Azərbaycanda moda
tarixçiliyi elmi…
Şəlalə Maqsud:
“Hansısa bir yazarın, tədqiqatçının,
tarixçinin moda tariximizi üzə
çıxarmasının şahidi olmamışam”
Səkinə Baharlı: “Arzu
edərdim ki, gənc sənətşünaslar moda tarixinə
maraq göstərsinlər”
Moda, dəb müasir dünyada ən aktual məsələlərdən
biri kimi gündəmdədir. Əslində, moda
anlayışı tarixən vacib sahələrdən biri olub.
Dünyanın dəb tarixindən danışarkən burada Azərbaycanın
da adını mütləq şəkildə qeyd etməliyik.
Faktdır ki, günümüzədək çatan arxeoloji
materiallar, yazılı mənbələr bizim də moda
tariximizin olduğunu deməyə əsas verir. Bu sırada qədim
geyimlərin şəkilləri, muzeylərdə qorunan milli
geyimlərimiz bizə müfəssəl informasiya verir. Onu da
vurğulayaq ki, ortada olan nümunələrin
araşdırılması və öyrənilməsi sayəsində
ciddi problemlər var.
Bu ondan ibarətdir ki, Azərbaycanda moda, dəb
tarixini öyrənən mütəxəssislər yox dərəcəsindədir.
Soruşa bilərsiniz ki, bəs incəsənət, geyim mədəniyyətimizi
öyrənən sənətşünaslar moda tariximizin
araşdırılması sahəsində öz
sözünü deməyibmi? Deyərdik ki, xeyr, hələ bu
barədə fundamental bir araşdırma yoxdur ki, ona istinad edə
bilək. Pərakəndə şəkildə müəyyən
məlumatlar, yazılar, araşdırmalar olsa da, onlar sistemli
şəkil almadığından, bu barədə ətraflı
danışa bilmirik. Doğrudur, modelyerlərimiz tərəfindən
geyimlər hazırlanarkən müxtəlif tarixi
araşdırmalar aparılır, tarixdə olan dəblər
geyimlərə köçürülür. Amma bu, sırf elmi
araşdırma səviyyəsində olmadığından,
yetərli sayılmır. Bu gün Azərbaycan modelyerləri,
rəssam-dizaynerlər etnik motivlərin sintezi nəticəsində
Azərbaycan modasının dünya səviyyəsinə
çıxarılmasına çalışırlar. Bəzən
buna nail olurlar da. Amma bununla belə, Azərbaycanda dəb, moda
tarixçiləri yetişmir. Bu sahədə müəyyən
gənclər var, lakin onlar da ənənə
olmadığından, bu sahəni araşdırarkən
çətinliklərlə üzləşirlər.
Sənətşünaslar qeyd
edirlər ki, qədim dövrlərdən Azərbaycan
saraylarında dəb məsələsi həmişə gündəmdə
olub, lakin respublikamızın ərazisində mövcud
olmuş dövlətlərin, xanlıqların dövründəki
moda, dəb hadisələri lazımi səviyyədə
öyrənilmir.
Sənətşünaslar vurğulayırlar
ki, “moda” sözünün mənası olduqca geniş və əhatəlidir.
İnsanlar isə çox zaman onun mənasını
anlamırlar. Məlumat üçün deyək ki, moda (mode)
fransız sözüdür, latıncadan tərcümədə
modus – ölçü, obraz, üsul, qayda deməkdir. Sirr deyil ki, moda sürətlə, geniş yayılan
və qısa müddətdə hökmranlığa malik olan
konkret zövqə və geyimə, hansısa əşyaya və
həyatımızın hansısa istənilən sahəsinə
və ya mədəniyyətinə münasibətdir, eyni
zamanda, moda tez ötüb gedəndir və dəyişkəndir.
