Tarixdə iz buraxanlar:
Mikayıl Müşfiq
Mikayıl Əbdülqədir oğlu
İsmayılzadə 1908-ci il iyun ayının 5-də
Bakıda ziyalı ailəsində anadan olub. Atası Mirzə
Əbdülqədir, anası Züleyxa xanımdır. Erkən
yaşlarından valideynlərini itirən Mikayıl
qohumlarının himayəsində böyüyüb.
İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində
alıb. Hələ məktəb yaşlarından ədəbiyyatla
maraqlanıb, “Bu gün” adlı ilk şerini 1926-cı ildə
yazıb və tezliklə tanınan şairlərdən birinə
çevrilib.
1931-ci ilin mayında Müşfiq Geoloji
İnstitutun buraxılış gecəsində Dilbər
adlı bir qızla tanış olur. Dilbər xanım
Müşfiqin əmisi arvadı Fəramuşla tələbə
yoldaşı olub. Tanınmaqda olan gənc şairlə Dilbəri
əmisi arvadı tanış edib. Təsadüfi bir neçə
görüşdən sonra Müşfiq Dilbər xanıma
sevgi məktubları göndərib, hər görüşə
yeni şeirlə gəlib. Müşfiq növbəti
görüşlərin birində Dilbər xanıma elçi
göndərmək və tez vaxtda nişanlanmaq istədiyini
bildirib. 1932-ci ilin aprel ayında cütlük nişanlanıb.
Onların kəbini isə təxminən bir il sonra, 1933-cü
il iyun ayının 20-də kəsilib.
Həmin dövrlərdə şair “Azərnəşr”də
redaktor, 18 nömrəli məktəbdə isə müəllim
işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini
belə xatırlayır: “Müşfiq müəllim dərs
deyəndə zəng səsini eşitməzdik. Dərs
zamanı şagirdlərə şeir oxumağı öyrədəndə
başqa müəllimlərimiz də gəlib bizim
sıralarda oturardı. Çoxumuza “qızım”, “oğlum”
deyə müraciət edərdi. Əslində bu ifadə onun
yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər
təvəzökar olan Müşfiq müəllimə bu
sözlər çox yaraşırdı…”
Mikayıl Müşfiq özünün ən
birinci vəzifəsini insanları təhsilə, elmə
yönəltməkdə, şagirdlərdə ədəbiyyata
maraq oyatmada görürdü. Müşfiq nadir hafizə
sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt
qoşduğu şeiri uzun müddət vərəqə
köçürməyib, şeirlərini, eləcə də
bir çox klassik şairlərin əsərlərini əzbərdən
bilirmiş.
Sosializm quruculuğu illərində həyata
keçirilən bir sıra reformalardan Müşfiq çox
razı olub. Ərəb əlifbasının latın əlifbası
ilə əvəz olunması haqda şair hətta şeir də
yazıb. Amma həmin illərdə tarın qadağan
olunması ilə bağlı söz-söhbət
Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk
sarsıdıb. Müşfiq evlərinə qonaq gələn
Pirimova tarın qadağan olunmasının xalqa ancaq ziyan
vuracağını deyib. “O, ustaddan tarı götürüb
çalmasını xahiş etdi. Qurban müəllim
tarı sinəsinə sıxıb “Yetim segahı”
çalmağa başladı. Tar dilə gəldi, tar inildədi,
tar hönkürdü… Tarın qopardığı nalələr
anında Müşfiq özünü çəkdiyi papirosun
dumanlarına bürümüşdü. Birdən onu
gördüm ki, Müşfiqin yanıqlı səsi tarın
naləsinə qarışdı və həmin günlərdə
yazdığı “Oxu tar” şeirini söyləməyə
başladı. Xoşbəxtlikdən, onların həyəcanı
uzun sürmədi. Tar qadağan edilmədi…”– deyib
Müşfiqin həyat yoldaşı Dilbər xanım.
Azərbaycanın poeziya tarixinə adını
qızıl hərflərlə yazdırmağı bacaran
Mikayıl Müşfiqin şeirləri, yaşlı nəsillə
bərabər, gənclərin də dillər əzbəridir.
