Tarixdə
iz buraxanlar: Abbasqulu ağa Bakıxanov
Abbasqulu ağa Bakıxanov 1794-cü ildə
Bakının Əmircan kəndində anadan olub. Atası II
Mirzə Məhəmməd xan, anası Sofiya xanımdır.
XIX əsrin əvvəllərində
Bakıxanovun atası Mirzə Məhəmməd xan
xanlıqlararası çəkişmələr nəticəsində
Bakıdan Qubaya köçməli olub və yeddi yaşlı
oğlu Abbasqulunu da özü ilə aparıb.
Abbasqulu ilk təhsilini Qubada alıb. O, az
müddətdə ərəb və fars dillərini öyrənib
və bu dillərdə bir çox kitab oxuyub. Bunun
nəticəsi idi ki, Abbasqulu ağa Bakıxanov 1819-cu ildə
Qafqazın o zamankı baş hakimi general Yermolov tərəfindən
Tiflisə çağırılaraq Şərq dilləri
mütərcimi vəzifəsinə təyin olunub.
Abbasqulu ağa Bakıxanov mədəniyyət mərkəzlərindən
biri olan Tiflisə yerləşdikdən sonra onun bilik dairəsi
daha da genişlənib. O, bu şəhərin gözəlliyini
özünün “Tiflis” müxəmməsində ustalıqla
təsvir edib, daha çox tanınıb, məşhur Azərbaycan
şairi Mirzə Fətəli Axundovun müəllimi Mirzə
Şəfi Vazeh tərəfindən yaradılan “Divani-hikmət”
adlı ədəbi məclisin iştirakçısı olub,
şeirləşmələr zamanı onun tərəfindən
təqdir edilib.
O zamanlar
Tiflisə gələn rus şairləri, Avropa səyyah və
alimləri ilə yaxından tanış
olan Bakıxanov həyata yeni bir nəzərlə baxmağa
başlayır. O, rus şairlərinin əsərləri ilə
tanış olmaqla bərabər, öz
şeirlərini də onlara təqdim edirdi. A.Bakıxanovun
şeirləri hələ özü sağ ikən dillər əzbəri
olub, elm-sənət sahiblərinin nəzərini özünə
cəlb edib. Təsadüf deyil ki, o zaman Tiflisdə
yaşayan alman şairi Fridrix Bodenştedt özünün
“Şərqdə min bir gün” adlı əsərində Mirzə
Şəfi və Abbasqulu ağadan bəhs edərkən onun
şairliyinə yüksək qiymət verib və şeirlərindən
bir neçəsini alman dilinə tərcümə edib. Xüsusilə “Tatar nəğməsi” adlı
şeirinin rus dilinə tərcüməsi müəllifinə
böyük şöhrət qazandırıb. Bu
şeiri Abbasqulu ağa ilə yaxından tanış
olan polyak şairi Lado Zablotski də polyak dilinə tərcümə
edib. O zamanlar Tiflisdə yaşayan şair Polonski bu şeiri
polyak dilindən rusçaya yenidən tərcümə edərək
1847-ci ildə “Zakavkazskiy vestnik” qəzetində nəşr
etdirib. Polonski bu şeiri bir az da təkmilləşdirərək
1851-ci ildə özünün “Bir neçə şeir”
adlı kitabçasına daxil edib. Aşiqanə
deyişməyə bənzəyən “Tatar nəğməsi”
şeiri yüksək sənətkarlıqla yazılan gözəl
bir əsər kimi xalq arasında dillər əzbəri olub.
Fridrix
Bodenştedt özünün “Şərqdə min bir gün”
adlı əsərində Abbasqulu ağanın “Fatma tar
çalır” şeirinin də gözəl nəğmə
olduğunu qeyd edib. Mirzə Şəfi Vazeh də
bu nəğmənin Bakıxanova böyük şöhrət
qazandıracağını əvvəlcədən xəbər
verib. Doğrudan da, “Fatma tar çalır”
şeiri öz emosional təsir qüdrəti ilə “Tatar nəğməsi”ndən
heç də geri qalmır.
Şair Abbasqulu ağa Bakıxanovun
dünyagörüşünün inkişafında onun rus
yazıçıları ilə yaxından
tanışlığı əhəmiyyətli rol oynayıb. Xüsusilə
“Ağıldan bəla” əsərinin müəllifi
A.Ş.Qriboyedovla əməkdaşlığı onların hər
ikisinin yaradıcılığına müsbət təsir
göstərib. A.S.Qriboyedovun öz əsərlərinin
ilk variantını A.Bakıxanova oxutması və onun fikrini
öyrənməsi Abbasqulu ağanın hələ gənc
yaşlarında çox dərin biliyə və hörmətə
malik olduğunu göstərir.
