Tarixdə iz buraxanlar: Mirzə
Fətəli Axundov
Mirzə Fətəli Axundov 30 iyun 1812-ci ildə
Nuxa (indiki Şəki) şəhərində anadan olub.
Atası Mirzə Məhəmmədtağı, anası Nanə
xanımdır. 1814-cü ildə bu ailə atalarının vətəni
olan Təbriz şəhərinin
yaxınlığındakı Xamnə qəsəbəsinə
köçüb.
Mirzə Fətəlinin ruhani olmasını istəyən
Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə
aparıb. O, öz qardaşı nəvəsinin təlim və
tərbiyəsi ilə şəxsən məşğul olub və
onun həyatında mühüm rol oynayıb. Fətəli
qısa bir zamanda Hacı Ələsgərin səyi və
özünün çalışqanlığı sayəsində
fars və ərəb dillərini öyrənib. Gənc Fətəli
burada məntiq və fiqh elmlərinə, habelə dahi Azərbaycan
şairi və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq
sənətinə də yiyələnib. Fəqət Mirzə
Şəfinin gənc Fətəliyə təsiri bununla bitməyib,
bu görüş Mirzə Fətəlinin həyat və
yaradıcılığına, ümumiyyətlə onun bir
mütəfəkkir kimi formalaşmasına ciddi təsir
göstərib.
Dövrünün müasir elmləri
ilə maraqlanan Mirzə Fətəli 1833-cü ildə Şəkidə
açılan rus məktəbinə daxil olub və bir il
burada təhsil alıb. 1834-cü ildə o, Tiflisə gedərək,
Qafqaz canişinin baş dəftərxanasında əvvəl
mülki, sonralar hərbi işlər üzrə mütərcim
vəzifəsində çalışıb. Mirzə Fətəli
Rusiya ilə İran, Rusiya ilə Türkiyə dövlətləri
arasında aparılan bir sıra mühüm diplomatik
danışıqlarda fəal iştirak edib. Zaqafqaziya daxilində
hökumətin bəzi vacib dövlət tədbirlərinə
cəlb olunan Mirzə Fətəli dövlət xidmətində
sürətlə irəliləyib. Ona 1842-ci ildə
praporşik, 1846-cı ildə podporuçik, 1850-ci ildə
poruçik, 1852-ci ildə ştabs-kapitan, 1854-cü ildə
podpolkovnik, 1873-cü ildə isə polkovnik rütbəsi
verilib, Rusiya, İran və Türkiyə dövlətləri
tərəfindən bir sıra orden və medallarla təltif
olunub.
Mirzə Fətəli Axundov 1842-ci ildə axund
Hacı Ələsgərin qızı Tubu xanımla evlənib.
Onun Tubu xanımdan 13 övladı olub ki, onlardan da yalnız
ikisi – oğlu Rəşid bəy və qızı Nisə
xanım uzun ömür yaşayıb, qalanları isə Mirzə
Fətəli həyatda ikən vəfat edib.
Yuxarıda qeyd etdiyimiz kimi, 1873-cü ildə
Mirzə Fətəliyə hərbi rütbə – polkovnik
rütbəsi verilib. O zaman Qafqazın inzibati mərkəzi
sayılan Tiflis Mirzə Fətəlinin
dünyagörüşünə mühüm təsir edib.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə
üzv seçilən Mirzə Fətəli sonralar Qafqaz
Arxeoqrafiya komissiyasında tədqiqat işlərinə cəlb
olunub.
Mirzə Fətəli Axundov bədii
yaradıcılığına şeirlə başlayıb.
Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır.
Bu şeir fars dilində, klassik şərq şeiri ənənələri
əsasında yazılıb. Şair bu şeirində daxili
iztirablarını, gələcək haqqında
düşüncələrini qələmə alıb. O,
Şərq poeziyası ilə dərindən məşğul
olub və onun xüsusiyyətlərini mənimsəyib. Bunu şairin bir sıra klassiklər haqqında
yazdığı məqalələrdən, yeni ədəbiyyatın
qarşısına qoyduğu tələblərdən və
klassik Şərq ədəbiyyatına bəslədiyi tənqidi
münasibətdən də aydın görmək mümkündür.
O, bütün şeirlərində klassik poeziyanı xalq
şeiri ilə bağlayıb və bu ənənəni
inkişaf etdirib.
Mirzə Fətəlinin şeirlərinin
əsas etibarilə fars dilində olmasına baxmayaraq, həmin
əsərlərdə Azərbaycan adət-ənənələri,
xalq poeziyasının xüsusiyyətləri özünü
göstərir. Şairin şeirləri klassik poeziyanın məsnəvi
və müxəmməs janrlarında yazılıb. Onu görkəmli bir şair kimi geniş oxucu
kütləsinə tanıdan isə 1837-ci ildə fars dilində
yazdığı “Puşkinin ölümünə şərq
poeması”dır. Şair həmin əsəri özü rus
dilinə tərcümə edib, Puşkinə olan rəğbətini
və onun qatilinə nifrətini açıq-aydın ifadə
edib.
