Çağdaş Azərbaycan
ədəbiyyatında kriminal janr…
Rövşən Yerfi: “Kriminal sahədən
yazan yazıçı cinayət və cəzadan, hüquqdan
məlumatlı olmalıdır”
“İndi cinayətlərlə bağlı
bütün əsərləri detektiv janrı adı
altında qarışdırırlar”
Təbriz Vəfalı: “Kriminal ədəbiyyat
gənc nəslə mənfi psixoloji təsir göstərir”
Kriminal ədəbiyyat çağdaş Azərbaycan
oxucusunun, əsasən də gənc nəslin ən çox
müraciət etdiyi janrdır desək yəqin ki,
yanılmarıq. Onu da vurğulayaq ki, hazırda
kitab mağazalarında ən çox tələbat kriminal və
detektiv janrda yazılan kitablaradır.Ədəbiyyatşünaslar,
tədqiqatçılar detektiv ədəbiyyat haqqında kifayət
qədər araşdırma aparsalar da, kriminal janrın tədqiqi
bir qədər kölgədə qalıb. Azərbaycanda
kriminal ədəbiyyatın müəllifləri sayca az olsa
da, onların yaratdığı əsərlərin təsir
gücü və daşıdığı tərbiyəvi əhəmiyyəti
çoxdur. Cinayət varsa, sözsüz ki, onu törədənlərin
cəzası da var. Cinayət törədib həbsxanaya
düşən insanların həyatı faciəlidir. Bu faciəli həyat bədii ədəbiyyatın
dili ilə təsvir edilir və gənclər ondan dərs
götürməlidirlər.Azərbaycanda kriminal ədəbiyyatın
tarixi, nümayəndələri, çağdaş kriminal ədəbiyyat
yaradıcılarının kimliyi təbii ki, həmişə
diqqət çəkir. Kriminal ədəbiyyatdan
danışarkən biz bu sahədə son illər yaranan əsərləri
və onların adlarını qeyd etməliyik. Mərhum
yazıçımız Yusif Əhmədovun
yaratdığı kriminal hekayələr və ustad
yazıçının “Qara Kəmər” əməliyyatı
ilə bağlı qələmə aldığı 2 cildlik
“Ələkeçməzlər” romanı, Bəhram Çələbinin
kriminal əsərləri, eləcə də bu sahədə
öz sözünü deyən yazıçı Rövşən Yerfinin bu mövzuya həsr etdiyi əsərlər
oxucuların maraqla qarşıladığı əsərlərdir.Kriminal
ədəbiyyatı bəzən detektiv ədəbiyyat
janrı ilə qarışdırırlar. Əslində, onlar
fərqli janrlardır.Kriminal yazar Rövşən Yerfi bizimlə
söhbətində kriminal ədəbiyyat haqqında fikirlərini
bölüşdü: “Doğru qeyd edirsiniz ki, indi cinayətlərlə
bağlı bütün əsərləri detektiv janrı
adı altında qarışdırırlar. Mən
isə bunları hüquq nöqteyi-nəzərindən iki əsas
növə bölürəm: həbsə qədərki cinayətlərdən
bəhs edənlər və həbs həyatından, həbsdə
baş verənlərdən bəhs edənlər. Həbsə
qədərki cinayətlərdən, yəni azadlıqda
baş verənlərdən danışılan əsərləri
həqiqətən detektiv əsərlər hesab etmək
düzgündür. Bu janrın Azərbaycan ədəbiyyatında
əsasını ötən əsrin 50-ci illərində Cəmşid
Əmirov qoyub. Müstəqillik dövründə ədəbiyyatımızda
detektiv yazan onlarla müəllif meydana gəlib və bu
janrın bir neçə növü yaranıb.
Amma həbsdə baş verənləri təsvir
edən əsərləri isə mən detektiv deyil, “məhbəs
nəsr” hesab edirəm. Əlbəttə, söhbət
poeziyadan yox, nəsr əsərlərindən gedir. Son iki əsrdə özümüzə mayak hesab
etdiyimiz rus ədəbiyyatında belə əsərlər
müvafiq olaraq “tyuremnaya literatura” (məhbəs ədəbiyyatı),
“tyuremnaya proza” (məhbəs nəsri) adlanır.Azərbaycan ədəbiyyatında
məhbəs poeziyası XII əsrdə yaşamış Fələki
Şirvani ilə, məhbəs nəsri isə 1992-ci ildə
çap olunmuş Çingiz Ələkbərzadənin
“Zindan” romanı ilə başlayıb. Bu romandan əlavə
Ç.Ələkbərzadə daha iki kitab (“Qumarbaz” və
“Türmə mənim ahımdır”) yazıb. Onun
ardınca Qənimət Əlisaoğlunun “Lənət
qapısı”, “Bayıldan başlayan yol”, “Qırmızı
türmə” adlı üç sənədli romanı -
kriminal trilogiyası oxucular arasında Azərbaycan bestselleri
kimi nüfuz qazanmışdı. 1996-cı ildə Oqtay
Əhmədovun “Cəhənnəm yolu”, “Volqodon əsirləri”,
2000-ci ildə isə İsmayıl Qarayevin arxivindən
“Sxodka” və “Budaqlar” əsərləri oxuculara təqdim
olunub. Məhbəs nəsrinə dair son
nümunə Faiq Balabəylinin “Bayıldan bayıra”
kitabıdır.Mən də bu sahədə əsərlər
yazan müəlliflərdənəm. 2004-cü ildən
başlayaraq indiyədək bir roman, üç povest, iki pyes
yazmağa müvəffəq olmuşam. Qismət olarsa,
ardını davam etdirmək niyyətindəyəm.