Onu da vurğulayaq ki, moda tarixçilərinin verdiyi bilgiyə
görə, moda XII-XIII əsrlərdə insanların geyimində
ehtiyac olmasa belə, müəyyən detallar, aksesuarlar ortaya
çıxanda yaranıb. XVII əsrdən başlayaraq isə
Fransada saray modası bütün dünya üçün
nümunəyə çevrildi və bu ölkə “modanın
qanunvericisi” titulunu mənimsədi və bu günə qədər
də onu saxlayır. XVIII əsrdə İngiltərədə,
sonralar isə başqa ölkələrdə də ilk moda
jurnalı nəşr edilib. Rəssamlar moda jurnallarının
sayəsində populyarlıq qazandılar. Belə reklam
insanları daha çox cəlb edirdi, dəbli olmaq təbliğ
edilirdi. Nəhayət, dəblə geyinən qadın və
kişilərin sayında əhəmiyyətli artım
müşahidə edildi. Beləliklə, təbii olaraq, moda
ictimaiyyətdə müzakirə edilməyə
başladı. Moda tarixçiləri vurğulayırlar ki, dəb
sənayesi müasir dövrün məhsuludur. XIX-cu əsrin
ortalarına qədər dəbi ayrı-ayrı şəxslər
üçün xüsusi dərzilər tərəfindən
hazırlanmış geyimlər təşkil edirdi. XX-ci əsrin əvvəllərindən başlayaraq
yeni texnologiyalarin, məsələn, tikiş
maşınlarının meydana gəlməsi, eyni zamanda
kapitalizmin və istehsalın fabrik sisteminin inkişafı ilə
əlaqədar geyim kütləvi şəkildə standart ölçüdə
hazırlanır və müəyyən olunmuş qiymətə
satılırdı. Baxmayaraq ki, dəb sənayesi ilk
olaraq Avropa və Amerikada inkişaf etmişdi, bu gün
artıq o yüksək şəkildə
qloballaşmış beynəlxalq sənayedir. Bunu
onunla izah etmək olar ki, artıq bu gün hər hansı bir geyim
növü bir ölkədə dizaynlaşdırılır,
başqa bir ölkədə istehsal olunur və dünya
miqyasında satışa çıxarılır.Misal
üçün, Amerikanın məşhur dəb şirkəti
parçanı Çindən idxal edə, geyimlərin
hazırlanmasını Vyetnamda davam etdirə, İtaliyada sona
çatdıra bilər. Nəticədə hazır dəb
nümunələri pərakəndə satış məqsədilə
Birləşmiş Ştatlara çatdırılır. Bunlar moda tarixi
haqqında maraqlı informasiyalar olduğu üçün,
sizə təqdim etdik. Qayıdaq Azərbaycana. Azərbaycanda
hansı səbəbdən moda tarixçiləri yoxdur?
Onu da bildirək ki, bir müddət əvvəl Leyla Heydərovanın
“Azərbaycan modasının geyim sferasında rolunun tədqiqi”
adlı magistr dissertasiyasının referatının elektron
variantı internet şəbəkəsində yerləşdirilib.
L.Heydərovanın
elmi müstəvidə yazdığı bu iş də Azərbaycanın
dəb tarixinin öyrənilməsinə həsr edilib. O
yazır: “Moda cəmiyyətlərin, ənənələrin,
hadisələrin sehirli aynasıdır. Müharibələr,
sülhlər, görüşlər, sənət hadisələri
modaya hər cəhətdən təsir edir. Moda dövrlər boyu insanları öz təsiri
altına almış, insanların dəyişiklik etmək
arzusundan yaranan və cəmiyyətin yaşayış tərzinə
təsir edərək həyat tərzini hərəkətə
gətirən müvəqqəti yeniliklərdir. Cəmiyyətdə uzun müddət davam edən
modalar isə kök salaraq ənənəvi xüsusiyyətə
çevrilmişdir. Geyim tarixi və moda
vasitəsilə millətlərin sivilizasiyası, əxlaq
anlayışları, ənənələri, adətləri və
iqtisadi vəziyyətləri uzun zaman ərzində öyrənilir.
Moda getdikcə ya adətə çevrilir, ya da
qısa vaxtdan sonra yox olur.
Müxtəlif
geyim tərzlərinin yarandığı bir dövrdə,
xalqımızın milli koloriti və estetik zövqünü
əks etdirən və milli etnik xüsusiyyətlərlə
müasir geyimi birləşdirərək, yeni kolleksiyaların
yaradılması və dünya moda sferasına cıxaraq orada
müəyyən yer tutmaq modelyer dizaynerlər
qarşısında duran
aktual
problemlərdəndir”.
Azərbaycanın geyim, moda tarixini araşdıran L.Heydərova
bütün dövrlər haqqında bilgi verməyə
çalışır. “Geyim mədəniyyətinin səciyyəsi
baxımından bu dövr, hər şeydən əvvəl,
tarix səhnəsinə burjuaziya və proletariatlardan ibarət
yeni sinfi təbəqələri çıxarmışdı.
Qeyd etmək lazımdır ki, geyim mədəniyyətinin
inkişafında yeni yaranmaqda olan milli burjuaziyanın xüsusi
rolu olmuşdur. Feodal geyim və bəzək
ənənələrini davam etdirən milli burjuaziya
özünün mövcud geyim dəbini tezliklə
çıxarıb Avropa geyimi ilə əvəz etməmişdi.