Mirzə Fətəli Axundovun
maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının
sonrakı inkişafında müstəsna rol oynayaraq, burada
çağdaş Qərb ədəbiyyatı
janrlarının – dram , roman, hekayə, novella, povest, poema və
s. yazılmasına güclü təsir göstərib.
Onun 1850-1855-ci illər arasında yaratdığı altı
dram əsəri özündən sonra Yaxın və Orta
Şərq ədəbiyyatında ədəbi məktəb
formalaşdırıb. Xalqın maariflənməsində,
çağdaş ədəbi-mədəni, elmi dəyərlərə
qovuşmasında sənətin və ədbiyyatın roluna
yüksək qiymət verən Mirzə Fətəli Şərqdə
ilk dəfə dram janrında əsərlər yaradıb. Onun
“Təmsilat” adı altında birləşdirilimiş altı
komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib.
Mirzə Fətəli 1850-1855-ci illərdə
özünün məşhur altı komediyasını
yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında,
bütövlükdə Balkanlardan Hindistana qədərki
türk-masəlman dünyasında dramaturgiyanın əsasını
qoyub. Böyük ustad bu komediyalarla Şərq aləmində
dram yazmağın nümunəsini göstərib. Bunu hər
kəs qəbul edir ki, türk-müsəlman dünyasında
dramaturgiya Mirzə Fətəli dramaturgiyasının ənənələri
işığında inkişaf edib.
Mirzə Fətəli Axundov, bəzi tədqiqatçıların
yanlış olaraq düşündüyü kimi, heç də
rus çarizminin təbliğatçısı kimi çıxış
etməyib, lazım gəldikdə üstüörtülü
şəkildə Rusiya imperializminin müstəmləkə
siyasətini kəskin tənqid edib. Onun “Kəmalüddövlə
məktubları” (1865), “Aldanmış kəvakib” (1857) kimi nəsr
əsərləri təkcə qonşu İranın tarixi
keçmişini və dövlət quruluşundakı
nöqsanları deyil, eyni zamanda, ədibin özünün də
içərisində yaşadığı ictimai mühitin və
siyasi quruluşun eyiblərini açıb göstərir.
Azərbaycan teatrı Mirzə Fətəlinin
ölməz komediyaları zəminində yaranıb.
1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy
Vəzirovla birlikdə Bakı məktəblərinin birində
məşhur “Hacı Qara” əsərinin tamaşasını
qoymaqla tək Azərbaycandadeyil, bütöv türk-müsəlman
aləmində teatr hərəkatının əsasını
qoyub. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan
qadınlarının timsalında ilk dəfə şərq
qadınlarının səhnə obrazları yaradılıb.
Bütövlükdə Azərbaycan ədəbiyyatını
xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədəbiyyatsevərlik,
səmimiyyət və doğruçuluq motivləri Mirzə Fətəli
yaradıcılığında davam və inkişaf etdirilərək
gələcək nəsillərə tövsiyə edilir.
Mirzə Fətəli Axundov Azərbaycan
ədəbiyyatının ənənələrini davam etdirərək,
təkcə bir yazıçı və şair kimi deyil, həm
də alim, filosof, ictimai xadim kimi çıxış edir,
bütün yaradıcılığının qayəsini
xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Ədəbiyyatı, fəlsəfəni,
əlifbanı, ədəbi dili, teatrı, mətbuatı, təhsili,
mədəniyyətin, demək olar ki, bütün sahələrini,
ictimai düşüncənin bütün aspektlərini əhatə
edən bu reform sistemi o zaman üçün qloballaşma,
modernləşmə sistemi səciyyəsi daşıyıb.
Realist sənət prinsipləri ədəbi estetik meyar kimi irəli
sürülüb. Şəbih tamaşaları əvəzinə
xalqın öz dilində Molyersayağı təmsilata
üstünlük verilib. Latın əsaslı əlifba
sonralar İsmayıl Qaspıralının
konsepsiyalaşdırdığı “Dildə, fikirdə,
işdə birlik” şüarının təməli kimi
ortaya qoyulub, elmi-fəlsəfi traktatlar siyasi pamfletlər kimi səsləndirilib,
yeni nəşr, satira nümunələri Avropa standartları
ilə yaradılıb. Və bütün bu islahatlarla əslində
Mirzə Fətəli yeni sistemin – Avropa düşüncə
sisteminin bünövrəsini qoyub.
Mirzə Fətəlinin gördüyü
üfüqlər olduqca aydın və işıqlı idi. O
yazır:“Keçmişdə Avropada belə zənn edirdilər
ki, zalimə zülmü tərk etdirmək üçün
ona nəsihət etmək lazımdır, sonra gördülər
ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir
etmir. Buna görə də millət özü dinin maneəsizliyi
sayəsində elmlərdə tərəqqi edərək
birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yek
cəhət olub zalimə müraciətlə dedi: “Səltənət
və hökumət büsatından əl çək!”
