Tarixdə iz buraxanlar:
Süleyman Rüstəm
Azərbaycanın Əməkdar İncəsənət
xadimi Süleyman Rüstəm 1906-cı il mart ayının
12-də Novxanı kəndində anadan olub. Atası
Əliabbas, anası Xırdaxanım xanımdır. Onun
uşaqlıq illəri öz doğma kəndi Novxanıda - Xəzərin
sahilində keçib.
Süleyman Rüstəm, kasıb
həyat tərzi, çətin uşaqlıq illəri
keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya
böyük maraq göstərib,
yaradıcılığında da fəhlə, kəndli əməyinə,
torpağa və zəhmətə qiymət verməyi
işıqlandırıb.
Süleyman Rüstəm Nəriman Nərimanov
adına Bakı Sənaye Texnikumunda təhsil alıb. “Gənc
işçi” qəzeti redaksiyasında ədəbiyyat
şöbəsinin müdiri kimi fəaliyyətə
başlayıb. Eyni zamanda Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinə
daxil olub və 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat
və incəsət fakültəsinə
köçürülüb. Onun “Unudulmuş gənc” adlı
ilk şeiri “Maarif və ədəbiyyat” jurnalında çap
edilib, bundan sonra onun şeirləri dövri mətbuatda
müntəzəm olaraq yer alıb. Süleyman Rüstəm XX
əsrin 20-ci illərində öz şeir, məqalə və
çıxışları ilə yeni həyatı tərənnüm
edirdi. Süleyman Rüstəmin ilk çapdan
çıxmış “Ələmdən nəşəyə”
adlı şeirlər kitabı onun bütün
yaradıcılığının əsas
kompozisiyasını təşkil edir.
İkinci Dünya müharibəsi şairin
yaradıcılığına çox böyük təsir
edib. Alman faşizminə qarşı gedən
müharibə zamanı Süleyman Rüstəmin əsərləri
Azərbaycan gənclərində, azərbaycanlılarda vətənpərvərlik
hisslərinin inkişaf etməsində, qəhrəmanlıq
nümunələrinin yayılmasında, genişlənməsində
çox böyük rol oynayıb. Onun vətənpərvərlik
mövzusunda yazdığı əsərləri bu dövrə
təsadüf edir. Bir-birindən maraqlı və dillər əzbəri
olan “Ana və poçtalyon”, “Ana ürəyi”, “Gün o
gün olsun ki”, “Durnalar” bu dövrdə çapdan
çıxıb. Süleyman Rüstəmin o zaman
yazdığı şeirləri bu günümüzdə də
aktualdır.
Süleyman Rüstəm Cənub mövzusunda
yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirmiş
olub. O, Cənubi Azərbaycanda olaraq, orada yaşayan
soydaşlarımızın ağır həyat tərzini
görüb və könlündən keçənləri qələmə
alıb. Onun “Təbrizim” adlı şeiri bu səpkili şeirlərindən
ən təsiredicisidir. Bundan başqa,
“Könlümə Təbriz düşdü”,
“İşıq”, “Yenə Araz qırağında”,
“Yaralarım”, “Görsəm” kimi şeirlərində vətənpərvər
şair Vətən həsrəti çəkən, əzablı,
cəfalı günlər keçirən
soydaşlarımızdan danışır. Süleyman
Rüstəmin Cənub şeirləri vüsal və birlik
mahnılarıdır. Onun həsrət üzərində
köklənmiş hər misrasında ümid var, inam var,
arzusunda olduğu xoşbəxt günlərin tərənnümü
var. O, ancaq yazıb-yaratdığı günlərin deyil, həm
bu günümüzün, həm də gələcəyin
böyük şairi idi.
Süleyman Rüstəm ədəbiyyatımızda
tərənnüm, vəsf və ithaf şeirlərinin ən
məhsuldar yaradıcılarından biri idi. O, nədən və
hansı mövzudan yazıbsa, sevərək, inanaraq,
ilhamının qüdrətilə poetik dilə gətirib.
