Vətənə
fəda olunan ömür... -
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının
şəhid olmuş hərbi qulluqçuları haqqında
apardığım tədqiqatlar davam etdikcə,
xalqımızın neçə-neçə ləyaqətli
oğlunun ömür yolunu öyrənir, Vətən
torpaqlarının müdafiəsində onların necə
şücaətlə vuruşduqlarını təsdiqləyən
çoxsaylı faktlar barədə məlumatlar toplayıram. Hər bir şəhidin
taleyində, mənəvi dünyasında, ölməzlik zirvəsinə
ucaldığı döyüş yolunda olduqca maraqlı, ibrətamiz,
bugünkü və gələcək nəsillərə
örnək ola biləcək məqamlar az
deyil. Şəhidlərini unutmayan, onların
xatirəsini yaşadan xalq döyüş ruhunu da qoruyub
saxlayır. Vətən yolunda hər bir
hünər və fədakarlıq nümunəsi qan
yaddaşımızda silinməz izlər qoyur.
Bu yazı şəhid hərbi qulluqçumuz baş
çavuş Məmmədbəyli Həzi Rasim oğlunun
şərəfli həyat yoluna həsr olunub. Onun kimi
oğul haqqında tam səmimi və inamla demək olar ki, Vətən
və xalq üçün doğulmuşdu, bu missiya, bir
növ, alın yazısı, əsas həyat amalı idi.
H.Məmmədbəyli 11 fevral 1966-cı ildə Bakı
şəhərində dünyaya göz açıb. O, soykökü etibarilə
adlı-sanlı Gülməmmədbəyovlar nəslinin
törəmələrindən biri idi. Gülməmmədbəyovlar
XVIII əsrin ortalarından başlayaraq Qarabağın
mirvarisi sayılan Şuşa şəhərində
məskunlaşmışlar. Beləliklə, bu
nəslin nümayəndələri uzun tarixi müddətdə
Şuşada yaşamış, burada xeyirxah əməlləri,
el-oba qayğısına qalmaları ilə böyük
hörmət və nüfuz qazanmışlar.
H.Məmmədbəyli dörd övladın dünyaya gəldiyi
ailədə üçüncü uşaq olub. Onun iki
bacısı və bir qardaşı var. Gülməmmədovlar
ailəsi öncə Bakıda Səbail rayonunun Müktədir
küçəsindəki binada yaşayıb, sonra
paytaxtın Xətai rayonundakı Əhmədli qəsəbəsinə
köçüblər. Həzi öncə
132, sonra isə 260 saylı ümumtəhsil məktəblərində
orta təhsil alıb. Orta məktəbdə
oxuduğu illərdən Vətənimizin tarixinə, mədəni
irsinə böyük maraq göstərib, tədris edilən fənlər
üzrə biliklərə əzmlə yiyələnib,
savadlı olmağa çalışıb. O, müəllimlərinə
ehtiramla yanaşıb, bu fədakar peşə sahiblərinin əməyini
həmişə uca tutub.
1983-cü ildə H.Məmmədbəyli Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan
Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə
qəbul olunub.
Tələbə adını daşımaq
hüququnu qazanmaq üçün öz biliyinə güvənib,
müəllimlərinin etimadını doğruldub. O vaxt
öz ixtisası üzrə bacarıqlı kadr kimi
formalaşmağı və gələcəkdə işləyəcəyi
sahədə respublikamıza fayda verməyi
qarşısına məqsəd qoymuşdu.
1985-ci ildə Xətai Rayon Hərbi
Komissarlığı (hazırda Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Xətai Rayon İdarəsi) tərəfindən
sovet ordusu sıralarına həqiqi hərbi xidmətə
çağırılıb. Rusiya
Federasiyasının Moskva vilayətinin Krasnaqorsk rayonunda yerləşən
“N” saylı hərbi hissədə xidmət edib. Bu hərbi hissə inşaat təyinatlı vəzifələr
yerinə yetirib, yəni həmin dövrdə camaat arasında
onlar “stroybat” adlandırılırdı.
Məqalənin hazırlanması prosesində Həzinin əsgərlik
yoldaşı olmuş Saleh Eyvazovla görüşdüm. Birgə Şəhidlər
Xiyabanına gedib Həzinin məzarını ziyarət etdik.
