Tarixdə iz buraxanlar: Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani 1835-ci il iyun ayının 9-da Şamaxıda anadan olub. Atası Seyid Məhəmməd, anası Səkinə xanımdır. Seyid Məhəmməd öz babası Əzimin adını övladına qoyub. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınan, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim babası molla Hüseynin himayəsi altında böyüyüb.

Seyid Əzim babasının yanında yaşadığı zaman onun köməyi ilə ərəb və fars dillərini öyrənib. Anası Səkinə xanım 1853-cü ildə oğlu Əzimlə Şamaxı şəhərinə dönüb. Elə həmin illərdə Əzim Şamaxı mədrəsəsində oxuyub orta ruhani təhsilini başa vurub. Həmin zaman Səkinə xanım çalışıb ki, oğlunu evləndirsin, Seyid Məhəmmədin ocağı boş qalmasın. Odur ki, öz məhəllələrindən, Seyid Məhəmməd ocağına böyük hörmət və etiqadları olan Məşədi Möhsün kişinin qızı Ceyran xanımı almağa qərar verib. Beləliklə, 1854-cü ildə Seyid Əzim Şirvani Ceyran xanımla ailə qurub.

Ali ruhani təhsil almaq həvəsi gənc Seyid Əzimi əvvəl İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra orada yeni üsul üzrə məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edir. O, köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar da məhz onun məktəbində oxuyublar.

Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə uşaqlar üçün tərbiyəvi parçalar seçib toplayıb, tərcümə edib və özünün yazdığı mətnləri 1878-ci ildə bir yerə yığaraq birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib edib. Nəşrə təqdim etdiyi bu dərslik rəsmi dövlət sənədlərində “Rəbiül-ətfal” adlandırılıb. Azərbaycan məktəb tarixində ilk mükəmməl tədris kitablarından olan “Rəbiül-ətfal” dərsliyindəki mənzum hekayə, öyüd-nəsihət və təmsillər müxtəlif tərbiyəvi əhvalatların təsvirindən ibarətdir. Onların bir qismini şair şəxsi həyat təcrübəsi və müşahidələri əsasında yazıb, digər qismini isə Şərq mənbələrindən, əsasən Nizaminin və Sədinin əsərlərindən təbdil və tərcümə edib. Dərslikdə verilən mətnləri Seyid Əzim mümkün qədər sadə və aydın dildə yazmağa çalışıb. Ustat pedaqoq “Rəbiül-ətfal” dərsliyində topladığı əsərlər vasitəsilə gənc nəslə mənəvi saflıq, daxili təmizlik, mənalı yaşayış, ayıq-sayıqlıq, vətən və xalq yolunda faydalı işlər görmək, doğruluq, mərdlik, dostluq və yoldaşlığa sədaqət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. kimi nəcib əxlaqi keyfiyyətlər aşılamağa çalışır.Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri kimi şöhrət qazanan, təlim-tərbiyə mövzusunda yazdığı əsərlərdə yazıçı-pedaqoq kimi özünün məharətini göstərən Seyid Əzim Şirvaninin ədəbi irsinin mühüm hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. Seyid Əzim bir maarifçi kimi feodal-patriarxal qayda-qanunların əleyhinə çıxıb, qabaqcıl ideyaların carçısı olub. O, maarifçilik ideyalarını başqa əsərlərində də davam etdirib, elmin və təhsilin səmərəsini ardıcıl təbliğ edib, xalq maarifi, məktəb və tərbiyə məsələlərinin vacibliyini vurğulayıb. Seyid Əzim işsiz-gücsüz, boş-bekar gəzib-dolaşan, tüfeyli həyat tərzi keçirən adamları tənqid edib, onları ocaqda yanmaqdan başqa heç nəyə lazım olmayan quru odunla müqayisə edib. Şair cavanlara bir sənətə yiyələnməyi, bir peşə sahibi olmağı məsləhət görüb. Çünki ulu babalarımız da deyib ki, sənəti olmayan adam deyil:Ey oğul, bil ki, adəmi-bikar,

 

Xüşk olan bir odundu, layiqi nar.

 

Bunu bizdən deyibdilər əqdəm,

Sənəti olmayan deyil adəm.

Şairin fikrincə, var-dövlət bir gün əldən çıxa bilər, lakin sənət heç vaxt itməz. İnsan əlindəki sərmayənin, yəni sənətin köməyi ilə yenə də var-dövlət sahibi olar.

Puç olub getsə dövlətin zayə,

Genə sənətdir əldə sərmayə.