Maraqlısı isə odur ki, ziyalılarımızın,
böyüklərimizin, gənclərin kitaba, şeirə
marağının azlığından şikayətləndiyi
bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin
belə yaddaşına həkk oluna bilir.
Yəqin çox az adam tapılar ki,
M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini
ömründə heç olmasa bircə dəfə eşitməmiş
olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə
gəlir ki, o, yazdığı şeirlərdə gənclərin
tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun
vətən, ana, sevgili haqqında yazdığı şeirlərdən
bəhrələnən, o şeirləri bütün
varlığı ilə dərk edən gənclik yalnız
yaxşı insan kimi formalaşa bilər. Sanki Mikayıl
Müşfiqin bütün şeirləri insanın, gəncliyin
mənəvi tərbiyəsi üçün yazılıb.
Onun şeirlərində qadına yönəlmiş xüsusi
diqqət, qadının bəşəriyyət
üçün nə qədər uca varlıq olduğunun
göstərilməsi hər bir gəncdən ötrü
örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə,
anaya məhəbbəti öyrənməklə yanaşı,
qadına hörməti də öyrənmiş olur. Mikayıl Müşfiqin şeirlərini dərk edən,
onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi
şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis
ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə
insana ən ülvi, ən romantik, ən müqəddəs
hissləri duymağı öyrədir. Elə
Müşfiqin şeirlərinin bütün nəsillər,
xüsusilə də gənclər tərəfindən sevilməsinin
ən böyük səbəblərindən biri də, yəqin
ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.Mikayıl
Müşfiqin, yəqin ki, ən təsirli şeirlərindən
biri onun “Ana” şeiridir. Bu şeirin hər
bir misrasını oxuyarkən insan təəccübünü
gizlədə bilmir. İki aylığında anasını
itirən M.Müşfiq “Ana” şeirində onu elə vəsf
edir ki, bəlkə də uzun ömür yaşayan və
bütün həyatı boyu ana nəvazişi ilə
böyüyən bir şair belə, ananı belə tərənnüm
edə bilməz.
Ana dedim,
ürəyimə yanar odlar saçıldı,
Ana dedim,
bir ürpəriş hasil oldu canımda,
Ana dedim,
qarşıma bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum
yanımda…
Vətənini dərin bir məhəbbətlə sevən
Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad
görmək istəyirdi. Azərbaycanın
istiqlalını arzulayan, Azərbaycan Xalq Cumhuriyyətinin
yaranmasını alqışlayan gənc şair bu münasibətlə
gözəl şeirlərini yazıb cümhuriyyəti təbliğ
edirdi. Müşfiq “Ey dan ulduzu” deyib
ölkəsinin yeni baharını alqışlayır,
arzularını dilə gətirirdi. Beləcə,
sonralar Müşfiqi aradan götürmək üçün
“qırmızı imperiyanın” əlinə bəhanə
verirdi. Müşfiqi “məhşər
ayağına” çəkənlər ondan bu şeirlərin
“əvəzini” çıxırdılar, hesab sorurdular. Amma onun yazdığı şeirlər yaz səhərində
parlayan və heç vaxt sönməyəcək parlaq ulduz
idi.
1930-cu illərdən
başlayaraq Moskva ədəbiyyat adamları arasında
özünə carçılar axtarmağa başlayır və
bədnam 37-ci il repressiyaları Azərbaycan
ədəbi cameəsindən də yan keçmir. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabr
ayında başlanan kütləvi həbsləri xofun yeni, daha
qanlı mərhələsi olur. Yazıçılar
İttifaqının 60-a yaxın üzvündən 27 nəfəri
repressiyaya məruz qalır, Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin görkəmli simaları məhv
edilir. Mikayıl Müşfiqin bu məşhur kəlamı
insana çox şey deyir:
Ah, mən
gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə
çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat
dedikləri bu keşməkeşdən,
Qəlbimdə,
qanımda yanan atəşdən,
Gecədən,
gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qara buludlar getdikcə gənc şairə də
yaxınlaşır. Mətbuatda Müşfiq haqqında təhqir,
böhtan dolu kəskin tənqidi məqalələr
görünməyə başlayır. Saf
qəlbli şair bütün bunlardan çox mütəəssir
olur. Yazıçıların növbəti
plenumunda Müşfiqə əksinqilabçı
damğası vurulur. O, 1937-ci il iyun
ayının 4-də evində həbs edilir, əksinqilabçı
milli təşkilatın üzvü, sovet hakimiyyətinə
qarşı silahlı üsyana hazırlıqdan xəbərdar
olmaqla ittiham edilir.