O, Həzinin sovet ordusu sıralarında əsgərlik illəri
barədə xatirələrini danışdı. Onun sözlərinə görə, Həzi hərbi
xidmətin heç bir çətinliyi qarşısında
ruhdan düşmürdü. Komandirlər
onun savadına, dünyagörüşünə, təşkilatçılığına
heyran qalırdılar. Hər addımda
öz soydaşlarının hüquqlarını müdafiə
etməkdən çəkinməyib. Hər
hansı bir ayrı-seçkiliyə qarşı
etirazını bildirib. Elə bu cəhətlərinə
görə də müəyyən problemlərlə üzləşib.
Ancaq heç vaxt öz iradəsinin əksinə
getməyib. Həmsöhbətim qeyd etdi
ki, Həzi vətənpərvər, millətsevər,
dostluğa sadiq, güclü ədalət hissi olan insan kimi
yaddaşında qalıb.
1987-ci ildə H.Məmmədbəyli hərbi xidmətdən
Vətənə qayıdıb. Elə həmin ildən institutda ali təhsilini axşam şöbəsində
davam etdirib. Bununla yanaşı, əmək fəaliyyətinə
də başlayıb. O, “Azneft”in Xəzərdənizneftqaz
İnşaat trestinin 3 nömrəli Tikinti-quraşdırma
İdarəsinə işə düzəlib. Burada
öncə fəhlə, montajçı, sonra isə təhlükəsizlik
texnikası üzrə mühəndis işləyib.
1988-ci ildə Ermənistanın respublikamıza
qarşı ərazi iddiaları irəli sürməsi, azərbaycanlıların
oradan didərgin salınaraq Vətənimizə pənah gətirməsi,
Dağlıq Qarabağda erməni separatizminin baş
qaldırması xalqımızın hiddətinə səbəb
oldu. Beləliklə,
bu hadisələr respublikamızda milli dirçəliş hərəkatına
təkan verdi. Vətənin,
xalqın təəssübünü çəkən H.Məmmədbəyli
təbii ki, bütün bu baş verənlərə biganə
qala bilməzdi. O, milli azadlıq hərəkatının
fəallarından biri oldu. Çoxları kimi, Həzi
də xalqımızın nicatını müstəqilliyə,
azadlığa qovuşmağımızda görürdü.
Bu yolda heç nəyini əsirgəməməyi
özü üçün qətiləşdirmişdi.
1990-cı ilin 20 Yanvar, 1991-ci ilin 20 noyabr faciələri
onu dərindən sarsıtmışdı. 1991-ci ilin
aprel ayında Həzi milli özünüdərk hissinin təzahürü
olaraq, Gülməmmədov soyadındakı “ov” şəkilçisindən
imtina edib. Gülməmmədbəyli
soyadının sənədləşmə üçün
bir qədər uzun olduğu qənaətinə gələrək,
Məmmədbəyli variantı üzərində dayanır.
Bu addım həm də onun ictimai təfəkküründə
yeni bir səhifə açmış oldu.
1991-ci il oktyabr ayının 18-də Azərbaycanın
öz dövlət müstəqilliyini elan etməsini,
bütün soydaşlarımız kimi, Həzi də
böyük ruh yüksəkliyi ilə qarşıladı. Onun ictimai fəaliyyəti milli müstəqilliyimizin
qorunmasına yönəldi.
1992-ci ildən başlayaraq Ermənistanın
torpaqlarımıza hərbi təcavüzü gücləndi. Həmin ilin fevral
ayının 26-da ermənilərin Xocalıda azərbaycanlılara
qarşı törətdiyi soyqırım,
may ayında isə Şuşa və Laçının
işğal olunması xalqımızın necə
böyük bir fəlakətlə üz-üzə
qaldığını göstərdi. Ata yurdu
Şuşanın düşmənin əlinə keçməsi
onun daxilində qisas hissini daha da alovlandırırdı.
Atası Rasim Gülməmmədov bu faciədən bir
neçə il əvvəl - 1989-cu ildə
ağır xəstəlikdən vəfat etmişdi.
Atasının vəfatından sonra Şuşa
itkisi onun üçün çox böyük mənəvi zərbə
idi.
1992-ci
ilin may ayında H.Məmmədbəyli könüllü olaraq
milli ordu sıralarına qoşuldu. Həmin vaxt
Müdafiə Nazirliyinin tabeliyində, Bakıdakı “Salyan
kazarmaları” adlandırılan hərbi şəhərcikdə
yeni hərbi hissə formalaşdırılırdı. Burada xüsusi təyinatlıların
hazırlanmasına başlanmışdı. Həzi hərbi formanı fəxrlə geyinirdi, onu
qeyd etdiyim hərbi hissənin şəxsi heyətinin
sıralarına qəbul etmişdilər.