Abbasqulu ağa Bakıxanov 1833-cü ildə Polşada
çar canişini, general-feldmarşal İvan Fyodoroviç
Patskeviçin yanında olub. Onun himayəsi ilə
daha böyük hörmət qazanıb və beləliklə,
Rusiyanın və Avropanın mərkəzi şəhərlərini
gəzib-dolaşıb. Bir çox mədəni
məclislərin qonağı olubsa da, qəlbi həmişə
öz doğma vətəni üçün
çırpınıb. O, özünün “Xəyalın
uçuşu” adlı poemasında Avropanın cah-cəlallı
məclislərində qəlbinin
sıxıldığını, “Vətən” deyib qürbət
yerdə gün keçirdiyini və xəyalının onu
doğma vətənə uçurduğunu ürək
yanğısı ilə təsvir edir və nəhayət,
özünün yaşadığı Əmsar adlı balaca
kəndi böyük şəhərlərdən üstün
tutur. A.Bakıxanov vətən həsrəti, vətən məhəbbəti
ilə doğma yurda can atdığını başqa əsərlərində
də təkrar-təkrar qeyd edib.
A.Bakıxanov rus qoşununda hərbi xidmətdə
olduğu zaman böyük qəhrəmanlıqlar göstərib
və hərbi texnikanı dərindən mənimsəyib, bəzi
mühüm tapşırıqları rəşadətlə
yerinə yetirdiyi üçün dəfələrlə orden
və medallarla təltif edilib və polkovnik rütbəsinə
qədər yüksəlib. Fəqət bu xidmət
onu kifayətləndirməyib. O, elmi, ədəbi fəaliyyəti
özünün ən çox sevdiyi bir sahə hesab edib və
ömrünün son illərində hərbi xidmətdən
ayrılaraq, yaradıcılıq fəaliyyəti ilə ərsəyə
gətirdiyi əsərlərini bir yerə toplayıb nəşr
etdirmək işi ilə məşğul olub.
Abbasqulu ağa Bakıxanovun şeirlər
külliyyatına daxil olan əsərləri müxtəlif
vaxtlarda yazıldığına görə, məzmun etibarilə
bir-birindən fərqlidir. O, klassik Şərq
poeziyasının, xüsusilə Cəlaləddin Rumi kimi
böyük şairin təsiri ilə şeir yazdıqda panteizmə
meyl edir, mütərəqqi rus ədəbiyyatının təsiri
ilə şeir yazdıqda isə onda realist meyllər güclənir.
Buna görə də A.Bakıxanovun ədəbi
yaradıcılığına birtərəfli yanaşmaq
olmaz. Onun istər
dünyagörüşündə, istərsə də bədii
yaradıcılığında nəzərə çarpan
ziddiyyətlər, şübhəsiz ki, şairin müxtəlif
dövrlərdə müxtəlif bilik səviyyəsinə,
müxtəlif əqidəyə malik olması ilə izah edilməlidir.
A.Bakıxanov
bir şair kimi tədqiq edilərkən hər şeydən əvvəl
onun “Xəyalın uçuşu”, “Avropa məclisi” və
“Ərzi-əhval” kimi avtobioqrafik əsərləri üzərində
dayanmaq lazımdır. Şair özünün
“Xəyalın uçuşu” poemasında səadəti
uzaqlarda deyil, ancaq doğma vətəndə axtarmağın gərək
olduğunu irəli sürür, ömrün mənasını
xalqa xidmətdə və yaradıcı əməkdə
görür. Bu əsərində şair
Polşaya səfərini, Avropa məclislərini, orada olan
cah-cəlalı təsvir edir. Fəqət
onun xəyalı bu gurultu ilə qənaətlənmir, xəyal
onu vətənə aparır. Onun “Məclisi
firəngi” adlı əsərində baş qəhrəman
şair özüdür. Bu şeirdə
Avropanın mənfi əxlaq normalarını tənqid edir.