Ötən əsrdə
yaşayıb-yaratmış şair bəzi həmkarları
ilə müqayisədə, əslində bəxti gətirən
qələm sahiblərindən olub. 1937-ci ilin repressiyası
millətin seçilən oğullarını qara tufanlara,
qarşısıalınmaz tufanlara salırdı. Ağır
və amansız dövrün ölüm qoxulu təqiblərinin
hədəfindən qurtararaq yaşamaq, yaratmaq hər kəsə
nəsib olmurdu. Bu bir tərəfdən Uca Yaradanın
yazısı, digər tərəfdən də öz
başını qovğalardan salamat çıxarmağı
bacarmaq demək idi. Süleyman Rüstəm məhz qara
qüvvələrin gözündən məharətlə
yayındığından təzyiqlərə, həbslərə
tuş gəlmədi. Nə yaxşı ki, belə oldu.
Çünki onun yazıb-yaratdıqları ədəbiyyatımızın
solmayan səhifələrini təşkil edir. XX əsr Azərbaycan
poeziyasının çoşqun ruhlu, novator şairlərindən
biri məhz Süleyman Rüstəm idi.
Süleyman Rüstəm hələ
sağlığında tədqiqatçıların daim diqqət
mərkəzində olan söz sahiblərindən olub. Onun ədəbi
irsi ilə bağlı yetərincə araşdırmalar var,
müxtəlif fikir və rəylər formalaşıb. Vaxtilə
onu sovet ədəbiyyatının ən ünlü və
görkəmli nümayəndəsi hesab ediblər.
Süleyman Rüstəmin əsərlərini
bu günün gözü ilə nəzərdən keçirəndə
maraqlı nəticələrə gəlmək olur. Şairin
bütün yaradıcılığı sovet həyat tərzinin
əks-sədasıdır. Amma həqiqətin gözünə
dik baxmaq lazımdır. Hər şeyi öz adı ilə
çağırmaq çox vacibdir. Məhz 1937-ci ilin
qurbanlarından savayı elə bir qələm sahibi tapmaq
mümkün deyil ki, sovet dövründə yaşaya-yaşaya
bu quruluşun diqtəsindən kənarda fəaliyyət
göstərsin və dövrünü tərənnüm etməsin.
Bu mənada Süleyman Rüstəm də istisna deyildi. Bu məsələyə
görə də onu qınamaq olmaz. Çünki sovet
dövrü, bütün ziddiyyətləri ilə bərabər,
həm də Azərbaycana oyanış, intibah gətirdi. Bu dövrdə təhsilin, elmin, mədəniyyətin
inkişafı üçün yeni üfüqlər
açıldı. Səməd Vurğun, Osman Sarıvəlli,
Əhməd Cəmil, Məmməd Rahim kimi şairlər
dövrün sağlığından vəcdə gələrək
yeni-yeni əsərlər yazıb-yaratdılar. Bu zamandan
etibarən Süleyman Rüstəm də yeni epoxanın
şairi kimi qələmə sarılıb.
Bəzən gənc ədəbi qüvvələr
Süleyman Rüstəmi “sovet şairi” kimi səciyyələndirərək
onun bütün yaradıcılığının üzərindən
qara xətt çəkməyə çalışır. Bu
çox yanlış fikir və insafsızlıqdır.
Çünki Süleyman Rüstəm “bu dəmir çəpərli”
rejimin içində poetik məzmunu və mövzusu son dərəcə
dəyərli olan əsərlər də yaradıb. “Oxuyun, bir qızıl kitabam mən”– deyən
Süleyman Rüstəm özünü oxucusuna inqilab
şairi kimi təqdim etməklə bir daha təsdiqləyib
ki, onun poeziyası mübariz, döyüşkən bir ruhla həyatın
içinə atılıb. Əslində o, novator bir şair
idi. Bu səbəbdən də
yaşadığı həyatın yüksəlişini,
yeniləşməsini, yaxşıya doğru irəliləyişini
tərənnüm etməkdə, vəcdə gəlməkdə
haqlı idi. 70 il içərisində
yaşadığımız bir quruluşda həm bu
dövrün ab-havasını qələmə almaq, həm
də millətin, vətənin xeyri üçün mükəmməl,
poetik nümunələr yazmaq həqiqətən böyük
istedad tələb edirdi. Bu baxımdan Süleyman Rüstəm
Tanrı vergili bir şair idi.
