Tarixdə
iz buraxanlar: Hacı Zeynalabdin Şirvani
Qədim mədəniyyətə malik olan xalqımız
elmin bütün sahələri üzrə dünya
şöhrətli alimlər, şairlər,
yazıçılar, səyyahlar və
coğrafiyaçılar yetişdirib. Belə alimlərdən
biri XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
yaşamış məşhur səyyah və
coğrafiyaşünas Hacı Zeynalabdin Şirvanidir. Hacı Zeynalabdin Şirvani 1780-ci ildə
Şamaxı şəhərində Axund İsgəndərin
ailəsində anadan olub.
Beş yaşı tamam olanda ailəsi Bağdad
yaxınlığındakı Kərbəla şəhərinə
köçür və gələcək səyyahın
atası Axund İsgəndər mədrəsədə dərs
deməyə başlayır. Zeynalabdin də ilk təhsilini
burada alır. Atası Zeynalabdinin
savadından, elmə ciddi-cəhdlə yiyələnməsindən,
tərbiyəsindən məmnun idi. O, oğlunun səyyahlığa
olan meylini də duymuşdu. Zeynalabdin pərdəarxası
həqiqətləri öyrənmək və dərk etmək,
göylərə yüksəlmək, oradan dünyanı seyr
etmək, karvanlara qoşulub yollara çıxmaq, ölkələri,
şəhərləri görmək istəyirdi.
Hacı Zeynalabdin təhsilini başa vurmaq
üçün 1796-cı ildə Bağdad şəhərinə
gedir. O,
Bağdadda fəlsəfə, tibb, astronomiya və
riyaziyyatı, habelə dilləri öyrənməyə davam
edir. Bağdad kitabxanalarında olan səyahətnamələr,
bütün şərq dünyasından buraya
axışıb gələn alimlərin, müqəddəs
şəhərin ziyarətinə gələn zəvvarların
söhbətləri bu gənc oğlanın təsəvvüründə
yeni bir dünya açır. Dünyanı görmək
və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc
Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd
etmədən səyahətə çıxmaq qərarına
gəlir.
Kərbəlada
mükəmməl dünyəvi və dini təhsil alan Zeynalabdin Şirvani ömrünün 37
ilini səyahətdə keçirib. O, 70 min kilometrdən
artıq məsafə qət edib, Kiçik Asiyadan, İran
yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından,
Sudanın meşə və cəngəlliklərindən,
Hindistanın tropik meşələrindən, Hind okeanı
adalarından keçib, Hindquş, Zarqos, Süleyman
dağlarından, Pamirdən adlayıb. Zeynalabdin Azərbaycan,
İran, Ərəbistan, Türkiyə, Avropa, Hindistan, Orta
Asiya, Afrikanın bir çox vilayətləri və sair yerlər
haqqında öz əsərlərində maraqlı məlumatlar
verib.
Hacı Zeynalabdin Şirvaninin “Bustanus-səyahə” və
“Riyazus-səyahə” adlı əsərləri məşhurdur. Səyyah həm
də nemətullahı təriqətində yürsək məqama
malik idi və nemətullahi şeyxlərindən
sayılırdı. Bu təriqətin ənənəsinə
uyğun olaraq ona “Məstəli şah” ləqəbi ilə
müraciət edirdilər.
Hacı Zeynalabdin Şirvani öz əsərində səyahətini
hissələrə bölmür. Onun birinci səyahətinin
marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm,
Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat,
Zabul, Pəncab, Hind adaları, Dəkən, Benqal, Quçarat,
Hind okeanındakı adalardan, Sind və Multandan keçən
səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada
çatıb, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və
Bədəxşan dağları ilə Xorasana, nəhayət,
“İran yolu” ilə Farsa gəlir. Burada bir qədər
istirahətdən sonra ikinci səyahətə
çıxır. Bu dəfə yol Şirazdan
başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından
Hörmüz yolu ilə Hədrəmaut və Yəmənə,
sonra Həbəşistan və Sudana gedir, buradan isə səyyahın
yolu Ərəbistan yarımadasında olan Ciddəyə, oradan
da Hicaz, Mədinə və Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə “Səidlər”
ölkəsinə – Nil çayının sahillərinə
gedir, Misirdən yaxın Şərqə “Şam-Rum”a, Diyarbəkirə,
Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin
Atlantik okeanına və geriyə üçüncü səyahətinin
marşrutu isə belə olub: Bəre-Əhzər adaları,
Rumeli, Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan,
Kirman, Şiraz, Bağdad.
Bir
çox əsərlər yazan Hacı Zeynalabdin Şirvani
1802-ci ilin əvvəllərində başlayan və 8 il davam edən Hindistan səfəri haqqında
geniş məlumat verib. O, səyyah və ensiklopedist bir alim
kimi Hindistanın təbiət və iqtisadiyyatını, hind
xalqının adət və ənənələrini,
musiqisini, tarixi abidələrini dərindən öyrənib,
ingilislərin hind əhalisini əsarət altına
almalarını, ölkənin sərvətlərini talan etmələrini
göstərib.