1992-ci
ilin may ayının ikinci yarısında H.Məmmədbəylinin
hərbi qulluqçusu olduğu hərbi hissə Müdafiə
Nazirliyinin tabeliyindən Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının tərkibinə verilir. İyun
ayının əvvəllərində isə hərbi hissə
Əli-Bayramlıya (hazırda Şirvan şəhəri)
dislokasiya olunur. Burada Həzi vətənpərvər
və mübariz bir hərbi qulluqçu kimi hərbi hissənin
bayraqdarı təyin edilir. O, digər hərbi
qulluqçularla birgə hərbi andı qəbul etdikdən
sonra mövcud şəxsi heyət Ağdam döyüş
bölgəsinə göndərilir.
1992-ci ilin iyun ayının 12-də Ağdam rayonu ərazisində
Daxili Qoşunların “N” saylı hərbi hissəsinin
formalaşmasının əsası qoyuldu. Həmin tarixdən
etibarən Daxili Qoşunların şəxsi heyəti ön cəbhədə
birləşmiş hərbi dəstə şəklində
deyil, dislokasiya yeri kimi yerləşmiş hərbi hissənin
tərkibində döyüş
tapşırıqlarının yerinə yetirilməsinə cəlb
olundu.
1992-ci il iyunun 18-dək olan müddətdə baş
çavuş H.Məmmədbəyli Ağdam rayonunun
düşmənlə təmas xəttindəki mövqelərdə
torpaqlarımızın müdafiəsində dayanıb. O,
qarşıya qoyulmuş döyüş
tapşırıqlarının yerinə yetirilməsi
zamanı cəsur döyüşçü kimi qətiyyət
göstərib. Xüsusən Ağdam-Əsgəran
təmas xəttindəki Aranzəminli, Pircamal və
Naxçıvanik kəndləri uğrunda döyüşlərdə
düşmənə sarsıdıcı zərbələr
vurub, öz cəsarəti ilə döyüşçü
yoldaşlarını da ruhlandırıb. Bu
döyüşlərdə ermənilər canlı qüvvə
sarıdan xeyli itkiyə məruz qalıblar. Onların bir sıra döyüş postları da
darmadağın edilib.
Baş
çavuş H.Məmmədbəylinin son
döyüşü 1992-ci il iyun
ayının 18-də oldu. Bu son
döyüşün təfsilatları ayrı-ayrı müəlliflərin
kitablarında fərqli məzmunda verilib. Həmçinin
şəhidin ailəsinin bununla bağlı mənə təqdim
etdiyi konkret sənədlər var. Mən bu mənbələrin
hər birinə şərh vermədən istinad etməyi qərara
aldım.
Firuzə
Bəyməmmədqızının 1996-cı ildə
işıq üzü görmüş “Vağzalı
çalınır” kitabında Həzi barədə “Yuxuda
gördüm ki...” adlı yazı verilib. Yazıda
bəzi döyüşçü yoldaşlarının
sözlərinə istinadən Həzinin döyüş
yolundan bəhs olunur. Müəllif yazır ki,
18.06.1992-ci il tarixdə Aranzəminli kəndi
ətrafındakı mövqelərimiz düşmən
artilleriyası tərəfindən atəşə tutulub. Yaxınlığa düşən mərminin
partlayışı nəticəsində
döyüşçülərdən Həzi və Şahin
ağır yaralanaraq şəhid olublar.
Elbrus Şahmarın müəllifi olduğu, 1996-cı
ildə çapdan çıxmış “Şah
İsmayıl qartalları” kitabında isə H.Məmmədbəyliyə
“Torpağına qurban kəsim” yazısı həsr olunub. Kitabda onun 18.06.1992-ci il tarixdə torpaqlarımız uğrunda
döyüşdə düşmən snayperinin gülləsinə
tuş gəldiyi və şəhid olduğu qeyd edilib. Ancaq bu son döyüşün baş verdiyi ərazi
barədə dəqiq məlumat kitabda öz əksini
tapmayıb.
Daxili
Qoşunlar Komandanının şəhidin ailəsinə
göndərdiyi 16.07.1992-ci il tarixli məktubda
H.Məmmədbəylinin 18.06.1992-ci il tarixdə
Naxçıvanik kəndi uğrunda döyüşdə qəhrəmanlıq
göstərdiyi və düşmən snayperinin gülləsindən
yaralanaraq həlak olduğu məlumat verilib.