“Ərzi-əhval”da özünün daxili həyacanını
eşqə, məhəbbətə
sığındığını nəzərə
çarpdırır. Əsərlərindən
aydın olur ki, o, öz vəziyyətindən razı
qalmamış və zəmanədən acı-acı
şikayətlənmişdir. O, “Bəyani-hal” sərlövhəsi
ilə yazdığı şeirində belə deyir:
Günəş
Şərqdən tulu kimi çıxan zaman səhərlər,
Ürəyimi min əzaba düçar edir qəm, kədər.
Sülh
kimi köynəyimi parça-parça edib mən,
Odlu ahlar çəkirəm hey bu yanıqlı ürəkdən.
Başqa
bir şeirində öz zəmanəsində ictimai ədalətsizliyə
qarşı çıxaraq hər şeyin öz yerində
olmadığını nəzərə
çarpdırır:
Bülbül
ilə qarğanı gör salırlar bir qəfəsə
Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə.
Təəssüf
ki, bu ömrümüz boşa gedir anbaan,
Nə
xeyir işə sərf olunur, nə sevgiyə, ah-aman!
Zəmanə
min bəla verir, ürəyimi qanadır,
Üzümdəki allıq mənim ürəyimin
qanıdır.
A.Bakıxanov insan şüurunun qüdrətinə
böyük qiymət verərək “Hikmətin fəziləti”
adlı mənzum hekayəsində çox maraqlı bir
lövhə yaradır. Burada dünyada ən xeyirli şeyin
hünər və qabiliyyət olduğunu, ən yaxşı
şeyin xeyirxahlıq olduğunu və ən lazımlı
şeyin həqiqət olduğunu aydın boyalarla təsvir
edir. Bu fikir onun “Məşvərətin
şərtləri” şeirində də öz əksini
tapır. Bu şeirdə qoca bir alim qəddar
əmirə müraciət edərək düşünməməyə,
qanmamağa qadir olmadığını bildirir. Şair
yazır:
Şərafətə
çatar insan artarsa onda şüur
İnsan idrak sayəsində günəş kimi verər
nur.
A.Bakıxanovun bədii yaradıcılığından
aydın olur ki, o, klassik şeirlərin ədəbi ənənələrini
davam və inkişaf etdirməklə bərabər yeni
demokratik ədəbiyyatın banilərindən biridir. Bu tarixi şəxsiyyətin
fikrincə: “Hər kəs hər hansı bir cəmiyyət
içərisində yaşarsa, o cəmiyyətin əxlaqını
mənimsər, yaxud o cəmiyyətə zidd olmaqda öz zərərini
və ona yaxınlaşmaqda öz xeyrini qüdər,
özünü onlara bənzədər, daha burasını
düşünməz ki, Uca Yaradan ona idrak qüvvəsi
vermiş, ağlı yaxşını yamandan seçmək
üçün təyin etmişdir ki, bu vasitə ilə
heyvanlardan üstün olub seçilsin. Yoxsa bəşəriyyətə
məxsus olan bu zahiri fayda və zərəri heyvanlar da hiss
edirlər? Bu baxımdan arada insanı heyvandan
ayıran bir fərq qalmaz. Belə olduğu təqdirdə,
əql ilə təhqiqat aparmadan, həqiqi faydalı bir
ümidin nədən ibarət olduğunu, baş verə biləcək
şərri göstərən qorxunun nə olduğunu və
ondan nə cür qorunmağın lazım gəldiyini, bu
qorunmanın mümkün ola biləcəyini
necə bilmək olar? Ona görədir ki,
çoxları istəklərinin nə olduğunu özləri
bilmədikləri halda, onu elə bir yerdən və elə bir
şəkildə tələb edirlər ki, bunu əldə etmək
mümkün olmur. Əldə etdikləri nəticə
arzularının əksinə olduqda, bəxtlərindən
küsürlər və özgələrini bunda müqəssir
bilirlər: “Ürəyin tələbi nədir, əgər mətləb
yoxsa, kimdən şikayət edirsən? Heç kəs səbəbsiz
kədərlənməməlidir! Hamıdan pisi
odur ki, Uca Yaradanı xeyrin mənası kimi zənn edərək,
təqdirim, tədbirimlə uyğun gəlmədi” – deyirlər.
Bəli, bütün bunların səbəbi
onların öz nöqsanlarını bilmədikləridir.