Hacı Zeynalabdin Şirvaninin Hindistanın o zamankı
inzibati bölgüsünü göstərməsi xeyli
maraqlı və tarixi cəhətdən əhəmiyyətlidir. O yazır ki, bəzi alimlər
Kəşmiri və Kabili hind torpaqlarından hesab edir, bəziləri
bu fikri düzgün saymır. Bu fikir müasir dövrdə Kəşmirlə
bağlı Hindistan və Pakistan arasındakı ziddiyyətlərin
ciddi tarixi köklərinin olmasını üzə
çıxarır, eyni problemin təxminən 200 il əvvəl
də mövcud olması Hacı Zeynalabdinin yazdıqları ilə
təsdiqlənir.
“Bustanus səyahə” adlı kitabında Şirvani Dehlidə
olarkən II Şah Aləmlə bir neçə dəfə
görüşməsi, onunla müxtəlif mövzularda
söhbət etməsi barədə məlumat verib.
Hacı
Zeynalabdin Hindistanın şimal-qərb hissəsində olan bir
çox şəhərləri gəzdikdən sonra Saharanpura,
buradan Dehlinin yaxınlığında yerləşən
Panipat şəhərinə, oradan da Dehliyə gəlir və
burada 11 ay yaşayır. Bu şəhər
Zeynalabdinin çox sevdiyi şəhərlərdən biri
olub. O yazır: “Dehli Hindistnın qədim şəhərlərindən
biridir. Burada Dehli adlı rac yaşayıb və
şəhəri abadlaşdırıb, öz adını
şəhərə qoyub. Ondan sonra da Dehli
böyük racların hökumət mərkəzi olub. Fəqət müharibələr nəticəsində
bu şəhər dəfələrlə xarabalığa
çevrilib. Cahangirin oğlu Şah Cahan
şəhəri bərpa etdirərək oranı öz
adı ilə adlandırıb. Odur ki, bəziləri
Dehliyə indi də Şah Cahan deyir.”
Hacı Zeynalabdin Şirvani Tac-Mahal haqqında bildirir ki,
Aqrada öz əzəməti və gözəlliyi ilə məşhur
Tac-Mahal XVII əsrdə Şah Cahan ibn Cahangirin əmrilə
onun xanımı Mümtaz xanım üçün tikilib və
Taç Mahal (ölkənin tacı) adlandırılıb. Bu tarixi abidənin
əsas memarı Anadolu türkü memar İbn Sinanın
şagirdi İsa bəy olub.
1805-ci ildə Hacı Zeynalabdinlə görüşən
ingilis tədqiqatçı Mark Vilsonun tarixi şəxsiyyətimiz
olan səyyahın əsərləri, səfərləri ilə
ciddi şəkildə maraqlanması azərbaycanlı səyyahın
irsinin bəşəri mahiyyət
daşıdığını göstərir. Şirvani Hindistan əhalisinin
etnogenezi, dini-fəlsəfi axınlar, təsərrüfat həyatı,
yaşayış məskənləri, yaşayış evləri,
sənətkarlıq və s. haqqında məlumatlarda sadəcə
təsvirlə kifayətlənmir, izahlar, şərhlər
verir. Kəşmir əhalisinin türk mənşəyi,
burada türk və hind etnosları arasında assimilyasiya
proseslərinin getməsi, Kəlküttənin ingilis
koloniyasının mərkəzi olması, Dehlinin mədəni
həyatının türk-müsəlman dünyasından gələn
ziyalılar, mütəfəkkirlərin fəaliyyəti ilə
zənginləşməsi və s. barədə məlumatların
tədqiqi müasir dövrdə də aktualdir. Yəni səyyah,
tarixçi, filosof, şair Hacı Zeynalabdin Şirvaninin əsərləri
XIX əsrin əvvəllərində Hindistanın tarixi,
etnoqrafiyası, maddi və mənəvi həyatı barədə
geniş təsəvvür yaradır. Onun irsinin
tədqiqi Azərbaycanın Hindistanla tarixi mədəni-mənəvi
əlaqələrinin bərpası baxımından
mühüm əhəmiyyət daşıyır.
Hacı
Zeynalabdin Şirvani indi artıq bir çoxu sıradan
çıxmış beş yüzdən
artıq əlyazma və mətbu qaynaq və səyahətlər
zamanı etdiyi şəxsi müşahidələri nəticəsində
ona dünya şöhrəti gətirən üç kitab
yazır: 1822-ci ildə “Riyazus-səyahət”, 1827-ci ildə “Hədaiqus-səyahət”
və nəhayət, 1833-cü ildə “Bustanus-səyahət”.