Mirzə Fətəli elə həmin
yazısında kəlmələrin elmi-qrammatik şərhindən
sonra müraciətini qəti və sərt şəkildə
sonuclayır: “Ey nadan, sən ki qüdrət, səy və
bacarıq cəhətdən zalimdən qat-qat artıqsan, bəs
nə üçün zülmə qatlaşırsan? Qəflət
yuxusundan oyan və zalimin atasının goruna od vur!”
Etiraf edək ki, XIX əsrdə Azərbaycan
qadınının səhnədə kişilərlə
birlikdə gülüb-danışmasını göstərmək
hünər tələb edirdi. Zamanına görə bu
böyük işi də Mirzə Fətəlinin əsərlərini
səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri
həyata keçirməyi bacarıblar.
Mirzə Fətəli bir ədib və şair
olmaqdan çox, bir cəmiyyətçi və əməlpərvərdi.
Onu yazıçılığa təhrik edən də bədii
zövqündən daha artıq ictimai məfkurələri
idi. O, yazılarını bir sənət adına deyil, bəlkə
ictimai məfkurəsi adına yazır və öz əsərlərindən
sadə bədii bir zövq deyil, həyat və cəmiyyət
üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının,
öz məfkurələrinin bir tərcümanı kimi
tanıyır və beləliklə keçmişdən
qalmış “sənət üçündür,” “onu bir
neçə arif və bilicilər anlar” gedişindən
ayrılıb, “sənət həyat üçündür”
prinsipini irəli sürürdü.
Mirzə Fətəli ədəbiyyatı
öz məfkurələrini həyata keçirmək və
yaymaq üçün bir vasitə bilirdi. Buna görədir
ki, onun əsərləri müntəzəm bir gedişlə
həyatın bu və ya digər nöqsanlarını
qabardır, bu nöqsanların aradan qaldırılmasına
çalışdığı yolları göstərir. Onun
ömründə tək-tək yazdığı şeirləri
də yenə əlifba və bu kimi fikirlərini həyata
keçirmək üçün idi. Fəqət bunlara
baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən əvvəl
bir ədib kimi tanımaq istərdik. Hər nə
qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə
kimi götürülmüş olsa da, hər halda, burada Mirzə
Fətəli o qədər böyük bir məharət, bir
istedad göstərib ki, hər şeyi geridə buraxaraq ədəbi
bir sima kimi ortaya çıxıb. O, yazdığı
pyeslərdə zamanının komediya müəlliflərindən,
tanınmış rus və Avropa ədiblərindən geri
qalmadığı kimi, şeirlərində də Firdovsiyanə
bir məharət göstərib. Bəllidir ki, Mirzə Fətəlinin
mühiti köhnə feodalizmin dağıldığı,
yeni ticarət burjuaziyasının törətdiyi
keçmiş ənənəsinin pozulduğu, yeni Qərb mədəniyyətinin
araya soxulduğu bir dövrün mücəssəməsi idi.
Həyatın bir tərəfi sökülür,
dağılır, o biri tərəfi başqa, tam fərqli bir
biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis
kimi bu sökülən və tikilən binanın baş
ucunda duraraq, amansız qələmi ilə sanki “bu
sökülməlidir, bura isə belə tikilməlidir” deyir. Həm də bunları quru bir əmrlə demir:
köhnə yaşayışın bütün
nöqsanlarını, yaramazlığını, yeni
gedişin isə bütün faydalarını irəli
sürür, anladırdı. Hər şeydən əvvəl,
Mirzə Fətəli köhnə Şərq dövlət
üsul-idarəsinin tənqidçisi, monarxizmin amansız
düşməni kimi görünür.
O, “Vəziri-xani-Sərabı” və
“Aldanmış Kəvakib” adlı əsərlərində
İran və onun simasında bütün Şərqin
feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə
endirib ki, bu mənəvi zərbə Səd ibn Vəqqasın
qılıncından heç də gücsüz olmayıb.
O, bütün şahların və onların vəzirlərinin
nə qədər sərsəm, şüursuz, yaramaz adamlar
olduğunu, xüsusilə vəzirlərin ancaq öz ciblərini
doldurmaq üçün yaşadıqlarını, öz
şüursuzluqlarını bir məharət sanıb fəxr
etdiklərini heyrət ediləcək bir acılıqlıqla
ortaya çıxarıb.
Həyatının son illərində
bir yandan zehni işlə həddindən artıq məşğul
olması, digər yandan da böyük arzularını həyata
keçirə bilməməsindən və ard-arda
uşaqlarının vəfat etməsindən doğan kədər
və məyusluq Mirzə Fətəli Axundovun səhhətinə
təsir edərək vaxtından əvvəl qocalmasına və
dünyadan getməsinə səbəb olub. O, 1878-ci il fevral
ayının 26-da ürək xəstəliyindən vəfat
edib, vəsiyyəti üzrə Tiflisdə vaxtilə Tatar qəbirstanlığı
adlanan qəbirstanlıqda müəllimi Mirzə Şəfi
Vazehin və qohumlarının olduğu Yemlikli Yerbatan adlanan
yerdə dəfn olunub.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2017.- 16-18 dekabr.- S.15.