Məhz bu səbəbdən də milli geyim ilə
Avropa geyimi arasındakı üstüörtülü
mübarizə XX əsrin əvvəllərinədək kəskin
şəkildə davam etmişdir. Lakin
burjua saraylarında bərqərar olmuş labüd dəblər
tədricən milli libasları çıxarmağı və
Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb
edirdi. Əvvəllər olduğu kimi, XIX əsrdə
də geyim dəbi xalqın mənəvi həyatı ilə
üzvi surətdə bağlı olmaq ənənələrini
qoruyub saxlayırdı. Bu cəhət
özünü bayram və mərasim geyimlərində daha
aydın büruzə verirdi. Bütün bunlarla
yanaşı, milli
geyim mədəniyyəti özünəməxsus
xüsusiyyətlərə də malik olmuşdur. Belə ki,
XIX əsr Azərbaycan geyim dəstlərində əhalinin
müxtəlif zümrə və ictimai qruplarına aid olan
peşə mənsubiyyəti öz əksini
tapmışdır. XIX əsrin geyim dəblərində o
dövrün qəbul olunmuş etik normalarına ciddi əməl
olundugu nəzərə çarpır. Məlum
olduğu kimi, moda insanların daim təzələnən məişət
və estetik etiyaclarına müvafiq olaraq məişət əşyalarının,
o cümlədən geyim formalarının qısamüddətli
zahiri dəyişməsindən ibarətdir. Geyim dəbləri
sahəsində zövqlərin dəyişkənlik tezliyi isə
hər bir tarixi dövrün həyat səviyyəsi ilə
ölçülür. Bu mənada XIX əsrin
sonu və XX əsrin əvvəllərində Azərbaycanda sənaye
istehsalının inkişaf etməsi təkcə həyat tərzini
deyil, habelə fabrik üsulu ilə hazırlanan geyim
materiallarının növü və keyfiyyətinə də
əsaslı təsir göstərmişdir. XIX əsrin
geyim formaları biçim üsuluna və formalarının
keyfiyyətinə əsaslı təsir göstərmişdi”
- deyə bildirən L.Heydərova xatırladır ki, XIX-XX əsrlərin
geyim dəbi bir-birinə müəyyən qədər
uyğun gəlib. O qeyd edir ki,
bu dövrün geyimləri XX yüzilliyin 50-ci illərindən
başlayaraq elmi ədəbiyyatda
müəyyən qədər
işıqlandırılıb: “Azərbaycan
Dövlət Tarix Muzeyində, Azərbaycan Dövlət
İncəsənət Muzeyində, həmçinin, respublikanın
digər şəhər və rayonlarında
yaradılmış tarix-diyarşünaslıq muzeylərində
bu dövrə aid kifayət qədər faktik material, milli
geyim nümunələri toplanmışdır.
Onların bir qismi “Azərbaycan milli geyimləri” adı
altında nəfis albom halında nəşr olunmuşdur”.
Modelyer Şəlalə Maqsud “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi ki, bu sahədə
azdan-çoxdan nə iş görülübsə, onu da
modelyerlər, rəssam-dizaynerlər görüb. Ş,Maqsudun
sözlərinə görə, bu gün Azərbaycanda moda
tariximizi öyrənən mütəxəssislərimiz,
tarixçilərimiz yoxdur: “Mən bizdə moda tarixini
araşdıran mütəxəssislərlə, moda tarixini
öyrənən alimlərlə rastlaşmamışam.
Keçmişdə elə gözəl geyimlərimiz olub ki,
onların hər biri başdan-başa gözəllik idi.
Düzdür, bəzi modelyerlərimiz geyimlər üzərində
işləyərkən qədim geyimlərdə əks olunan
ornamentləri, naxışları meydana çıxarır,
geyimlərdə bu elementlərdən istifadə edirlər.
Geyim, moda tariximizdə çox unikal elementlərimiz olub ki,
onlar bu gün yüksək səviyyədə tədqiqata cəlb
edilməlidir. Bu ornament
və naxışlara o vaxtkı rəssamlar da can
veriblər. Gülnarə Xəlilova qədim
elementləri geyimlərində çox qabardır. Milli geyimlərimizdəki elementləri üzə
çıxaran tədqiqatçılardan xəbərsizəm.
Moda tarixçilərimiz bildiyim qədər
yoxdur. Hansısa bir yazarın, tədqiqatçının,
tarixçinin moda tariximizi üzə
çıxarmasının şahidi olmamışam. Təəssüf ki, bu bizdə yoxdur”.
Sənətşünas
Səkinə Baharlının sözlərinə görə də
bu gün Azərbaycanda moda tarixçiləri yoxdur: “Modanı
demək olar ki, öyrənməyiblər. Öyrənsələr
belə, buna səthi şəkildə yanaşılıb.
Sənətşünasları dəb yox, qədim milli geyimlərdə
istifadə edilən elementlər, ornament və naxışlar
maraqlandırıb. Azərbaycanda tam olaraq moda
tarixi öyrənilməyib. Halbuki, bizim
çox unikal, gözəl moda tariximiz olub. Arzu edərdim ki, gənc sənətşünaslar
moda tarixçiliyinə maraq göstərsinlər. Çünki bu olduqca vacibdir. Azərbaycanda
moda tarixi dərindən öyrənilməlidir. Bu sahədə müəyyən işlər
görülüb, amma tam olaraq məsələni əhatə
etmir”.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 5 dekabr.- S.13.