Zeynalabdin bu əsərlərində bir çox
ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası,
arxitekturası, ədəbiyyatı və görkəmli
ictimai xadimləri barədə dəyərli məlumatlar
verir. Səyyah yer kürəsinin iqlim
qurşaqlarının təsvirinə xüsusi yer
ayırır. Şərqin digər alim və
səyyahları kimi o da yeri yeddi iqlim qurşağına
bölür.
Öz səyahətləri
zamanı Şirvani çox sayda alim və siyasi xadimlərlə
yaxından tanış olur. Onlar onun rəyi
ilə hesablaşır, onunla görüşməyə can
atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər
onun səyahətlərinin marşrutları çərçivəsindən
xeyli kənara çıxır. Belə danışırlar
ki, Hindistan vilayətlərindən birində ağlagəlməz
bir qonaqpərvərliklə qarşılanan Şirvani bunun səbəbini
soruşarkən vilayətin hakimi belə cavab verib: “Mən sizə
layiq olduğunuz hörmətin yalnız yüzdə birini
göstərə bilmişəm. Siz bir çox səbəbdən
hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz,
insanlarsa bir-birinə hörmət etməlidir; ikincisi, siz
buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz,
qonağa hörmət edərlər;
üçüncüsü, siz alimsiniz, alimə hörmət
etmək hər kəsin borcudur; dördüncüsü, siz
müdrik və çox bilən bir adamsınız, acizlərə,
kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür
hörmətə-izzətə layiqdir... Bax,
bütün bunlara görə mən sizi qəlbən sevir və
sizə hörmət bəsləyirəm”.
Hacı Zeynalabdin Şirvani olduğu bir çox yerlərdə
saraya dəvət olunaraq hökmdarların hüzurunda olub. Bunlardan Misir
hakimi İbrahim bəyi, İran şahı Fətəli xan
Qacarı, Türkiyə sultanı Mahmudu və
başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə
iştirak edən Zeynalabdin həmişəlik sarayda qalmaq dəvətlərinə
nəzakətlə rədd cavabı verib. Yəni
tarixi şəxsiyyət Şirvani həmişə macəralar
və məhrumiyyətlərlə dolu səyyah həyatını
saraydakı rahat həyatdan üstün tutub.
Hacı Zeynalabdin Şirvani eyni zamanda şair olub və Təmkin
təxəllüsü ilə şeirlər yazıb. Həmin
şeirlər onun səyahətnamələrinə səpələnmiş
və əlyazması Tehran mərkəzi kitabxanasında
saxlanan “Divan”ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin
əlyazmaları Britaniya müzeyində, Paris Milli
kitabxanasında, Sankt-Peterburqda və İranda saxlanır.
Şirvaninin əsərləri bir çox Azərbaycan,
İran, rus və Avropa tədqiqatçıları tərəfindən
öyrənilib. Bu alimlərdən Abbasqulu ağa
Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əsgər
Həmid Rəbbaninin, B.Dornun, N.Xanıkovun, E.Braunun, S.Stomun,
E.Bloşenin və bir çox başqalarının
adlarını çəkmək olar. Bu
sırada ömrünün böyük bir hissəsini
Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə
həsr etmiş N.K.Kərimovun adı xüsusilə qeyd
olunmalıdır.
Tarixdə dünyanı gəzib-dolaşan çox səyyahlar
olub. Fəqət
İran yaylasını, Orta Asiyanı, Afrika səhralarını,
Hindistanın tropik meşələrini gəzən, Pamir
dağlarını aşan və bir çox ölkələri
dolaşan tək bir səyyah yaşayıb. Bu, azərbaycanlı
səyyah Hacı Zeynalabdin Şirvanidir. Dünyanın bir
çox bölgələrini gəzən, onun möcüzələrini
görən, uzun yollar yorğunu səyyah ömrünün
yarıdan çoxunu səyahətdə keçirib.
Zeynalabdin 1820-ci ildə Şiraz şəhərində
evlənib. Onun Cəlaləddin Məhəmməd adında
oğlu olub. İki il sonra isə ikinci oğlu Hüsaməddin
Əli dünyaya gəlib. Böyük oğlu
az yaşayıb, ikinci oğlu isə atasının yolu ilə
gedərək İraq, İran və Hindistana səyahətlər
edib.Hacı Zeynalabdin Şirvani ömrünün son ilini ailəsi
ilə birlikdə çıxdığı həcc ziyarətində
keçirib. 1838-ci ildə həmin səfəri zamanı
Zeynalabdin Şirvani yolda xəstələnib və Middə
şəhəri yaxınlığında dünyasını
dəyişib. Hacı Zeynalabdin elə oradaca dəfn olunub.
Allah rəhmət
eləsin.
Fazil QARAOĞLU professor
Bakı xəbər.- 2017.- 26 dekabr.- S.15.