Bəlkə də özlərini nadan və pis
hesab etmək istəmirlər. Mənim öz halım
buna misal ola bilər: Gənclik
çağlarında öz ağlıma tamamilə
inanırdım, nöqsanlı olduğumu heç zaman ürəyimə
gətirmirdim. Rəyimə müvafiq olmayan bir
işə və ya istədiyimin əksinə nəticələnən
bir məsələni özgəsindən bilərək, zəmanə
adamlarını təqsirləndirirdim. Fəqət
onların günahı mənim düşündüyüm qədər
deyildi. Getdikcə tədqiqatım və təcrübəm
artdı, öz ağlımın dərəcəsinə şübhə
etməyə başladım. Dərk etmədiyim
nöqsanlarım yavaş-yavaş meydana çıxdı.
Nəhayət, kefimin xoş bir
çağında və yabançılardan uzaq olduğum
bir zamanda insafı hakim edərək, özümün xasiyyət
və rəftarımı bir-bir nəzərdən
keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim
puç olub, nəfsimin təsiri altında imiş.
Yaxşı sandığım şey mənim halıma
uyğun deyilmiş. Vaxtilə zehnim və zəkamın
xudbinliyimə qalib gəldiyini bilmiş olsaydım, bu gün
peşmançılığını çəkdiyim
işləri görməzdim.
Sonra ən çox güvəndiyim elmimin dərəcəsini
bilmək istədim. Tədqiq etdikdən sonra elmimin zahiri
işləri belə əhatə etmədiyinə təəccüb
etdim. Təcrübəyə deyil, təsadüflərə
və adətlərə qapılmışammış. Həqiqəti deyil, xəyalı özümə rəhbər
tutmuşammış. Bir çox
lüzumsuz şeirləri əldə edərək
lazımlılarından xəbərsiz olmuşam. O
vaxtdan ədəb və bilik əldə etmək, əxlaqı
təmizləyib saflaşdırmaq və tədqiqat aparmaq
üçün keçmiş adamların kitablarına əl
atdım. Bunlardan da istədiyim tam hasil
olmadı. Gördüm biri zahidliyə və
şübhəyə qapılmış, başqa birisi hər
şeyi inkar edərək, hətta inam və əqidənin zəruri
işlərindən belə kənarda qalmışdır.
Birisi şirindilli, amma ürəyi qərəzlidir.
O birisi şöhrət qazanmaq üçün
özünü tərifləyir. Bunların
arasında bir neçə haqq danışana rast gəldimsə,
onların da sözləri maarifə və həqiqətə
uyğun olduğuna baxmayaraq, aralarında elə ixtilaflar var
idi və bir-birindən elə fərqlənirdilər ki, mətləbləri
tutuşdurmadan və dəlilləri araşdırmadan
onları anlamaq çətin idi.
Elə
ki, günbəgün əhvalımı, nöqsanımı
mülahiz etdim, dünyanın qabaqcıl adamlarının və xalqların böyük
alimlərinin əsərlərini araşdırmağa və tədqiq
etməyə başladım, onlardan bir az xəbərdar olmaqla
çox faydalar əldə etdim. Həyəcan və
iztirabım nisbətən yumşaldı. İndi
çətinliklərin çoxundan təsəlli yolu
tapmışam. Çətinlikdən
şikayətim azalmışdır. Bundan təsəvvür
etmək olar ki, bilik və təcrübə dərəcəsi
artmış olsa, nələr görərik, nələr...”
Uşaqların əxlaqını
yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin
yaranmasını təmin edən belə nəsihətlər
bu gün də öz əhəmiyyətini itirməmişdir. Şairin məzmunca
dərin, formaca gözəl şeirləri və yuxarıda
açıqladığımız fikirləri onu XIX əsr
Azərbaycan poeziyasının görkəmli siması səviyyəsinə
qaldırır.
A.Bakıxanov elmlə əməlin bir-birindən
asılı olduğunu izah edərkən, elmə
üstünlük verir. Kainat məsələsinin qısa təfsiri
şərhindən ibarət olan “Xatimə” adlı əsərində
o, kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya
və maddənin haldan-hala keçərək dəyişdiyini,
varlıqda yoxluğun olmadığını təsdiq edir.
Fəqət bu materialist
dünyagörüşü onda müntəzəm və
ardıcıl surətdə axıra qədər davam etmir,
idealist dünyagörüşü ona qalib gəlir.
Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkə
ziyarətində olub. Fəqət bu ziyarətdən salamat
qayıtmayıb. Məkkədən Mədinəyə
gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə
tutularaq vəfat edib və həmin yerdə dəfn olunub.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2017.- 8 dekabr.- S.15.