Tarixdə iz buraxanlar: Nəcəf
bəy Vəzirov
Nəcəf bəy Vəzirov 1854-cü il aprel
ayının 2-də Şuşa şəhərində anadan
olub. Atası Fətəli bəy, anası Mina xanımdır.
Nəcəf bəy ilk təhsilini dini məktəbdə
alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki
mülkiyyə məktəbinə gedir. Fəqət o, bu məktəbdə
oxuya bilmir. Burada müəllimin amansız rəftarı onu məktəbdən
uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın
yaxın bir qohumu ona rus dilini öyrədir və o,
yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi
yardım göstərməyə başlayır.
Oxumağa, elmə, maarifə
böyük maraq göstərən Nəcəf bəy 1868-ci
ildə yarımçıq qalan təhsilini davam etdirmək məqsədilə
Bakıya gəlir və burada Realnı Gimnaziyaya daxil olur.
Şəhərin ən mötəbər təhsil
ocaqlarından sayılan bu gimnaziyada Nəcəf bəy altı
il oxuyub.
Gimnaziyada oxuyarkər Nəcəf bəy Vəzirovun
böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən
Həsən bəy Zərdabi ilə
tanışlığı onun fikri inkişafına
güclü təsir edir. Həsən bəy Zərdabi
şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi.
O çalışırdı ki, şagirdlər xalqın gələcək
inkişaf yollarını düzgün anlasınlar, onun
azadlığı və maariflənməsi uğrunda mətin
mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti
ilə Nəcəf bəy təbiət elmlərinə
xüsusi maraq göstərib, rus klassik yazıçılarının
əsərlərini mütaliə edərək mütərəqqi
ideyalarla tanış olub. Yazıçının teatrla
tanışlığı da bu zaman başlayıb. O
yazır: “1873-cü ildə altıncı sinifdə
oxuduğum zaman birinci dəfə rus teatrına getdim. Bu gecə
mənə son dərəcə təsir etdi. Teatrın necə
bir şey olduğunu anladım…”
Nəcəf bəy Vəzirov 1874-cü ilin iyun
ayında gimnaziyanı gümüş medalla bitirib və ali təhsil
almaq üçün Peterburqa gedib. Gələcəyin tarixi
şəxsiyyəti burada uğurla imtahan verib və məşhur
Peterburq Universitetinə qəbul edilib. Lakin elə ilk günlərdən
şəhərin rütubətli havası ona düşməyib
və səhhəti ağırlaşan iyirmi yaşlı Nəcəf
bəy qızdırma xəstəliyinə tutulub. Müalicə
aldıqdan sonra həkimlərin məsləhəti ilə
Moskvaya gedib. Nəcəf bəy Vəzirov burada da uğurla
imtahan verərək Petrovski-Razumovski Kənd Təsərrüfatı
Akademiyasının tələbəsi olub. Moskvanın teatr
mühiti, klassik rus və dünya dramaturqlarının
yaradıcılıqları ilə yaxından tanış olan
Vəzirov ədəbiyyata daha ciddi meyl göstərib. Tələbə
vaxtı “Ev tərbiyəsinin bir şəkli” və “Gəmi
lövbərsiz olmaz” komediyalarını yazıb.
Kasıbçılıq ucbatından uzun illər palaza
bürünüb yatdığına görə ona “Dərviş”
təxəllüsü veriblər. Hətta
yazıçı özü də bəzi ədəbi
nümunələrində, o cümlədən Şuşada
kitab şəklində çap olunan “Daldan atılan daş
topuğa dəyər” pyesinin titul vərəqində
imzasını belə verib: “İnşayi Dərviş Nəcəf
bəy Vəzirzadə”.
Kənd Təsərrüfatı
Akademiyasını bitirdikdən sonra Moskvadan Azərbaycana
qayıdan Nəcəf bəy əvvəlcə Gəncə
quberniyasının Tərtər nahiyəsində, Dilicanda,
sonralar isə müxtəlif bölgələrdə meşəbəyi
işləyib. O, meşəbəyi işləyə-işləyə
1890-1895-ci illərdə yazdığı “Daldan atılan
daş topuğa dəyər”, “Sonrakı
peşmançılıq fayda verməz”, “Adı var,
özü yox”, “Yağışdan çıxdıq,
yağmura düşdük” komediyalarını və
“Müsibəti-Fəxrəddin” faciəsini yazıb. Onun
bu əsərləri həyat və məişətin ən
müxtəlif sahələrində özünü göstərən
“müsəlman avamlılığının” təhlilinə
həsr edilib. Sonuncu pyes ədibin dram
yaradıcılığının ilk mərhələsini səciyyələndirmək
baxımından xüsusilə maraqlıdır. Bu dövr
dramaturgiyasının ümumilikdə maarifçi səciyyəsi
də bu pyesin təhlilində qabarıq meydana
çıxır.