1992-ci ildə tərtib edilmiş ölüm şəhadətnaməsində
Həzinin 18.06.1992-ci ildə Naxçıvanikdə həlak
olduğu yazılıb. Həmçinin Xətai Rayon Hərbi
Komissarlığının 1992-ci ildə verdiyi
arayışda da onun 18.06.1992-ci ildə şəhid olduğu
məlumatı öz əksini tapıb.
Baş çavuş H.Məmmədbəyli Bakıda
Şəhidlər Xiyabanında dəfn olunub. Məzarının üzərində
şəhid olduğu tarix 20.06.1992-ci il
göstərilib. Ola bilsin ki, bu, onun dəfn
olunduğu gün ilə əlaqədardır.
Azərbaycan
Respublikası Prezidentinin 11 mart 2010-cu il tarixli, 788 nömrəli
Sərəncamına əsasən, Məmmədbəyli Həzi
Rasim oğlu ölümündən sonra “İgidliyə
görə” medalı ilə təltif edilib. Medal Dövlət
Müstəqilliyi Günü münasibətilə 18.10.2011-ci
ildə Daxili Qoşunların “N” saylı hərbi hissəsində
keçirilmiş təntənəli mərasimdə şəhidin
qardaşı Rafael Gülməmmədliyə təqdim olunub.
Şəhid haqqında məqalənin
hazırlanması zamanı R.Gülməmmədli ilə
görüşüb ətraflı söhbət etdim. Rafael
müəllim Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirib, ixtisasca rəssamdır.
Bakı İncəsənət Mərkəzi
Yaradıcılıq Birliyinin rəhbəridir. O, milli-mənəvi
dəyərlərimizə bağlılığı olan
şəxsdir. Qədim kökləri olan nəslinin,
bütövlükdə Qarabağın tarixinə dərindən
bələddir. Maraqlı söhbətimiz zamanı ailəsindən,
şəhid qardaşının ömür yolundan ətraflı
məlumat verdi. Atası Rasim Gülməmmədov zəngin bir
həyat yolu keçib. Elmi fəaliyyətlə məşğul
olub, kənd təsərrüfatı üzrə elmlər
namizədi idi. Bir çox məsul vəzifələrdə
çalışıb. “Əmək veteranı” medalı ilə
təltif edilib. Rafael müəllim bildirdi ki, anası Zemfira
xanım övladlarını və-tənpərvər ruhda tərbiyə
edib. O, milli azadlıq hərəkatının fəal tərəfdarlarından
olub. Qarabağın qara günlərini görmək ona
çox ağır təsir göstərib. Həzinin
müharibədə şəhid olması acısı isə
onu həyatdan küsdürüb. Bir dəfə yuxuda Həzi
anasına deyib ki, “sən fikir etmə, məni Allah yanına
çağırıb”. Zemfira xanım Həzinin
döyüşçü yoldaşlarının cəbhədən
gətirdiyi milli bayrağımızı ötən illər ərzində
28 May günü evin eyvanından asıb. Bu bayraq bayraqdar Həzi
üçün qürur mənbəyi idi, onu göz bəbəyi
kimi qoruyurdu. Rafael müəllim dedi ki, bu bayrağı və
ümumiyyətlə, Həzinin hərbi xidmətə aid bəzi
şəxsi əşyalarını xatirə olaraq Daxili
Qoşunların Muzeyinə təqdim etmək fikri var.
Həzi sonuncu dəfə ön cəbhəyə
yollanmazdan əvvəl qardaşına bir ağ-qara fotosunu verərək,
həlak olarsa, xatirəsini əbədiləşdirmək
üçün bu şəkildən istifadə etmələrini
vəsiyyət olaraq söyləyib. O, həmçinin, onun
kimi cəbhəyə könüllü getmək istəyən
böyük qardaşını bu fikirdən
daşındırıb, ailə üzvlərindən
muğayat olmasını istəyib.
Həzi şəhidlik məqamına
ucalacağını, ölümün ona
yaxınlaşdığını öncədən
duymuşdu. Özünü Vətənə fəda edən
igid oğul kimi onun əziz xatirəsi heç vaxt unudulmayacaq.
Allah rəhmət eləsin!
Yalçın QAYA
Bakı
xəbər.- 2017.- 6 dekabr.- S.15.