməti 1806-cı ildə çar hökuməti tərəfindən ləğv edilən Gəncə şəhərinin adını bərpa edib. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıdı.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabr ayının 17-də Fətəli xan Xoyskinin rəhbərliyilə Azərbaycan hökuməti Bakıya gəldi və Bakıda əminamanlıq yaratmağa başladı. Bu vaxt Bakı əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. Fətəli xan hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və əhalini əminamanlığa çağırmaq məqsədilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət edib. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edilib. Məlumatda belə deyilirdi: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək. Soyğunçular, adam öldürənlər və ümumiyyətlə belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü belə veriləcəkdir.” Fətəli xan sonralar Azərbaycan parlamentində etdiyi çıxışlarının birində bu barədə belə deyib: “Şəhər alınarkən nalayiq hərəkətlər olub. Hökumət bunu gizlətmir. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza verilib. Fəqət mümkün idimi ki, hökumət bunun qarşısını alsın? Azərbaycan deyil, heç bir hökumət bunun qarşını almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmişdi... Hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşdusa da, hökumət gəldikdən sonra bu işlər dayandırıldı”.
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı XKS-nin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyyətini bərpa etməyə başladı. Fəqət Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. Fətəli xan Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gələn və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad edən türk hərbi hissələri Mondros sazişinə görə Azərbaycandan çıxmalı oldu. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnakların təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. Fətəli xan Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi və Fətəli xanın başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi.
O zaman Azərbaycanın müstəqilliyinə əsas təhlükə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhd edirdi. 1919-cu il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər”. Bu nota Fətəli xan Xoyskinin ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərir. Həmin notadan bir neçə ay sonra, 1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq ölkəmizə soxulur. Fətəli xan Vətənini tərk edərək Gürcüstana getməyə məcbur olur. Amma ölümdən qurtula bilmir. Heç iki ay keçməmiş – 1920-ci il iyun ayının 19-da Tiflisdə erməni terrorçuları tərəfindən şəhid edilir. O, yalnız Azərbaycan Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi tarixə adını yazdırır. Fətəli xan Xoyski çox qısa ömür yaşasa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Professor
Bakı Xəbər.- 2017.- 31
avqust.- S.12.