Həbsdən qabaqkı axşam oxucuları ilə
görüşdən gec qayıdan şair evdə onu gözləyən
Dilbərin yanına tələsdiyindən, yaxınlıqda
dayanan qara maşına fikir vermir. Müşfiq mənzilə
daxil olduqdan sonra qapının zəngi çalınır.
Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə
də vidalaşmağa qoymur...
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin
hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə
iclası M.Müşfiqin barəsində güllələnmə
qərarı verir. Hökm bir neçə saat
sonra - yanvar ayının 6-na keçən gecə icra olunur.
Deyirlər, həyatının ən son saatlarına qədər
o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər
xanım xatırlayır ki, həbsxanada son görüşlərində
Müşfiq kədərli halda ölümqabağı hisslərini
gizlətməyə çalışaraq deyib: “Sən narahat
olma. Əvvəl-axır, tez ya gec hər şey
aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə
təqsirimiz olmayıb...”
Təxminən
20 il keçəndən sonra ölkə
şəxsiyyətə pərəstişin dəhşətindən
özünə gəlib və Azərbaycanın məşhur
yazıçıları M.Müşfiqin işinə yenidən
baxılması barədə müraciət etilbər.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin
hərbi kollegiyasının qərarına əsasən
Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət
qazanıb.
Cəmi
29 il ömür yaşasa da, özündən
sonrakı nəsillərə bəlkə də yaşlı
bir qocanın belə ömrünə sığmayacaq qədər
romantik şeirlər irsi qoyub Mikayıl Müşfiq.
Bəxtinə
29 il ömür düşən
Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət
dolu şeirlərinin axıcılığı da bizlərə
diqtə edir. Cəsədləri Xəzərin qorxulu
fırtınalarına yem olan 37-nin faciə qəhrəmanlarından
biri də Müşfiqdir. Həyatının baharında cismi
yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu
istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də
çox gördülər. Bu nurun işığından
gözləri qamaşanlar öz alayarımçıq
bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ
olsa, onlar Müşfiqin yanında çox solğun,
üzgün, cılız, acız görünəcəklər.
Elə ona görə də şeirləri ilə könülləri
ovsunlayan, ürəkləri riqqətə gətirən
şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə
yox, həyat işığı görməmiş neçə-neçə
şeirlərinin də qətlinə fərman verdilər.
Onlar ədəbiyyatımızı, kitab rəflərimizi
Müşfiqin doğulmamış əsərlərinə həsrət
qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza
zərbə vurdular – Mikayıl Müşfiq, Hüseyn Cavid,
Əhməd Cavad kimi şairləri məhv etməklə… Bu
gün pula-vara hərislər, beşgünlük ailə həyatı
quranlar, doğulan uşaqların həyatını faciə
dolu ömürlə qol-boyun edənlər
Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər,
sevginin ucalığını, həyatın şirin
olduğu qədər də acı olduğunu dərk edərdilər.
Çünki Müşfiqin şeirlərində yüksək
həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi
insan ürəyində məhrəmanə hisslər
oyadır, nəinki öz sevdiyinə kəc baxmağa, əksinə,
adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cizmən
onu məhv etdilər, həyatının çiçəkləndiyi
vaxtda onu sevməyə, sevilməyə həsrət qoydular.
Onu gülüzlü yarından ayırdılar, ona “vətən
xaini”, “xalq düşməni” damğası vurdular. Onun
şair ruhunun qarşısında tələ qurub bir sədd
kimi durdular. Fəqət, mənən onu həyatdan apara bilmədilər…
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2017.- 15 dekabr.- S.13.