Nəcəf bəy 1895-ci ildə Bakıya
köçüb və burada vəkilliklə məşğul
olub. Eyni zamanda müxtəlif mətbuat səhifələrində
publisistik yazılarla çıxış edib. Onun müxtəlif
mövzulu məqalələri “Həyat”, “İrşad”, “Təzə
həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”,
“Açıq söz” və “Mirat” qəzetlərində
çap olunub.
Nəcəf bəy Vəzirov
yaradıcılığa nəsr və publisistika ilə
başlasa da, bir dramaturq kimi ədəbiyyatımızın
klassikləri sırasına daxil olub. O, dramaturji
yaradıcılığa Bakıda olarkən başlayıb. Hələ
gəncliyində Realnı Gimnaziyanın şagirdləri ilə
birlikdə Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri” komediyasının tamaşasında
oynayıb. Bundan təsirlənərək birpərdəli
“Əti sənin, sümüyü mənim” və
“Qaragünlü” məzhəkələrini yazıb. Fəqət
həmin əsərlər itib. Dramaturq bu məzhəkələrdən
birincisinin süjeti və mövzusu barədə vaxtilə
“Əkinçi” qəzetində yazıb. Əldə olmayan
ikinci məzhəkəsi barədə isə müfəssəl
tərcümeyi-halında bəhs edib.
Nəcəf bəy 1900-cu ildə “Pəhləvanı-zəmanə”
dramını yazıb. Bu əsər milli burjuaziyanın həyatından,
Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir
olunan birinci dram əsəridir. Dramaturq “Müsibəti-Fəxrəddin”
əsərində özünün cəmiyyət və insan,
elm və şüurun azadlığı, təfəkkürün
təkamülü və ideal həyat, maariflənmə və
sosial tərəqqi ideyalarını Fəxrəddin
obrazının timsalında xarakterik dramaturji cizgilərlə
verib. Qadın azadlığı duyğularını isə
Səadət xanımın timsalında oxuculara
çatdırıb. Bu əsərdə eyni
zamanda feodal patriarxal cəmiyyətinin kübar təbəqəsinin
Cahangir bəy, Şahmar bəy, Mələk xanım,
Gülbahar xanım kimi nümayəndələrinin və rəiyyəti
təmsil edənlərin xarakterləri işlənib. “Pəhləvanı-zəmanə” dramında isə
eyni dövrün və eyni millətin burjua əxlaq
düşüncələrinin rəzil xüsusiyyətləri,
neft möhtəkirlərinin dələduzluqları, vəkil
Aslan bəyin timsalında qanunun pulla hərraca qoyulması, həddi-büluğa
çatmış qızların nadanlıq pərdəsində
yaşadıqları üçün ehtiras düşkünlərinin
amansız cənginə düşmələri ürək
ağrısı ilə qələmə alınıb. Dramaturq “Müsibəti-Fəxrəddin” faciəsində
kəndlilərin avamlıq qəflətindən
ayılmamalarının müsibətini veribsə, “Pəhləvanı-zəmanə”
dramında cəhalət yuxusunda mürgü vuran,
torpağı əlindən alınan Qurban kişinin
nadanlığını qabarıq şəkildə nəzərə
çatdırıb.
Nəcəf bəy Vəzirovun dramaturgiyası
təngidi realizmin estetik prinsipləri ilə xüsusi səciyyə
daşıyır. O, dram əsərlərində
maarifçilik hərəkatının ictimai-sosial məzmununu,
həmin dövrün insanlarının mürəkkəb,
psixoloji həyat tərzlərini təsvir etməyin bariz
nümunələrini yaradıb, milli dramaturgiyamıza fəlsəfi
təməl psixoloji dramatizm, faciəvi obrazlar silsiləsi
gətirib.
1905-ci il inqilabı Nəcəf bəy Vəzirovun
ədəbi-ictimai fəaliyyətinin genişlənməsi
üçün münbit zəmin yaradır. Maarifpərvər
ədib bir tərəfdən Bakıda çıxan qəzetlərdə
“Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr”
başlığı altında burjua-mülkədar cəmiyyətinin
ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən
də dram dərnəklərinə rəhbərlik edir,
Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin
yetişməsi üçün yorulmadan fəaliyyət
göstərir.
1913-cü il noyabr ayının 15-də “Şəfa”
maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi
fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli
yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni
bayrama çevrilir. Qəzetlər yazıçının həyat
və fəaliyyətindən bəhs edən məqalə-oçerk
dərc edirlər. Azərbaycanın görkəmli
ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu
yubileyə layiq yazıçı, möhtərəm ədib,
qüdrətli vətəndaş, müəllim və tərbiyəçi,
xalqın fədakar oğlu kimi qiymətləndirirlər.