Azərbaycanın elə bir guşəsi yoxdur
ki, Süleyman Rüstəm ora şeir qoşmasın.
Uşaqlıq illəri Novxanı bağlarında, dəniz
sahillərində keçdiyindən, o, Xəzərə
xüsusi bir məhəbbət bəsləyirdi. Azərbaycan
şairləri arasında Xəzərə ən çox
şeir qoşan şair də məhz Süleyman Rüstəmdir.
“Xəzərdə”, “Xəzər nəyə bənzəyir”,
“Xəzərdə gecə”, “Xəzərin səhəri”, “Xəzər
və durnalar”, “Xəzərim olsun” və s. şeirlərində
o, bu mavi gözəli xəyallar qanadında tərənnüm
edib. Öz xəyalının qanadlarını Xəzərin
dalğaları ilə qovuşduran şair bu mavi gözəli
tərənnüm etməkdən doymayıb.
Süleyman Rüstəmin yazdığı
bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb.
O, Azərbaycan ədəbiyyatının çox görkəmli
nümayəndələrindən biridir. Onun hər bir əsəri
ədəbiyyatımızın solmayan səhifələrini təşkil
edir. O öz yaradıcılığında Azərbaycanın
bütün dilbər guşələrini vəsf edib, vətənə,
torpağa məhəbbət, əməyə qiymət onun
poeziyasının mayasını təşkil edir.
Könlünü vətəninə verən, onun uca
dağlarını, gur çaylarını, yaşıl zəmilərini,
geniş düzlərini, zəhmətkeş, sədaqətli
insanlarını məhəbbətlə tərənnüm edən
Süleyman Rüstəm yazırdı:
Ey nazlı Vətən, mən sənə
öz könlümü verdim,
Qarşında günahkarsa, Süleymanı
bağışla!
Cürət və qüdrətlə öz
doğma yurduna ilhamlı nəğmələr qoşan
şairin bu etirafı çox-çox mətləblərdən
xəbər verir. Onun şeirləri, bədii
yaradıcılığı çox rəngarəngdir və
bir çox nəsillərin təhsilinə, mənəviyyatına,
formalaşmasına böyük təsir edib.
Süleyman Rüstəmin “Əzizlərdən əzizlərə”
adlı lirik bir poeması var və bu poemada şairin
bütün fikri gələcək illərə, nəsillərə
yönəlir. O burada müharibə illərindən XX əsrin
bu dəhşətli insan faciəsindən bəhs edir.
Süleyman Rüstəm bir şair, vətəndaş kimi bu
müharibənin bütün acılarını yaşayaraq,
onu şeirlərində böyük bir şair nəfəsi
ilə ifadə edib. Elə müharibə başlanan kimi o,
bütün yaradıcılığını səfərbərliyə
alıb, poeziyasının bütün mənəvi qüvvəsini
və imkanlarını vətəni, xalqı, ölkənin ləyaqətini
qorumaq işinə sərf edib. Müharibə ölüm-dirim
müharibəsi idi, düşmən güclü və
amansız idi. Fəqət buna baxmayaraq, şair qələbəyə
inanırdı, həm də bu inamı insanlara
aşılayırdı. Müharibə dövrünün
poeziyasında ifadə olunan hiss geniş və miqyaslı hiss
idi. Bu hisslər içərisində iki böyük hiss əsas
aparıcı idi. Bunlardan biri and hissi, vətən və tarix
qarşısında məsuliyyət hissi, ikincisi isə qələbəyə,
gələcəyə inam hissi idi. Bunların hər ikisi
Süleyman Rüstəm lirikasında nəinki əsas və
aparıcı idi, həm də bu hisslər onun əsərlərində
üzvü bir vəhdət təşkil edirdi. Məhz buna
görə də onun müharibənin başladığı
zaman yazdığı şeirlərdən biri “And” idisə,
digəri “Gün o gün olsun ki” şeiri dərin bir inam ifadə
edən poetik parça idi. Bu inam hissi şairin dərindən
yaşadığı bir hiss olub.