Kriminal sahədən yazan yazıçı
cinayət və cəzadan, hüquqdan məlumatlı
olmalıdır. Bir də kriminal dünyasının
adamları – istər cinayətkar, məhkum, istərsə də
əməkdaşlar qarşısında alnıaçıq,
adı təmiz olmalıdır. Bu keyfiyyət və
xüsusiyyətləri olmayan yazıçının
yazdığının da dəyəri olmaz”.
Yazıçı-publisist, qalmaqallı “Mafiya. Zor və ağlı özündə birləşdirən
məxfi qurum” adlı kitabın müəllifi Təbriz Vəfalı
bildirir ki, keçmiş SSRİ dövründə təkcə
Azərbaycanda deyil, digər sovet respublikalarında da kriminal
hadisələrə yanaşma tərzi indikindən tamamilə
fərqli olub. O qeyd edir ki, hətta həmin dönəmlərdə
kriminal xəbərlərin mətbuat orqanlarında
yayılmasını qadağan edən senzura sistemi mövcud
idi: “SSRİ dövründə Azərbaycan SSR Mərkəzi
Komitəsində “Baş ədəbiyyat şöbəsi”
(“Qlavlit”) fəaliyyət göstərirdi və bu şöbə
“kriminal avtoritet”lərdən, cəmiyyətdə və
ictimaiyyətdə psixoloji gərginlik yarada biləcək hadisələrdən
bəhs edən kitabların yazılmasını qadağan
edirdi. Kitablardakı hər sətir, hər söz diqqətlə
oxunur və senzuradan keçirilirdi. Bəzi
yazarlarımız iddia edirlər ki, Sovet dönəmində də
kriminal ədəbiyyat çap olunub. Əslində, onlar sovet
psixologiyasının, keçmiş milis və dövlət təhlükəsizliyi
orqanlarının fəaliyyətlərindən, həmin
orqanların əməkdaşlarının xidməti vəzifələrinin
öhdəsindən layiqincə gəlmələrindən,
ən qatı cinayətkarların da həbs olunmasından, hətta
ağır cinayət işlərinin üstlərinin
açılmasından bəhs edirdilər. Məsələn,
“Qara Volqa”da qatı cinayətkarların fəaliyyətlərindən,
cinayət əməllərindən və milis əməkdaşlarının
onlara qarşı həyata keçirdikləri operativ və
uğurla nəticələnən əməliyyatlarından bəhs
edilib. Şübhəsiz ki, bu cür ədəbiyyatları
oxuyanlar və “Qara Volqa” kimi filmləri izləyənlər
heç vaxt belə cinayətləri törətmək, həbsxana
həyatı yaşamaq və ən ağır cəzalara
layiq görülmək istəməyiblər. Ancaq Sovet
İttifaqı dağıldıqdan sonra, Azərbaycanın
müstəqillik qazandığı ilkin dövrdə
SSRİ-dən qalmış senzura sistemi ləğv olundu. Reytinq
qazanmaq uğrunda mübarizənin ciddiləşməsi
üzündən bəzi yazarlarımız milli mentalitetdən
kənar şeyləri, həm də
açıq-saçıq şəkildə yazmağa və
dərc etdirməyə başladılar. Kriminal ədəbiyyat
da məhz həmin zaman meydana çıxdı və
zaman-zaman populyarlıq qazandı. Həm senzura sisteminin
olmaması, həm də açıq bazar iqtisadiyyatı
dövrü olduğu üçün, kriminal ədəbiyyat
digər ədəbiyyatları üstələməyə
başladı. Bu üstələmənin digər bir səbəbi
isə insanların qaranlıq həyata, həbsxana həyatına
maraq göstərməsi ilə əlaqədar oldu”.