Elmdir əhli-sənətin hünəri,

Elmsiz sənətin nədir səməri?

Onun qələmə aldığı bir pritçada deyilir: Bir gün var-dövlət sahibi olan qardaş elmə yiyələnən qardaşına deyir: “Bu nə məşəqqətdi sən çəkirsən? Gedib təhsil alırsan, elmə yiyələnirsən. Axı elm öyrənməkdə sənin məqsədin nədir? Axı kasıbçılıq içində qovrulursan.” Bilik xəzinəsinə sahib olan qardaş isə ona cavab verir ki, xəzinəyə var-dövlət toplayan hökmdarlar xalqa dərd-qəm verən müstəbid, bilik toplayanlarsa elm yayan peyğəmbərdir.

Seyid Əzim bu günə qədər öz tərbiyəvi əhəmiyyətini itirməyən öyüd-nəsihətlərini mənzum hekayələrinin başlanğıcında və axırında verib, onları həmin əsərlərin məzmunu ilə əlaqələndirib.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri arasında müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Fəqət bunlar şairin zəngin bədii irsində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılan orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını bu qəzəldə görmək olur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,

Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik

şeirlərilə başlayır. Bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olub. Çünki məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanıb və yaradıcılığında yeni mövzulara keçib, müasir həyatın tələblərinə uyğun şeirlər yazıb və Azərbaycanın ilk mətbu orqanında nəşr etdirib. Maarifçi şair üçün “Əkinçi” qəzeti xalqa müraciət yeri idi. O, bu qəzetin səhifələrində yazdığı məqalələri və şeirləri ilə xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah insan kimi qiymətləndirirdi.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr var ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Mücdəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” və s. satiralardır.

XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustası kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər də mühüm yer tutur. Onun elm, məktəb, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələri sayılır. Dünyagörüşü baxımından maarifçi olan şair cəmiyyətin təkamül yolu ilə dəyişib gözəlləşəcəyinə inanır, bundan ötrü insanların mənəvi cəhətdən kamilləşməsini vacib şərt sayırdı. Ona görə də o, özünün ictimai-pedaqoji və bədii fəaliyyətində elmin, maarifin, mədəniyyətin təbliğinə, bilikli, tərbiyəli vətəndaşların yetişdirilməsinə xüsusi diqqət yetirirdi.Yaradıcı insanın dünyadan cismani olaraq köçdüyünü, onun yaratdığı əsərlərin isə həmişəlik qaldığını ustalıqla ifadə edən Seyid Əzim Şirvani daim soydaşlarımızın maariflənməsinin qayğısına qalıb, doğma xalqın başqa millətlərdən mədəni səviyyə baxımından geridə qalması ilə heç cür razılaşa bilməyib. Şair istər öyüd və nəsihətlərində, istər mənzum məktub və hekayələrində, istərsə də satiralarında kitabı və mütaliəni, elmi və məktəbi təbliğ edib, xalqın nicat yolunu bu istiqamətdə görüb.

Seyid Əzim Şirvaninin XIX əsrdə məktəb, elm, maarif, mədəniyyət və təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də öz aktuallığını saxlamaqdadır. Şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirləri gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərib. Buna görə də klassik sənətkarımızın zəngin ədəbi-bədii irsi müstəqil Azərbaycanda çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.

Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yeri var. O, coşğun lirik əsərlərilə Füzuli ədəbi məktəbinin istedadlı nümayəndəsi, dövrün ictimai bəlaları əleyhinə çevrilən tənqidi şeirlərilə isə qüvvətli bir satirik kimi tanınıb. Seyid Əzim XIX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə ən zəngin ədəbi irs qoyub gedib. Bu şairin xalqımız arasındakı şöhrət və nüfuzu bu günə qədər davam etməkdədir. Onun dərin təsir oyadan lirik şeirləri millətimizin dilindən düşmür. Şairin xalq arasında böyük şöhrət və nüfuz qazanmasının səbəbi, heç şübhəsiz, şeirlərinin xalq həyatından doğmuş olması və yüksək bədii keyfiyyətə malik olması ilə əlaqədardır. Qüdrətli şairin lirik şeirləri insan gəlbini ifadə etdiyi kimi, geriliyi qamçılayan güclü satiraları da “xalqın nöqteyi-nəzərini” ifadə etməkdədir. Azərbaycan şeirinin realist istiqamət üzrə inkişafında Seyid Əzim Şirvaninin böyük rolu olub. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat edib.

 

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2017.- 13 dekabr.- S.15.