Şair üçün ən böyük səadət
ümumxalq məhəbbətini qazanmaq, könüllərdə
məskən salmaqdır. Hansı sənətkarın ki,
yaradıcılığını gənclər də, qocalar
da, alim də eyhi hərarətlə izləyir, oxuyur, sevir, o sənətkar
xoşbəxtdir. Süleyman Rüstəm də
məhz belə sənətkarlardan olub. Ömrünün
çoxunu qaynar ədəbi mühitə,
yaradıcılıq ehtirası ilə rənglənən mənalı
bir aləmə həsr edən Süleyman Rüstəmin qələmi
ilə ürəyi eyni vəhdət zəminində yaşayıb-yaradıb.
Bəli, sənətkar əsl yaradıcı, əsl vətəndaş
olanda onun könül aləmi ilə ifadə, müraciət
tərzi arasında fərq aparmaq əbəsdir.
Süleyman Rüstəm bəzi məsul vəzifələrdə
də işləyib. 1934-cü ildə Azərbaycan
Yazıçılar
Birliyinin üzvü seçilən
şair 1943-cü ildə Azərbaycan Əməkdar İncəsənət
xadimi, 1960-cı ildə Azərbaycan Xalq Şairi adını
alıb. 1960-cı ildə SSRİ Dövlət Mükafatı
Laureatı olub, “Ədəbiyyat” qəzetinin baş redaktoru,
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrının direktoru, “Azərbaycan”, “Kirpi”
jurnallarının və “Sovetski pisatel” nəşriyyatının
redaksiya heyətinin üzvü, Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Ali
Sovetinin deputatı olub. Xidmətlərinə görə
1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı
adını alıb, iki dəfə “Qırmızı Əmək
Bayrağı” ordeni, üç dəfə Lenin Komitəsinin
Fəxri Fərmanı və bir sıra medallarla təltif
olunub. Yəni onun xalq, vətən qarşısındakı
xidmətləri layiqincə qiymətləndirilib. İctimai
xadim kimi şöhrət qazanıb.
Süleyman Rüstəmin gərgin,
şərəfli və məhsuldar yaradıcılıq illəri
onu dövrün, poeziyanın, həyatın ağır
sınaqlarından ləyaqətlə çıxarıb və
bütün aləmdə, Vətənimizin hüdudlarından
da çox-çox uzaqlarda sevdirərək məşhurlaşdırıb.
Onun yaradıcılığı xalqımızın milli sərvətidir.
O, ömrünün sonuna qədər Azərbaycan seirinin, ədəbiyyatının
inkişafına sədaqətlə xidmət edərək
böyük, şərəfli bir ömür yaşayıb.
Belə insanlar Uca Yaradanın verdiyi fitri istedadı fədakarlıqla
xalqına, millətinə sədaqətlə birləşdirib
belə zirvələrə qalxa bilir. Bu dünyaya gələn
hər kəs bir gün bu dünyadan gedəcək. Ancaq
xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur.
Süleyman Rüstəm Azərbaycan xalqının həyatında
böyük iz qoyub dünyasını dəyişən
görkəmli şəxsiyyətlərdən biridir.
Süleyman Rüstəmin parlaq yaradıcılığı,
onun əsərləri, böyük siması bizim qəlbimizdə
əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı xəbər.- 2017.- 14 dekabr.- S.15.