Həmsöhbətimiz deyir ki, bəziləri həbsxanada
yazılmış əsərləri kriminal ədəbiyyat
adlandırırlar. Ancaq bu yanlış fikirdir. Çünki
həbsxanadakı bəzi məhbuslar romanlar, povestlər, xatirələr,
hekayələr və şeir kitabları da yazıblar. O
bildirir ki, hətta ictimaiyyətdə və cəmiyyətdə
siyasətçi, tanınmış şəxslər də
olub ki, onlar məhbusluq həyatı yaşadıqları zaman
siyasi mövzularda kitabları ərsəyə gətiriblər:
“Məsələn, Vladimir İliç Leninin “Rusiyada
kapitalizmin inkişafı”, Migel del Servantesin “Don Kixot”
romanı, Amerika yazıçısı Harri Qreyin “Quldurlar”
romanı və digər kitablar həbsxanada yazılıb və
onların həbsxana həyatı ilə heç bir əlaqəsi
yoxdur. Kriminal ədəbiyyatlar isə daha çox həbsxana
həyatında baş verənlərdən, “avtoritet”lərin
həyatından, türmədə və azadlığa
çıxdıqdan sonrakı dövrlərdə fəaliyyətlərindən,
cinayət hadisələrindən bəhs edilir. Düzdür,
bəzi kriminal ədəbiyyatlar həbsxana həyatı
yaşamış məhbuslar tərəfindən yazılsa
da, digər müəlliflər məhbusluq həyatı
yaşamayıblar. Məsələn, Qənimət
Əlisaoğlu uzun müddət həbsxanada olub. Öz
başına gələnləri, şahidi olduğu və
eşitdiyi hadisələri yazaraq onları “Lənət
qapısı”, “Qırmızı türmə” və
“Bayıldan başlayan yol” adlı kitablarında dərc
etdirib. Amma bəzi yazıçılarımız və
yazarlarımız da var ki, onlar azadlıqdan məhrum edilməyiblər
və həbsxanada olmayıblar. Onlar, sadəcə, “kriminal
avtoritet”lərin həyatlarını araşdırıblar.
Bunun üçün sözügedən “avtoritet”lərin həbsxana
yoldaşları, ailə üzvləri, dostları,
qohumları və tanışları ilə ətraflı
söhbətlər aparıblar, qeydlər götürüblər.
Məsələn, tanınmış
yazıçımız Bəhram Çələbi kriminal ədəbiyyatın
şah əsərləri sayılan “Lotu Bəxtiyar”, “Diktator
Ağakərim”, “Dağlı Cavanşir”, “Sabirabadlı Hikmət”
və digər kitabları məhz öz
araşdırmaları nəticəsində götürdüyü
qeydlər əsasında yazıb”.
T.Vəfalı vurğulayır ki, azərbaycanlı
yazıçıların yazdıqları kriminal kitabların
əksəriyyətini oxuyub və həmin kitablar onun
dünyagörüşünün formalaşması,
intellektual səviyyəsinin yüksəlməsində
mühüm rol oynayıb. Ancaq, bununla belə, həmsöhbətimiz
kriminal ədəbiyyatın yazılmasının və dərcinin
əleyhinədir: “Çünki mən heç vaxt
özümü hansısa “kriminal avtoritet”ə bənzətmək,
onun hərəkətini təqlid etmək fikrində
olmamışam. Amma kriminal ədəbiyyatı oxuyan əksər
gənclər və yeniyetmələr mənim kimi
düşünmürlər. Onlarda belə bir rəy
yaranıb ki, həbsxanadan çıxanlar, keçmiş məhbuslar
təhlükəli insanlardır və onlardan hər kəs
qorxur. Ona görə də gənclərimiz və yeniyetmələrimiz
düşünürlər ki, asan yolla, əziyyət çəkmədən,
reketçilik edərək çoxlu var-dövlət
toplayacaqlar, villalara və ən bahalı avtomobillərə
sahib olacaqlar. Kriminal ədəbiyyatı oxuyan əksər gənclərimiz
və yeniyetmələrimiz hesab edirlər ki, həbsxanada
olmuş insanlar böyük hörmətə, izzətə
sahib olurlar. Buna görə də onları xüsusən bəzi
qadınlar və qızlar xoşlayır və sevirlər. Hətta
bəzi gənclərimiz və yeniyetmələrimiz
düşünürlər ki, əsl kişi olmaq
üçün mutləq cinayət törətmək və
həbsxanada cəza çəkmək lazımdır. Belə faktları çox sadalamaq olar. Ümumilikdə
götürdükdə kriminal ədəbiyyatın gənc nəslin
psixologiyasına mənfi təsir göstərdiyini, əksər
gənclərimizin və yeniyetmələrimizin halal zəhmətlə,
alın təri ilə, əziyyətlə çörəkpulu
qazanmaq əvəzinə, “qaz vurub qazan doldrumaq” yolunu seçməyə
cəhd göstərdiklərini, onların təhsildən yayınmalarına
birbaşa şərait yaratdığını və
azyaşlılarımızın xəyalpərəst kimi
yetişməsində böyük rol oynadığını
deyə bilərəm. Ona görə də kriminal ədəbiyyatın
yazılmasının və dərcinin əleyhinəyəm.
Ancaq yazıçı həmkarlarımızın gəlir
sahəsi olduğu üçün, bu cür kitabların
yazılmasının, dərcinin və
satışının qadağan olunacağına
inanmıram. Ona görə də yaxşı olar ki, kriminal ədəbiyyatın
gənclərə və yeniyetmələrə
satılmasına qadağa qoyulsun. Eyni zamanda, valideynlər
öz övladlarının gələcəyini təhlükəyə
atmamaq üçün, onların kriminal ədəbiyyat
oxumaqdan uzaq durmasını təmin etsinlər”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2017.- 15 dekabr.- S.15