Xalqın ehtiramı Nəcəf bəyin yaradıcılıq
ilhamını, işləmək həvəsini
coşdurduğundan, ədib həm ictimai həyatda, həm də
bədii yaradıcılıq sahəsində daha fəal
çalışıb. Nəcəf bəy Vəzirov
bu illərdə “Pul düşkünü Hacı Fərəc”
komediyasını, “Təzə əsrin ibtidası”
dramını yazıb, böyük fransız
yazıçısı Jan Batist Molyerin “Xəsis”
komediyasını “Ağa Kərim xan Ərdəbili”,
fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz”
adı ilə təbdil edib.
Əxlaq və ailə-məişət
mətləbləri, ənənəvi nadanlıq və ona
qarşı mübarizə mövzusu, Şərqdə və
Rusiyada milli-ictimai hərəkat, beynəlmiləllik və
xalqlar dostluğu ideyası, qadın azadlığı məsələsi
Nəcəf bəy Vəzirovun yazdığı məqalələrin
əsas mövzusunu təşkil edirdi. Həssas
humanist vətənpərvər yazıçı Qafqazda
müsəlman qırğını əleyhinə öz hərarətli
səsini ucaldır, Arazın o tayında ictimai və milli-mənəvi
zülmə qarşı ayağa qalxan Təbriz
inqilabçılarına öz
vətəndaş və sənətkar
xeyir-duasını qələmlə mətbuatdan elan
edirdi.
Nəcəf bəyin həyatının və
ictimai fəaliyyətinin əsas mənası, mənəvi məzmunu
dramaturgiya olur. Maarifçi dramaturgiyanın inkişafında
yeni mərhələ hamıdan əvvəl Nəcəf bəy
Vəzirovun yaradıcılığı ilə
başlayır. Vəzirov maarifçi dramın təkcə
ideya hüdudlarını yox, həm də həyatın əhatə
çərçivəsini genişləndirir, səhnədə
ictimai geriliyin təngidini və realist-maarifçi
didaktikanın hüdudlarını böyüdür. Bunlardan birincisinə o, mülkədar-ağa,
ikincisinə ziyalı-bəy surətlərinin nümunəsində
nail olur: rədd olunan vərdiş, psixologiya və adətlərdə
köhnəlik inkar edilir, müsbət-rezoner surətlərin
səhnədə birbaşa bəyan etdiyi şikayət-lənətlərdə
və monoloq-nəsihətlərdə təbliğ olunan
yeniliyin məzmunu izah olunur.
Sovet dövrünün ilk ilində
yazdığı “Təzə əsrin ibtidası” pyesində
Nəcəf bəy Vəzirov mülkədar şüuru ilə
zəhmətkeş düşüncə tərzini yeni estetik
aspektdən qələmə alıb. Mürəkkəb
dramaturji hadisələrin mərkəzində yeni şüur
oyanışının ziyalarını qabarıq şəkildə
verməyə çalışıb.
Nəcəf bəy Vəzirov Azərbaycan
xalqının sevimli dramaturqudur. Vətənin
azadlığı, xalqın maariflənməsi və xoşbəxtliyi
onun böyük ideya və arzusu olub. O, istedadının
gücünü, bilik və bacarığını
ömrü boyu bu yolda sərf etməyi özünə səadət
hesab edirdi. Ona görə də, bu yolda nə təqib, nə
həbsxana, nə də sibir meşələrinə
sürgün onu qorxudurdu və bütün
yaradıcılığı boyu xalqın səadəti və
rifahı missiyasının daşıyıcısı
olması ilə qürur duyurdu. Xalqımız da
özünün bu ölməz sənətkarı ilə
qürur duyur.
Azərbaycanda aprel istilasından sonra Nəcəf
bəy Vəzirov Bakıda Kənd Təsərrüfatı
Texnikumunda müəllim işləyir. Yazıçı
meşəçilik işi ilə bağlı tələbələri
Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə
məşğələlərinə rəhbərlik edirdi. Fəqət
qocaman yazıçının səhhəti pozulmuşdu,
tez-tez ürək ağrısından şikayətlənirdi.
Həkimlər ona işdən çıxıb istirahət
etməyi məsləhət görürdülər. Buna
baxmayaraq, Nəcəf bəy Vəzirov 1926-cı ilin
yayında təcrübə məşğələləri
aparmaq üçün tələbələrilə birlikdə
Şamaxıya – Çuxuryurda gedir və iyul ayının 12-də
orada ürək çatışmazlığından vəfat
edir. Beləcə o, ölümü də bir əsgər kimi
vəzifə başında qarşılayır.
Yazıçının cənazəsi Bakıya gətirilərək
Fəxri Xxiyabanda dəfn olunub.
Alaah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2017.- 9-11 dekabr.- S.15.